Yaxşı ki, bu roman Azərbaycan haqqında deyil… - Azər Həsrət yazır..

Yaxşı ki, bu roman Azərbaycan haqqında deyil… Azər Həsrət yazır..

Haqqında çox danışıldığı üçün diqqətimi çəkmişdi. Bəzən olur axı, bir kitabı, yazarı o qədər reklam edirlər ki, oxumaq istəyirsən. Bu da o qəbildəndir. Həm müəllifi, həm də kitabı çox reklam edirlər. Hətta o həddə qədər ki, ABŞ dövləti də bu kampaniyada öndə gedir…

Əfqan əsilli çağdaş ABŞ yazıçısı Xalid Hüseyni. Açığı, “Çərpələng uçuran” (The Kite Runner) adlı romanı ətrafında müzakirələrə qədər bu adı tanımırdım. Eşitdiyimdə belə diqqətimi çəkmirdi. Yəni dünyadakı minlərlə, yüz minlərlə yazardan biridir bu da. Lakin fərqlidir yəqin. Elə olmasaydı ABŞ-ın Bakıdakı səfirliyi onun romanını bizim dilimizə tərcümə elətdirməzdi…

Beləliklə, dostumuz – Azərbaycanda ən yorulmaz kitab təbliğatçılarından biri, naşir, “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlunun həftə sonları təşkil etdiyi kitab yarmarkalarının birindən bu kitabı endirimli qiymətlə alıb oxunma növbəsinə qoydum. Ona qədərsə sosial mediada bir elan verdim ki, belə bir kitabı oxumağa hazırlaşıram. Adicə bu elan əməlli-başlı müzakirəyə səbəb oldu. Üstəlik də tərcüməsi ilə bağlı fikirlər səsləndirildi.

Ümumilikdə fikirlər müsbət idi, oxunması tövsiyə edilirdi.

Bir müddət sonra kitabı oxumağa başladım. Bir nəfəsə 70 səhifə oxudum və dayandım. Sonrası gəlmədi. Sosial mediada yazdığım kimi, kitab “məni oxu” demirdi. Çətinlik çəkirdim oxumağa. Diqqət çəkən məqamlar yalnız vulqar ifadələrin bir neçə yerdə açıq mətnlə təqdim edilməsi idi. Ona görə də ara verdim, dayandım. Lakin bu dəfə də müzakirələr davam etdi. Sosial mediadakı dostların bəziləri lehinə, bəziləri əleyhinə olmaqla marağımı artırdı və oxumağa davam etdim.

Hə, unutmadan deyim, bəzi dostlar yazdı ki, əvvəl-əvvəl oxunması bir az çətin olsa da kitabın sonrası oxucunu alıb aparır. Mənim deyimimlə, “məni oxu” deyir.

Elə də oldu. Oxumağa davam etdim və işlərimin çoxluğuna baxmayaraq günə ortalama 100 səhifəylə kitabı başa vurdum…

Oxuduqca həm dəhşətə gəldim, həm də şükr etdim…

Dəhşətə gətirənlər Əfqanıstanda baş verənlər, Şurəvinin, ardından da Talibanın o xalqın sadə insanlarını alçaltması, bir zamanlar sakit və sabit həyat yaşayan insanların günün birində fəlakətlərlə üz-üzə qalması idi. Bir də dostlar (əslində, qardaşlar) arasındakı münasibətlər, zina halları, başqa iyrənc olaylar ən sakit insanı belə yerindən etməyə yetər…

Şükr etdiyim isə o idi ki, nə yaxşı biz – Azərbaycan xalqı demokratiya, insan haqları adı altında sırınan inqilablardan özümüzü kənar tutmağı bacarmışıq və bacarırıq. O inqilabların Əfqanıstana və bənzər ölkələrə gətirdiyi acıları heç bir xalqın heç bir fərdi nəinki yaşamaq, heç görmək – eşitmək belə istəməzdi…

Bu roman Əfqanıstan xalqının faciə dramıdır. Acı gerçəklərlə doludur. Əsas obrazlardan olan Babanın öz ölkəsində uğurlu – sayılıb seçilən bir iş adamı olmasının ardından ömrünü ABŞ-da qara bazarda alverçi kimi başa vurması dəhşətdir. Yaxud da general İqbal Tahirinin də ölkəsindəki olaylar üzündən ABŞ-a sığınması, orada sosial yardımla dolanması insan faciəsi deyil də, bəs nədir?

Niyə Əfqanıstanın altı üstünə çevrilməli, insanlar hər saniyə qorxu içində yaşamağa məcbur olmalıdır?

Nəyin xatirinə, nəyin uğruna baş verir bütün bunlar? Hansısa qlobal güclərin bolluca silah satıb tonlarla pul qazanması üçünmü?

Yaxud, dünya insanını uyuşdurucuya daha da alışdırmaq üçün dövlət nəzarətindən kənar, kriminal ünsürlərin ağalıq etdiyi leqal nəzarətsiz bölgənin mövcudluğu üçünmü?

“Çərpələng uçuran” bir tərəfdən acı gerçəklərin təsviri kimi diqqət çəkirsə, digər tərəfdən düşünən beyinləri ağıllı olmağa, hər çalınan havaya oynamamağa səsləyir. Düzdür, müəllif belə çağırışlar etmir. O, sadəcə olayları təsvir edir, düşüncələrini yazıya tökür. Lakin azacıq düşünmə bacarığı olanlar üçün bu da bir dərsdir: oxuyub düşünmək, düşünüb nəticə çıxarmaq, nəticə çıxarıb qərar vermək baxımından.

Biz də bu kitabı oxuyub qərarımızı təkrar veririk: inqilablar, xaricdən idxal edilən “demokratiya” oyunları heç bir dövlətə və xalqa bu günə kimi fayda gətirmədi, gətirməsi də mümkün deyil. Çünki bizim kimi ölkələrə “demokratiya”, “insan haqları dəyərləri” idxal etmək istəyənlərin əsl məqsədi, əslində, ələbaxımlı dövlətlərin və xalqların coğrafiyasını genişləndirməklə suyu bulandırıb bolluca balıq tutmaqdır. Nəyin hesabına? “Çərpələng uçuran”da təsvir edildiyi kimi, azyaşlıların zorlanması, sadəcə kiməsə düzgün baxmadığı üçün heç bir günahı olmayan insanların küçədə güllələnməsi, illər uzunu əziyyət çəkib topladığın sərvətin bir saniyənin içində yerlə yeksan edilməsi üçün. Cəmiyyətdə qorxu ovqatı yaratmaq, insanları daimi gərginlik altında tutub həyatlarını dözülməz etmək üçün…

“Çərpələng uçuran”ı oxudum. Oxunmasını da tövsiyə edirəm…

Oxumazdan öncə yazmışdım ki, tərcümə haqqında da fikrimi qeyd edəcəm. Dostlar bilir, yaralı yerimdir. Bu kitabı ingiliscədən Xədicə İsmayıl tərcümə edib. Onun ifadə imkanlarına bələd olduğuma görə, yaxşı tərcümə gözləyirdim. Orijinalı oxumadığım üçün tutuşdurma imkanım yoxdur. Amma ümumi hesabla pis tərcümə deyil. Sadə, anlaşıqlı dildədir. Bununla belə, dərc edilməzdən öncə bu tərcüməni oxusaydım xeyli təklif verə biləcəyim şübhəsizdir…

…Yaxşı ki, bu roman Azərbaycan haqqında deyil. Arzu edərdik ki, Azərbaycan heç vaxt “Çərpələng uçuran” kimi bir romanın yazılması üçün səbəb olacaq duruma düşməsin…

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !