Yeni həyata yeni ümidlərlə...- - Tahir Süleymanov yazır...

Yeni həyata yeni ümidlərlə...- Tahir Süleymanov yazır...

Bir əsr öncə, inqilabdan sonra "yeni həyat" quruculuğu adıyla yaxşını da, pisi də məhv etdilər, SSRİ dağılandan sonra da eyni proses baş verdi. Yeni həyata yeni ümidlərlə qədəm qoyuldu...

Vaxtilə U-17-ləri əvəzləyən "Ümid" yarışıarı keçirilirdi. Ümid verənlər U-19-da "Keçid" mərhələsinə qədəm qoyurdular. U-21 olimpiya yığması adlanırdı və adına uyğun ən mötəbər turnirdə qızıl medal, çempionluq tələb edilirdi...

Əsas milli son mərhələdir, nəticə mərhələsi... Ümiddən, keçiddən, gənclikdən danışılmaz, nəticə göstərilər... Azərbaycan futbolunda isə artıq məğlubiyyət də "nəticə" sayılır. Əsas "vuruşmaq"dı, "döyüşmək"di...

Futbol meydanı rinq, tatami, güləş xalçası deyil, vuruşsunlar, döyüşsünlər. "İstefa" kimi bu sözləri də ölkə futbolunda qadağan etmək lazımdır...

Böyük futbolun özündə cəmləşdirdiyi mütləq fiziki, taktiki, texniki, nəzəri, psixoloji kompanentləri var və sonda meydanda mübarizə apararaq qələbələr təmin edilir...

Bəllidi, "döyüşmək", "vuruşmaq" mübarizə mənasında tez-tez səsləndirilir. Sonuncu yerlə döyüşdən, vuruşdan danışılmaz, braziliyalıların tərzi, sadə, anlaşılan dillə desək, bunun adı "qapazaltinyo"dur. Görəsən "vuruşulmasaydı" haralarda qərarlaşılardı...?!

Dünya futbolu tək Qafqaz ölkələrindən ibarət deyil. Pozitiv müqayisə üçün Avropanın İslandiyası, elə dünən Yunanıstanda az qala qələbə qazanan heç 8 komandalı çempionatı olmayan Lixteynşteyni də var...

Azərbaycanlı futbol oynaya bilir... Bəhlul Mustafazadədən çox danışılır. Həqiqətən də dağıdılmış futbolda, millidə debüt oyununda futbolçu belə oyun göstərə bilirsə, təsəvvür edin, futbol sistemi düzgün qurulsaydı mövqelər üzrə neçə-neçə bəhlullar üzə çıxardı...

"Təbliğat maşını" yenidən işə salınıb. Sıfır(!) xalın "elmi nəzəriyyəsi", "üstün keyfiyyətləri" millətə sırınır. Reallıqda isə "rekord" qrup xalları təbliğatının bumeranq dalğası, qayıdışıdır...

Ümidsizlik toxumu səpilir, hər zaman olduğu kimi məğlubiyyət virusu beyinlərə yeridilir. Ümidsiz olmaq tək futbolda deyil, həyatın özündə də "sınmaq", məhv olmaq deməkdir...

Ümid - dində, fəlsəfədə, psixologiyada birmənalı mütləq qəbul edilən pozitiv emosional durumdan, yanaşmalardan biridir. Ümid, inamla yanaşı uğur mərtəbələrinin ilk sıralarında yer alır...

Ümidi bilərəkdən, məqsədli şəkildə ümidsizliyə sürükləmək dağıdıcı qüvvələrin təməl prinsiplərindəndir. Ümid isə boş yerə yaranmır, xalqı, futbol ictimaiyyətini real görünən irəliləyişlə ümidləndirmək gərəkdır...

Pozitiv, inkişafa aparan enerji dağıdıcılara yaddır, olmur, mümkünsüzdür. Neqativ enerjinin yığıldığı futbol cəmiyyəti isə gec-tez partlayışa məhkumdur... Təəssüf ki, illər itirilir...

Həyat mübarizədir, heç vaxt ümidsizliyə qapılmamalıdır. İndiki futbol ictimaiyyətində olan psixoloji ümidsizlik durumu bilərəkdən yaradılır. Durum nə vəziyyətə çatdırılıb ki, bayrağı, himni özündə birləşdirən milliyə münasibət belə biganəlik həddindədir...

Yurçeviç Azərbaycan millisinin sonuncu yeri "tutacağı" ilə bağlı bir milyon dəyərində "dahi kəlam" səsləndirib. Mənəviyyatsızlığın son mərhələsidir. Günah onda deyil, bu şəraiti yaradanlarda, futbol sistemini bu günə salanlardadır...

Xorvatiya ilə oyunda "döyüşüb", "vuruşub" bir xal da qazanmaq olar, lap sensasiya edib üç xal da götürülə bilər. Belə təsadüflər 25 ildi ara-sıra yaşanır. "Qapazaltı" olub döyüşmək, vuruşmaqdan dəm vurmaq yox, futbol oynamağı öyrənmək, öyrətmək, futbolun özünü düzəltmək lazımdır...

Ölkə futbolunu, futbol idarəçiliyini bilən düşünən beyinlər, vətən, torpaq, bayraq, himnin dəyərini dərk edənlər xilas edə bilər. Bu məsuliyyəti daşıya biləcək insanlar gəlməyənə kimi ümidsizlik fonunda "bataqlıq" davam edəcək...

Yurçeviçlər havadarları ilə birgə bir milyonluq çaydan, kofedən içib, kefləri istəyəndə badə qaldırıb spirtli içkilərin də dadına baxa bilərlər. Futbol ictimaiyyətində olanlar, dəyərli xalqımızın nümayəndələri isə heç olmasa "yavan" çay içib bir-birilərini ıttiham etməkdən, günahlandırmaqdan uzaq olmalıdırlar...

Xaos durumun yaradılması, kökdən yayınmalar ancaq futbolu dağıdanlara sərfəlidir. Ümid boş-boşuna yaranmır, beyin dərinliklərində, qəlbdə, ruhlarda olur. Bilərəkdən səpilən ümidsizlik virusları sabaha inamı, ümid toxumlarını məhv edir. Buna imkan verilməməlidir...

Polşada bu günə kimi qorunub saxlanılan məşhur "Osvensim" konslagerini qarış-qarış gəzmişəm, baraklardan tutmuş güllələnmə "divarı"na, qaz kameralarına kimi baxmışam...

Bilmirəm, psixoloji təsirdənmi və ya həqiqətənmi belədir, kiçik lagerin həyətində havadan belə 100 minlərlə yandırılmış insanların meyit iyi çəkilməyib...

"Sınma"yıb, dözülməz, insanlıq adına sığmayan şəraitdə sabaha ümidlə baxıb həyat uğrunda mübarizə aparanların inamı nümunədir...

Həyatın özü mübarizə olduğu kimi futbol da həyatın bir parçasıdır. Pozitiv ümidlərin, inamın, mübarizənin itirilməməsi diləyilə...
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !