Rəşad Məcid: "1 milyonum olsaydı, Ramiz Rövşəni..." - - MÜSAHİBƏ

Rəşad Məcid: "1 milyonum olsaydı, Ramiz Rövşəni..." - MÜSAHİBƏ

 O düşünür ki, hər bir qadının içində həm mələk, həm də iblis yatır. Qadını sevimli edən də bu təzaddan doğan vəhdətdir.

Publika.az-ın müsahibi yazıçı, jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məciddir.

 

-Rəşad bəy, Ağdamı necə xatırlayırsınız?

-Ağdam barədə çox danışmışam, yazmışam. Ümumiyyətlə, Ağdam, Qarabağ mənim kövrək yerimdir, xatırlayanda hüzn keçirirəm, özümü zəif, aciz hiss edirəm. Bu yaxınlarda 55 illiyimlə bağlı hazırlanan kitaba jurnalist dostum Elşən Əliyev “Ağdama qədər” adlı ön söz yazdı. Orada Ağdamla bağlı xatirələrimizi qələmə alıb. Bir axşam qardaşım və anamla Ağdamdan danışırdıq. Ertəsi gün görkəmli professorumuz Niyazi Mehdinin “Ədəbiyyat qəzeti"ndə Ağdamla bağlı yazısını oxudum. Mistika idi. Bizim axşam danışdığımız mövzular idi. Ümumiyyətlə, hər müsahibəmdə Ağdamı xatırlayıram. Hər dəfə də o torpaqları yenidən gəzib qayıdıram. Həmişə deyirəm ki, Ağdam o dövrün İstanbulu idi. Həm inkişaf etmiş iqtisadi, həm də mədəni mərkəzi idi. Ağdamda teatr fəaliyyət göstərirdi, bir neçə kitab mağazası vardı ki, bütün ziyalılar baş çəkirdilər. Digər bir yandan da məşhur bazar vardı. Hamı etiraf edirdi ki, o bazardan dünyanın bütün naz-nemətlərinə rast gələ bilərsən. SSRİ-nin bütün nöqtələrindən ən yeni məhsulları Ağdamın ticarətçiləri tapıb şəhərə gətirirdilər. Eyni zamanda ziyalıları da Sovet məkanının ən bilgili və dünyagörüşlü insanları sırasında idilər. Ona görə rahat deyə bilərəm ki, uşaqlığım dünyanın güclü iqtisadi və mədəni paytaxtlarının birində keçib. Ağdam müharibə dövründə ermənilərin qarşısında dağ kimi durmuşdu. Millət kimi zəifliyimiz o oldu ki, çətin bir dövrdə torpaqlarımızı qoruya bilmədik.

 

- Son dövrdə ağdamlılara qarşı alverçi, fırıldaqçı propaqandası başladılıb. Bunu necə izah edək?

- Ağdamlılarla başqa rayonları müqayisə edəndə görürük ki, evin, geyimin, maşının, hər şeyin ən yaxşısı onlarda idi. Ağdamlılar bacarıqlı, işgüzar, ünsiyyətcil, fəal, indiki dillə desək, kreativ insanlardı. İndi, müstəqillik dövründə pul qazananlar, ev, villa tikdirənlər çoxaldı. O vaxtlar Ağdamda həmin villaların sayı-hesabı yox idi. İndi Ağdam işğal olunub, insanları aşağılamaq istəyənlər çoxalıb. Amma onu da deyim ki, ağdamlılarda da bir az özündən razılıq var. Hərdən bu cəhəti özümdə də müşahidə edirəm (gülür).

 

- İlk şeirinizin qəhrəmanı kimdir?

- Yadımdadır ki, 3-cü sinifi bitirəndə, ilk şeirimi yazıb ibtidai sinif müəlliməm Fəridə xanıma vermişdim. Amma o şeiri saxlamamışam. Ağdamdakı evimizin pəncərəsindən dağlar görünürdü. Xüsusən də yaz aylarında pəncərədən dağlara, meşələrə baxırdım. Həmişə deyirəm ki, şeirlər məhəbbətdən doğulur. Amma ilk şeirimin ilham pərisi təbiət idi.

Yazda meşələr çiçəkli olur.

Quşların səsi hər yana dolur

misraları ilə başlayırdı. Yəqin elə onda ədəbiyyata, şeirə marağım yaranıb.

 

- İlk məhəbbətinizi xatırlayırsınız?

- İlk sevgim Ağdamda olub. 5-ci, ya 6-cı sinifdə oxuyardım. O qız başqa sinifdə oxuyurdu. Heç kəlmə də kəsməmişdik. Bir növ platonik məhəbbət idi. Ümumiyyətlə, sevgiyə hər zaman önəm vermişəm. Sevgi bizi daim oyaq saxlayan, duyğularımızı tərpədən, stimul verən bir hissdir. Xüsusən də yaradıcı insanlar üçün sevgi hava qədər vacib ünsürdür. Çalışmışam həyatımda sevgi bol olsun. Olmayanda quyunun dibinə düşmüşəm.

 

- İndi həyatınızda sevgi var?

- Ümumiyyətlə, insan gördüyü işə eşqlə yanaşmalıdır. Bax, bu günün özündə Əli Kərim və İsi Məlikzadənin kitablarını çapa hazırlayırıq. Əli Kərimin kitabını artıq çap etmişik. Yəqin bilirsiniz, böyük şairimiz 38 yaşında dünyasını dəyişib. Hətta bu günlərdə dəvət aldığım verilişlərin birində şeirini əzbər dedim. İşə qayıdanda, telefonuma Əli Kərimin 81 yaşlı həyat yoldaşı Elza xanımdan zəng gəldi. Dedi, səhərdən təzyiqim qalxmışdı. Sən Əlinin şeirini söyləyəndən sonra ovqatım düzəldi, təzyiqim endi. Eyni şeyləri Fikrət Qoca da demişdi. Mən bu sözlərdən, etdiyim savabdan, təmənnasız yaxşılıqdan, ürəyimcə olan işi görməkdən zövq alıram. Belə məqamlar insana xüsusi güc verir. Həyatımız nə qədər iqtisadiləşsə də, şou biznesin səsindən qulaq tutulsa da, mənəvi dəyərlər ikici plana keçsə də o dəyərləri yenidən möhkəmləndirmək üçün mübarizə aparmaq lazımdır. Bu baxımdan gördüyün işdən aldığın həzz də sevginin bir hissəsidir. Bu yaxınlarda ali məktəblərin birində mənimlə görüş keçirildi. Sual verdilər ki, şeirlərinizin real qəhrəmanları var? Dedim ki, şeirlərim əsasən 3 qadına yazılıb, hekayə, roman və dastan. Soruşdular ki, haradadır o qadınlar. Zarafatca cavab verdim ki, ikisi Bakıda, biri Londonda. İndi insanlarımız çox dedi-qoduya meyl edirlər.

 

- Yaradıcılığınızda ətalət dövrü olub?

- Torpaqlarımız işğal olunandan sonra 15 il şeir yazmamışam. Düşünmüşəm ki, Ağdam, Şuşa gedəndən sonra şeir, ədəbiyyat da bitib. Hətta həyatın mənasızlığını dərk edib quyuya düşmüşəm.

 

- Maraqlı bir ifadə işlətdiniz. Şeir qadın, hekayə qadın və dastan qadın… Bu bölgüyə riayət edirsiniz?

- Qadın gözəlliyi kişini heyran edir. Amma o gözəlliyin arxasında savad, bilik, daxili zənginlik, qadınlıq durmursa, zahiri görünüş də gözdən düşür. Xumar Qədimova mənim sözlərimə yazılmış gözəl mahnı oxuyub. Orada bir bənd var:

Bilmədim iblissən, ya mələk, qadın.
Ətri, gözəlliyi çiyələk qadın.
Bir də gəlməyəcək sənin tək qadın
Nə mənim dünyama, nə bu dünyaya...

Mən uşaq olanda Qarabağ dağlarında, kolların altında yarı qızarmış, yarı kal çiyələk bitərdi. Sonra bütün ömrüm boyu mən o dadı bir də heç nədən almadım. Qadın o çiyələk kimi unudulmaz, sevimli olmalıdır. Bu şeirdən sonra çox qadınlar iddia etdilər ki, şeir onlara ünvanlanıb. Çünki hər bir qadının kişinin həyatında əvəzedilməz, "bir də gəlməyəcək" məhəbbət yaşadan olmaq iddiası var.

 

- Həyat yoldaşınızın şeirlərinizə münasibəti necədir?

- Məclislərin birində bizə bir xanım yaxınlaşdı, həyat yoldaşıma dedi ki, yəqin Rəşad bəy sizə də gözəl sözlər çox deyir. Dedim, xoş sözlərdən o qədər eşidib ki, artıq ona adi gəlir. Ümumiyyətlə, qadını tərifləməyin, göylərə qaldırıb uçurmağın, özgüvən verməyin tərəfdarıyam. Bizim cəmiyyətdə kişilər bu sözləri deməyə bir az qorxurlar. Yaşım artdıqca bu kompleksi yendiyimi düşünürəm. Hətta bu yaxınlarda bir qadın yaxınlaşıb deyir ki: "Rəşad müəllim 20 il əvvəl mənə elə gözəl təriflər yağdırıb ki, hələ də təsiri altındayam. Əminəm ki, o məni heç vaxt yaddan çıxarmaz”. İnanın, mən o xanımın varlığını unutmuşdum. Sadəcə illər öncə ona bir-iki xoş sözlə o qədər güvən hissi aşılamışam ki, hələ də məni unutmayıb. İzah edə bilmirəm ki, bu artıq mənim leksikonumdur. Qadınlarımız da bu sözlərə acdırlar. Bəzən xoş söz deyib, nəzakət göstərirsən, sevgi bilirlər.

 

- Bu qədər qadın duyğuları, sevgiləri, ahları… Qəbriniz üstə ağlayacaq neçə qara paltarlı qadına gümanınız var?

- Mənim çox qadına iddiam yoxdur. Sevgidə çox sadiqəm. Bayaq da dedim, şeirlərimdə 3 qadın var. Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini 90-cı illərdə toylarda ilk səsləndirən mən olmuşam. Hər dəfə də hamı hönkürüb ağlayırdı. Hətta mənə irad tuturdular ki, bu toy-düyün şeiri deyil. Ramiz özü də mənə deyirdi ki, insanların şad günündə bu şeiri demə. Zaman göstərdi ki, “Qara paltarlı qadın” əsl toy şeiridir. O şeir qadın gücü, səbri, sədaqəti haqqındadır. Hər bir kişinin qüsurlarına, nöqsanlarına baxmayaraq, daim onu sevib, qəbrində göz yaşı tökən qadına ehtiyacı var.

 

- Vacibdirmi, həmin qadın onunla ölənədək bir yastığa baş qoysun?

- Sizə deyim, bəzən elə ən böyük sevgi qovuşmayandır.

 

-Ümumiyyətlə, sevginin ömrü nə qədərdir?

- Əvvəllər deyirdim ki, sevginin eyforik vaxtı ay yarım, uzağı il yarıma qədər çəkir. Sonra Skandinav alimlərinin sevgi haqda araşdırmasını oxudum. Sən demə, insanları bir-birinə cəlb edən beyində yaranan maddələrdir. O maddələr 3-4 il ərzində tükənir. Amma sevginin ömrünü uzatmaq mümkündür. Alman filosofu Erik Fromm da öz əsərində bunu qeyd edir ki, istedadlı, güclü insanlar məhəbbətin ömrünü uzada bilərlər. Amma elm, yaxud filosof sevginin başlanğıcındakı elektrik selinin, vurulmağın izahını tapa bilməyib. Sevgi təmənnasız əziyyətdir, zəhmətdir, qarşılıqlı fədakarlıqdır. Əvvəllər "ölənədək xoşbəxt yaşadılar" nağıllarına inanmırdım. Vaxt keçdikcə görürəm ki, qarşılıqlı zəhmət sayəsində sevginin ömrünü uzatmaq mümkündür. Filosoflar deyir, sevgidən güclü heç bir hiss yoxdur, amma təəssüf ki, müvəqqətidir. Ailəvi cütlükləri birgə yaşamağa vadar edən övlad, nəvə gündəlik məsuliyyətlərdir.

 

- Sırf gündəlik qayğılar, uşaq xatirinə birgə yaşamaq riyakarlıq deyil?

- Mən belə düşünmürəm. Ona qalsa, Oşo deyir, qəlbində məhəbbət bitdi, ayrılıb başqasını tap. Bu fikirlər cəmiyyətin təməlini sarsıdır, buna doğru yanaşmıram. İnsan ömründə bir dəfə də sevə bilər, üç dəfə də… Mütləq deyil ki, hər sevəndə ailə quraq. Onsuz da sevgi müvəqqətidir, Önəmli olan eyni həyatı bölüşməkdir. Bura isə mütləq ortaq maraqlar, düşüncələr, zövqlər aiddir. Bir filmin eyni yerində kövrəlib, eyni səhnəsinə sevinə bilmək kimi…

 

- Mənəvi doğmalıq…

- Bəli. Bunlar varsa, sevginin ömrünü uzatmaq mümkündür. Şərqdə sevginin kateqoriyaları var. Tutqu, sevgi, eşq, şövq, qulluq və dostluq. Bu münasibətin kuliminasiya nöqtəsi şövqdür. Məhz həmin nöqtədə kişi və qadının fiziki yaxınlığı da baş tutur, sevgi bütövləşir. Hər şeyi birgə dadandan sonra isə əbədi dostluq mərhələsi başlayır. Bu qədər sadə sistem…

 

- Sizin üçün əxlaqsızlığa qədər olan çərçivə harada bitir?

- Hər kəs bu anlayışı bir cür qavraya bilər. Mənim üçün ən böyük əxlaqsızlıq riyakarlıqdır. Bir insanı üzünə tərifləyib arxasınca danışmaq əxlaqsızlıqdır. Mən dürüstlük tərəfdarıyam. Amma insan yaşadığı eşqi çərçivələmək istəmirsə, buna da sakit baxıram. Sevgini boğmaq əxlaq deyil. Doğrudur, cəmiyyətimizin mühafizəkar mövqeyi, din və mentalitetdən gələn çərçivələri var. Bu gerçəklər insanları yaşamağa qoymur, hisslərimizi boğub öldürür. Ona görə azad cəmiyyət görəndə, acgözlüklə baxırıq. Uşaqlıqdan islam dininin qızlarımıza qoyduğu məhdudiyyət kişilərimizdə də kompleks yaradır. İlk öpüşü azərbaycanlı yox, rus qızından alırlar, sevgini, qayğını ondan görürlər.

 

- Digər səbəbini nədə görürsünüz?

- Bizim qadınlar kişiyə sevgini sonadək vermirlər. Çünki dinimizdə də belə bir şey var ki, hətta ərin belə olsa, sonadək səmimi olma. Sabah o ölər, yaxud ayrılarsan, başqası ilə yatağa girməyə xəcalət çəkərsən. Türk yazıçısı Nevval Sevindinin bir əsəri var. Orada yazır ki, 90-cı illərdə Rusiya ilə sərhədlər açıldı. Türkiyəyə gələn rus qadınlarını görən türk kişiləri şoka düşdülər ki, bunlar qadındırsa, onda bizim evdəkilər nədir? Yox, bizim evdəkilər qadındırsa, bunlar məlaikədir (gülürük)

Tarixən türk kişiləri, sultanlar niyə xristian qadınlarla evləniblər? Çünki o qadınlardan güc, sevgi, təbəssüm və s. alıblar. Mən hesab edirəm ki, bir kişinin qadından aldığı güc hər şeydən üstündür. Xüsusən gənc qadının yaşlı kişiyə verdiyi güc…

 

- Gənc qadının yaşlı kişiyə duyduğu eşq nə dərəcədə səmimi ola bilər?

- Niyə olmur ki?! Ağıllı qadınlar axtardıqları müdrikliyi, dünya görüşünü, gücü, hökmü çox vaxt yaşlı kişilərdə tapırlar. Amma son vaxtlar baxırsan ki, insanlar ancaq mənfəət güdür. İnanın ki, sevgi də gözdən düşür. Həqiqi, təmənnasız sevgi kişinin gücünü sıfırdan beşə artırır. Mən həmişə deyirəm ki, sevgi həyatda sağ qalmağın yeganə və sonuncu şansıdır. Şəxsən özüm bu sevgini hiss edəndə, coşur, dünyanı yerindən oynada bilirəm. Öz güvənim artanda da insanlar elə bilir, puluma güvənirəm. Əslində, mənə qüvvət verən ruhdur, sevgidir!

 

-Rəşad bəy, sizi həm də jurnalistlik fəaliyyətinizə görə tanımışıq. Uzun müddətdir, “525-ci qəzet”in baş redaktorusunuz. İlk müsahibənizi xatırlayırsınızmı?

- Karyerama korrektorluqdan başlamışam. İlk müsahibəm 1989-cu ildə Flora Kərimova ilə olub. “Kommunist” qəzetinin şöbə müdiri Vaqif müəllim tapşırdı ki, Flora Kərimovadan müsahibə alım. Nömrəsini tapıb zəng vurdum. Dərzisinin evində görüş təyin etdi. 25 yaşlı gənc oğlan üçün Flora xanım həm nəhəng sənətkar, həm də əlçatmaz qadın idi. Görüşüb suallarımı verdim, diktofona qeyd etdim. Müsahibədən sonra bəlkə bir həftə yazdıqlarımı təzədən düzəldib yeni vərəqə köçürdüm. Tam hazır olanda Flora xanıma zəng vurdum ki, gəlin, görüşək müsahibəni sizə də oxuyum. Telefonda səsimi eşidib təlaşla “mən də elə bildim KQB-dən gəlmişdiniz, səsimi yazıb itdiniz” dedi. Çünki polşalı həyat yoldaşından və sair gizli faktlardan danışmışdıq. Görüşdük, bəlağətli səsimlə müsahibəni oxudum. Bir az oxumuşdum ki, soruşdu, dəsmalın var? Dəsmalımı verdim, hönkürüb ağladı...O vaxtdan dostlaşdıq. Hətta bir dəfə qoluma girib zarafatla dedi ki, Rəşad, səni yoldan çıxardacam. Mən də zarafatla dedim, Flora xanım, mən yoldan çıxmağa hazıram.

 

- Humanist ziyalı kimi cinsi azlıqlara olan münasibətinizi öyrənmək istəyirəm…

-Mən seksual sapıntıları olan insanlara bir az xəstə kimi baxıram, mərhəmət hissi ilə yanaşıram. Əgər insan normal cinsi münasibət yaşaya bilmirsə, normal seksdən zövq alıb "kosmosa uçmursa", bunu fiziki qüsur hesab edib, mərhəmət hissi ilə yanaşıram.

 

- Karmaya inanırsınız?

- Belə bir deyim var ki, yaxşılığı et, at dəryaya, balıq bilməsə də, xalıq biləcək. Başqa bir düşüncəyə görə isə, xaliqin bilməyindən ötrü etdiyin yaxşılıq xoş əməl sayılmır. İnsan kiməsə yaxşılıq edəndə təmənna güdməməlidir. “10 sentyabr” hekayəmin məğzində də bu mövzu durur. Etdiyin yaxşılıqlar da, pisliklər də özünün də olmasa, övladlarının qarşısına çıxacaq.

 

- Qüsursuz deyilik. Etdiyiniz pisliklər qarşınıza çıxır?

- Deyim ki, bilərəkdən kiməsə pislik etmişəm, yalan olar. Çox emosional insanam. Hərdən kimisə incidə biərəm, amma sakitləşəndən sonra çalışıram könlünü alım.

 

- Oşo deyir, müəllimsiz, öyrədənsiz, ustadsız sonsuz tənhalığa qərq olmadan daxili mərkəzi tapmaq mümkün deyil. Bununla da bütün peyğəmbərləri eqoist hesab edir. Siz necə düşünürsünüz?

- Hərdən mənə deyirlər ki, seyid nəslindənsən, amma spirtli içki içirsən. Zarafatyana deyirəm cavab verirəm ki, 1400 ildir babalarım islam dini qarşısında xidmət edib, bir nəsil qaydaları pozsa da olar. Hətta saf dindar insanlara bir az mərhəmət hissi ilə yanaşıram. Dünyanı tam qavrayan insan dinə də hakimiyyətin, mədəniyyətin tərkib hissəsi kimi baxmalıdır. Demirəm ki, ateistəm, cünki qəlbimdəki ilahi ədalətə inanıram. O, mənim üçün Allahın özüdür.

 

- Bəs o Allahın qüsurları var?

- Yox, o qüsursuzdur. Hətta səhv edəndə də onun müdrikliyinə güvənirəm.

 

- Bir dəfə fransız musiqiçiyə sual verdim ki, Azərbaycan qadını ilə fransız qadınını hansı musiqiyə bənzədirsiniz. Cavab verdi ki, fransız qadını cazdır, azərbaycanlı qadınlarsa muğam kimi dərin…

- Mən buna belə tərif verə bilərəm. Caz bütün emosiyalarımızı üzə çıxaran sehrli musiqidir, muğam isə sızıltı, hisslərini biruzə verməyən insan kimi dopdolu olur. Dostum Şahin Əliyev fransız xanımla ailə qurmuşdu. Onunla birgə oğlan evi kimi mən də Fransaya getdim. Evlərində qızın qardaşı öz sevgilisi ilə birgə qalırdı. Eyni yataqda yatırdılar. Həmin vaxtlar bu durum mənə təccüblü gəlirdi.

Sonra mənə danışdılar ki, cütlük evlənmək istəyəndə valideynlər onlara 6 ay vaxt qoyur ki, gedin, öz hesabınıza birgə yaşayın. Lap fəhlə işlə, amma xərclərini ödə. Bütün çətinliklərə rəğmən ayrılmasalar, ailələr onları evləndirir. Bizim cəmiyyət bu mənada fərqlidir. Bu isə həm qadın- kişi münasibətlərində problem yaradır, həm də başqa fəsadlara yol açır.

 

- Çağdaş yazarlarımızın Avropaya çıxması üçün tələb olunan şərtlər hansılardır?

- Bu çox uzun prosesdir. Burada yazıçının istedadı, mühit və maddi dəstək lazımdır. Hərdən zarafatla deyirəm ki, 1 milyon dollarım olsaydı, Ramiz Rövşəni Nobel mükafatı laureatı edərdim. Bunu rüşvət mənasında demirəm. Avropanın Azərbaycan yazıçısını tanıması üçün əsərinin tərcüməsinə, təbliğatına vəsait gərəkdir. İndi istedadlı gənclərimiz var, məsələn, Amerikada yaşayan Elxan Qaraqanda həmin potensialı görürəm. Amma yazıçılıq iynə ilə quyu qazmaqdır. Daimi zəhmət tələb edir. Avropada yaşayan Günel Mövlud, Əli Əkbər kimi yazarlardan daha böyük nailiyyət gözləyirdim. Yəqin ki, bizdən də öz ölkəsinin mədəniyyətini, problemini təqdim edən bestsellerlərin müəllifi Xalid Hüseyni kimi yazıçılar yetişəcək.

 

- Sonda pozitiv bir cümlə deyin.

- Qadınlarımıza daha dünya görüşlü və açıq fikirli olmağı arzulayıram. Çünki biz kişilər nə qədər dansaq da, siz qadınlar tərəfindən idarə olunuruq. Özü də bunu elə peşəkarcasına edirsiniz ki, ruhumuz da incimir. Bu baxımdan savadsız qadın savadsız cəmiyyət deməkdir.

 

Leyla Sarabi

Fotolar: Pərviz Həşimi

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !