Ermənilər təşvişdə: Türkiyənin Naxçıvanda hərbi baza açması xəbərləri şok effekti yaradıb- - TƏHLİL

Ermənilər təşvişdə: Türkiyənin Naxçıvanda hərbi baza açması xəbərləri şok effekti yaradıb- TƏHLİL

Başda Ermənistanın xarici işlər naziri olmaqla erməni rəsmilər və ekspertlər son günlər bir ağızdan bildirir ki, Türkiyənin Azərbaycana artan hərbi dəstəyi və Ankaranın Naxçıvanda hərbi baza yaratmaq ideyasını qızğın müzakirə edirlər.
AZpress.AZ xəbər verir ki, erməni tərəfi Naxçıvanda açılacaq bazanın Qarabağ uğrunda aparılacaq müharibədə aktiv şəkildə istifadə olunacağını iddia edir.
Azərbaycanda Türkiyədə də daxil olmaqla, hər hansı xarici ölkənin baza açmaq fikri realdırmı? Azərbaycanın daxil olduğu coğrafiya, mövcud şərtlər buna imkan verirmi?
Mövzunu araşdırmaq üçün espertlərin fikri ilə sizi tanış edəcəyik. Politoloq Exlan Şahinoğlu hesab edir ki, Naxçıvanda hərbi bazanın açılması Azərbaycan üçün vacibdir: “Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir. Əslində Ermənistan da eyni siyasətdən çıxış edir. Çünki Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.
Türkiyənin Azərbaycanda hərbi baza açmasını çox arzulayan insanlardan biri hərbi ekspert Üzeyir Cəfərovdur. O, “hürriyyət”ə açıqlamasında deyib ki, Naxçıvanla bağlı ciddi narahtçılıq olmasa da, ölkə ərazisində belə bir bazanın olması lazımdır: “Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir. Yəni bu dövlətlə dünyanın bir nömrəli dövləti olan Amerika hesablaşır. Baxmayaraq ki, təzyiqlər, təhdidlər, bəzən də şantajlar dövriyyəyə buraxılır. Mən S-400-lə bağlı məsələni deyirəm. Amma bütün bunlara baxmayaraq, Türkiyənin hərbi bazasının Naxçıvanda olması çox yaxşı olardı. Ümumiyyətlə, Naxçıvanla bağlı mənim ciddi narahatçılığım yoxdur. Çünki “Qars” müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizlik məsələsi Türkiyə tərəfindən himayə olunub. Bu, beynəlxalq sənədlər də öz əksini tapıb. Amma Abşeronda da Türkiyənin hərbi bazasının olması yaxşıdır. Çünki bu, o anlama gələcək ki, Azərbaycanla bağlı hansısa bir ölkənin, istər şimal, istərsə cənub, istərsə də bədman qonuşlarımız olsun, hərəkət etməsini bir qədər çəkindirəcək. Yəni hərbi bazanın olması çəkindirici faktor kimi lazımdır”.
Qeyd edək ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov “Azərtac”a açıqlamasında bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılması barədə yayılan məlumatlara aydınlıq gətirib. O, bildirib ki, Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur və bu, həqiqətə uyğun deyil.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə hesab edir ki, hərbi doktrinaya əsasən Azərbaycanda xarici ölkələrin hərbi bazası yaradıla bilməz. O, ”trend”ə açıqlamasında qeyd edib ki, bu informasiyaların heç bir əsası yoxdur: “Əgər biz suverenliyimizin bir hissəsini hansısa ölkəyə bağışlasaydıq, Ermənistanın işğalı altında olan Qarabağ çoxdan azad olunardı. Amma bizə yarımçıq müstəqillik lazım deyil. Bu informasiyaların heç bir əsası yoxdur. Çünki Azərbaycan Respublikasının Hərbi doktrinasına görə Azərbaycanda xarici ölkələrin hərbi bazası yaradıla bilməz. Azərbaycanın 1993-cü ildən bəri – əvvəlcə ümummilli lider Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın müstəqil dövlət siyasətidir və Azərbaycan heç bir halda suverenliyini nəyəsə görə qurban verə bilməz”.(aqreqator.az) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !