Dedim, yataq otağımız görünür – Gənc oğlan sosial şəbəkədə tanış olduğu qızla... -

“Dedim, yataq otağımız görünür” – Gənc oğlan sosial şəbəkədə tanış olduğu qızla...

Bakıda qeyri-rəsmi nikahda olduğu qadına işgəncə verməkdə ittiham olunan 1999-cu il təvəllüdlü Samir Babayevin (cinayət işində ad və soyadlar şərti göstərilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AZpress.AZ xəbər verir ki, Samir Babayev 27 iyun 2018-ci il tarixdə saat 18.30-da əvvəl Səbail rayonu Badamdar qəsəbəsindəki evlərdən birində qeyri-rəsmi nikahda olduğu Könül Vəliyevanı döyüb, ona işgəncə verib.

Hadisə zamanı o, Könül Vəliyevaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra araşdırma başlanıb.

İstintaq orqanı tərəfindən Samir Babayeva barəsində Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa bədən xəsarəti yetirmə) maddəsi ilə ittiham elan edilib.

“Heç vaxt mənim dediklərimi etməyib”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir Babayev elan olunmuş ittiham üzrə özünü günahkar bilməyib. O bildirib ki, Könüllə 2017-ci ilin noyabrında “İnstaqram”da tanış olub, bir müddət telefon əlaqəsi saxlayıb, sonra görüşüblər: “2018-ci ilin martın 19-da el adəti ilə “Təbrik” şadlıq sarayında toyumuz oldu. Evləndiyimiz gün hazırda yaşadığım Suraxanı rayonunda olan evimizə getdik. Təxminən bir həftə orada yaşadıqdan sonra Könülün istəyi ilə Badamdar qəsəbəsində yerləşən evlərinə getdik.

Orada yaşadığımız vaxtdan aramızda münaqişə yaranırdı. Münaqişələrə səbəb isə Könülün heç vaxt dediklərimə əməl etməməsi oldu”.

“Qayçı ilə mənə xəsarət yetirdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ilin mayında Könüllə aralarında yenidən mübahisə yaranıb: “Həmin vaxt Könül qayçı ilə köynəklərimi kəsməyə başladı. Onun əlindən qayçını almaq istədim. Bu zaman qayçı ilə mənə xəsarət yetirdi.

Yaşadığımız evin yataq otağı bayırdan görünürdü deyə ondan pəncərənin pərdəsini dəyişməyi istəmişdim. Bu zaman Könül mənimlə mübahisə etməyə başladı. Dedi ki, bura mənim evimdi, necə istəyirəm, elə də edərəm”.

Samir Babayevin sözlərinə görə, iyunun 27-də saat 18.30-da aralarında yenidən mübahisə yaranıb: “Bu zaman Könül ayrılmaq istədiyini bildirdi. Dedi ki, işə gedəcəyim, axşam evə qayıdanda səni evdə görməyim. Məndən Suraxanıdakı evimə qayıtmağımı tələb etdi. Aramızda mübahisə qızışdı. Bu vaxt Könül bıçağı götürərək üstümə gəldi. Onun əlindən tutdum, bıçağı əlindən almaq istədim, əlimi bıçaq kəsdi.

Könülü özümdən uzaqlaşdırmaq üçün itələdim. O, yıxılan zaman ayağı qapıya dəydi. Məni əsəbiləşdirən sözlər dedi.

Mən Könüllə birlikdə yaşadığı müddətdə həmişə əsəbi olurdum. Mənə elə sözlər deyir, elə hərəkətlər edirdi ki, əsəbiləşməyə bilmirdim”.

Samir Babayev qeyd edib ki, arvadını müntəzəm döyməyib, aralarında münaqişə olanda ona yüngül şillə vurub, sərt güc göstərməyib.

“Yaşda məndən çox kiçik olub”

Zərərçəkmiş şəxs qismində ifadə verən Könül Vəliyeva Samir Babayevlə sosial şəbəkədə tanış olub evləndiyini deyib.

Onun sözlərinə görə, Samir ona dəfələrlə evlənmək təklifi edib, amma ilk günlərdə təklifə rədd cavabı verib: “Buna səbəb Samirin yaşca məndən çox kiçik olmasıydı. O isə məni dəli kimi sevdiyini, sevginin yaşda fərqi olmadığını deyirdi. Mən də razılaşdım, ailə qurduq”.

“Yumruq, təpik zərbələri vurdu”

Könül Vəliyeva qeyd edib ki, birlikdə yaşadıqları müddətdə Samir heç bir yerdə işlməyib: “Həmişə məndən pul alıb, maddi ehtiyaclarını qarşılayırdı. Bu səbəbdən maddi çətinliklərimiz yaranır, aramızda mübahisələr olurdu. Həmin vaxtlarda Samir bir neçə dəfə məni döydü, amma polisə şikayət etmədim.

İyunun 27-də isə Samir heç bir əsaslı səbəb olmadan mənimlə mübahisə etdi. Mənə təhqiramiz sözlər dedi, ona cavab verdiyimə görə bədənimin müxtəlif yerlərinə yumruq, təpik zərbələri vurdu. Evdə pəncərənin şüşəsini sındırdı, əşyaları dağıtdı”.

Cinayət işinə Səbail rayon Məhkəməsində baxılıb. Hakim Mədinə Bağırovanın sədrliyi ilə baş tutan iclasda hökm oxunub. Samir Babayev 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Samir Babayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Zərərçəkmiş Könül Vəliyeva isə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baş tutan iclasda tərəflərin şikayəti təmin olunmayıb.

Bundan sonra tərəflər kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda şikayətlərin təmin olunmaması barədə qərar qəbul edilib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !