Futbol bir dünyadır... - - Tahir Süleymanov yazır..

Futbol bir dünyadır... - Tahir Süleymanov yazır..

2019-n yayında, eyni vaxtda, 3 qitədə, fərqli futbol məktəblərinin milliləri çempionluq uğrunda mübarizə aparır. Artıq Amerika, Braziliyada final matçları qalıb, Misirdə isə pley-off oyunlarının gərginliyi yaşanır...

Saat fərqi, oyunların çoxluğu bir qədər yorucu olsa da, dünya ulduzlarını eyni anda müxtəlif məkanlarda seyr etmək azarkeşlərə zövq verir...

Qarşılaşmaları izləyərkən peşəkarlıq baxımından da faydalı təhlillər aparmaq olur.
Əgər dünya çempionatlarında millilər bir araya gəlirlərsə, qitə yarışlarında ayrı-ayrılıqda özünəməxsus mentalitet, emosiyalar tam çılpaqlığı ilə özünü göstərir...

Avropa çempionatları hər zaman nümunə olub.
Artıq bu stereotip aradan götürülməkdədir. Təşkilati olaraq çox irəliləyiş əldə olunub. Bir tərəfdən ümumi inkişaf, digər tərəfdən də dünya ulduzları...

Hətta Amerika və Afrika yarışların keçirilməsində ənənəvi səviyyəsi ilə seçilən Cənubi Amerikanı üstələyib. Braziliyada boş tribunaları, təbii ot örtüklərinin yaxşı vəziyyətdə olmadığını hər kəs gördü. Bir çox oyunlar da millilərin, futbolçuların səviyyəsini nəzərə alsaq, sönük keçdi...

Amerikada ulduzların azlığını mükəmməl təşkilatçılıqla sığortalayırlar. Amerika-Meksika finalı bu baxımdan nümunə olacaq. Eyni zamanda turnirin çəkisini artırmaqla kiçik futbol ölkələri çox da tanınmayan futbolçular üçün özlərini göstərmək baxımından bir yarmarkaya, əlavə stimula çevrilib. Haiti, Yamayka kimi millilərin çıxışları nümunədir...

Afrika öz koloriti ilə seçilir. Cənubi Amerikada olduğu kimi, dünya ulduzları evə döndükdə Avropanı "unudurlar", yerli mentalitet, futbol temperamenti üstün gəlir. Taktiki oyun quruluşu ilə Afrika milli ruhu birləşir. Səviyyəsindən asılı olmayaraq istənilən yığma hər oyunda qələbə qazanmaq istəyir. Bu da görüşləri daha açıq, daha baxımlı edir...

Tv-yayımların təşkili, aparıcı sponsorların artıq tək "köhnə qitə" deyil, Afrikaya da güclü nəzəri, dəstəyi, konfederasiyaların, ölkələrin Avropadan geri qalmaq istəməməsi yarışların ümumi səviyyəsini artırıb.

Əsasən Afrika və Mərkəzi Amerikanın gözdən qaçan ölkələri özlərini "ac" hiss edir, sanki futbolun sayəsində dütün dünyaya "biz də varıq" demək istəyir. Artıq Avropa və digər qitələrdə çıxış edən futbolçular meydanda futbol mədəniyyətini də göstərirlər...

Dünyada baş verən qloballaşma, inkişaf qitələrə, əksər ölkələrə çatıb. Futbol bütün dünyanı birləşdirib, nümunəvi yarış məkanına çevirib. Mübarizə müharibə meydanlarında yox, yaşıl meydanlarda aparılmalıdır...

Var olan futbola VAR sistemi də yenilik gətirib. Obyektivliyin faiz nisbəti çox yüksəlib. Bu, faktdır. Bununla yanaşı sistem hələ tam oturuşmayıb, oyunlarda anlaşılmamazlıq pik həddə çatıb...

Matçları artıq baş hakim deyil, VAR sistemi idarə edir. Yerli-yersiz müdaxilələr, meydanda dəqiqələrlə aparılan "iclaslar", qulaqcıq "əməliyyat"ları oyunların tempinə, baxımlılığına, sürətinə, dinamikasına çox mənfi təsir edir...

Futbol qaydalar çərçivəsində emosiyalar oyunudur. Obyektivliyin qorunması şərtilə tribunalar, fanat, azarkeşlər bunu hiss etmək istəyir, buna görə futbola baxır, stadionlara gəlir...

Görüşlərdə elə anlar yaşanır ki, hətta qol vurulduqdan sonra əvvəlki kimi futbolçulardan tutmuş azarkeşlərə qədər istədikləri kimi sevinə bilmirlər. Şüuraltı səksəkə artıq beyinlərə yeriyib, "birdən qolu saymazlar". Narahat gözlər emosiyalara, tam adrenalinə imkan vermir, oyunları "yatırdır"...

Baş hakimlər də artıq robota çevrilir. Məsuliyyət azalır, arxayınlıq, biganəlik yaranır.
Səhv etməməliyəm yox, "səhv etsəm də VAR düzəldəcək" təfəkkürü hakim idarəçiliyini zəbt edib. Belə yanaşma meydanda futbol baxımlılığını məhv edir. Meydanda əsl obyektivlik "iclaslar"la, futbolun ruhuna ziyan verməklə qorunmamalıdır...

Qeyd etdiklərim Afrika və Cənubi Amerikada keçirilən oyunlarda açıq hiss edilir. Misirdə VAR sistemi hələ yoxdur (1/4-dən başlayaraq tətbiq ediləcək). Oyunları müqayisə etdikdə, bir yarışda hakimlər meydanda özlərini əsl hakim, şəxsiyyət sayır, tam olaraq məsuliyyətlərini hiss edirlər, heç bir yerdən kömək gəlməyəcəyini bilirlər, digərində isə arxayın, meydanda "yatan", VAR-a ümid edən hakimlər...

Bir yarışda oyunlar dayanmır, temp, sürət, baxımlılıq, temperament qorunub saxlanılır, digərində isə oyundan qopan futbolçular, tərli, təzyiqlərin yüksək nöqtəsində VAR-n rahat çaydan, kofedən içilən otağından dəqiqələrlə cavab gözləyirlər.

Futbolçunun bir an, bir saniyə belə oyundan qopmasının nə demək olduğunu, nəticəyə necə təsir etdiyini izah etməyə gərək yoxdur. O ki qala komanda olaraq bu baş verə. Futbolçular meydanda konsentrasiyanı, oyuna köklənməyi itirərlərsə, bu, birmənalı oyunun sürətinə, keyfiyyətinə də öz təsirini göstərir...

Afrikadakı hakimlərin meydanda göstərdikləri idarəçiliyi, mimikaları, jestikulyasiları, məsuliyyəti görməyə dəyər. Axırıncı dəfə belə hakimlik səviyyəsi Kollina dövründə olub. Sanki Afrika Millətlər Liqasındakı hakimlər "biz varıq" deyərək VAR-a yox deyirlər.

VAR sistemi obyektivlikdə nə qədər yararlıdısa, oyunların tətbiqində bir o qədər də qüsurludur.
Sistem daha da təkmilləşdirilməli, mükəmmələşməlidir. Yoxsa baş hakimlərin meydanda futbolçulara "gözləyin, görmürsüz kabinetdən xəbər gözləyirəm" düşüncəsi ilə futbolu "öldürmək" olmaz. Onsuz da kabinetlərdəki "futbol biliciləri" futbolu öldürür(b)...

Yarışların eyni anda paralel keçirilməsi təşkilatçılıq, fərqli futbol məktəbləri, hakim idarəçiliyi, yeni qaydaların həyata keçirlməsi, müqayisələr baxımından təhlillər üçün əyani vasitədir.

Qitələrdə, ölkələrdə futbola olan münasibət, məsuliyyət, yanaşma da düşündürücüdür. Artıq bütün dünyada futbolun hansı gücə sahib olduğunu, ölkələrin, xalqların tək futbolda deyil, ümumi inkişafına necə təsir etdiyini dərk edirlər.

Elə dünən Misir-CAR oyunundan sonra kabinetlərdəki məsuliyyəti, ölkə, azarkeş, xalq qarşısında cavabdehliklərini dərk etdikləri kimi.
Çempionat Misirdə keçirilir və 1/8-də məğlub olurlar. Federasiya prezidenti, məsullar istefa verirlər...

Misir fironlarının da qəribə təfəkkürləri var. Nə səbr var, nə də anlayış. Dünyanın bu vaxtında belə nümunə göstərmək olar?! Bizimkilərin təbirincə Məhəmməd Salahın yerinə meydanda futbol oynamalı idilər? Təsəvvür edin bizdə bu səviyyədə futbolçular olsaydı nə deyərdilər...

Yeri gəlmişkən Avro-2020 də futbolsuz Azərbaycanda Azərbaycansız keçiriləcək..
Olimpiya devizi çoxdan köhnəlib. Əsas nə qələbə, nə də iştirakdır...Əsas heç Misirdə olmayan fironluqdur... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !