Avropa fəlsəfəsi - ( +FOTO=6 )

Avropa fəlsəfəsi ( +FOTO=6 )

 

Avropa İttifaqının Nümayəndə Heyəti, birinci İmagine Avropa
Tolerantlıq Festivalı çərçivəsində “ Daha yaxşı bir dünya xəyal et” xəttiylə
Azərbaycana qonaq gələn Belçikalı sənədli film rejissoru Xaiver Solano ilə
sənədli filmin əhəmiyyətindən, üslub və texnikalarından danışdıq.
Bənzətmələr etsək, bir daha Avropa nə qədər sərin-soyuq natarazlığı, mavi
rəngdən tutqun yaşıl rəngə keçid təsirini bağışlasa da, Şərqin aydın, işıqlı
havasından, isti səhra küləyindən, zəngin dağlarından daha çox insan
faktoruna əhəmiyyət verdiyini görürük. Avropa “Hər kəs özü üçün” -
anlayışıyla yaşasa da laqeydlikdən uzaqdır və bu onların filmlərində də öz
əksini tapır.
Xaiverin filmi Bruseldə yaşayan imiqrantlar haqqında idi. Film televiziya
jurnalistikasından tam uzaq, yaxşı operatorla çəkilərək uğurlu montaj
edilmişdir. Jurnalistin çəkdiyi filmlə rejissorun çəkdiyi film onunla fərqlənir
ki, jurnalist çəkilişdə və montajda müsahibin dediyini insanlara çatdırırsa,
rejissor demək istədiyini, kadrlarla, müsahibinin vasitəsiylə təqdim edir.
Biz çox vaxt günahkarı günah etdiyi yerə gətirib, günahı necə törətdiyini
maraqla soruşuruq. Bəzən də danışmağa məcbur edirik. Ora necə gəlib
çıxdığını, səbəbini və ya səbəbkarı isə soruşmuruq, əhəmiyyət vermirik...
- Bizim səhnənin pərdəsi olmur...
Həyatda o Böyük qüvvə hər insana bir missiya verir. Hər missiyanın
da vaxtı, vədəsi vardır. Sənin gördüyün fəaliyyət cəmiyyətə, ümumən
yaşadığın ölkəyə, dünyaya xeyir verirsə, demək, missiya baş tutmuşdur.
Yəni katarsis baş verirsə, özünü başa düşməyi, yenidən metaforik mənada
dünyaya gəlməsi, sənətin mistik hesab edilən qüvvəsi, qalibiyyətidir.
O, bizimlə insanların dili ilə danışıb, vasitələrlə kömək edir. Böyük
sənətkarlar buna peyğəmbərlik deyirlər, dayazlar isə... Odur ki, Sevginin
hazırladığı əsər, Dayazın hazırladığı işdən energetikasıyla belə fərqlənir. Bir
neçə pilləkən aşağı düşsək görərik ki, "Ona” sənin fikrin, problemin maraqlı
deyil, sənin kədərindən əldə etdiyi pul və ucuz şöhrət maraqlıdır. Ekranda,
səhnədə istənilən yaradıcı işdə, idarə etmə sistemində belə bu nüans özünü
qabarıq büruzə verir. Qeyd edilən iki istəyin tərkibinə sevgi qatılarsa,
əslində, hər şey tamamən başqa cür olar.
Avropa film tribunasından çıxış edən sənətkarlar bildirirlər: “O insanlar
adlarına o qədər alüdə olurlar ki, əsl gözəllikdən məhrum olurlar, nəticədə
həmin ölkə və dünya ziyana uğramış olur”. Daha sonra bu fikirlərin kütlə
sənətiylə məşğul olan adamlara aid olmadığı vurğulanır, kütlə sənətini
harama çıxaranlara aid olduğu təsdiq edilir! Kütlə narazı olsa da, xarab
məhsulu qəbul edir və nəticədə genetik zəhərlənmə baş verir.
- Pilləkənlə yuxarı... Festival çərçivəsində Avropa tələbələrinin hazırladığı
qısametrajlı filmlər də nümayiş olundu.
Filmin birində qadağan olunmuş 25 – ci kadr elementini görüb soruşdum:
Tələbələrə bu elementi də öyrədirsiz?
Xaiver Solano bildirdi ki: onlar bunu intiutiv ediblər.
Bu o deməkdir ki, tələbələr öz diqtəsiylə, yaxşı mənada cəmiyyətə,
dünyaya təsir etmək üçün çalışır, icazə verildiyi üçün də sanki, məşğələlər
edirlər.
Bakı Media Mərkəzində “Kinoda səs” mühazirəsiylə çıxış edən italyan səs
rejissoru Gilberto Martinelli, italyanların kinoya təəccüblənmək üçün
gəldiklərini deyir, xüsusən də: “Əgər film düşünməyə vadar edirsə, biz o
filmi yaxşı və uğurlu hesab edirik! ” – deyə qeyd etdi.
G. Martinelli: Mədəniyyət sahəsi bizdə hər şeydən üstündür, çəkilən filmlər
də milli mənsubiyyətimizdən asılı deyil, dünya mədəniyyətləri içində öz
dəsti-xəttini tapmış incəsənətdir. İnkişafımızın başlıca səbəbi hakimiyyətin
Mədəniyyət Nazirliyinin fəaliyyətinə müdaxilə etməməsidir,
edəbilməməsidir.
- Həyatda ədalət axtararaq deyil, ədalətli olaraq, yaşamaq gərəkdir!
Ciddi sənətlə məşğul olan sənətkara kart-blanş verilsə də, öz yerini,
söz demək vaxtını və dərəcəsini yaxşı bilir. Qadağan olanı dedizdirənlər,
müxalif provakatrlardır. Sənətkar sənətə aludə olandan sonra gözəllik
yaratmaqdan çox bu sirri bilmədən siyasətlə, etirazla məşğul olur, bu da
daha böyük işlər görməsinin qarşısını alır.
- İncəsənət xilas etmək gücünə malikdirmi?
Çəkiliş ərəfəsində gərginlik, stress, müsahibi hazırlamaq, istədiyinə
gətirib çıxartmaq və ya hər şeyi bilib-bilməmək obrazı hamısı filmin
uğuruna hesablanır.
- ...Sən bilmirsən sənin çəkdiyin film dünyaya gəlib necə bir övlad olacaq.
Bu sözləri 2013 - ci ildə 4 saylı cəzacəkmə müəssisəsində “Cəhənnən
mələkləri ” sənədli filmin çəkilişi vaxtı Gülviyyə adlı məhkum qadına
demişdim. Onu çəkmək üçün bütün heyətlə altı ay gözlədik. Hər çəkilişə
gələndə addımımı, digərləriylə ünsiyyət və davranışımı diqqətlə izlədiyini
hiss edirdim. Bir gün yaxınlaşıb nəhayət, filmin çəkilişinə razı olduğunu
bildirdi. Gülviyyə “İnsan alveri” maddəsi ilə 8 il azadlıqdan məhrum
olmuşdur. Film, əsas Gülviyyənin daxili iztirabları, maksimum peşmançılığı
və övladının sarsıntıları üzərində qurulmuşdu. Bilirdim ki, onun vasitəsiylə
gənclərə, gənc ailələrə çox böyük mesaj vermək olar... Film televiziyada
yayımlandıqdan sonra ən böyük sual Gülviyyənin vaxtından əvvəl azadlığa
çıxa bilib-bilməməsiydi... Bu suala cavab filmin alınıb-alınmamasından
xəbər verəcəkdi. Bir qədər vaxt tələb olunurdu. Avropa Tolerantlıq
Festivalı ərəfəsində sənədli film ovqatında olduğum bir məqamda Gülviyyə
Əzimlidən telefonuma mesaj gəldi. O vaxtından əvvəl azadlığa buraxılmışdı!
Xeyli vaxtdır televiziyalarda, sosial şəbəkələrdə məni axtardığını dedi və
təşəkkür etdi. Gülviyyəyə şans verilmişdi...
Rejissor Kambriya Metlon və Morqan Robinson 2010-cı ildə çəkdiyi
“Günəş şuaları altında” filmiylə insanın daim inqilab etməyə meylli
olduğunu göstərirdi. Bu daha çox mədəniyyət inqilabıdır. Məhz bunun
sayəsində elm inkişaf edir, yeni kəşflər meydana çıxır. Bəzən “inqilab”
sözünün varlığından belə narahat olurlar. Əslində bu hakimiyyətə qarşı
etiraz deyil, dövlət və cəmiyyətin xeyrinə hesablanmış hadisədir. Filmdə
göstərildiyi kimi Afrikanın ucqar bir kəndində günəş şuasından əldə olunan
enerjidən məktəbə işıq çəkilir, su quyusundan rahatlıqla əldə edilən qurğu
quraşdırılır...
- İnsan müxtəlif mədəniyyətlərlə tanış olduğu halda daha çox inkişaf edir.
12 - 20 Oktyabr 2017 - ci il tarixində Bakıda davam edən sənədli
filmlə bağlı ustad dərsləri və mühazirələrlə bərabər, sual cavabdan aydın
olan biri də odur ki, Avropaya sənin, mənim bağ-bağçamız maraqlı deyil:
ona ən kasıb təbəqənin, daxili dünyası, dolanışığı, yaşam tərzi maraqlıdır
və bununla onlar ölkəmizin durumundan rahatlıqla xəbərdar olur.
Yaradıcılıqla məşğul olan incəsənət adamı sənətdə öz yolunu, dəsti xəttini
tapdıqdan sonra dünyaya kəşf elədiyi gözəlliyi hər sənət əsərində müxtəlif
mövzularla ifadə edir. Polşalı sənədli film rejissoru Pavel Lazinskinin
keçdiyi ustad dərslərində və təqdim etdiyidiyi filmlərdə “ Qardaşlar”,
“Qonşular”, atası və anası haqqında çəkdiyi digər filmlərdə də mövzuların
əsası, içimdəki həqiqəti bir daha təsdiqlədi: İnsan daim nəyinsə
axtarışındadır. Nə qədər ki, axtarırsan həyat, yaşamaq bir o qədər maraqlıdır.
İnsan var bu sirri bilir ona doğru gedir. Sən onu tapdıqda hər şey dayanır və
gözləmə məqamında olursan. Sanki, axar çayı keçmək üçün qayığın sahilə
gəlməsini gözləyirsən.
- Elitar sənət olan yerdə sükut var, enerji var, ətrafı işıqlandıran rənglər var...
Festivalın sonunda göstərilən “Beirut Buenos Aires Beirut” (Argentina)
filminin alt qatında insan arxatiplərə bağlı olduğunu və hamımız bu
dünyanın adamları olaraq Böyük qüvvənin tabeçiliyində mövcud
olduğumuzu pıçıltılarla deməyə çalışdı.
Ən yaxşı və fərqli sənədli film məhz səs-küylə deyil, ovqatı hiss etdirərək,
emosiyanı göstərən vaxt yazısıyla sənədli filmə çevirməkdir. Daha aydın
desək, bu bir qədər video kamera ilə şeir yazmaq kimidir... Sənədli filmin
gözəlliyindən biri də məhz budur. Sənət əsəri sənin qavrama dərəcən, dünya
görüşün və düşüncənin dərinliyi ilə ölçülür. Sən nə qədər zənginsənsə bir o
qədər bu zənginliyi anlayırsan...
Ruslan Mollayev

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !