Şəkərəm, bir ömür sürdüm... -

Şəkərəm, bir ömür sürdüm...

 Şəkərəm, bir ömür sürdüm...


Bu bağçalar, bu bağlar
Min bir xatirə saxlar.
Ötüb keçdi uşaqlıq
Gülüm, hanı o çağlar.

Səninlə bir dinəydim,
Güləydim, sevinəydim.
Heç nə istəmirəm mən,
O illərə dönəydim...


İTV-nin “Yadigarlar” verilişində Xədicə Abbasovanın ifasında səslənən Emin Sabitoğlunun bəstəsi hamını uzaqlara – Şəkər Aslanlı illərə aparmışdı. Şairin doğum günündə efirə gedən verilişin müəllifi və aparıcısı Flora Xəlilzadə qeyd etdi ki, Şəkər Aslan 58 illik ömrünü (Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu illəri nəzərə almasaq) Lənkəranda yaşayıb yaratdı. 60-cılar ədəbi nəslində seçildi, sevildi. Bir cənub şəhərində yaşasa da, əyalət şairi olmadı. Sevimli Məmməd Arazın dediyi kimi: “Sən bölgə şairi deyilsən, ölkə şairisən”.
Verilişin digər aparıcısı Bəhruz Niftəliyev sual verdi ki, Şəkər Aslanın doğum tarixi bəzən 1935, bəzən 1937-ci il kimi göstərilir...
Sevda Əlibəyli çıxışına şairin ailə üzvləri adından minnətdarlıqla başladı. Və qeyd etdi ki, Şəkər Aslanın doğum tarixi 1937-ci ilin baharıdır. Amma payız günlərindən biri – oktyabrın 10-u yazılıb sənədlərinə. Bəzən yanlışın özü də naxış olur axı... O zaman doğum sənədini yazan adamın ağlına gəlməzmiş ki, bu uşaq yaşıdlarından tez ucalacaq, tez tanınacaq. Yanlışlıq şeir mövzularına da naxış olub. Payıza vurğunluğu şeirlərinin ana xəttini təşkil edir. Bir də ki, nədən, hardan yazırsa-yazsın, doğma torpağa məhəbbət yaradıcılığının ana xətti oldu. Xəzər sahilində yerləşən Lənkəran adlı “gözəl” zümrüd donlu meşələriylə, dağ-dərəsiylə, gül-çiçəyilə, bir sözlə, bənzərsiz təbiətiylə baş qəhrəmanı oldu yaradıcılığının. “Lənkəran bir gözəldir – Bəzənir Xəzər adlı Güzgünün qabağında” deyib doğma yurdunu vəsf etdi.
Oxşayar qəlbimi nərgiz, yasəmən,
Çıxmaz xatirimdən o məxmər çəmən.
Şəkərəm, bir şəkər balanızam mən,
Analar, analar, gözləyin məni.
Şair-dramaturq Hidayət Şəkər Aslan haqqında xatirələrində yazırdı: “Vətəndən uzaqlarda belə şeirləri çoxları yazırdı. Dillər əzbəri olan bu şeir isə Şəkər Aslanın andına, məramnaməsinə çevrildi. SSRİ adlanan böyük ölkədə saysız-hesabsız dostları vardı. İstədiyi şəhərdə yaşayıb daha da məşhurlaşa bilərdi. Fəqət andına sadiq qalaraq yolunu gözləyən anaların yanına qayıtdı...”
İstedadı Allah vergisi sanırlar. Ancaq bu Allah vergisi heç də bəxşiş şəklində verilmir insanlara. Şəkər Aslan da təkcə istedadına arxalanmırdı. Onun damarlarından qan əvəzinə zəhmət axırdı. Tam məsuliyyətlə deyirəm ki, “Cənub mirvarisi” Lənkəranın zənginliyini, gözəllik və füsunkarlığını onun qədər əks etdirən ikinci şairimiz yoxdur. Fəqət sağlığında bir şair, publisist, dramaturq kimi qiymətini ala bilmədi Şəkər Aslan. Fəxri adlar, titullar onun yaşadığı illərin sənətçi ömründə mühüm mənası olan əlamətlər idi... İntizarla gözlədiyi dahi Füzulinin 500 illiyinə həsr olunmuş şeir müsabiqəsində “Aşiqi-sadiq” imzası ilə qalibiyyət sevincini də onsuz yaşadıq. Şeirləri müsabiqəyə təqdim etməyimin maraqlı tarixçəsi gözlərim önündədir. “Ədəbiyyat qəzeti”ndə dərc olunmaq üçün mənə 8 şeir vermişdi. Şeirləri qəzetin baş redaktoru Ayaz Vəfalıya təqdim edəndə müsabiqə keçirildiyini söylədi və şeirləri gizli imza ilə poçtla göndərməyimi bildirdi. Şeirləri “Aşiqi-sadiq” imzası ilə müsabiqəyə göndərdim. Sonra qaldım Şəkər müəllimə bəhanə tapmaq qayğısına. Qəzetdə imzasını görməyəndə zəng vurur, mən də bir bəhanə tapıb deyirdim. Məsuliyyətimə bələd olduğundan dediklərimə inana bilmirdi. Növbəti zəngdə daha bəhanəm qalmamışdı. Sevincini sözlə təsəvvür etmək çətindi. Mənə minnətdarlığını da unutmadı və zarafatla dedi: “Vətən sənin bu xidmətlərini heç vaxt unutmaz. Zərif çiyinlərinə jurnal buraxmaq məsuliyyətini götürməklə yanaşı, gör necə xeyirxah işlərlə məşğulsan. Tay-tuşların zər-ziba yığır, sən isə... ”
Bu sözlərlə məsuliyyətimi daha da artırırdı.
Müsabiqəyə 1994-cü ilin sonunda yekun vurulmalıydı. Lakin həmin il yekun vurulmadı. Şəkər Aslan 1995-ci ilin iyununda dünyasını dəyişdi. Daha bir il sonra müsabiqəyə yekun vuruldu. Ayaz Vəfalı yazırdı: “...Müsabiqədə “Aşiqi-sadiq” imzası ilə yazan müəllifin şeirləri üstünlük qazandı. Zərfi açıb, gizli imzanı aşkar edəndə məlum oldu ki, şeirlərin müəllifi Şəkər Aslan imiş.
Şəkərin mükafata layiq görülən şeirləri qəzetimizdə çap edilərkən mən gecə mətbəədən Bəxtiyar Vahabzadəyə telefon açdım və bir-iki kəlmə söz yazmasını xahiş etdim.
Bəxtiyar Vahabzadə ürək sözlərini belə bildirdi:
“...“Aşiqi-sadiq” imzası ilə fərqlənmiş şeirlər mərhum şairimiz Şəkər Aslana məxsus imiş.
Məndə Məcnundan füzun aşiqliq istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var...
- deyən Füzuliyə dərin məhəbbətlə yazılmış bu səmimi sətirlər aramızdan vaxtsız getmiş qələm dostumuzun şeirə, sənətə həqiqətən sadiq aşiq olduğunu özünəxas səmimiyyətlə təsdiq edir. “Aşiqi-sadiq” - Şəkər Aslan həqiqətən sadiq idi – həm şeirə-sənətə, həm dosta-sirdaşa... Şəkər elə bu sadiqliyi, sədaqəti ilə ölümə üstün gəldi”.
- Şəddat müəllim, sizi Şəkər Aslana hansı tellər bağlayır?
- Flora xanım, Şəkər Aslanı xatırlamaqla çox xeyirxah bir iş görürsünüz. Odur ki, sizə də, rəhbərliyinizə də minnətdarlığımı bildirirəm.


Şəkər mənim cavanlıq dostlarımdandır. Elə ilk tanışlıqdan münasibətimiz dostluğa çevrilib. Bakıda doğulsam da, atam-anam lənkəranlıdır. Odur ki, bakılılar məni lənkəranlı, lənkəranlılar isə bakılı kimi tanıyırlar. Lənkərana gedəndə məni qohum-qardaşdan qabaq qarşılayan və ən çox sevinən Şəkər olurdu. Maşınım olmadığı vaxtlarda redaksiyanın maşınından istifadə etməyim üçün şərait yaradırdı. Kəndin bütün xeyir-şərində mən oldum-olmadım, özü iştirak edərdi.
Qəzet redaktoru işlədiyi ilk illərdə mətbəə də redaksiyanın tabeliyində idi. Bu da yaradıcı adam olan Şəkər Aslan üçün artıq qayğı, artıq problem idi. Mətbəə işçiləri o qədər də peşəkar deyildilər. Ona görə də qəzet vaxtında və onun istədiyi keyfıyyətdə çap olunmurdu. Çıxış yolu üçün mənə müraciət etmişdi. Elə həmin vaxt SSRİ Nazirlər Sovetinin redaksiyaların mətbəələrdən ayrılması barədə qərarı oldu. Şəkərin xahişi yerinə düşdü. Kiçik qardaşım Əbdülmanaf Elmlər Akademiyasında mətbəə müdiri idi. Şəkər müəllimə kömək məqsədilə qardaşımın Lənkərana getməsini xahiş etdim. Qardaşım hazır işini verib, yeni qurulan mətbəəyə direktor olmaq istəmirdi. Şəkərin xətrinə razılaşdıq.
Hamımızın yadındadır ki, 70-ci illər Azərbaycanda qaynar bir dövr idi. Bu qaynarlıq Lənkəranda da özünü göstərirdi. Gərgin zəhmət, qazanılan qələbədən sonra adamlar məhsul bayramlarına yığışardılar. Məhsul bayramlarına keçmiş SSRİ-nin hər yerindən qonaqlar dəvət edilirdi. Bunun üçün dəvətnamələr, bukletlər, afişalar... lazım olurdu. Bəzən bu işlərə Lənkəran mətbəəsinin gücü çatmayanda Şəkər Əbdülmanafla birgə Bakıya gələr, bu işləri Bakı mətbəələrində yoluna qoyardıq.
“Söz” jurnalının ilk saylarının çətinliyi gözlərim önündədir. Ölkənin dağılan vaxtı idi. Çap məhsullarını əldə etmək çətin idi. Amma Şəkərin xətrinə baş direktoru olduğum “Azərbaycan” nəşriyyatında jurnalın nəşri üçün bacardığımı əsirgəmirdim. Vəfatından sonra Sevda xanımın jurnalı hansı çətinliklər bahasına yaşatmasının şahidiyəm. Şəkər Aslanın xatirəsi hər zaman jurnalın baş mövzusudur. Belə sadiqlik hər insana nəsib olan xüsusiyyət deyil.
Şəkər Aslan incə qəlbli, həssas, son dərəcə diqqətcil və qədirbilən bir insan idi. Ən adi diqqəti yüksək qiymətləndirərdi. Mən bəzən düşünərdim ki, nə etmişəm axı, sadəcə öz peşə borcumu yerinə yetirmişəm. O isə ən adi yaxşılığı unutmaz, ayrı cür qiymətləndirərdi. Hətta mənə “Kitab yazaydım” adlı bir şeir də ithaf etmişdi.
Ağrılı illərə tab eləyən dost,
Sözünə günlərlə qulaq asaydım!
Yüz minlərlə kitab çap eləyən dost,
Haqqında mən özüm kitab yazaydım!
Şəkər Aslan 24 ildir ki, aramızda yoxdur. Onu itirməklə incə duyğulu bir qələm sahibini, gözəl bir dostu, səmimi bir insanı itirdik. Amma əziz xatirəsi daim qəlbimizdədir. Ruhu şad olsun! Şəkər Aslanın “qız qardaşı” dediyi, Nəriman Həsənzadənin Şəkər Aslanın Bakıdakı müşaviri Sevda Əlibəyli şairin mənəvi varisi olaraq yarımçıq arzularını yerinə yetirdiyi kimi “Kitab yazaydım” arzusunu da yerinə yetirib. Mənim haqqımdakı “İlk poliqrafçı alim” kitabının müəllifidir.
Flora xanım Şəkər Aslanın yadigarları barədə də sual verdi.

Sevda xanım bildirdi ki, o, gözəl ailə başçısı, ailəcanlı bir şəxs idi. Həyat yoldaşı Gülarə xanım Lənkəranda 1 saylı orta məktəbdə müəllim işləyirdi. Ötən ildən təqaüddədir. Oğlu Qaya Kiyevdə İqtisadiyyat Universitetini bitirib və Kiyevdə yaşayıb işləyir. Həyat yoldaşı Şəbnəmlə Nur və Aydın adlı övladlarını böyüdürlər. Böyük qızı Aysel 1 saylı orta məktəbi qızıl medalla bitirib. BDU-nun tətbiqi riyaziyyat fakültəsinə qəbul olunmuşdu. Ücüncü kursda oxuyanda Azərbaycanda ilk dəfə olaraq qəbul imtahanları testlə keçirildi. Arzusu həkim olmaq olan Aysel özünü sınamaq üçün sənədlərini Tibb Universitetinə verdı. Ən yüksək balla müalicə-profilaktika fakültəsinə qəbul olundu və hər iki universitetdə təhsilini davam etdirdi. BDU-da təhsilini axşam şöbəsinə dəyişdı. İndi Diaqnostika Mərkəzində həkim-anestezioloqdur. Sonbeşik Aytel Lənkəran Dövlət Universitetinin məzunudur. Magistr təhsilini də LDU-da alıb. 4 saylı məktəb –liseydə biologiya fənnini tədris edir. Təhsil uğurlarının estafeti nəvələrdədir. Nur bu il Kiyevdə orta məktəbi qızıl medalla bitirib, akademiyanın social elmlər fakültəsinə qəbul olunub. Aydın hələ orta məktəbdə oxuyur.
Şəddat Cəfərov: Flora xanım, Şəkər Aslan uzaqgörənliklə yazmışdı:
Axı o dünyaya sən köçməmişdən
Burda ürəklərə köçəsən gərək.
Nə qədər haqlıymış! Ürəklərə köçməsəydi, sözün həqiqi mənasında onunla görüşə, onunla söhbətləşməyə, dərdləşməyə bunca can atmazdıq.
Sevda Əlibəyli: “Şəkərəm, bir ömür sürdüm, Misralardan çələng hördüm…”. Stolunun üstündəki sonuncu şeirinin sonuncu bəndindəndir bu misralar. Dediyi kimi, bütün ömrü boyu misralardan çələng hördü. “Bizi yaxşı-yaxşı yandırsın deyə, Ölüm də ən yaxşı dostları seçir” deyəndə ömrün xoşbəxt çağları idi. Sonralar ölümün seçdiyi ən yaxşı dostlardan biri özü oldu.
Elə bil dünyaya gələcəyim gün,
Hələ qabaqdadır, hələ qabaqda.
Deyərdim ki, hər veriliş, hər xatırlama dünyaya yenidən gəlişdir, oxucuları ilə yeni görüşüdür.
Yeni görüşlərədək, Şəkər Aslan!..

Sevda Bəhramqızı

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !