50 il zəhər udan, italyanların «dərsini» verən sumqayıtlı kimyaçı - (+FOTO=8)

50 il zəhər udan, italyanların «dərsini» verən sumqayıtlı kimyaçı (+FOTO=8)

 AZpress.AZ xəbər verir ki, Gah filoloq, tarixçi, bəzən də aktyor olmaq arzusu ilə yaşayaraq... kimyaçı oldu.

Ömrünün yarım əsrə qədərini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş tanınmış kimyaçı Zülfi Sadıxov Azərbaycanın Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, onlarla qiymətli ixtiranın müəllifidir. 

...Müharibə dövründə – 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində dünyaya göz açmış Zülfi Kazım oğlu Sadıxovun Sumqayıtla ilk tanışlığı 1959-cu ildə olmuşdu. Uzun illərin – 60 illik bir dövrün arxasında qalmış həmin ildə dünyanın ən gözəl yurd yerlərindən birində – o yerlərin oğullarına daim qürur və yenilməzlik hissi aşılayan Qoşqar dağının əzəmətinə söykənən Miskinli kəndində orta məktəbi əla qiymətlərlə bitirmişdi. Lakin Bakıya yola düşən gənc Zülfi o zaman nəinki müəllimlərini və yaşıdlarını, hətta bütün kənd camaatını heyrətdə qoymuşdu. Həmin il bilik səviyyəsinə görə məktəbin birincisi olan, orta təhsilini qızıl medala layiq bitirmiş Zülfi yaşıdlarından fərqli olaraq, öz biliyi, istedadı ilə hər hansı bir ali məktəbə problemsiz qəbul olunmaq qabiliyyətində olsa da, nədənsə Sumqayıta, burada yaşayan dayısının yanına gələrək, sənədlərini Sumqayıt Kimya-Texnologiya texnikumuna vermişdi. Baxmayaraq ki, hələ məktəb illərində arzusu tamamilə başqa idi – gah filoloq, gah tarixçi, gah da aktyor olmaq arzusu ilə yaşamışdı.

Lakin o, nədənsə illərlə arzusunda olduğu həmin sənətlərin heç birinin arxasınca getmədi. Bu, yəqin ki daha çox Sovet ideologiyasının, o zaman hələ 10 yaşı tamam olmamış, lakin sürətli inkişafı ilə bütün İttifaqa səs salmış kimyaçılar şəhəri Sumqayıtın, eyni zamanda SSRİ-nin yaradıcısı V.İ.Leninin «ölkənin büsbütün elektrikləşdirilməsi» şüarına sonradan digər Sovet rəhbəri tərəfindən «...üstəgəl kimyalaşdırma» tezis əlavəsinin təsirinin nəticəsi idi.

Kənd yeniyetməsi düşüncələri ilə yeni qurulmaqda olan, büsbütün gənclik və müasirlik ab-havası ilə qaynayıb-coşan Sumqayıt, görünür Zülfiyə o qədər xoş təsir bağışlamışdı ki, o, ilk vaxtlar bu şəhərdə yaşamağı, burada təhsil almağı ali məktəbdə oxumaqdan belə üstün tutmuşdu. Və yəqin ki, o zaman kimyaçılar şəhərinə ilk dəfə qədəm basan gənc Zülfinin ağlına belə gəlməzdi ki, bir vaxt gələcək, o da bu şəhərin adlı-sanlı, tanınmış kimyaçılarından, Azərbaycanın kimya sənayesinin istehsalat salnaməsinin yaradıcılarından biri olacaq… Əlbəttə, bu barədə qətiyyən düşünməsə də, elə ilk gündən o, hər addımıyla qarşıda onu gözləyən tale uğurlarına doğru gedirdi.

…1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik kauçuk zavoduna ən aşağı – birinci dərəcə üzrə çilingər kimi qəbul edilən Zülfi Sadıxov işə gənclik həvəsi ilə başlaması, əməksevərliyi və bacarığı sayəsində tezliklə - cəmi iki aydan sonra birdən-birə 4-cü dərəcəyə layiq görülmüşdü. Bu da təsadüfi deyildi. Çünki o, artıq ilk günlərdən etibarən özünü adicə çilingər kimi yox, işə texniki yaradıcılıqla yanaşmağı bacaran gənc bir mütəxəssis kimi göstərə bilmişdi. İstehsalatda az bir müddət çalışmasına baxmayaraq, onu kimyəvi proseslərin gedişində düşündürən, marağına səbəb olan bu və ya digər məsələnin daha səmərəli həlli yolunu tapmağa çalışması heç də çilingər vəzifəsinin funksiyalarından yox, onun texniki yaradıcılıq təxəyyülündən irəli gəlirdi.

 

“Bu oğlan bizim gələcəyimizdir, onu fəhlə işində çox saxlayıb, itirmək olmaz”

 

İstehsalatda qısa müddət çalışması kifayət etmişdi ki, o, bu və ya digər avadanlığın tək-milləşməyə ehtiyacı olduğunu aydınca görsün və bununla bağlı müvafiq texniki təkliflər vermiş olsun. Onun ilk səmərələşdirmə təklifi isə sadəcə olaraq özündən xeyli yaşlı olan iş yoldaşlarını ağır və yorucu əməkdən xilas etmək məqsədi daşıyaraq yaranmışdı. Həmin fəhlələr emulqator adlanan qurğuda filtrlərin yuyulması üçün hər dəfə 24 iri və çox ağır olan boltları açır, hər biri 10-12 seksiyadan ibarət filtrləri yuduqdan sonra yenidən onları yerlərinə bərkidirdilər. Daim təkrarlanan və fəhlələrin su ilə təmasda olduğu bu əməliyyat fiziki baxımdan ağır və yorucu olmaqla yanaşı həm də xeyli vaxt və məhsul itkisinə səbəb olurdu. Gənc çilingər bu əməliyyatı hər iki tərəfdən təzyiqlə vurulan su şırnağı ilə yerinə yetirməyi təklif etmişdi ki, bu da boltların açılaraq, filtrlərin çıxarılıb-yuyulmasından sonra yenidən bir-bir bağlanmasına sərf olunan xeyli vaxta qənaət etməyə, bunun sayəsində məhsul çıxımının artmasına səbəb olmuşdu. O da mühüm idi ki, bundan sonra həmin əməliyyatı iki yox, yalnız bir işçi, həm də çox asanlıqla, çətinlik çəkmədən yerinə yetirə bilirdi.

Əvvəllər Sintetik kauçuk zavodunda, sonralar isə – 1962-ci ilin aprelindən işləməyə başladığı Sumqayıt «Kimyasənaye» İB-də çalışdığı sexlərin həm təcrübəli, peşəkar fəhlələri, həm də mühəndis-texnik işçiləri artıq Zülfinin istehsalatın bu və ya digər sahəsində üzləşdiyi texniki çatışmazlıqla barışmayaraq, hansısa bir təklif verəcəyini, yeni bir ideya irəli sürəcəyini onun tərəfindən adi bir hal kimi qəbul etməyə öyrəşmişdilər. Çox zaman onun yenilikçi təklifləri uzun müşahidələrin nəticəsi kimi yox, iş prosesində ekspromt olaraq ortalığa çıxırdı.

Əlbəttə, daim yenilik, axtarış həvəsli olan Zülfi Sadıxov texnikum təhsili ilə kifayətlənə bilməzdi və o, kimya istehsalatının və proseslərinin sirlərini daha dərindən və mükəmməl öyrənmək arzusu ilə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (keçmiş AZİ-nin) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almağa başlayır (sonralar o, həm də Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirir).

Səmərələşdirici kimi Zülfi Sadıxovun bəlkə də ən sadə, lakin ən maraqlı texniki təkliflərindən biri alkilbenzolun alınması qurğusu ilə bağlı idi. Belə ki, həmin qurğuda alkilbenzolun tərkibində qalan azad, reaksiyaya girməyən 30-35 faiz benzol texnologiyaya əsasən distillə mərhələsində qovulma yolu ilə tam çıxarılmalı və ya həcmi ən azı 0,5 %-dən aşağı salınmalı idi. Benzolun qovulma kubunda qovularaq tam çıxarılmasını (ya da 0,5 %-dən çox olmamasını), bu məqsədlə isə qovulma sahəsinin kubun həcminin 50 faizini təşkil etməsini təmin etmək üçün alkilbenzolun səviyyəsinin orta həddən yuxarı qalxmasına yol verilməməliydi. Lakin səthin tələb olunan səviyyədə saxlanılması və ona nəzarət üçün ora iki operatorun təhkim edilməsi də heç bir səmərə vermirdi. Operatorların, bir çox hallarda isə növbə rəisinin bütün səylərinə, eləcə də kuba xüsusi olaraq tənzimləyici klapanlar yerləşdirilməsinə baxmayaraq, səthi norma səviyyəsində saxlamaq və alkilbenzolun tərkibində reaksiyaya girməyən benzolun miqdarını 5-7 faizdən aşağı salmaq mümkün olmurdu. Bu da öz növbəsində çox qiymətli məhsul olan benzolun itkisinə səbəb olur və son məhsul olan sulfanolun keyfiyyətinə, onun çıxımına və yuyuculuq qabiliyyətinə mənfi təsir göstərirdi.

Vəziyyəti, həm də həmin fəhlələrin çəkdiyi əziyyətləri (onlar iş vaxtı çəndən qısa bir müddətə belə aralana bilmirdilər) görən Zülfi Sadıxov məsələnin çox adi və asan bir həllini tapa bilmişdi. Səviyyənin saxlanılması, onun normadan artıq olmaması üçün Zülfinin təklifi ilə qovma kubunun tam ortasında ştutser qoyularaq, məhsulun çıxışı əvvəlki kimi aşağı ştutserdən yox, yeni ştutserdən aparıldı. Beləliklə də, birləşmiş benzolun həcmi artdıqda, o ştutçer vasitəsilə ümumi xəttə qaytarılırdı ki, bu da məhsulun səviyyəsinin kubun orta səviyyəsində saxlanılmasını təmin edirdi. Bununla da həm qiymətli kimya məhsullarının, həm də səviyyənin tənzimlənməsi ilə məşğul olan operatorların vaxt itkisinin qarşısı birdəfəlik olaraq alındı, ən başlıcası isə – istehsalatda hazır məhsul çıxımının artmasına nail olundu.
Onun işgüzarlığını, istedad və qabiliyyətini, texniki təkliflərinin səmərəliliyini görən o zamankı Kimya zavodunun (sonralar «Kimyasənaye» İB-nin) ilk direktoru Mehdi Mehdiyev Zülfinin işlədiyi istehsalatın rəisinə ciddi xəbərdarlıqla demişdi: «bu oğlan bizim gələcəyimizdir, onu burda, fəhlə işində çox saxlayıb, itirmək olmaz». Məhz direktorun bu cür qiymətləndirməsindən sonra Zülfi Sadıxovun işə xüsusi can yandırması, əzmkarlığı, mühəndislik bacarığı nəzərə alınaraq, o, tezliklə növbə rəisi, daha sonra isə böyük mühəndis-texnoloq vəzifələrinə təyin olunmuşdu.

 

İstehsalat rəhbəri, Azərbaycanın Əməkdar mühəndisi, Dövlət mükafatı laureatı

 

1980-ci ilin əvvəllərində ona daha məsul bir iş – «5-illiyin buraxılış obyekti» sayılan 1-ci sulfanol istehsalatına rəhbərlik etmək tapşırılmışdı. Bu işin nə dərəcədə mühüm və məsuliyyətli, həm də çətin olduğunu təsəvvür etmək üçün qeyd etmək kifayətdir ki, o zaman həmin istehsalatın struktur tərkibində 4 sex və 7 şöbə fəaliyyət göstərirdi və istehsalatda 550 nəfərə yaxın işçi, o cümlədən 70-dən çox mühəndis-texniki işçi çalışırdı. Lakin Zülfi Sadıxov belə bir böyük istehsalatın rəhbəri olmasına baxmayaraq, işlədiyi bütün müddət ərzində fəhlə və mühəndislərlə birgə gecə-gündüz, yorulmaq bilmədən çalışırdı. Onun yeni rəis kimi texniki və təşkilati cəhətdən işi yüksək səviyyədə qura bilməsinin nəticəsi olaraq qısa müddət ərzində 1-ci sulfanol istehsalatını nəhayət ki nəzərdə tutulan layihə gücünə çatdırmaq mümkün olmuşdu. İstehsalat rəisi kimi çalışdığı 8 il ərzində onun kollektivi rekord göstəricilər qazanmış, sulfanolun keyfiyyətinin standarta uyğun səviyyəyə qaldırılmasına nail olmuşdu. Daha bir məqam da xüsusilə diqqətəlayiq idi – istehsal prosesində benzol, toluol, kerosin, alkilbenzol kimi tez alışan və güclü partlayış törədə biləcək çoxlu həcmdə kimyəvi məhsulların alındığı, bu səbəbdən də təhlükə riskinin böyük olduğu bir şəraitdə Z.Sadıxovun texniki təhlükəsizliyi 1 №-li məsələ kimi diqqətdə saxlama¬sının nəticəsi olaraq (hər şeyi qaydasınca təmin etsə də, istehsalat sarıdan nigarançılıq onu gecələr də tərk etmir, nigaran yatırdı), işlədiyi bütün dövr ərzində istehsalatda heç bir ciddi fövqəladə hal baş verməmişdi.

...1980-ci ildə Z.Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İşin həcmi xeyli böyük olduğundan və Kreml sulfanolun istehsal həcminin artırılmasına xüsusi diqqət yetirdiyindən keçmiş SSRİ-nin Kimya Sənayesi Nazirliyinin bir sıra məsul işçiləri və İttifaqın neft-kimya müəssisələrindən 900-ə qədər müxtəlif peşə sahibləri – texnologiya, mexanika, avtomatika, energetika və inşaat üzrə mütəxəssislər, həmçinin təmirçi-çilingərlər, elektrik və qaz qaynaqçıları Sumqayıta ezam olun-muşdu. Əsaslı təmir üzrə qərargah rəhbərlyinin və aparılan rekonstruksiyaya «istehsalat sahibi» kimi bilavasitə məsuliyyət daşıyan, tətbiq edilən hər bir dəyişikliyi, yeniliyi ciddi nəzarətə götürüb-yoxlayan Zülfi Sadıxovun birgə səyləri sayəsində rekonstruksiya uğurla başa çatmışdı.

İstehsalatın alkilbenzol qurğusunda kalon tipli yeni reaktorun qoşulması, kompleks katalizatorun alınması prosesində bir mərhələnin aradan götürülməsi və s. texniki yeniliklərin tətbiqi ilə başa çatmış geniş həcmli rekonstruksiya sayəsində istehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu. Məhz bütün bunlara görə Zülfi Sadıxov mühəndis həmkarları ilə birgə həmin il respublika Dövlət mükafatına layiq görülmüşdülər.

Əldə etdiyi yüksək istehsalat nailiyyətləri sayəsində Z.Sadıxov həm də iki dəfə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuş, səmərələşdirmə və ixtiraçılıq fəaliyyətinə görə (o, 300-ə qədər səmərələşdirmə təklifinin və müəlliflik şəhadətnaməsi aldığı 5 ixtiranın müəllifidir) «Azərbaycanın Əməkdar mühəndisi» və «SSRİ ixtiraçısı» fəxri adlarına layiq görülmüş, «İxtiraçılıq və səmərələşdirmə əlaçısı» döş nişanı ilə, həmçinin «Qırmızı Əmək bayrağı» ordeni ilə, çoxlu sayda fəxri-fərmanlarla təltif edilmişdir.

 

Ulu öndər Heydər Əliyevin xüsusi tapşırığının yerinə yetirilməsi üçün o, müəssisə rəhbəri ilə birgə təcili olaraq Bakıya - Mərkəzi Komitəyə çağırılmışdı

 

O vaxt - 1981-ci ildə Zülfi Sadıxov cəmi bir il idi ki, Sumqayıt «Kimyasənaye» İstehsalat Birliyinin əsas istehsalatı olan 1-ci sulfanol istehsalatına rəhbərlik edirdi. Hələ zavoda yenicə işə qəbul olunaraq çilingər işlədiyi ilk günlərdən özünün işgüzarlığı və bacarığı, işə son dərəcə məsuliyyəti ilə seçilən gənc Zülfi müəssisədə çalışdığı sonrakı illər ərzində həm də mühəndis-texnoloq kimi əldə etdiyi böyük təcrübə, eyni zamanda ona xas olan tələbkarlığı və prinsipiallığı, təşkilatçılığı sayəsində rəhbərlik etdiyi istehsalatı qısa bir müddətdə nəinki gerilikdən çıxarmağı bacarmış, hətta ilk dəfə olaraq onu layihə gücünə çatdıra bilmişdi. İstehsalatın məhsuluna – keçmiş SSRİ-də yalnız Sumqayıtda istehsal olunan, yuyucu vasitələrin hazırlanmasında əsas xammal rolunu oynayan sulfanola o zaman İttifaqın bütün respublikalarında tələbat böyük idi. 100-dən artıq ünvana göndərilən sülfanolun yuyucu vasitələr istehsal edən xarici və SSRİ müəssisələrinə daşınması üçün Z.Sadıxovun çalışdığı Sumqayıt «Kimyasənaye» İstehsalat Birliyinin dəmiryol qovşağında daim böyük növbə olardı.

O zamanlar İttifaqda bir çox ərzaq və sənaye məhsullarının çatışmazlığı ilə davam edən iqtisadi böhran narahatlığı keçirən Kreml rəhbərliyi üçün əhalinin tələbatının böyük olduğu yuyucu vasitələrlə bağlı daha bir problemin də yaranması arzuolunmaz idi. Məhz bu səbəbdən SSRİ-də sulfanolun yeganə istehsalçısı olan Sumqayıt «Kimyasənaye» İB-nin fəaliyyətini Moskva daim diqqət mərkəzində saxlayırdı. Həmin dövrdə Birliyin Baş direktorunun kabinetində «hökumət telefonu»nun Moskvadan və Bakıdan olan zəngləri əksər hallarda sulfanolla, onun istehsalının artırılması tələbi ilə bağlı olurdu.

Həmin gün axşama yaxın edilən zəng isə Bakıdan – Mərkəzi Komitədən idi. Ancaq bu dəfə «yuxarıya» yalnız Birliyin Baş direktoru Əliş Mustafayev deyil, sulfanolun istehsalına bilavasitə cavabdeh olan istehsalat rəisləri – Zülfi Sadıxov və Akif Məmmədov da ilk dəfə olaraq MK-ya dəvət edilmişdilər. Hər iki istehsalatın rəislərinin də «yuxarıya» çağırılması məsələnin ciddiliyindən xəbər verirdi.

Azərbaycanın o vaxtkı Mərkəzi Komitə katibi Həsən Seyidov Baş direktor Əliş Mustafayevi və istehsalat rəislərini mehribanlıqla qarşılamış və birbaşa mətləbə keçərək bildirmişdi ki, Moskva «kişiyə (əlbəttə ki, o, ulu öndərimiz Heydər Əliyevi nəzərdə tuturdu) rahatlıq vermir, sulfanolun istehsalını artırmağı tələb edir. SSRİ-nin hər yerindən tez-tez zənglər olunur, sulfanol istəyirlər. İşi daha da gücləndirmək lazımdır. Çalışın məhsulun istehsalını maksimum çoxaldasınız…»

Məsələ onda idi ki, sulfanolun istehsalında hər hansı bir problem və ya ləngimə olurdusa, keçmiş İttifaqın onlarla müəssisəsinin işində ciddi əngəl törənir, boşdayanmalar yaranır, istehsalçılarından birinin həm də Sumqayıtın Məişət kimyası zavodunun olduğu yuyucu vasitələrin çatışmazlığı ölkədə müəyyən narazılığa, gərginliyə səbəb olurdu. Bu isə Kremldə «baş ağrısına» çevrilir və Bakıya edilən zənglər ara vermirdi.

Sulfanol məsələsi həm də ona görə narahatlıq doğururdu ki, Z.Sadıxovun rəhbərlik etdiyi 1-ci kompleks plan tapşırıqlarını artıqlaması ilə yerinə yetirsə də, sonradan inşa edilərək böyük ümidlər bəslənilən 2-ci sulfanol istehsalatı layihədə yol verilmiş bəzi qeyri-dəqiqliklər üzündən nəzərdə tutulduğundan az məhsul istehsal edirdi. Bununla bağlı müəssisənin vəziyyətini yaxşı bilən, ən başlıcası - xalqımızın görkəmli oğlu Heydər Əliyevə daim böyük məhəbbət və ehtiram bəsləyən, onun adını hər zaman uca tutmağa çalışan Zülfi Sadıxov elə həmin axşam Bakıdan Sumqayıta qayıdarkən - bütün yol boyu hər şeyi götür-qoy edir, vəziyyətdən çıxmağın, respublika rəhbərinin tapşırığını layiqincə yerinə yetirməyin ən optimal variantı üzərində düşünürdü. Bir şey onun üçün tam aydın idi – yeni istismara verilmiş 2-ci istehsalatda işin tezliklə qaydaya düşməsinə bel bağlamaq olmazdı. Deməli, əsas güc və məsuliyyət onun rəhbərlik etdiyi 1-ci istehsalat kollektivinin üzərinə düşəcəkdi.

Elə səhərisi gün o, istehsalatda işin daha səmərəli aparılması, texnoloji prosesin ahəng-darlığının təmini və məhsul çıxımının daha da artırılması ilə bağlı müvafiq tapşırıqlarını vermiş, öz «komandası» ilə birgə gecəli-gündüzlü, istirahətsiz çalışaraq, verilmiş xüsusi tapşırığın həmin ərəfədə şərəflə yerinə yetirilməsinə nail olmuşdu. Nəzərdə tutulan 5500 tona qarşı kollektiv hər ay plandan əlavə ən azı 1000 tona yaxın sulfanol istehsal edərək, istehsalçı müəssisələrə göndərirdi. Hətta Z.Sadıxovun texnoloji qurğuların maksimum gücü ilə işləməsinə nail olması, yüksək təşkilatçılığı, bütün potensial imkanlardan səmərəli istifadə etməsi sayəsində istehsalatın kollektivi iki «beşillik» ərzində planı artıqlaması ilə yerinə yetirərək, müəssisənin həmin dövrdə o vaxtkı kursla 160 milyon ABŞ dollarından çox təmiz gəlir əldə etməsinə nail olmuşdu.

- Hesab edirəm ki, Ulu öndərimiz Heydər Əliyevin xüsusi tapşırığını uğurla yerinə yetirməyi bacarmışamsa, öz işimlə, əməyimlə nə zamansa az da olsa onun rahatlığına, gərginlik keçirməməsinə xidmət edə bilmişəmsə, deməli, mən xoşbəxt adamam. Bundan duyduğum böyük qürur, iftixar bütün ömür boyu bəsimdir, - deyə veteran kimyaçı məmnunluğunu gizlətmir.
Bəli, Azərbaycanın Əməkdar mühəndisi, respublika Dövlət mükafatı laureatı, istehsalata tətbiq olunmuş 300-ə qədər səmərələşdirmə təklifinin və bir sıra qiymətli ixtiraların müəllifi, SSRİ-nin Əlaçı kimyaçısı və Əlaçı səmərələşdiricisi, «Qırmızı Əmək Bayrağı» ordenli tanınmış kimyaçı Zülfi Sadıxov respublika kimyasının inkişafına həsr etdiyi yarım əsrlik əmək yolu haqqın-da geniş danışmağı xoşlamasa da, yalnız bir epizodu – unudulmaz, dahi şəxsiyyətin Azər-baycana rəhbərlik etdiyi ilk dövrlə bağlı və bilavasitə özünə aid olan bu epizodu daim böyük fəxr və qürur hissi ilə xatırlayır.

 

İtaliya layihəçilərinin səhvi, Z.Sadıxovun mühəndis istedadı və sayıqlığı

 

…Zavodda inşa ediləcək yeni texnoloji qurğunun – 100 faizli alkilbenzolun layihəsinin texniki təftişi və qəbulu məqsədilə müəssisənin bir-neçə mütəxəssisi ilə birgə 1983-cü ildə İtaliyada bir aya yaxın ezamiyyətdə olarkən layihələrlə bağlı müzakirələr zamanı Zülfi Sadıxov təcrübəli bir mühəndis-texnoloq kimi layihənin bəzi hissələrində səhvlərə yol verildiyini, ciddi dəyişikliklərə ehtiyac olduğunu diqqətə çatdırmış, Azərbaycan mühəndisinin istedadını, elmi-texniki səviyyəsini nümayiş etdirmişdi. Məsələ onda idi ki, italyan mütəxəssislər alkilbenzolun mütləq şəkildə 100 faizli alınacağını nəzərdə tutaraq, mümkün ola biləcək aşağı faizli, çıxdaş məhsulun haraya nəql ediləcəyini, həmçinin bəzi qurğu və mexanizmlərin prosesdə iştirakını, layihədə tutulmaların qarşısının alınması ilə bağlı məsələləri nədənsə diqqətdən kənarda saxlamışdılar. Z.Sadıxovun bu məsələlərin ikinci dərəcəli yox, xüsusilə mühüm olduğunu inandırıcı dəlil-sübutlarla layihəçilərin nəzərinə çatdırması onlar tərəfindən minnətdarlıqla qarşılanmış və italyanlarda Azərbaycan kimyaçıları haqqında yüksək rəyin formalaşmasına səbəb olmuşdu.

Kimyaçı-texnoloq kimi yüksək elmi-texniki biliyə, zəngin istehsalat təcrübəsinə malik olması, prinsipiallığı və yüksək təşkilatçılığı nəzərə alınaraq Zülfi Sadıxov sonrakı illərdə daha məsul vəzifəyə - müəssisənin baş direktorunun keyfiyyət məsələləri üzrə müavini vəzifəsinə irəli çəkilmiş, daha sonra - 1991-ci ildən 2011-ci ilədək isə zavodun texniki-nəzarət şöbəsinin rəisi vəzifəsində çalışaraq, yenə də başlıca amilə - keyfiyyət məsələlərinə, istehsal olunan məhsulların mövcud standartlara uyğun olmasına nəzarət etmişdir. Və təbii ki, bütün həmin müddət ərzində Zülfi Sadıxovun zavodun istehsalat sahələrinə, məhsulların keyfiyyətinə texniki nəzarəti onun prinsipiallığı, heç bir halda güzəştə yol verməməsi ilə seçilmişdir. Bunun nəticəsi olaraq həmin illərdə - 20 il ərzində məhsulların keyfiyyəti ilə bağlı müəssisəyə heç bir şikayət və reklamasiya daxil olmamışdı. Axı, Zülfi Sadıxov üçün apardığı iş sadəcə vəzifə borcu yox, həm də və ilk növbədə vətəndaşlıq, vətənpərvərlik borcu idi. Sumqayıtın kimya məhsulunun yüksək markası, doğma şəhərin, Azərbaycanın adı və şərəfi onun üçün hər zaman hər şeydən üstün, ən vacib meyarlar olmuşdur.

***

…Mənalı həyatı, əməksevərliyi, bilik və bacarığı ilə gənc nəslə nümunə olan Zülfi Sadıxov hazırda təqaüddə olsa da, bütün qəlbi ilə kimya istehsalatı, doğma kollektivlə bağlıdır.

O da xüsusilə diqqətəlayiqdir ki, fədakar əməyi sayəsində nail olduğu rəsmi titullardan öncə Zülfi Sadıxov doğma zavodun kollektivi tərəfindən bütün varlığı ilə bağlı olduğu, işindən daim qürur duyduğu, uzun illər canlı sütunu olduğu sulfanol istehsalatının adını ləqəb kimi adıyla qoşalaşdıran bir «fəxri titul»a da layiq görülmüşdür: «Sulfanol Zülfi». Bu «yüksək titul» nə ondan əvvəl, nə də ondan sonra heç kəsə verilməmişdir.

Rəhman ORXAN

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !