Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi… - - MAKSİM MUSAYEV +FOTO

“Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi…”- MAKSİM MUSAYEV +FOTO

“Ermənistan qaçqınlarının Qarabağda yerləşdirilməsi prosesinin qarşısını Vəzirov aldı…”

“Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi…”

1az.az xəbər verir ki, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini kimi çalışmış, sabiq deputat, tanınmış ictimai xadim Maksim Musayev Moderator.az-ın əməkdaşıyla söhbətində Qərbi Azərbaycandan (Ermənistan) qaçqın və işğal altındakı torpaqlarımızdan məcburi köçkün düşmüş soydaşlarımızın taleyi və bunun Qarabağın işğaldan azad edilməsi ilə bağlılığı haqda maraqlı fikirlərə toxunub. Həmsöhbətimiz hesab edir ki, 1988-ci ildən bəri Azərbaycan rəhbərlərinin yol verdiyi ən böyük səhvlərdən biri ilk günlərdən qaçqınların əsasən Ermənistanla sərhəd və Qarabağda təmas xəttinə yaxın bölgələrdə yerləşdirməmək olub. O, bu fikrini hansı amillərə əsaslanaraq söylədiyini də açıqlayıb:

“Hələ 1989-cu ildə daşnak və işğalçı ermənilərin fitnəsi ilə Qərbi Azərbaycandan soydaşlarımız köçürülən vaxtlarda dövlət Qaçqınlar Komitəsinin əsasını rəhmətlik Feyruz Mustafayev və mən qoymağa başlamışdıq. Nazirlər Kabineti nəzdində yaradılan Komitənin sədri Feyruz Mustafayev, müavinlərindən biri isə mən oldum. Həmin qurumun formalaşması üçün çox əziyyətlər çəkdik. O vaxt biz belə bir ideyanı həyata keçirməyə çalışdıq ki, qaçqınlar öz doğma yurdları ilə həmsərhəd, həm də o yurdların relyefinə uyğun bölgələrimizdə yerləşdirilməlidir. Eləcə də Dağlıq Qarabağdan, xüsusən Xankəndi və ətraf kəndlərdən tədricən gəlməyə başlayan ilk məcburi köçkünləri Qarabağ, Ağdam, Bərdə, Ağcabədi, Tərtər ərazilərində yerləşdirməyə çalışırdıq. Düzdür, ilk vaxtlar həm Qərbi Azərbaycan, həm də Qarabağdan didərgin düşən soydaşlarımızın çoxu tezliklə, geriyə dönmək və yenidən öz yurd-yuvalarında yerləşmək əhvali-ruhiyyəsi ilə yaşayırdı. Lakin sonradan, vaxt keçdikcə insanları Bakıda, Sumqayıtda öyrəşdikləri şəhər mühitindən ayırmaq çətin olurdu. Buna baxmayaraq biz Ermənistandan pənah gətirmiş soydaşlarımızın bir hissəsinin Qazax, Tovuz, Gədəbəy və Gəncə ətrafı ərazilərdə yerləşdirilməsinə nail olduq. Amma müstəqillik əldə etdikdən sonra gərək dövlətimiz qaçqın və məcburi köçkünlərlə bağlı xüsusi proqrama onların Ermənistanla həmsərhəd və ya işğal olunmuş torpaqlarımızla təmas xəttinə yaxın bölgələrdə yerləşdirilməsini nəzərdə tutan ayrıca bənd salmalı idi. Və 2000-ci illərin ortalarında ölkəyə neft pullarının güclü axını zamanı Bakıda, Sumqayıtda, eləcə də cəbhə xəttindən uzaq digər şəhər və rayonlarımzdakı köçkünlərin deyilən bölgələrdə yerləşdirilməsi üçün qəti tədbirlər görülməli idi. Bu, həmin insanlarda işğal altındakı, eləcə də Ermənistandakı tarixi torpaqlarımıza qayıdış həvəsini artıracaq bir amil olardı. Təsəvvür edin; bir var, Bakıda Ermənistandan 400-500 km, Qarabağdan 300-350 km uzaqda yaşayasan, bir də var, həmin torpaqlara 5-10, 20 km məsafədə yaşayasan… Əlbəttə, ikinci halda torpağa qayıdış arzusu daha yüksək olacaq. Çünki həm xeyli yaxından, ən azı, tanış dağlar, zirvələri görünəcək, həm də relyef, iqlim şəraiti doğma yurdlara uyğun olacaqdı…”

“Bəs Bakıda, Sumqayıtda iş yerləri ilə xeyli asanlıqla təmin olunan qaçqın və ya məcburi köçkünləri Bərdə, Quzanlı, Ağcabədi, Tərtər, Beyləqan, yaxud Qazax, Tovuz, Ağstafa zonasında işlə təmin etmək problemi necə həll olunacaqdı? Bu, soydaşlarımız arasında hökumətimizdən narazılığa səbəb olmayacaqdı ki?”- sualını M.Musayev belə cavablandırıb:

“Əgər düzgün proqram tərtib olunsaydı, öncə dediyim kimi, neft-qaz pullarının gəlhagəl vaxtlarında bu problemi də asanlıqla həll etmək olardı. Sərhəd və təmas bölgələrində salınan hər bir qəsəbədə-filanda orada yaşayanların sayına uyğun müxtəlif profilli, ən azı, sexlər, kiçik zavod və fabriklər, ictimai iaşə obyektləri, xidmət sahələri, quşçuluq, heyvandarlıq müəssisələri, meyvə-tərəvəzin konservləşdirilməsi müəssisələri və s. açmaq mümkün idi. Məsələn, qaçqın qadınlar üçün tikiş və ya xalçaçılıq sex və fabrikləri, kişilər üçün pambıq zavodu tikmək olardı… Mən bu mövzularda hələ 1990-cı illərin sonlarında hökumət üzvlərinə, o cümlədən Qaçqınlar Komitəsinə təkliflər vermişdim…”

“Bu ideyanı irəli sürməkdə əsas məqsədimiz qaçqın və köçkünlərin yaşayış və iş şəraitini daha da ağırlaşdırmaq yox, onların Qarabağa, eləcə də Qərbi Azərbaycana qayıdış prosesinin tezləşməsinə təsir göstərmək idi. Eyni zamanda bu halda torpaqlarını itirmiş insanlar geri dönənədək şəhər sivilizasiyasından kənar, daha kompakt şəkildə yaşamaqla öz tarixi adət, ənənənə və xarakterik xüsusiyyətlərini, genotiplərini qoruyub saxlaya bilərdi. Əlbəttə, gəldiyi doğma dədə-baba torpaqlarını, məzarlarını tamamilə unudub Bakıda, Sumqayıtda və s. rahat şəraitlərdə yaşayan, özlərinə hər cür gün-güzəran yaradan bəzi qaçqın və ya köçkün hesab edilən şəxslər heç vaxt şəhər mühitindən uzaqlaşmaq istəməz və təbii ki, təklif etdiyim ideya və təkliflər belələrini qıcıqlandırar. O halda qaçqın və məcburi köçkünlərə sual vermək olar: sizə öncə rahat ev, eyş-işrət lazımdı, yoxsa doğma tarixi torpaqlarınıza dönmək?.. İkincisi də bəziləri elə başa düşər ki, biz qaçqınların sərhəd və təmas bölgələrinə toplanılmasını dedikdə yalnız Qarabağ köçkünlərini nəzərdə tuturuq. Xeyr. Öncə dediyim kimi, hələ ilk Qaçqınlar Komitəsini formalaşdırdığımız vaxtlarda da biz Ermənistandan gələn qaçqınların Qarabağda və sərhəd bölgələrində yerləşdirilməsinə çalışırdıq. O vaxtkı 1-ci katib Əbdürrəhman Vəzirov Qərbi Azərbaycan qaçqınlarının Qarabağda, Ermənilərin köçüb getdiyi şəhər və rayonlarda yerləşdirilməsi prosesinin qarşısını amansızlıqla aldı…” – deyə keçmiş Qaçqınlar Komitəsinin sədr müavini vurğulayıb.

 

Sultan Laçın 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !