...qonaq fanatların məqsədi futbol, azarkeşlik yox, təxribat törətmək imiş... - - Tahir Süleymanov

...qonaq fanatların məqsədi futbol, azarkeşlik yox, təxribat törətmək imiş... - Tahir Süleymanov

Son günlər sərhəd olayı gündəmdən düşmür. Düşməməlidir, nəticə çıxarılmalıdır, səbəbləri araşdırılmalıdır. Əsgər silahını itirir, təhvil verir, əlindən alınırsa, birmənalı günahkardır. Ondan öncə isə, belə vəziyyətin yaranmasının kökü, qaynağıdır...

Azərbaycan torpaqlarına bütün dövrlərdə göz dikilib. Qonşulardan isə heç yarımamışıq, qonaqpərvərliyimiz hər zaman başımıza bəla olub. Əsas səbəblər daxildə, milli-ideoloji problemlərdədi...

Hamıya yaxşı ola-ola özümüz yaxşılaşmırıq, paslanırıq, nəsillər dəyişdikcə yaxşını pisdən ayıra bilmirik, ruhən torpaqdan uzaqlaşırıq, biganələşirik, acizləşirik...

Qonşuların niyyəti bəllidi, əsrlərdi belədi. Bunun qarşısının alınmasının tək yolu milli ideologiya, hər birimizin güclü olmağımızdır. Milli ideologiya deyəndə ağılsız, populizmə söykənən səhv, düşüncəsiz addımlar yox, qətiyyətli, savadlı təfəkkür, hərtərəfli tərbiyyə lazımdır. Hər birimizin çalışdığımız sahədə, bu, ana xətt olmalıdır...

Elə idmanı götürək. Nə qədər deyilsə ki, futbol siyasətdən uzaqdı, boşluq hiss edən kimi, təxribati addımlar atılır, buna çalışılır...

2014-də Avroliqada pley-off öncəsi "Çixura" ilə qarşılaşmalar unudulmayıb, unudulmamalıdır.. Bizdən öncə güclü "Bursaspor"u keçmişdilər, kifayət qədər ciddi rəqib sayılırdılar. Artıq türklərlə oyunda problemlər yaşanmış, hətta qonaq jurnalistlərə təzyiqlər edilmişdi.

Biz də onlarla qarşılaşmışdıq. Türkiyə təlim-məşq toplanışında keçirdiyimiz yoxlama görüşündə gürcülərin əsas heyətinə qarşı gənclərimizi, əvəzedicilərimizi çıxarmışdıq.

Səbəbsiz deyildi. Avroliqada "Çixura"nın ehtimal rəqiblərimizdən biri ola biləcəyini nəzərə almışdıq və özümüzü göstərmədən əyani güclərini görmək istəyirdik. Bu hazırlıq matçı sonradan bizə çox yardımçı olacaqdı.

Oyuna hazırlaşa-hazırlaşa təşkilati işlər də nəzarətə götürülmüşdü. Gürcüstandan xeyli azarkeşin Azərbaycana gələcəyi ilə bağlı UEFA tələblərinə uyğun "Çixura"dan rəsmi məktub da almışdıq.

Klub daxilində toplantı keçirilmiş, baş verə biləcək istənilən təxribatın qarşısının alınması üçün tədbirlər planı hazırlanmışdı. Fanat, azarkeşlərimizlə görüşlərdə də provakasiyaların olma ehtimalı vurğulanmışdı.

Təəssüf ki, qonaq fanatların məqsədi futbol, azarkeşlik yox, təxribat törətmək imiş. Tribunada qondarma plankart asılan kimi "Neftçi" fanatlarının kəskin etirazı stadionu bürüdü. Klub rəsmilərinin müdaxiləsi, UEFA nümayəndəsi, "Çixura" rəhbərliyinə məlumat-etirazı, müvafiq orqanların məsələyə operativ müdaxiləsi nəticəsində "bayraq" dərhal yığışdırıldı. Olay dərhal "yaddan" çıxarıla bilərdi, əgər olaya laqeyd yanaşılsaydı.

Görüşün sona çatmasını gözləyirdik. O vaxta kimi isə qısa vaxtda təxribatın video/foto materialları toplanırdı. Matç bitən kimi azarkeşlərimizin kəskin etirazı fonunda qonaq "fanat"lar tribuna altında xüsusi əraziyə yerləşdirildi.

Operativ olaraq UEFA nümayəndəsinə, asayiş keşikçilərinə dəlil-sübutlar təqdim edildi. Qondarma "bayraq" da müsadirə edilmişdi.
"Çixura" rəhbərliyinin xahiş-minnətinə baxmayaraq sərbəst buraxılmırdı.

Müvafiq strukturlar vasitəsilə yerindəcə araşdırılmalar aparıldı, "bayrağı bədəninə dolayıb stadiona keçirən təxribatçı "fanat" müəyyən edildi. Qonaqlar hay-küy salmaq istəsələr də, 5-6 canfəşanlıq edənlərə qarşı da tədbirlər görüldü.

Çox yüksək çinli vətənpərvər polisimizin, yazılması məsləhət olmayan hərəkəti millət adına qürurverici idi. Artıq 7-8 təxribatçının qanuna uyğun aparılması üçün stadiona xüsusi maşın da gətirilmişdi.

Təxribatçılar bir-bir "kletka" avtomobilə mindirildikdən, sənədləri alındıqdan sonra məsələyə nə dərəcədə ciddi yanaşıldığını görən ərazi bütövlüyümüzə iddia edənlərin yalvarış səsləri ətrafı bürümüşdü...

"Bursaspor"la görüşdəki qalmaqallardan tutmuş Bakıda törədilən təxribatın təsdiqedici foto/video materialları toplanaraq UEFA-ya, Gürcüstan Futbol Federasiyasına, qonşu ölkənin müvafiq orqanlarına göndərildi...

Beynəlxalq futbol qanunlarına söykənərək "Neftçi" tərəfi qəti mövqeyini göstərdi. Mətbuat təxribat olayına vətənpərvər mövqedən obyektiv olaraq yanaşdı. Məsələnin ciddiliyini görən, dərk edən Gürcüstan dövləti baş nazir səviyyəsində münasibət bildirdi.

Gürcüstanın sabiq prezidenti Saakaşvili soydaşlarının əməllərini pislədi, çox kəskin reaksiya göstərərək Azərbaycanın onlara necə köməklik etdiyini dilə gətirdi. Gürcü ziyalıları, futbol veteranları iki ölkə, xalqlar arasında dostluq münasibətlərinin olmasını vurğuladılar.
Qarşıda isə hələ cavab görüşü var idi...

Tbilisidə "Neftçi", azarkeşlərimiz üçün xüsusi tədbirlər görülmüşdü. Məsələdən narahatlıq keçirən, böyüməsini istəməyən qonşu dövlət rəhbərliyinin qərarına uyğun xüsusi xidmət orqanları səfərbər edilmişdi. UEFA da öz tərəfindən federasiya və "Çixura"ya ciddi xəbərdarlıq etmişdi.

Stadionda xırda bir anoloji təxribatın təkrar olunacağı halında, sanksiyalar tətbiq ediləcəkdi. Onsuz da xəbərdarlıq qərarı verilmişdi, müəyyən sektorlara azarkeşlər buraxılmayacaqdı...

Doğma komandanı dəstəkləmək üçün Gürcüstana çoxsaylı fanatlarımız da getmişdi.
Onlara qarşı da təxribat törətmək istəyənlər yox deyildi. Təzyiqlərin qarşısını alaraq birbaşa nəzarətimizlə bir-bir tribunaya yerləşdirildilər...

Bu qədər problemlər içində oyundan öncə "Neftçi" olaraq bir dəqiqəlik sükuta da nail olmuşduq. O ərəfədə Qarabağda 10 yaxın igidlərimiz şəhidlik zirvəsinə ucalmışdı. Eyni zamanda məşhur futbolçumuz Ələkbər Məmmədov da dünyasını dəyişmişdi...

Hələ Bakıda olarkən cavab görüşündə bir dəqiqəlik sükutla bağlı UEFA-ya rəsmi məktub ünvanlamış, danışıqlar əsnasında razılıq almışdıq. Oyunöncəsi toplantıda "Çixura" rəsmiləri tribunalarda 100-lərlə ermənilərin də olacağını əsas gətirərək tədbirin keçirilməsinə etiraz edirdilər.

UEFA nümayəndəsi qurum tərəfindən məlumatlandırıldığını, rəsmi razılığın verildiyini əsas gətirərək bir dəqiqəlik sükutun olacağını qəti şəkildə yerli nümayəndələrə bildirdi. Mənəvi olaraq Azərbaycan, xalqımız adına qürurverici an idi...

Oyuna saatlar qalırdı. İlk qarşılaşma heç-heçə bitdiyi üçün görüşün əhəmiyyəti böyük idi. Bütün klub/komanda matça səfərbər olmuşdu.
Qollu bərabərlik sərf etsə də, yalnız qələbə düşünülürdü...

Bir gün öncə "Qarabağ" Avstriyada oynamışdı.
Görüşə baxmağa gedən AFFA rəhbərliyinin tam nümayəndə heyəti Avropadan birbaşa Tbilisiyə, "Neftçi"nin oyununu izləməyə özlərini çatdırmışdılar...

Rahat görüşə hazırlaşdığımız vaxtda süni əngəllər başladı. Xəbər gəldi ki, bir dəqiqəlik sükut olmasın. Təşəkkürləri qalsın bir tərəfə, səbəbini, izahını istədik, niyə belə etdiklərini soruşduq, etiraz etdik...

Zənglərin arası kəsilmirdi. UEFA ilə razılaşdıranda AFFA rəhbərliyinə də öncədən məlumat vermişdik, hələ Bakıdan xəbərləri var idi. Gərginlik hər dəqiqə artırdı. Oyuna sayılı saatlar qala, klub daxilində konsentrasiya pozulurdu. "Sapı özümüzdən olan baltalar" əl çəkmirdi...

Bir tərəfdən oyunun həyəcanı, məsuliyyəti, digər tərəfdən görülən əziyyətin sarsıntısı.
Vəziyyət o həddə çatdı ki, artıq klub daxilində həyacan baş qaldırırdı. Məşqçi, futbolçular duyuq düşsəydilər, komandada ruh düşgünlüyü yaşana bilərdi...

İstədiklərinə nail oldular. Veteran futbolçumuzun, şəhidlərimizin ruhu anılmadı.
Klub rəsmilərimiz UEFA nümayəndəsinə deyəndə ki, bir dəqiqəlik sükut olmasın, cavab bir oldu, "mən sizi başa düşmədim". Elə biz də "sapı özümüzdən olan baltaları" anlamadıq.
Anlanılması da mümkün deyildi...

Hərtərəfli nə qədər gərginlik yaşasaq da, ilk hissədə 3 top vuraraq həm meydanda, həm də kənarda qalıb gəldik. Hər qol vurulanda isə matəm simaları görməyə dəyərdi...

Əsgərin silahı əlindən alınıb. Atəş də açıla, hər iki tərəfdən ölüm hadisəsi də yaşana bilərdi.
Günahkar isə ən sonda əsgərdi, əsas "sapı özümüzdən olan baltalar", cavabdehlər, səlahiyyətlilər, onların yürütdüyü "ideologiyadır".

Milli ideologiyanın olmadığı yerdə top-tüfəng əllərdən uzaq qaçar, elə futbolda ayaqların top tutmadığı kimi...

Gürcüstanda, öz dədə-baba torpaqlarımızda 100 minlərlə doğmalarımız yaşayır. Xırda bir təxribat böyük fəlakətlərə yol aça bilər. İstəməyənlərimiz onsuz da çoxdur. Elə etməliyik ki, ruhumuz, torpaqlarımız da yerində olsun, yaxın qonşu ilə də problem yaşanmasın, silahlar da əllərdə möhkəm dayansın... 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !