Birdən-birə olmur, yavaş-yavaş... - - Türkan Turanını yazısı

Birdən-birə olmur, yavaş-yavaş... - Türkan Turanını yazısı

Rəşad Məcid yazır: Cümlələrə baxın hələ


“Biz başı qarlı dağları həyatımıza salıb təpəciyə çevirdik. Okean kimi adamların suyunu çəkə-çəkə kiçildib gölməçə etdik. Çay kimi çağlayanları qurumuş arxa döndərdik. Üzündə açan güllərini soldurub, yarpaqlarını qurutduq. Ruhun, beynin, daxilin darmadağın edib, xarabaya çevirdik. Sonra "hər şey yaxşı idi, birdən-birə nə oldu ki, bitdi" dedik!”

 

***

 

Bəzən nə olursa olsun, bitməyəcəyinə elə əmin oluruq ki, meydanında çapdığımız atı şahə qaldırıb, tozu dumana qatırıq. Bir gün çox güvəndiyimiz, dünya dağılsa belə, ona heç nə olmayacağını zənn etdiyimiz münasibətimiz darmadağın olur.

Həmin an yer məhvərindən oynayırmış kimi silkələnirik! Ayağa qalxdıqdan sonra özümüzə bəraət qazandırmağa çalışırıq. "Başa düşə bilmirəm, hər şey yolunda olduğu halda birdən-birə niyə ayrıldıq" - deyib, şüuraltımızdakı həqiqətlərin üstünü ört-basdır edib, eqomuza təsəlli sığalları çəkməyə başlayırıq. Əslində, çox yaxşı bilirik ki, bu, cəfəngiyyatdır. Heç bir ayrılığa bir anda qərar verilmir. O günə kimi çox didilir, yeyilir, həmin vaxta qədər gözümüzü böyük ümid kimi dikdiyimiz cəmi bir tel qalır, o da qopanda bu qəflətən baş vermiş kimi bizi çaş-baş salır. Halbuki o vaxta qədər sayı-hesabı bilinməyən xətalar edirik, bir-birimizin ürəyini ayağımızın altına alaraq tapdayırıq. Qana susamış kimi damarlarının içini xortumlayırıq. Hirsimizi, hikkəmizi, daxili narahatlıqlarımızın acığını bir-birimizin canından çıxırıq. Balansı qoruya bilmirik, bir münasibətin içində iki il ərzində baş verə biləcək bütün təbii fəlakətləri qısa müddətdə gerçəkləşdirib, hər şeyi yerləbir edib, dincəlirik. Sonra da dərd yanırıq, "nə oldu ki, birdən-birə sonlandı" deyə.

Heç nə birdən-birə olmur. Hər şeyin bir tərəfdə atıldığı təməli mütləq var! Öləziyən münasibətlərdə zorla bir araya gəlməyə çalışırıq. Münasibətimizin beyin ölümü gerçəkləşdiyi halda, yavaş-yavaş döyünən ürəyindən mədəd umuruq. Elə bilirik ki, yenidən qalxacaq, normal həyata dönəcək. Amma bu mümkün olmur.

Halbuki o ana qədər bu ölümün baş verməsi üçün qüsursuzca çalışırıq. Deyinirik, elə hey söylənirik, şikayətlərimiz bitmək bilmir. Anlamamaq üçün əlimizdən nə gəlirsə edirik. Hələ əgər qarşıdakının hisslərinin daha qüvvətli olduğuna inanırıqsa, bu zaman ümumiyyətlə sakitləşmirik. Bilirik ki, nə desək susub dözəcək, nə etsək dayanacaq. Amma düşünmürük ki, bütün bu hərəkətlər yerə döşədiyimiz mina kimidir, ilk ayaq basdığımız andaca partlayıb, elə ilk özümüzü məhv edəcək.

Qarşı tərəfin üzərinə məsuliyyət yükləyirik, gözləntilərimiz o qədər böyük olur ki, altında çabalaya-çabalaya qalır. Üstünə gedirik. Səbrini son damlasına qədər buxarlandırıb, özündən çıxardırıq. Sonra da deyirik ki, "əvvəl belə deyildi, sonra nə oldu, birdən-birə dəyişdi..." Heç kim birdən-birə dəyişmir. Hər kəsin tükənməsinin bir tərəfdə atıldığı təməl mütləq var!

"Mənəm-mənəm"imizi yerə qoyabilmirik, gərəksiz qısqanclıqla ürək bulandırırıq. Halbuki bunu tənzimləyə bilmək üçün kifayət qədər iradəmiz var. Amma istifadə etmirik. Özümüzə güvənməməyin acığını başqalarından çıxırıq. Özgüvən əskikliyi olan biri ilə münasibəti davam etdirmək isə zülmdür. Getdiyin hər yeri kontrol etmək, dostlarını sorğulamaq, "ona baxdın", "bunu süzdün", "niyə online oldun", "zəngimə nə üçün cavab vermədin" ittihamları ilə qarşıdakını məhv edirik. Casus kimi davranır, eşim-eşim eşələyirik. Heç nə tapmasaq belə, rahat olmur, qarışdırmağa davam edirik. Ən yaxşısı, içimizə şübhə toxumu düşdüyü andaca münasibəti kəsməkdir. Amma nə edirik?! Ucundan tutub ucuzluğa gedib, özümüzü ucuz, zəlil etməyənədək əl çəkmirik.

Əgər münasibət sorğulanmağa başlanıbsa, sonumuz nə olacaq deyimləri bitmək bilmirsə, deməli, orada daşlar yerindən oynayıb. Dəng eləmək yerinə, gedişata uyğun olaraq hara gedəcəyini izləyib görmək lazımdır. Aradakı bağlantı güclənəndə onsuz da istədiyimiz yönə aparacaq. Bəzən qarşımızdakının verdiyi sözlə münasibətimizi xilas edəcəyimizi zənn edirik. Amma nə qədər yanıldığımızı dərk etmirik. Verilən vəd heç bir halda münasibətlərin dibini möhkəmləndirib, onun dağılmış, sökülmüş yerlərini bərpa edə bilməz. Hətta qarşıdakı and içib, aman etsə belə, bu, absurddur!

Hələ bir də dəli-doluları, ipə-sapa yatmazları normal insana çevirmək kimi başımızdan böyük işlərə girişməyimiz var. Bunu bacarsaq, qəhrəman olacağımızı düşünürük. Kökündən yanlışdır! Qarşıdakının hansı halına vurulmuşuqsa icazə verməliyik ki, elə də qalsın! Əslində, dəyişməyi bacarmaq hardasa mümkündür. Amma bizi ona aşiq edən xüsusiyyətlərini sıfırladıqdan sonra geriyə nə qalacaq?! Hə, hamı kimi bir insan. Kiminsə yaradılışına, xarakterinə, yaşam tərzinə toxunmaq olmaz.

Biz başı qarlı dağları həyatımıza salıb təpəciyə çevirdik. Okean kimi adamların suyunu çəkə-çəkə kiçildib gölməçə etdik. Çay kimi çağlayanları qurumuş arxa döndərdik. Üzündə açan güllərini soldurub, yarpaqlarını qurutduq. Ruhun, beynin, daxilin darmadağın edib, xarabaya çevirdik. Sonra "hər şey yaxşı idi, birdən-birə nə oldu ki, bitdi" dedik! Yox, heç nə birdən-birə baş vermir. Bir eşqin qətlə yetirilməsində hər iki tərəf əlbirdir. Biri öldürür, digərinin də əli həmin qana bulaşır. Sonra qətl də, qətlə yetirilən də, əlindən yuduğu qan da unudulur. Bircə o qanın qoxusu insanın burnundan getmir ki, getmir.

Heç nə bir göz qırpımında olmur. Yanlışları damla-damla toplayıb göl edir, axırda da orada boğulub ölürük. Sonra bu su dayaz idi deyir, əsl izi başqa yerə çəkərək, özümüzü məsum göstərməyə çalışırıq! O su dayaz deyildi, biz onu çoxdan dənizə çevirmişdik. Buna görə gəmimiz orada qopartdığımız fırtınada devrildi!

 

525.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !