El ağsaqqalı ad günün mübarək - - Əhməd Qəşəmoğlu yazır..

El ağsaqqalı ad günün mübarək - Əhməd Qəşəmoğlu yazır..

www.facebook.com/groups/458090628035596/

 

Xalqımızın görkəmli oğlu, öz ləyaqəti ilə böyük nüfuz sahibi, tanınmış ictimai-siyasi xadim, əsil el ağsaqqalı olan Namiq müəllimin 75 yaşı tamam oldu. Onu ürəkdən təbrik edirəm!

El ağsaqqalı

Xalqımızın mədəniyyətində, tarixində ağsaqqal sözünün, ağsaqqal insanın yeri olduqca mötəbər bir ucalıqdadır. Ən qədim nağıllarımızda, əsatirlərimizdə belə ağsaqqal insanın müqəddəsləşmiş bir obrazı var. İnsanların bir çətinliyi olanda, onlar ağsaqqal insanlar yanına getmiş, ondan məsləhət almışlar. Hətta bəzən belə bir süjetə də rast gəlmək olar: gedib yaşı yüzü keçmiş bir ağsaqqaldan bir müşgülə əlac soruşanda, həmin ağsaqqal deyir ki, mən bu müşgülün əlacını bilmirəm, amma gedin dağ başında(yəqin ki, rəmzi olaraq-dağ başında) yaşayan, məndən 20 yaş böyük qardaşımdan soruşun. Bəzən həmin qardaş da insanları özündən daha yaşlı başqa bir qardaşının, yaxud müdrikin yanına göndərir və s. Bir sözlə ağsaqqal insan cəmiyyətimizdə hər zaman bir müdriklik rəmzi kimi qəbul olunub və ona böyük hörmət bəslənilib. Ağsaqqal insanlarımız da əksər hallarda özünü bu ada uyğun olaraq aparmağa çalışıb. Əgər kimsə, bu ada xələl gətirəcək bir hərəkət edibsə, çox ciddi ictimai qınağa rast gəlib. Beləliklə, bütün tariximiz boyu, ağsaqqallar cəmiyyətdə gedən proseslərin tənzimlənməsində, çətinliklərin ortadan götürülməsində, yeni nəslin formalaşmasında olduqca mühüm rol oynamışlar. Ağsaqqallıq missiyası bizim mədəniyyətimizin, inkişafımızın, tərəqqimizin, sosial həyatımızın ən aparıcı bir komponeti olubdur. Bizim mədəniyyət sistemimizin özül daşlarından biri ağsaqqallıq, ağbirçəklil institutudur. Lap bu yaxın keşmişə qədər, əhali, camaat üçün ərazilərində olan hökümət nümayəndələrindən daha çox öz ağsaqqallarının sözü daha mühüm, daha keçərli idi. Ləyaqətli ağsaqqalları, ağbircəkləri olan hər bir yaşayış məskənin də bir ahəngdarlıq müşahidə olunub, insanlar öz əxlaqları, mədəni davranışları ilə fərqləniblər. Ağsaqqal, ağbirçəklik institutu güclü olan ərazilərdə insanlar mənəvi dəyərlərə daha çox önəm verirlər. Çünki, bu müdrik insanlar daima insanları mənəvi dəyərlərə kökləyir. Bir çoxlarının elə bir əhəmiyyət vermədiyi bu məsələ sosioloji baxımdan olduqca mühüm məsələdir. Çünki, bütün tarix göstərir ki, mənəvi dəyərlər öndə olduqda o cəmiyyət özü-özünü ahəngdar olaraq tənzimləyir. Əksinə, mənəvi dəyərlər arxa plana keçdikcə həmin cəmiyyətdə gərginlik artır, kriminal vəziyyət güclənir, ağlagəlməz sosial bəlalar baş alıb gedir. Ona görə də, mənfur, düşmən qüvvələr hər hansı bir ərazidə öz hökümranlıqlni qurmaq üçün həmin ərazidə mənəvi dəyərləri dağıtmağa başlayırlar.
Xalqımızın hər zaman ağsaqqallıq, ağbircəklik instituna böyük ehtiyacı var. Son dövrlər ailə zəminində baş verən qorxunc hadisələr, cəmiyyətdə baş verən xoşagəlməz, arzu olunmaz, təhlükəli proseslərin bir çoxu həmin bu institutun zəifləməsi ilə bağlıdır. Şükür ki, cəmiyyətimizdə hələ də ləyaqəli, layiqli xeyli ağsaqqallarımız, ağbirçəklərimiz var. Hələlik mövcud olan bu potensialımız mənəvi dəyərlər sistemimizin daha layiqli bir şəkildə bərpa olunması üçün çox böyük bir sərvətimiz, imkanımızdır.
Olduqca ləyaqətli, nümunəvi ağsaqqallarımızdan biri ölkə ziyalılarının, siyasilərinin əksəriyyətinin yaxşı tanıdığı, xatirini əziz tutduğu, üz-gözündən nur yağan, Naxçıvan torpağının yetirdiyi Namiq Həsənovdur. Namiq müəllim sadəcə ləyaqətli bir ağsaqqalımız deyil. O, hamının yektilliklə qəbul etdiyi, hörmət etdiyi, hər sözünü bir müdrik kəlam kimi qəbul etdiyi el ağsaqqalıdır. Bu gün hansı naxçıvanlıdan soruşsan ki, Naxçıvandan olan hansı ağsaqqalların adını çəkə bilərsən, o ilk növbədə həm də Namiq müəllimin adını deyəcəkdir. Namiq müəllim təkcə Naxçıvanın el ağsaqqalı, müdrik insanı deyil. O artıq uzun illərdir ki, Bakı şəhərində yaşayır. Müxtəlif tədbirlərdə iştirak edir, insanlarla sıx ünsiyyətdədir. Əksər ziyalılarımızdan, ictimai fəallarımızdan da, müxtəlif təbəqədən olan ziyalılarımızdan da soruşsaq, yenə ləyaqətli ağsaqqallarımız sırasında Namiq müəllimin adı ön sırada olacaq. Bu gözəl insan barədə çoxlarının məlumatı var. Amma onun həyat yolunu bir daha qısa da olsa gözdən keçirək.
Namiq müəllim, 1944 – cü ildə Naxçıvan Muxtar Respublikasında, Cəhri kəndində müəllim ailəsində anadan olmuşdur. Atası Həsən müəllim öz əxlaqı, savadı, davranışı ilə kəndin, ümumiyyətlə Naxçıvanın sayılıb-seçilən müəllimlərindən biri olmuşdur. Namiq müəllim də kiçik yaşlarından öz zəkası, davranışı ilə kənd camaatının, müəllimlərin diqqət mərkəzində olmuşdur. Öz iti zəkası ilə fizika, riyaziyyat fənnlərinə daha çox maraq göstərmiş, elə ali təhsilini də bu sahədə almışdır. Amma, xalqının taleyinə, ictimai həyata olan marağı onun ictimai həyatda da fəal bir gənc kimi fərqlənməsinə səbəb olmuşdur. Ali məktəbi bitirdikdən sonra öz kəndlərində, daha sonra o zamanlar Naxçıvanın ən qabaqcıl orta məktəbi olan, Naxçıvan şəhər 1 saylı məktəbində, Sovxoz texnukumunda fizika müəllimi işləmişdir. Bütün bu müddət ərzində bir ictimaiyyətçi kimi də fərqlənmişdir. Elə buna görə də 1969 – cu ildə Naxçıvan şəhər komsomol komitəsində işə cəlb olunmuş, məktəbli gənclər şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Yaşlı nəsil çox gözəl bilir ki, o zaman bu vəzifə olduqca nüfuzlu bir vəzifə idi və hər kəsi belə işə təyin etməzdilər. Komsomol işindəki fəaliyyəti ona öz intellektual və mənəvi potensialının daha dərindən üzə çıxara bilməsinə kömək etdi. Öz fəaliyyətində kifayət qədər fərqləndi və bu hesaba da 1973-79 – cu illlərdə Naçııvan kimi bir şəhərin Komsomol Komitəsinin birinci katibi vəzifəsində çalışdı. Daha sonra o öz siyasi təhsilini daha da inkişaf etdirmək üçün Bakı Ali Partiya Məktəbində təhsil aldı. Təhsilini başa vurduqdan sonra Naxçıvan MR Daxili İşlər Nazirliyində davam etdirdi. 1983-92 – ci illərdə bu nazirlikdə siyasi şöbə rəisi, nazir müavini vəzifələrində çalışdı. Hər kəsin bildiyi kimi, bu illər ölkəmizin tarixində olduqca mühüm illər idi. SSRİ – nin laxladığı, daha sonra dağıldığı, xalq hərakatının formalaşdığı, müstəqillik yolunda bütün tərəqqipərvər qüvvələrin hərəkətə gəldiyi, eyni zamanda düşmənin fitvası ilə mənfur düşmənin, erməni nankorluğunun, vəhşiliyinin irəli atıldığı bu dövrlərdə həm güc strukturunda olub bölgədə asayişin qorunmasında böyük əmək sərf etmək, həm də milli-azadlıq hərakatına fəal kömək etməklə xalqın rəğbətini, sevgisini qazanmaq böyük insani keyfiyyətlərdən xəbər verir. Həmin zaman Muxtar Respublika da düşmənin təzyiqi altında idi və orada da torpaqların, ümumiyyətlə Muxtar Respublikanın itirilməsi təhlükəsi yaranmışdı. Düşmən hücumlarının qarşısının alınmasında, bu sahədə polisin fəaliyyətinin təşkilində, sərhəd boyu müdafiənin yüksək səviyyədə təşkil edilməsində Namiq müəllim fədakarcasına böyük əmək sərf etmişdir. Sədərək, Şərur, Günnüt, Kərməçətaq, Buzqov, Şada və digər döyüş zonalarında azğın düşmənin geri oturdulmasında necə deyərlər, müsəlləh əsgər olmuş, mühüm təşkilatı işlər görmüşdür. Bütün bu gərgin fəaliyyəti zamanı əhali ilə çiyin-çiyinə olması, onlarla çox səmimi, qayğıkeş, namuslu qarşılıqlı əlaqəsi, gözəl bir ailə başçısı olması Naxçıvan camaatı arasında onun nüfuzunu xeyli artırmışdır. Elə bu keyfiyyətlərinə görə də o zaman Muxtar Respublikasının rəhbəri olan Heydər Əliyev onu Naxçıvan MR Ali Məclisində Dövlət quruculuğu, yerli dövlət hakimiyyəti orqanları şöbəsinin müdiri vəzifəsinə dəvət etdi.
1993 – cü ildə Heydər Əliyev yenidən ölkəyə rəhbərlik etməyə başlayanda, Namiq müəllimin nüfuzunu, iş görmə qabiliyyətini, intellektini, mənəvi keyfiyyətlərini nəzərə alaraq, Muxtar Respublikada öz yerinə tövsiyyə etdi. O 1994 – cü ilin aprel ayında Muxtar respublikada Ali Məclisin sədri vəzifəsinə seçildi. 1995 – ci ilin iyul ayına dək bu vəzifədə çalışdığı zaman da hamı onu olduqca sadə, qayğıkeş, müdrik bir insan kimi tanıdı. Hər kəsə imkanı, səlahiyyətləri daxilində kömək etdi.
Beləliklə, uzun müddət Naxçıvanda rəhbər vəzifələrdə çalışsa da hər zaman öz təvazökarlığını, ədalət hissini, insanlara qayğıkeşliyini saxladı. Ona görə də bütün Naxçıvan əhalisi onu özünün ləyaqətli bir ağsaqqalı kimi səmimi olaraq çox sevir.
Namiq müəllimin sonrakı fəaliyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlıdır. O bu nazirlikdə 1995 - 2000 – ci illərdə nazir müavini vəzifəsində çalışdı. Bu vəzifədə də öz həyat prinsiplərinə sadiq qaldı. Hər zaman yalnız və yalnız ədalətin tərəfində oldu. Yenə də səlahiyyətləri, imkanı daxilində hər kəsə kömək etdi, insanların qayğısına qaldı.
Bakıya köçdükdən sonra ölkənin vətənpərvər olan bütün ziyalıları ilə əlaqələri daha da gücləndi. Onunla təmasda olan hər bir adam öz qarşısında xalqımızın bütün müsbət milli keyfiyyətlərini özündə birləşdirən, geniş denyagörüşlü, yüksək zəkalı, daima haqq işini müdafiə edən cəzbedici, nurlu, gözəl bir insan görür. Onunla bir-iki dəfə təmasda olan hər kəsdə ona qarşı bir rəğbət yaranır.
Belə gözəl insanlarımızın hər biri elə öz davranışları ilə xalqımızın mənəviyyatının saflaşmasında nümunəvi bir xidmət göstərirlər. İndi Namiq müəllimin 75 yaşı tamam oldu. Allah ona öz uğurlarının fərəhi içində uzun bir ömür versin. Belə insanların çox yaşaması öz xalqı üçün də bir qənimətdir! 75 yaşınız mübarək, Namiq müəllim!
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !