Mingəçevir Dövlət Dram Teatrı- 51-ci mövsümünə başladı - + FOTO=8

Mingəçevir Dövlət Dram Teatrı- 51-ci mövsümünə başladı + FOTO=8

2018-ci ildə yaranmasının 70 illiyini möhtəşəm səviyyədə qeyd edən
Mingəçevir şəhərinin yeganə peşəkar kollektivi onun Dövlət Dram Teatrıdır. Bu
kollektiv sentyabr ayının 2-dən artıq 51-ci teatr mövsümünə başlayıb. Mingəçevir
Dövlət Dram Teatrı yarandığı 1968-ci ldən respublikanın ən aparıcı teatrlarından
biri olub. Çünki bu teatrda ilk vaxtlardan çox peşəkar rejissorlar və aktyorlar
işləyiblər. Bu teatr 1969-cu ildə Cəfər Cabbarlının “Almaz” pyesi ilə ilk dəfə
pərdələrini tamaşaçıların üzünə açıb. Bu tamaşanın da quruluşçu rejissoru, teatrın
ilk baş rejissoru, yüksək peşəkar insan, dəyərli ziyalı İldırım Cabbar və rejissoru
Xalq artisti Zülfüqar Abbasov olub. Bu teatrın az vaxtda böyük uğurlarını görən
respublika rəhbərliyi 1974-cü ildə teatra Azərbaycan səhnəsinin korifey
sənətkarlarından biri, SSRİ Xalq artisti Mərziyyə Davudovanın adını verib.


Teatr yarandığı ilk vaxtlardan repertuarını Azərbaycanın, dünya
klassiklərinin və müasir dramaturqlarının ən yaxşı əsərləri ilə bəzəyib. Bunlardan-
Mirzə İbrahimovun “Kədçi qızı”, İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”,
“Unuda bilmirəm”, “Sevgililərin cəhənnəmdə vüsalı”, Süleyman Sani Axundovun
“Eşq və intiqam”, Nikolay Qoqolun “Müfəttiş”, Mirzə Fətəli Axundzadənin “Hacı
Qara”, Cəfər Cabbarlının “Aydın”, “Solğun çiçəklər”, İsa Hüseynovun “Haray”,
“Təcili teleqram”, “Quru budaq”, Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi”,
“Kimin sualı var?” ( eyni adlı poema əsasında), Cəlil Məmmədquluzadənin
“Ölülər”, Mixail Zarudinin “Yol kənarı”, Nəbi Xəzrinin “Qütb ulduzu”, Zülfüqar
Abbasovun “Vətən dərdi”, “Qisas günü”, Aleksey Arbuzovun “Sərt oyunlar”,
Sabir Azərinin “Duman çəkilir”, Ağalar İdrisoğlunun “Məhkəmədən əvvəl
məhkəmə”, Nodar Dumbadzenin “Mən nənəm, İliko, İllarion”, İsi Məlikzadənin
“Gəl qohum olaq”, Rəşad Nuri Güntəkinin “Müvəqqəti ər” (“Hülləçi”) və sairə
tamaşalar yaxşı uğur qazanmaqla, həm də tamaşaçıların böyük marağına səbəb
olub.


Bir vaxtlar bu teatrın direktoru işləyən Hüseyn Quliyev, Mirbaba Xəlilov, İsa
Alimov, baş rejissorlar İldırım Cabbar, Füzuli Sərkərov, bədii rəhbər-direktor
Zülfüqar Abbasov teatrın inkişafı üçün əllərindən gələni ediblər. Sonralar teatrda
baş rejissor işləyən Vaqif Ağayev, Rövşən Almuradlı, Günay Səttar, Xəzər Gəncəli
və quruluşçu rejissor işləyən başqa rejissorlar da bir-birindən maraqlı tamaşalar
hazırlamaqla Mingəçevir Dövlət Dram Teatrını özünün dəsti-xətti olan
respublikanın ən aparıcı teatrlarıdan biri ediblər.


Hər bir teatrda yaxşı aktyor teatrın güzgüsü olduğu kimi, bir vaxtlar bu teatrda
və elə bu gün də çox istedadlı aktyorlar, aktrisalar çalışıb və çalışırlar. Bunlardan-
Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Vaqif Məmmədov, Nisə Rzayeva,
Akif Mirabov, Şıxı Yaqubov, artistlər İsa Alimov, Kifayət Əliyeva, Mirbaba
Xəlilov,Gülsolmaz Qafarova, Heybət Hörmətzadə, Elmira İsmayılova, Lətifə
Hüseynova, Telman Şərifov, Əlisa Kərimov, Şıxəli İlyasov, Gəray Gərayev,
Məzahir Ağayev, Təvəkkül Əhmədov, Zülfü Məmmədov, Neftun Tağıyev, Zakir
Qurbanov, Ərşad Qoçəliyev, Ayaz İbrahimov, Afət Əliyeva, Qabil İbrahimli,
Məlahət Ağayeva, Elmira İbrahimova, Aydın Quliyev, Nəsibxan Əliyev, Ruhəngiz

Abdullayeva, Firuz Hacıyev, Asim Məmmədov, Könül Hacıyeva ilə yanaşı, çoxlu
cavan və istedadlı aktyorlar, aktrisalar da maraqlı rollar oynamaqla tamaşaçı
marağına səbəb olurlar. Cavan və perspektivli aktyor və aktrisalardan- Fəridə
Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Paşa Salmanov, İlqar
Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Vüsalə Quliyeva, Eyvaz Əliyev,
Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəliyev özlərinin maraqlı oyunları ilə
rejissorların ümidini daha çox doğruldurlar. Və özlərinin çalışqanlığı, oynadığı
rollara daha ciddi yanaşmaları ilə gələcəkdə daha maraqlı aktyorlar olacağını sübut
etməyə çalışırlar.


Bu mövsümdən yenidən teatra qayıdan Əməkdar artist Akif Mirabovun və
çox böyük təcrübəli Təvəkkül Əhmədovun, Nəsibxan Əliyevin yenidən teatra
qayıtması kollektivdə böyük coşqu ilə qarşılanıb. Çünki belə peşəkar aktyorların
teatrın inkişafında əvəzsiz xidmətləri olub. Onlar bu teatrın səhnəsində çox maraqlı
rollar oynayıblar.


Sentyabr ayının 16-da teatrın yaradıcı kollektivi 51-ci mövsümun başlanması
ilə əlaqədar səhər tezdən ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri
qoyublar. Sonra Mingəçevir Şəhidlər Xiyabanına gedib, orada dəfn olunan və bir
vaxtlar teatrda işləmiş, Milli Qəhrəman Rəşad Akif oğlu Mirabovun və aprel
şəhidləri Adil Adilzadənin, Teymur Rüstəmin qəbrini ziyarət ediblər. Sonra bir
vaxtlar onlarla çiyin-çiyinə işləmiş və artıq dünyalarını dəyişən aktyor və
aktrisalar- Əməkdar artist Nisə Rzayevanın, aktrisa Elmira İsmayılovanın, aktyor-
rejissor İldırım Cabbarın, aktyorlar Gəray Gərayovun, Neftun Tağıyevin, Əlisa
Kərimovun, Pərvanə Qurbanovanın, aktyor və direktor işləmiş İsa Alimovun
qəbrini ziyarət edib və orada həmin adamlarla bağlı öz xatirələrini danışıblar. Bu
da teatrda işləməyə gələn cavan aktyorlarda, aktrisalarda böyük coşqu və sevinc
yaradıb.


Sentyabr ayının 16-da Mingəçevir Dövlət Dram Teatrının kollektivi
saat 17-00-da 51-ci mövsümün ilk tamaşasına başlamamışdan əvvəl, teatrın
direktor müavini Vüsal Məmmədov, Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər
Akif Mirabov, Şıxı Yaqubov, tanınmış aktyorTəvəkkül Əhmədov və eləcə də bu
teatrda tamaşa hazırlayan, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səhnə
önünə çıxıb, tamaşaçılara Mingəçevir Dövlət Dram Teatrının keçmişi və bu günü
ilə bağlı maraqlı məlumatlar veriblər. Öz xatirələrini danışıblar. Teatrın insanın
təxəyyülünün, təfəkkürünün inkişafında necə böyük rol oynamasından, şəxsiyyət
kimi formalaşmasında necə böyük rol oynamasından ətraflı danışıblar. O da
vurğulanıb ki, peşəkar teatrın Mingəçevirdə olması elə bu şəhərin camaatı üçün
böyük xoşbəxtlikdir. Mingəçevirlilər tez-tez teatra gəlməli və özlərinin belə
maraqlı kollektiv ilə fəxr etməlidirlər. Sonra teatrın kollektivi dünya şöhrətli
məşhur ispan dramaturqu Federiko Qarsia Lorkanın “Qanlı toy” əsərini yüksək
peşəkarlıqla tamaşaçılara göstəriblər. Bu tamaşanı ispan dilindən Azərbaycan
dilinə Əfqan Xəlili tərcümə eləyib. Tamaşanın quruluşçu rejissoru, Azərbaycanın
və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Quruluşçu
rəssamı Kəmalə Əsgərova, aranjimaçı, musiqi tərtibatı Ramiq Nəsirov, tamaşanın
plastik həlli Ceyhun Dadaşovundur. Rejissor assistenti Məlahət Ağayevadır.

Rollarda teatrın aktyorlarından- Xalq artisti Ella Yaqubova, Elmira İbrahimova,
Aydın Quliyev, Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Fəridə Məmmədova, Eyvaz
Əliyev, Nargilə Abdullayeva, Hüseyn Mustafayev, Ceyhun Əhmədov, Vüsalə
Quliyeva çox maraqlı rollar yaradıblar.


Beləliklə, bu tamaşa 51-ci mövsümdə teatrın tamaşaçılarla ilk görüşü olub.
Tezliklə, teatrın kollektivi repertuarında olan başqa tamaşaları da tamaşaçılara
təqdim edəcək.


Artıq sentyabr ayının 2-dən teatrda tanınmış yazıçı Qənbər Şəmşiroğlunun
“Caninin etirafı” əsərinini məşqlərinə başlanılıb. Bu əsəri səhnə üçün Nəriman
Ocaqlı və Ağalar İdrisoğlu işləyiblər.


Pyesdə hadisələr 1988-1993-cü illərdə Çıraqlı rayonunda yeni, Avropa
standartlarına uyğun dörd mərtəbəli xəstəxananın tikilişinin sona yetdiyi hadisə ilə
başlayır. Çünki bu rayonda ilk dəfədir ki, belə böyük sosial obyek tikilir. Həm də
işsizliyin tuğyan elədiyi bu rayonda 280 nəfər üçün xəstəxanada iş yerinin açılması
da böyük hadisədir. Rayon rəhbərliyi və bu rayonun kuratoru olan yüksək rütbəli
adamların da məqsədi həmin 280 nəfərin hər birindən pul alıb, işə götürməkdir.
Bunu da xəstəxananın baş həkimi Nadirin vasitəsilə reallaşdırmaq istəyirlər.
Amma bu xəstəxana dövlətin büdcəsi hesabına tikildiyinə görə Səhiyyə
Nazirliyindən də Nadir həkimə qəti tapşırılıb ki, bütün işçilər təmənnasız işə qəbul
olunmalı və burada əsasən də yalnız öz işinin mütəxəssis olan həkimlər və tibb
bacıları işləməlidir. Çünki bu xəstəxana təkcə Çıraqlı camaatına yox, qonşuluqda
olan bütün rayonlara da tibbi xidmət göstərməklə , bir növ Regional Diaqnostika
Mərkəzi olacaq. Nadir həkim də Səhiyyə Nazirlyinin qorxusundan adamları işə
götürəndə pul ala bilmədiyinə görə ona yuxarı dairələrdən və rayon rəhbərliyi
tərəfindən hücumlar çox olur. Bu hücumların qarısını həmin binanın memarı və
binanı tikən inşaat dəstəsinin rəhbəri Aqil Əlizadə, Bakıdakı yaxın qohumlarının
vasitəsilə dəf etməyə çalışır. Bunu görən Qəmişli, Tarixzadə, İba və başqa çirkin
əməlli adamlar cinayətə əl atıb, Nadiri öldürtdürürlər və bu cinayəti də Aqilin
boynuna qoyub, onu 14 il azadlıqdan məhrum etdirirlər.


Bu vaxt xalqın istəyi və böyük təkidi ilə ulu öndər, dahi rəhbər Heydər Əliyev
hakimyyətə gəlir və belə çirkin əməllərlə rayonlara rəhbərlik edənləri
vəzifələrindən uzaqlaşdırır. Çıraqlı rayonuna rəhbərlik edənlər və bu rayonun güc
strukturları haqqında da cinayət işi qaldırılır. Bu vaxt Nadiri qətlə yetirənlərdən
biri və arvadını, onun oynaşını öldürərək ömürlük həbs olunan Əngəl Əvəzin
vicdanı dilə gəlir. O, başa düşür ki, heç bir cinayəti olmayan Aqilin həbs
olunmasının əsl günahkarlarından biri o, özüdür. Məhz buna görə də məktub yazıb
Respublikanın Baş prokuroruna və Respublika Cinayət Axtarışları İdarəsinə
göndərir. Bu işdə əsl günahkarların kim olduğunu etiraf eləyir. Bundan sonra
həmin dəhşətli hadisə bir də yoxlanılır. Məlum olur ki, Aqilin heç bir günahı
yoxdur. Nadiri Əngəl Əvəz. İbo və onun yaxın qohumu Qasım Məmmədov qətlə
yetiriblər. Beləliklə, Aqil iki il səkkiz aydan sonra azad olunur və əsl cinayətkarlar
cəzalanırlar. Aqil həbs olunan vaxtı onu sevən Gülcan kənar qüvvələrin felinə
uyaraq, Aqilin həbsxanadan çıxmasını gözləmədən anasının uzaq qohumu Şərbət
adlı, dilli-dilavər, yaxşı gitara çalıb, mahnılar oxuyan, amma əyyaş bir oğlanla nişalanıb. Gülcan elə ilk günlərdən səhv etdiyini başa düşür. Aqil həbsdən azad
olunandan sonra isə daha çox peşiman olur. Gülcan, Şərbətin qısqanclığı,
təhqirlərilə qarşlaşanda özünə qəsd edib, özünü öldürür...


Tamaşa faciəli notlarla bitsə də, yüksək dramatik epizodlar, maraqlı,
xarakterik obrazlar tamaşanı daha baxımı edir. Pyes yüksək tərbiyəvi əhəmiyyətə
malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halları, 1988-1993-cü illərin
xaosunu, vəzifə üstündə gedən davaları göstərməklə inanırıq ki, böyük tamaşaçı
marağına səbəb olacaq. Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar
incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı
Eldar Babayev, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistenti
Məlahət Ağayevadır. Tamaşada- Xalq artistləri Ella Yaqubova, Valeh Kərimov,
Əməkdar artistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Yaqubov,
Aydın Quliyev, Qabil İbrahimli, Nəsibxan Əliyev, Elmira İbrahimova, Ruhəngiz
Abdullayeva, Afət Əliyeva, Asim Məmmədov, Firuz Hacıyev, Məlahət Ağayeva,
Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova,
Vüsalə Quliyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut
Məsimli, Eyvaz Əlyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəlyev və
başqaları oynadıqları obrazları tezliklə tamaşaçılara təqdim edəcəklər.Tamaşanın
rejissor və aktyorlar tərəfindən çox ciddi və maraqlı məşqələri gedir. Aktyorların,
aktrisaların böyük həvəslə məşq etdikləri, “Caninin etirafı” tamaşasının
ictimaiyyətə təhvili oktyabr ayının ikinci yarısına nəzərdə tutulub. Biz, inanırıq ki,
bu tamaşa teatrın ən məşhur tamaşaları sırasında özünə layiqli yer tutmaqla
Azərbaycan səhnəsinin ən baxımlı tamaşalarından biri olacaq. Çünki rejissor
tərəfində verilən maraqlı mizanlar, səhnənin yaxşı tərtibatı, bəstəkar tərəfindən
yazılan musiqilər, plastik həll və aktyorların oynadığı rolları obrazlar səviyyəsinə
qaldırması bizə yuxarıdakı fikiri deməyə əsas verir.

 


Vüsal MƏMMƏDOV
Jurnalist-publisit 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !