Hidayət: - İndi Zəngəzura getmək mənə bu yaşımda Marsa uçmaqdan da çətindir

Hidayət: “İndi Zəngəzura getmək mənə bu yaşımda Marsa uçmaqdan da çətindir”

- Hidayət müəllim, Sizi ilk öncə şair kimi tanımışam. Odur ki, elə şeirinizlə başlayıram:
Qəlbin arzuları – tər çiçək-çiçək,
Çiçəkli arzudan doyarmı ürək?!
Kövrək uşaqlıqdan qocalığadək
Şeir dəftərimi daşıyıram mən -
Belə yaşayıram...
Yaşayıram mən!..

26 yaşda qələmə aldığınız fikirlərə xilaf çıxmısınız axı... 20 ildən çoxdur, yəni “Söz”
jurnalı nəşrə başlayandan Sizdən təzə şeir istəyəndə yazmadığınızı deyirsiniz. Ola bilməz
ki, şeir ovqatına köklənməyəsiniz...

- Siz bir ildən çoxdur ki, məndən müsahibə istəmisiz, bu sualları da həmin vaxtdan
göndəribsiz, dəfələrlə telefon açıbsınız. Müsahibənin bu qədər ləngiməsi mənim iş qrafikimlə
bağlıdır.
Mən təxmin etmişdim – Sizin ilk suallarınızdan biri o olacaq – təzə bədii nə yazıbsız?
Bu illərdə mənim xidməti işlərimlə bağlı çox nadir hallarda bədii nə isə yazılıb, ancaq
müəyyən publisist, elmi-kütləvi yazılar, kitablar qələmə alınıb, intervülər verilib. Bunlar da şeir
kimi informasiyadı, fərq ondadır – şeir sırf bədii informasiyadır, amma bunlar publisist, elmi,
fəlsəfi, siyasi informasiyalardı. Əsas odur – içində səni narahat edən informasiyanı (istər bədii
olsun, istər publisist, istər ictimai-siyasi...) oxucuya təqdim edəsən.
- Ömür boyu müxtəlif vəzifələrdə çalışsanız da, ilk növbədə şair, dramaturq,
publisistsiniz... Şairin şeirləri onun taleyidir. Ömrünün ağrı-acılarıdır. Yazırsınız:

Quşlar da, sular da həvəssiz dinər,
Köçmüş kəndin yurdu batıbdı yasa,

Məbəd də qaranlıq zindana dönər,
Orda addımlayan insan olmasa.

1976-cı ildə bu fikirlər misralara çevriləndə doğma yurdun qaranlıq zindana
dönəcəyini hardan bilirdiniz?

- Bu, intuasiya idi. Ürəyimə damırdı. Gənclərin çoxu – Bakıya, Azərbaycanın digər
rayonlarına, hətta Rusiyaya gedib kəndə qayıtmırdılar, nəticədə isə kəndlər qocaların yaşayış
məskəninə çevrilirdi. Kəndlərin qəbristanları kəndlərin özündən böyük olurdu.
Əlbəttə, o vaxtı SSRİ-nin belə tez dağılması, “perestroyka” deyilən üzdən – iraq “hərəkat”
ağıla gəlmirdi. Çünki bu dağılma və ya dağıdılma prosesləri Qorbaçov tərəfindən düşünülmüş və
ya düşünülməmiş tərzdə sürətləndirilirdi. Amma bununla belə azərbaycanlı kəndlərin
boşaldılması əvvəllərdən hiss olunurdu, açıq görünürdü və bu, məni çox narahat edirdi. Məhz bu
problemlər, narahatlıqlar, həyəcanlar Sizin söylədiyiniz şeirdə olduğu kimi, o vaxtlar bir çox
şeirlərimdə, publisist yazılarımda əks olunubdur.
- 1989-cu ildə Siz Lənkəranda idiniz. Xeyli qaldınız. Səhv etmirəmsə, məzuniyyətdə
idiniz. Günün çox hissəsini bizim yerli qəzetin redaksiyasında Şəkər Aslanla birlikdə
keçirirdiniz. “Burdan min atlı keçdi” kitabınızın jurnal (“Azərbaycan”) variantı əl-əl
gəzirdi. Özünüzün dediyiniz kimi, bu yazı yazılanda suların nisbətən duru vaxtıydı...

- Hələ ondan bir il öncə “Gənclik” nəşriyyatının baş redaktoru olaraq nəşriyyat günlərinin
harda keçirilməsi məsələsi müzakirə olunanda Lənkəranı seçdim. Mənim rəhbərliyimlə
Azərbaycanın görkəmli yazıçıları, jurnalistləri, nəşriyyatın bir qrup əməkdaşları ilə ilk dəfə
Lənkəranda oldum. Burda “Gənclik” nəşriyyatı günlərini çox yüksək səviyyədə keçirdik. Mən
haqqında oxuduğum, uzaqdan yaxşı fikirdə olduğum Lənkəranı gördüm, sevdim. Sonra, 1989-cu
ilin yanvar ayında – məzuniyyətə çıxanda Lənkəranın o vaxtkı rəhbərliyi məni dəvət etdi və tək
istirahət məqsədiylə yox, həm də işləmək məqsədiylə ora getdim. Lənkəranda olanda günün çox
hissəsini redaksiyada olmurdum. (Təşəkkür edirəm – məni az görüb yadınızda çox
saxlayıbsınız). İki, ya üç dəfə redaksiyada oldum, bütün kollektivinizlə görüşdüm.
Gündüzlər raykomun qonaq evində işləyirdim və axşam işdən sonra Şəkər Aslanla, rayon
partiya komitəsinin ikinci katibi Yaşar Rzayevlə və digər dostların iştirakıyla şam süfrəsi açılırdı,
söhbət edirdik. Çox unudulmaz günlər idi. Həmin vaxt Lənkəranı – onun tarixini, mədəniyyətini,
mətbəxini daha dərindən tanıdım, sevdim.
Lənkəranda olduğum günlər yaradıcılıq baxımından səmərəli oldu. O da yadımdadır –
“Yenidənqurma” sözü və yenidənqurma özü” publisistikası orda yazıldı.
“Burdan min atlı keçdi”nin jurnal variantı o vaxt oxuculara çatdırılmışdı. Sovet ixtisarları,
ixtisarları... “Qlavlit” tərəfindən çox ixtisar olunduğuna görə əsərin o şəkildə çap olunmasına
hətta etiraz etmişdim. Amma rəhmətlik İsa İsmayılzadənin və “Azərbaycan” jurnalının bugünkü

baş redaktoru İntiqam Qasımzadənin təkidiylə “Burdan min atlı keçdi”nin o variantda çap
olunmasına razılıq verdim. İsa o vaxt baş redaktor müavini, İntiqam isə məsul katib idi. Baş
redaktor Yusif Səmədoğluydu. Yusif müəllim də mənə telefon açdı, əsərin o şəkildə olsa da çap
olunmasına razılıq verməyimi məsləhət bildi. Əsər o vaxt çox əks-səda doğurdu. Jurnalın da
əldən ələ gəzməsinin səbəbi – əsərdə 1988-ci ilə qədərki, xüsusilə altmışıncı – səksəninci
illərdəki Ermənistan mühiti, orda soydaşlarımıza qarşı həyata keçirilən deportasiyalar, təqiblər,
hüquqlarının sıxışdırılması və türksüz Ermənistan yaradılmasının bu mərhələsi ilk dəfə təqdim
edilməsində, təsvir olunmasında idi. Buna görə də o yazı elə çox maraq doğurdu.
- Şəkər Aslan həmişə Sizi çox yüksək dəyərləndirirdi, hər görüşünüzü sonralar
xatırlayırdı, bizə danışırdı.

- Mən də həmişə onu xoş təəssüratla xatırlayıram. Yəqin yadınızdadır – ömrünün son
illərində o vaxtlar səlahiyyətli olan müəyyən qruplar onu sıxışdırırdı, bu pak, yaradıcı insan
həyəcanlarıyla, daxili çırpıntılarıyla, ona qarşı haqsızlıqlarla üz-üzə qalmışdı. Mən ona həmişə
diqqət yetirirdim – dövlət tədbirlərinə dəvət etdim, yüksək rəsmi komissiyaların tərkibinə
salındı... Mənəvi əzabları, şübhəsiz, xeyli azaldı.
Xatırlayırsınız – vəfatından sonra Lənkəranda keçirilən xatirə gecəsinə gəldim, çıxış etdim,
Boladı məzarlığında olduq...
Şəkərin diqqətimi çəkən, mənə xoş gələn cəhətlətindən biri onun ömrünün sonunacan
əyalətdə yaşaması oldu. Bakıya gələ bilərdi, işləyərdi, başqa yazıçılardan biri olardı. Ancaq
sonacan Lənkəranda yaşadı. Altay Məmmədov, Məmməd Alim Gəncəni heç yerə dəyişmədikləri
kimi.
-“Burdan min atlı keçdi”nin jurnal variantını da oxumuşam, kitab variantını da.
Müsahibə hazırladığım zaman kitabı bir də vərəqlədim. Bəzi hissələri başdan-ayağa
oxudum: “Mığrı stansiyasında qatara minib, “Sovet Ermənistanı” respublika qəzetinin
dəvətiylə İrəvana getdim, heyranlıqla, həyəcanla, narahatlıqla dolu o bahar gecəsini indiki
kimi xatırlayıram. Arazın qırağıyla gecənin qaranlığında ötüb-keçdiyim doqquz saatlıq o
yol yaddaşıma və qəlbimə unudulmaz səfər kimi həkk olunub və mənə həmişə elə gəlib ki,
ömrümdə ən uzun, ən maraqlı, həm aydın, həm də naməlum bir iqlimə üz tutub qeyri adi
səfərim – Zəngəzur! Qatarın o gecəki doqquz saatlıq yolu. Sonralar neçə yol uzun yollara
çıxmışam, neçə gecə qatarda, təyyarədə yatmışam, amma o bahar gecəsinin, Arazın səsinin,
tutqun ay işığındakı aydınlığın və kölgələrin tayı olmayıb heç biri.
Arazın qırağıyla, dədə-baba yurdum ulu Naxçıvan torpağıyla!

O tay da Azərbaycan,
Bu tay da Azərbaycan!

... Çayın bu tayında dayanıb o tayın daşlarına, ensiz dağ yollarıyla gedən karvanlarına
saatlarla tamaşa etmişəm, nədənsə mənə həmişə elə gəlib ki, o karvanlar yalnız Təbrizə
gedir, Təbrizə gedir, Təbrizə!..”

- O gecəni mən bu gün də olduğu kimi xatırlayıram, ömrümün ən nikbin, uzaq mənzillərə
boylanan, unudulmaz xoş gecəsi sayıram.
- Nə xoş ki, indi o yollar Təbrizə gedir. Nə yazıq ki, İrəvana gedə bilmir... (Kitabdan
köçürdüyüm bu hissəni yazanda elə kövrəldim ki... Ağrılı duyğularınızı elə qələmə
almısınız, özümü ağlamaqdan güclə saxlayıram).

- O illərdə yazırdım: Azərbaycanlı üçün Təbrizə getmək Marsa uçmaqdan çətindir, bu illərdə
deyirəm: İndi Zəngəzura getmək mənə bu yaşımda Marsa uçmaqdan da çətindir.
-“Burdan min atlı keçdi” kitabınızın ikinci hissəsi adamın tüstüsünü təpəsindən
çıxaran bir misra ilə başlanır: “Orda – Zəngəzurda mənim ürəyimin məzarı qalıb”. Bir
qədər sonra “Bir məktub göndərdim uşaqlığıma...” yazdınız. Düşünəndə ki, dünyaya göz
açdığın yurd yeri tapdaq altındadır, ora yolun yoxdur, şübhəsiz qəlbini acı xatirələr
bürüyür.

- Görürəm – mənim yaradıcılığımı yaxşı bilirsiniz, - buna görə Sizə təşəkkür edirəm. Gərək
bildiyin mövzuda danışasan və soruşasan. Siz bu baxımdan bəzi başqa jurnalistlər üçün yaxşı
nümunəsiniz.
“Orda, Zəngəzurda mənim ürəyimin məzarı qalıb” geniş intervüdür. Bu intervünü görkəmli
publisist Elmira Axundova apardı və 1994-cü ildə ilk dəfə “Literaturnaya qazeta”da çap
olundu. Bu qəzetin o vaxtlar çox nüfuzlu çağlarıydı. Və ilk dəfəydi – Azərbaycan həqiqətləri,
Ermənistanın Azərbaycana qarşı təcavüzü belə açıq təqdim olunurdu.
“Literaturnaya qazeta” uzun müddət erməniyönlü mətbuat orqanı kimi tanınırdı. Zori
Balayan da o qəzetin Ermənistan üzrə müxbiri idi və Azərbaycana qarşı aktiv fəaliyyət
göstərirdi.
Məndən qabaq o qəzetdə Silva Kapitukyanın intervüsü çap olunmuşdu.
Silvadan soruşurdular – indi Siz bu əməllərinizə, yəni bu müharibəni törətməkdə, Qarabağ
məsələlərində ideologiyanın rəhbərlərindən biri kimi, peşimanlıq hissi keçirirsizmi? O demişdi –
“bəli, mən peşimanlıq hissi keçirirəm”. Onun sözündən belə çıxırdı ki, əgər proseslərin belə
gedəcəyini o, əvvəlcədən hiss etsəydi, bu işə qoşulmazdı.
Elmira məndən soruşurdu – “Sizin Silva Kapitukyanın bu fikirlərinə münasibətiniz necədir?
Siz onun dediklərini səmimi sayırsızmı?” Mən isə cavab verdim – yox, mən onun dediklərini
səmimi saymıram. O səmimi danışmır. O ürəyindəkilərini demir. Sadəcə, Ermənistanın bu
acınacaqlı vəziyyətində günahları öz üstündən atmaq, günahsız görünmək üçün belə fikirlər
söyləyir.

O intervüdə digər məqamlar da vardı. Buna görə də həm keçmiş SSRİ məkanında, həm də
Ermənistanın özündə çox ciddi əks-səda doğurdu. Silva qarı bərk qəzəblənsə də, daha səsi
çıxmadı. Sonra bu intervü Azərbaycanda “Bakınski raboçi”də Azərbaycan dilində çap olundu.
-Hidayət müəllim, Bakıya – ADU-ya (BDU) oxumağa gəlişinizi nəzərə almasaq, İrəvan
Sizin ilk uzun səfəriniz idi.

- Mən Azərbaycan Dövlət Universitetinə qəbul olmağa, oxumağa gələndən qabaq da Bakıda,
İrəvanda olmuşdum. Mığrıdan qatara minib İrəvana işləməyə gəldiyim o gecə mənim ömrümün
ən uzun səfəridir. Sonralar məsafə baxımından çox uzaq səfərlərə - Vaşinqtona, Nyu-Yorka, Rio
de Janeiroya və digər yerlərə getsəm də...
-Sonrakı səfərlərdə də həmin hissləri keçirimsinizmi? Xüsusilə, İrəvandan Bakıya
gələndə?..

Qürubu bir qərib nağıla bənzər,
Gərək kəndimizdən çıxmayaydım heç...

etirafını edəndə ötən əsrin 70-ci illəriydi. Oğuz elində - İrəvanda ən çox güvəndiyimiz
azərbaycanlımız idiniz. Pedaqoji İnstitutda dərs deyirdiniz. Yazıçılar İttifaqının
Azərbaycan Bölməsinə rəhbərlik edirdiniz. Düz on altı il C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrının direktoru oldunuz. Xalq şairi, millət vəkili Sabir
Rüstəmxanlı Sizin haqqınızda yazır: “O vaxt İrəvanı Sənsiz – Hidayətsiz təsəvvür edə
bilmirdik... Burda – Səni tapmaqdan asan iş yoxdur. Şəhərə çıxmısansa, küçənin bu
başından səni görmək olar. Çünki, İrəvanda Səndən uca adam yoxdur... Onun ucalığı
həm də ruh və mənəviyyat ölçüsüydü. Bu baxımdan, o, Ermənistanın ən uca kişisiydi...”
Hətta Sizə şeir də həsr etmişdi:

QONAQ

(Hidayətə)

Mənzilin İrəvanın
ən uca bir yerində,
Ağrıdağla üz-üzə-

             gədiyin üzərində...


Boyunu görmək üçün
            dağlara baxır şəhər,
Evinə çatmaq üçün
            zirvəyə qalxır şəhər,

Yoluna qoşulmağa
dağ dolanır küçələr...
Asta-asta buğlanır
            tünd məxməri çayımız,
Şahmat taxtası üstə
düzülüb alayımız,
Bir yanında Xəzərin,
Bir yanında Zəfərin,
Bir yanında Səhərin.
Ürəyində Bakıyçın
            darıxan şerlərin.
Pəncərəni geniş aç,
            şəhərə yaxşı baxaq,
Hər şey elə doğmadı,
            bilmirəm kimdi qonaq?!

- İrəvandan Bakıya köçəndə başqa hisslər düşündürür, rahatsız edirdi. O da mənim o
illərdəki yazdığım şeirlərdə əks olunub. Xüsusilə də “Burdan min atlı keçdi” kitabında öz əksini
tapıb.
Mən İrəvanda işləyəndə Sabir dəfələrlə ora gəlib, görüşlərimiz olub, çox söhbətlər eləmişik.
Orda mənim fəaliyyətimi müşahidə eləyib..
Bəli, o şeiri İrəvanda bizim evdəki təəssüratından yazıb. Kitablarına salıb... Sonralar mən də
Sabirə şeir həsr etmişdim: “Gedək Zəngəzura”. Özü də bu şeiri İrəvandan uzaqlarda, Şimali
Qafqazda istirahət edəndə yazmışdım.
-Teatrda işiniz təkcə direktorluqla bitmirdi. Vəzifəniz səfirlik missiyasında idi. Bir
direktor olaraq səfir rolunda idiniz. Teatr sanki məbəd idi – istər Ermənistanda yaşayan
azərbaycanlılar, istərsə də digər respublikalardan olan azərbaycanlılar üçün.

- İrəvan teatrı o vaxt Azərbaycanın milli – mənəvi mərkəzinə çevrilmişdi. Qərbi
Azərbaycandan ziyalılar, fikir sahibləri, yaradıcı adamlar, yazıçılar həmişə ora gəlirdilər, ora
yığışırdılar. Görüşlər keçirirdik, müzakirələr aparırdıq.
Mən eyni zamanda Azərbaycan Ədəbiyyatı Şurasının sədri idim. Burda çap olunan
Azərbaycan yazıçılarının əsərləri bizdə hazırlanırdı, redaktə olunurdu, tematik planlara salınması
tövsiyyə olunurdu. Hətta Azərbaycan yazıçılarının erməni dilində çap olunan əsərlərini də
tematik plana salınması mənim təkliflərim əsasında baş tuturdu.
Bakıdan gələn qonaqlar yalnız sənət adamları deyil – alimlər, digər sahələrin adamları,
dövlət xadimləri teatrla maraqlanırdılar, görüşlər keçiridik. Və belə çox –tərəfli işlər aparırdıq.

- Vəzifə boyunuza “pioner yaşı”nızdan biçilib. Teatr direktoru, nəşriyyatda baş
redaktor, Dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri...
vəzifələriniz fərqli olsa da, bir tarixi amalınız var – Azərbaycançılıq! Qırğız
Respublikasına Fövqəladə və Səlahiyyətli səfirliyinizi gözləyirdinizmi?

- Yox, gözləmirdim. Mən Sizə deyim: indiyə kimi tutduğum vəzifələrin heç birini
gözləməmişəm. Məsələn, “Sovet Ermənistanı” qəzetinə dəvət ediləndə, sonra teatra direktor
təyin olunanda əvvəldən bilmirdim (bu haqda “Burdan min atlı keçdi”də yazmışam), yalnız
uzun illər İrəvanda işləyəndən sonra Bakıya köçəndə iş üçün o vaxt Mərkəzi Komitəyə müraciət
elədim. İrəvandan köçdüyümə görə iş üçün müraciət etməli idim. Məni “Gənclik” nəşriyyatına
göndərdilər: baş redaktorun müavini. Dedilər – iki aya baş redaktor olacaqsan. Ora
göndəriləcəyimi də gözləmirdim. İki ay ilə yaxın çəkdi, darıxmadım, tələsmədim. Ələviyyə
Babayeva baş redaktor idi, mən təyin olunandan sonra işlə maraqlanmırdı, öz əsərləri ilə məşğul
idi. Kabinetində oturub öz əlyazmalarının makinadan çıxmış nüsxələrini oxuyurdu, düzəlişlər
edirdi. Baş redaktorun işini mən aparırdım. Özü də məndən xahiş etmişdi. Demişdi: “Haçan
istəsəniz – getməyə hazıram”. Bir gün məndən xəbərsiz ərizə verdi işdən çıxmaq, pensiyaya
getmək barədə. Bu barədə mənə deyəndə təəccübləndim. Soruşdum:
- Niyə gedirsiniz?
Bilirdi ki, səmimi soruşuram. Heyrətindən göz yaşlarını saxlaya bilmədi:
- Mən Sizin kimi adam görməmişəm, yəqin bu yaşımda bundan sonra da görməyəcəyəm, -
dedi, - “Vı uje dva qoda bez pəti minut qlavnıy redaktor...”, hərdən rusca danışırdı.
... Sonra çox xoş sözlər söylədi, yenə ağladı, handan-hana özünə gəldi.
Mənim dövlət müşaviri təyin edilməyimi də və sonrakı vəzifələri də gözləmirdim. Həmişə iş
taleyimdə belə olub, hansı vəzifədə olmuşamsa işləmişəm, işləmişəm, yalnız işləmişəm. Sonra
“hara keçim, hansı vəzifəni tutum” barədə düşünməmişəm. Səlahiyyətli şəxslər dəvət edib
soruşublar: “Bu gündən, sabahdan filan yerdə işləməyinizə necə baxırsınız?”
Ancaq keçdiyim yollar hamar olmayıb, süni yaradılmış çox əngəllərin üstüylə addımlamalı
olmuşam. İl yarım bundan öncə “525-ci qəzet”də (sonra başqa qəzetlərdə də) böyük bir intervüm
çap olundu, adı beləydi: “Məni son iyirmi ildə göydə Allah, yerdə Ulu Öndər Heydər Əliyevlə
Prezident İlham Əliyev xilas etdilər, qorudular”. Oxuyubsunuzmu? Bir qismini orda demişəm.
Həqiqətən məni xilas etdilər, qorudular.
- Orda azərbaycanlıların sayı çoxdurmu? 30-cu illərdə Azərbaycandan sürgün olunanlar
əsasən Qazaxıstan və Qırğızıstan respublikalarında məskunlaşdırılmışdılar...

- Bəli, burda iyirmi minə yaxın azərbaycanlı yaşayır. Bunlar əsasən 30-cu illərdə sürgün
olunanların ailə üzvləri – uşaqları, nəvələri, nəticələridir... Onlar Qırğızstanın müxtəlif
sahələrində çalışırlar. Çoxlu tanınmış insanlar var – yüksək mükafatlar, fəxri adlar alan həkimlər,

müəllimlər, inşaatçılar, hüquqşünaslar və digər sahələrdə çalışan mütəxəssislər... Bunlar
Qırğızıstanın tam hüquqlu vətəndaşlarıdır. Qardaş Qırğız xalqı onların burda məskunlaşması,
fəaliyyəti üçün lazım olan bütün şərait yaradıb.
- Deyilənə görə, Qırğızıstanda “Kend” adlı bir kənd var, orda yalnız azərbaycanlılar
yaşayır...

- O Kant şəhəridir. Kant qənd deməkdir. Keçmişdə bu şəhərdə qənd zavodu olub.
Orda yalnız azərbaycanlılar yaşamırlar, qırğızlar və digər xalqların nümayəndələri də
yaşayırlar. Ancaq azərbaycanlılar yalnız bu qəsəbədə cəm halda yaşayırlar. Və son vaxtlar – bir
il öncə şəhər parlamentinin qərarı ilə Kant şəhərinin mərkəzi küçələrindən birinə - köhnə
Miçurin küçəsinə Ulu öndərimiz Heydər Əliyevin adı verildi.
- Azərbaycan diasporu, mədəniyyət mərkəzi və s. ilə əlaqələriniz...
- Bəli, burda formalaşmış Azərbaycan diasporu fəaliyyət göstərir. “Azəri” mədəniyyət
mərkəzi var. Bu mərkəz nüfuzlu təşkilat olan Qırğız Xalq Assambleyasına daxildir.
Assambleyanın fəaliyyətinə dövlət səviyyəsində diqqət yetirilir. Və onu deməliyəm ki, Qırğız
Respublikasında milli azlıqların, o cümlədən bizim soydaşlarımızın hüquqlarının qorunması,
milli – mənəvi dəyərlərinin yaşaması, onların dillərinin və mədəniyyətlərinin inkişafı və digər
məsələlərlə bağlı maraqlı tədbirlər həyata keçirilir. Yəni bu məsələ dövlət nəzarətindədir və
ümumiyyətlə, Qırğız Respublikasında düzgün milli siyasət həyata keçirilir.
- Sualları Sizə fevral ayında ünvanlayıram. 20 Yanvar faciəsinin ağrı-acılarını qeyd
etdik. Xocalı soyqırımının ildönümünə az qalır. Qırğız qardaşlarımız faciələrimizdən
xəbərdardılarmı? Ağrılı tədbirlərimiz orda qeyd olunurmu? Ümumtürk bayramlarımız
(Novruz, Qurban, Ramazan) necə?

- Ümumiyyətlə, 20 Yanvar müsibəti də, Xocalı soyqırımı da, 31 Mart azərbaycanlıların
soyqırımı günü də çox geniş qeyd olunur. Məsələn, bu il 20 Yanvar müsibəti, Xocalı soyqırımı
çox geniş şəkildə qeyd olundu, anım mərasimləri keçirildi. Xocalı soyqırımının ildönümü ilə
Qırğızıstanın Mərkəzi Milli kitabxanasının akt zalında anım mərasimi baş tutdu. Bu
mərasimlərdə Qırğız Respublikasının rəsmiləri – parlamentin deputatları, diplomatik korpusun
rəhbərləri, nümayəndələri, ziyalıları, bizim diasporamızın fəalları, jurnalistlər və digərləri iştirak
edirdilər. Bu barədə mətbuatda xəbərlər, məlumatlar verildi.
Azərbaycanın həm milli bayram günləri, həm də kədərli-müsibətli günləri burda çox geniş
şəkildə qeyd olunur. Dünya azərbaycanlılarının Həmrəylik günü, Ulu Öndərimizin ad günü,
Azərbaycanın Respublika günü, Milli qurtuluş günü və digər əlamətdar günlər də geniş qeyd
olunur.
Novruz bayramı burda qeyd olunur. Elə bu il Novruz bayramı ərəfəsində “Roza Otombayeva
təşəbbüsü” fondu ilə birlikdə “Musiqi xalqın qəlbidir” adı altında “Azərbaycan musiqisi günü”

keçirildi. Qurban və Ramazan bayramları da müsəlman ölkəsi olduğu üçün Qırğızstanın da
bayramları sayılır.
- Çingiz Aytmatovu təkcə qırğız xalqının nümayəndəsi kimi yox, bütövlükdə türk
dünyasının övladı sayırıq. Azərbaycanda isə böyük yazıçıya hər zaman qeyri-adi məhəbbət
olub. Yubileyi də yüksək səviyyədə qeyd olunub. Qırğız elində də Çingiz Aytmatov qədər
sevilən Azərbaycan şairi, ədibi varmı? (Tale ona da səfirlik vəzifəsi bəxş etmişdi).

- Bəli, Çingiz Aytmatovu Azərbaycanda çox sevirlər. Azərbaycanda çox təbliğ olur. Çingiz
Aytmatov dünyada qırğız və rus dilindən sonra ən çox Azərbaycan dilinə tərcümə olunub və çap
olunub. Azərbaycan xalqının Çingiz Aytmatova olan sevgisi burda da bilinir.
Çingiz Aytmatov kimi Qırğızıstanda sevilən Azərbaycanın ədibləri var. Burada da
Nizamidən başlamış XX əsrin ən görkəmli yazıçılarınacan, şairləri, nasirləri qırğız dillinə
tərcümə olunur, oxunur, sevilir. Qırğız xalqı Azərbaycan ədəbiyyatıyla yaxından tanışdır.
- Qırğız mətbuatında yaradıcı şəxs olaraq imzanız görünürmü?
- Yaradıcı şəxs olaraq çox az hallarda. Tərcümə eləyiblər, bir neçə ədəbi, bədii jurnalda
yazılar çap olub. Demək olar – məndən xəbərsiz. Çox az hallarda yaradıcı adam kimi burda
mətbuatda görünürəm.
-Daşıdığınız vəzifə yaxşı mənada Sizi hər zaman dəyişib. Müdrik bir məmur olaraq
adamlara diqqət və qayğınızı artırmısınız. Əyləşdiyiniz kürsü xalqa xidmət üçün bir
vasitəyə çevrilib. 25 illiyini qeyd edən “Söz” jurnalı da məhz Sizin diqqətiniz sayəsində
ərsəyə gəldi...

- Mən “Söz” jurnalına uğurlar arzulayıram. Onun yaranması da, fəaliyyəti də mənim
gözlərimin qabağındadır. Və maraqlı jurnaldı. Siz baş redaktor olaraq bu jurnalın yaranması,
formalaşması və Şəkər Aslandan sonra fəaliyyəti üçün fədakarlıq göstərmiş insansınız. Mən
buna görə Sizə minnətdaram. Mayın 9-da Qələbənin yubileyi qeyd ediləndə Sizin də yubiley
yaşınız tamam olur. Amma illərdir 8 may–Şuşanın işğal günüylə əlaqədar doğum gününüzü
keçirmirsiniz. Əminəm ki, yaxın illərdə doğum gününüzü Şuşada qeyd edəcəksiniz.
- Təşəkkür edirəm.. Arzularınız çin olsun, inşallah. Hidayət müəllim, gərgin iş
günlərindən bezib usananda mənəvi rahatlığı, dincliyi nədə tapırsınız?

- Ailə ilə bir yerdə olmaqda. Sakitlikdə, düşüncələrdə, mütaliədə, bəzən futbola baxmaqda,
bəzən hansısa şahmat partiyasını təhlil etməkdə...
- 1983-cü ilin payızında Ermənistan SSR Mədəniyyət Nazirliyinin xüsusi səyyar
qrupunun rəhbəri sifətiylə Cexoslovakiyada, Praqanın rahat otellərində kədərli misralar
(“Avtoportret -83) nədən yaranmışdı?

Zəngəzurda doğuldum,

İrəvanda yaşadım,
Bakıda öləcəyəm...

“Avtoportret-82”dəki gileyli misralar da qəlbimizi göynədir:
Bir kağız göndərdim uşaqlığıma,
Cavabına gümanım yox-
Misraların, duyğuların qucağında
Bir daimi ünvanım yox.
Bu gileylər nədən doğurdu?
ən sonrakı aclıq, səfalət illəri... sonra atanızın itkisi...
Bütün şəxsi ağrı-acılarınızı unudaraq yazırsınız:

Uşaqlıqda qaldı ən pak illərim...
Ən çətin illəri indi yaşaram.

Biz o illəri öyrənməliyik. O dəhşətləri, faciələri bugünkü nəsillərə gələcəyə
çatdırmalıyıq!
Soyqırımların, repressiyaların, təcavüzlərin təkrarlanmasına yol verməmək üçün;
İtirdiklərimizi qaytarmaq üçün;
Azadlığımızı yaşatmaq üçün;

- Bəli, mən bu gün də o fikirdəyəm. Biz o illəri unutmamalıyıq, o illəri öyrənməliyik. İlk
növbədə öz səhvlərimizi anlamalıyıq. O səhvləri gələcəkdə təkrar etməmək üçün o illəri təhlil
etməliyik.
-Hidayət müəllim, Sizinlə dəfələrlə söhbətləşmişik. Həmişə tam ümid vermişiniz:
“Haçansa o torpaqlarımıza qayıdacağıq!..

-Mən bu gün də deyirəm: biz o yerlərə qayıdacağıq.
- O yerlərdə görüşənədək, Hidayət müəllim!!!
–İnşallah!

Söhbətləşdi:

Sevda Əlibəyli 

 

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !