SABAHIN ULDUZLARI NDAN BAŞLANAN YOL - Mahir SÜLEYMANOVun xatirələri

“SABAHIN ULDUZLARI”NDAN BAŞLANAN YOL Mahir SÜLEYMANOVun xatirələri

 2006-cı ilin aprelində Mahir adlı bu balaca oğlanı Azərbaycanın futbol aləmində heç kəs tanımırdı. Çünki ölkədə böyük rezonans doğuran “Sabahın ulduzları" paytaxt çempionatı yenicə başlamışdı və Mahir də yüzlərlə uşaq kimi bu yarışda iştirak edən ilk qaranquşlardan idi.
O vaxt çempionata “Olimpik”adı ilə qoşulmuş “Xudafərin” komandasının heyətində çıxış edən Mahirin məşqçi-müəllimləri Elbrus və Eldəniz Rzayev qardaşları idi. Baş məşqçi Elbrus müəllim 1997-ci il təvəllüdlü Mahirin perspektivini görür və onu özündən bir-iki yaş böyük uşaqlarla oynadırdı. Təcrübə göstərir ki, istedadlı uşaqlara belə yanaşma gələcəkdə özünü doğruldur və uşaq qarşısındakı fiziki baxımdan güclü rəqibindən qorxmur, çəkinmir, sonadək başa-baş mübarizə aparmağı bacarır, futbolçuya lazım olan keyfiyyətləri vaxtından əvvəl özündə formalaşdıra bilir.
Növbəti “Sabahın ulduzları" çempionatlarında – 2007, 2008, 2009, 2010-cu illərdə biz Mahiri o vaxtların ən təminatlı, ən nümunəvi futbol klubu olan “Bakı”nın heyətində gördük. Mahir burada da özündən bir yaş böyük uşaqların qrupunda oynayırdı və artıq əsas heyətin üzvünə çevrilmişdi. Onun sol cinahda rəqiblərini keçərək yüksək sürətlə irəliləməsi, cərimə meydançasındakı komanda yoldaşlarına dəqiq ötürmələr etməsi, müxtəlif məsafələrdən qollar vurması yaddaşımızın qızıl fondunda qorunan ən unudulmaz xatirələrdəndir. Təsadüfi deyil ki, güclü rəqabətə baxmayaraq, Mahir “Sabahın ulduzları" çempionatlarında dəfələrlə mükafatlara layiq görülmüş, mütəxəssislər tərəfindən oyunun, turun və mövsümün ən yaxşısı seçilmişdir. Gözəl oyunu ilə fərqlənən Mahir paytaxtın seçmə komandasına da cəlb olunmuş və bir sıra tədbirlərdə Bakı yığmasının heyətində meydana çıxmışdır.
“Sabahın ulduzları"nda uşaqları mükafatlandırarkən hər dəfə biz onlara “Daha böyük uğurlar qazanasınız! Sorağınız Avropanın yaşıl meydanlarından gəlsin!” arzuları ilə xeyir-dua veririk. Mahir Emreli də hələ uşaq ikən bu cür xeyir-duaları bizdən çox eşidib və olduqca xoşdur ki, həmin arzular həyata keçməkdədir. Bu gün Mahir Azərbaycan milli komandasının və ümumxalq sevgisi qazanmış “Qarabağ” FK-nın hücumçusudur. O, “Qarabağ”ın heyətində ölkə çempionatının yüksək titullarını qazanmaqla yanaşı, “Ən məhsuldar oyunçu” adına da layiq görülüb. Xoşdur ki, “Şəfa” stadionunun bərbad vəziyyətə salınmış, bir vaxtlar isə abad olan, sözün həqiqi mənasında Azərbaycan futbolunun gələcəyinə xidmət edən ikinci meydanında Mahir Emrelinin atdığı ilk kövrək addımlar bərkiyərək, mətinləşərək öz sözünü indi Avropanın yaşıl meydanlarında deyir.
Bu gün azarkeşlər Mahir Emrelidən daha yaxşı oyun, daha çox qol vurmağı tələb edir. Lakin həmişə haqlı olan futbol həvəskarları unutmamalıdır ki, gülünc vəziyyətə salınmış, cəmi səkkiz komandalıq miniatür çempionatımızda Mahirdən bundan artığını gözləmək düzgün deyil. Karyerasının çiçəklənmə dövrünü yaşayan Mahirin potensialı isə indiki səviyyədən qat-qat yüksəkdir. Fikrimizcə, Azərbaycanın ən güclü komandasının hücumçusu olmasına baxmayaraq bu qabiliyyətin tam açılması, inkişafın növbəti mərhələsinə qədəm qoyulması üçün Mahirin tanınmış Avropa klublarından birinə keçidi əhəmiyyətli rol oynaya bilər. Arzulayırıq ki, belə bir şans yaransın və Mahir yüksələ biləcəyi zirvəni tezliklə fəth etsin.
Mahir Emreli yaxşı mənada gündəmdə olan yerli futbolçumuz, milli ruhlu öz yetirməmizdir. Onu daha da həvəsləndirmək, böyük hədəflərə istiqamətləndirmək, dedi-qodulardan qorumaq futbolumuzun hər bir təəssübkeşinin mənəvi borcudur. Biz həqiqi, səmimi sevgimizlə öz borcumuzu yerinə yetirsək, Mahir də bizə borclu qalmaz, pərəstişkarlarını məzmunlu oyunu, gözəl və baxımlı qolları ilə daha çox sevindirər.

Mahir SÜLEYMANOV,
jurnalist, Qarabağ müharibəsi veteranı.
Mahir Emrelinin uşaqlıq dövrünə aid fotolar “Sabahın ulduzları"nın
arxivindən götürülmüşdür.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !