BAŞQA XƏTLƏ YAZILMIŞ TARİX - - Rafael Hüseyn yazır.. (+ViDEO)

BAŞQA XƏTLƏ YAZILMIŞ TARİX - Rafael Hüseyn yazır.. (+ViDEO)

Yüksək duyğu və düşüncənin ifadəsi olan hər yazıda bütün başqa məziyyətlərindən savayı həmişə, xəfif də olsa, bir ümid var.
Heç kəs yalnız sırf ürəyini boşaltmaqdan ötrü, tək özü üçün yazmır və bədiilik iddiasında olan hər yazını doğuran insan açıq, ya gizli, mütləq bunları kiminsə oxumasını istəyir.
Bəzən hansısa səbəblər üzündən yazdıqlarını özü çap etdirmirsə və yaxud elətdirə bilmirsə də, ya onları hansısa mülahizələrlə gizli saxlayırsa da, hər yazan mütləq və mütləq oxuyan üçün yazır.
Yazılanların hamıya çatmasının gerçəkləşəcəyi günlər yaxında görünmürsə də, qələm adamı hökmən ümid bəsləyir ki, zamanı yetişəcək, bünları kimsə mütaliə edəcək.
Hər yazanı yazmağa sövq edən, ona içəridən güc verən də ən əvvəl bu düşüncədir ki, əsərlərinin sandıqdakı, siyirtmədəki qapalı ömrü hər halda bir gün bitəcək, onların da bağlı qapısı açılacaq.
Buna ümid bəsləyir, bunu umur, arzusunun haçansa doğrulacağı ilə təsəlli tapır.
İllərcə kimsəyə görünmədən, vərəqlənmədən, oxunmadan, hamınınkılşamdan gizli qalmış bir necə dəftərdəki yazıları səhifə-səhifə çevirdikcə belə bir yazar ümidini, hətta daha artıq inamını, hər şeirdə hiss edirəm.
Bu insan 50-sinə çatmadan XX əsrin tən orasında həyatdan gedib və dəftərləri – onu yenidən həyata qaytaran yazıları olmasaydı, yəqin ki. elə uzaq başı yarım əsr sonra da bir söz ustası olaraq hafizələrdən biryolluq silinərdi..
O unudulmuş şairlə vaxt ayrılığı hələ sən deyən uzun deyil, tək-tək də olsa onu həyatda görmüş, hələ tam unutmamış yaxınları, qohumları sağdır.
Lakin kimisə bir insan, simsar, əqrəba kimi xatırlamaqla, bir şair olaraq anmağın fərqi, əlbəttə, böyükdür.
Ağasəlim Fədainin adı Abşeronun şairləri qatarında məşhurlar sırasında yer almasa da, o, 1930-40-cı illərdə ədəbi mühitdə yetərincə tanınan gənc qələmlərdənmiş, vaxtaşırı “Yeni yol”, “Gənc işçi”, “Kommunist”, “Şərq qadını” kimi nəşrlərdə imzası görünürmüş.
Amma yazdıqları dərc olunan əsərlərindən qat-qat çoxmuş.
Belə bir şairin varlığı haqqında mən ilk dəfə 1970-ci illərin sonlarında o çağlar Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda mənimlə birgə işləyən və yanaşı masalarda oturduğumuz Cəfər Rəmzi İsmayılzadədən eşitmişdim.
Cəfər müəllim 1905-ci il təvəllüdlü idi. Başı daşlardan-daşa dəysə də, çətin ömür yaşamış olsa da, çox nikbin, həyat eşqi, yaradıcılıq şövqü ilə dolu insan idi.
O həm bədii yaradıcılığa, həm də araşdırıcılığa erkən başlamışdı. Lap 1920-ci illərin əvvəllərindən.
1922-1927-ci illərdə Darülmüəllimində oxuçumşdu, 1929-1932-ci illərdə isə Pedaqoji İnstitutun ədəbiyyat fakultəsində təhsil almışdı. Elə o dövrlərdə də Abşeronda ən qədimlərdən üzü bu yana yazıb-yaratmış şairlərin irsini toplamaq, onların haqqında bilgilər əldə etmək, çağdaş bir təzkirə-ensiklopediya düzəltmək eşqinə düşmüşdü. Lakin özü həmişə dərin təəssüf hissi ilə xatırlayırdı ki, 1933-cü ildə onu həbs edərək Sibirə göndərəndə evindəki bütün kağız-kuğuzlarını da ələk-vələk edərək kisələrə yığıb aparmışdılar.
Başqaları üçün repressiyalar 1937-ci ildə başlamışdısa, həmin irticanın qurbanları sırasında Cəfər müəllim pionerlərdən olmuşdu.
O gedən bir də 1956-cı ildə Vətənə dönə bildi.
Qayıdan kimi də köhnə arzularını gerçəkləşdirməkdən ötrü təzədən qollarını çırmalayıb gərgin işə başladı. İran ədəbiyyatı ilə bağlı tədqiqlər apardı, satirik şair Yəğma Cəndəqi haqqında dissertasiya müdafiə edərək alimlik dərəcəsi aldı, şeirlərini yazdı, tərcümələrini etdi, amma həm də Abşeron şairlərinin izi ilə əlaqədar yarım əsr əvvəl başladığı, lakin yarımçıq qalmış işini davam etdirdi. Onun 1987-ci ildə nəşr edilən “Deyilən söz yadigardır” kitabı ədəbi ictimaiyyət arasında böyük əks-səda doğurdu.
Əslində o kitabın adını Cəfər müəllim “Abşeron şairləri” qoymuşdu. Nəşriyyatda etiraz etmişdilər ki, bir qədər yaxşı səslənmir, buna bölgəçilik kimi baxarlar, bütün bunlar hamısı Azərbaycan ədəbiyyatı deyilmi?
Cəfər müəllim İranda ayrı-ayrı vaxtlarda və müstəqil cildlər kimi buraxılmış Təbriz, Marağa, Xoy və digər şəhərlərdən çıxmış şairlərin əsərlərinin toplandığı kitabları aparıb göstərmişdi, “belə nümunələr var” demişdisə də, sözü keçməmişdi. Cəfər Rəmzinin bu dəyərli toplusu haqqında ilk təqdiredici yazılardan birini də mən yazdım və o vaxt “Bakı” axşam qəzetində çap edildi.
Cəfər müəllim kitabın gözlədiyindən də artıq müvəffəqiyyət qazanmasından bir az da ruhlanaraq ikinci və üçüncü cildlər üzərində işini daha da sürətləndirməyə başladı.
Cəfər müəllim 1930-cu illər fəlakətlərindən bəhs edərkən bir dəfə mənə Ağasəlim Fədaidən də danışmışdı.
(Fədai ilə Rəmzi təxminən tay-tuş idilər. Fədai 1903-cü ildən idi, Cəfər müəllim ondan 2 yaş kiçik).
Söyləmişdi ki, hələ o zaman Fədaiyə Abşeron şairlərinin haqqında məlumatlar və şeirlərini topladığımı bildirmişdim, o da mənə fotolarını və bir ümumi dəftərə səliqə ilə köçürdüyü, əruzda və hecada yazdığı müxtəlif şerlərini verərək demişdi ki, hansıları münasib bilsən istifadə et.
Cəgər müəllim bunu da əlavə etmişdi ki, Sibirdən qayıdandan sonra təzədən Abşeron şairləri məcmuəsini yaratmağa başlamaq barədə düşünəndə ilk yardıma düşənlərdən biri Ağasəlim Fədai olmuşdu, taleyi ilə maraqlanmışdım. Demişdilər artıq həyatda yoxdur. Əvvəl elə zənn eləmişdim ki, yəqin onu da tutublar, ancaq bəlli olmuşdu ki, xəstəlikdən ölüb. Zəmanə elə idi ki, ya həbs edib, güllələyib öldürüdülər, ya da Fədai kimi çərlədərək həyatdan məhrum edirdilər.
“Deyilən söz yadigar” əsərinin növbəti cildinə Cəfər Rəmzi Ağasəlim Fədaiyə də yer ayırdı, onun adını və irsindən örnəkləri təzədən ədəbi dövriyyəyə gətirdi.
...Evlərindəsə balaları Fədainin onun illərcə kimsəyə görsənməyən, lakin şairin özünün haçansa üzə çıxacağına inandığı əlyazmalarını qayğı ilə qoruyurmuşlar.
...Ağaslim Fədai Buzovnanın məşhur İmaməliyevlər nəslindən idi.
Onun əmisi oğlu Məşədi Azər “Məcmə üş-şüəra” ədəbi məclisinin ən fəal üzlərindən olmaqla bərabər güclü qələmi ilə Azərbaycandan kənarlarda da tanınan ustad idi. Elə Ağasəlim də ədəbi aləmə onun təşviqi və xeyir-duası ilə gəlmişdi.

Əhl-i hal ilə könül, dur-otur, həm dəmsaz ol,
Bade-yi nab ilə hər ləhzədə sər əfraz ol,
İftixar eylə, bu halə, qanad aç, pərvaz ol,
“Məqdəm-i mərdüm-i baqeyrətə payəndaz ol,
Fəqr-i ərbab-i təməllüqdə fəs olmaqdansa”.
Bu bəndin son 2 misrası Məşədi Azərin, əvvəlki 3 sətri Ağasəlim Fədainindir. Fədai ustadının (və əmoğlusunun) qəzəlini təxmis edib.
...Ağasəlim Fədaidən yadigar qalmış, şeirlərini köçürdüyü ən sonuncu dəftərinin axırıncı səhifəsində o, Ömər Xəyyamdan etdiyi 2 rübainin tərcüməsini verib. Nişapurlu dahinin başqa dördlükləri kimi bu rübailər də hikmətlərlə ləbələbdir, ömrün aniliyi, həyatın faniliyindən deyir.
Xəyyam rübailərini XX əsr boyu bir çox Azərbaycan şeirləri öz vəznində, yaxud əruzda dilimizə çevirmişlər. Bəzisi xüsusi diqqət ayıraraq fars klassikinin böyük silsilə rübaisini tərcümə edib. 1930-cu illərdə Mikayıl Müşfiq, Mirmehdi Seyidzadə, Mirəbdülmüin Niyazi, daha sonralarsa ömrü boyu Xəyyam aşiqi olmuş, daim rübailərin tərcüməsi üzərində çalışmış Əkrəm Cəfər bu işi görüb. Əkrəm Cəfər Xəyyamın ən çox sayda rübaisini çevirməkdən əlavə həm də bununla seçilib ki, şeirlərdə orijinalın vəznini, üslubi xüsusiyyətlərini imkan daxilində olduğu kimi saxlamağa cəhd edib, həm də məzmunun dürüst ifadəsinə səy göstərib.
Cənubi Azərbaycanda da Xəyyam rübailərini yerli-yataqlı tərcümə etmək təşəbbüsləri olub və bu sırada Bağçabanın tərcümələri seçilməkdədir.
Lakin Xəyyamdan hansısa seçmə rübailəri çevirmək cəhdləri də edilib, yaxud Hüseyn Cavid 1935-ci ildə “Xəyyam” pyesini yazarkən əsərinin məzmununa uyğun olaraq rübailər seçərək müxtəlif əruz bəhrlərində misilsiz məharətlə çevirib.
Ədəbiyyat məftunu və həvəskar Xəyyamçı Əli Polad Vahabzadə 2000-ci illərdə Ömər Xəyyamın rübailərini fars, Türkiyə türkcəsi, rus, ingilis dillərində nəfis şəkildə nəşr etməklə yanaşı müxtəlif dövrlərdə edilmiş tərcümələr əsasında xeyli mütərcimin müştərək bir toplusunu da buraxıb. Azərbaycan diilnə çevrilmiş Xəyyam rübailərinin bu toplusu təbii ki, heç də “Rübaiyyat”dan edilmiş bütün tərcümələri əhatə etmir. Yəqin ki, gələcəkdə də hələ Fədai kimi daha neçələrinin naməlum qalmış Xəyyam çevirmələri aşkarlanacaq.
1951-ci il mayın 16-da etdiyi bu Xəyyam tərcümələri Ağasəlim Fədainin qələmindən çıxan son şeirlərdir.

Ol qəsr ki çəkməkdə idi göylərə baş,
Şahlar ora üz qoyub olardı bəşşaş (gülərüzlü, şad, fərəhli – R.H.)
Gördüm oturub xərabəsində bir quş,
Der: “Hanı, hanı, hanı, o nəqş-i nəqqaş?”.

Bu rübai şeir dəftərinin axırıncı səhifəsindədir altında da qeyd: “Mənim təvəllüdüm 1903-cü il 15 may, Buzovna”
Və ardınca da oğlu Oqtaydan son ricası: “Vəfatım barədə burada qeyd edərsən. İlini, ayını, gününü düzgün yazarsan”.
Bundan sonra həmin səhifədə cəmi 4 boş sətir qalır.
Görünür Fədai özü hiss edirmiş möhlət bitməkdədir, sona lap az qalıb.
Və həmin axırıncı vəsiyyəti o boş qalan 4 sətri doldurur.
Artıq özünün yox, oğlunun xətti ilə yazılmış sətirlər: “İmaməliyev Ağasəlim Əziz oğlu Fədayi Buzovnada sentyabr ayının 3–də saat 4.30-da, şənbə günü vəfat etdi. Hicri tarixlə 1370-də.”.
...İnsan gedib, söz qalıb...

 

İyulun 28-də saat 21.30-da və iyulun 30-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” XX əsrin birinci yarısının unudulmuş Azərbaycan şairi Ağasəlim Fədaiyə həsr ediləcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !