Rafael Hüseynin - Hüseyn Cavidin İblis əsərinin Monteneqro dilində nəşrinin təqdimat mərasimində çıxışı

Rafael Hüseynin Hüseyn Cavidin “İblis” əsərinin Monteneqro dilində nəşrinin təqdimat mərasimində çıxışı

 22 oktyabr 2019, Podqoritsa\

(Bu mətn "Ədəbiyyat" qəzeti"nin 2019-cu il 26 oktyabr sayında dərc edilib)

Hörmətli dostlar, xanımlar və cənablar!
Sizinlə birgə olmaqdan şərəf duyuram və hamınızı səmimiyyətlə salamlayıram.
İşığın ən böyük güclərindən biri də birləşdirməkdir. Bu gün böyük söz və böyük şəxsiyyətin işığı növbəti dəfə qovuşdurur.
Azərbaycan iki hissədən ibarətdir: Şimali Azərbaycan – 10 milyondan çox insanın yaşadığı müasir Azərbaycan Respublikası və 30 milyondan çox insanın ömür sürdüyü Cənubi Azərbaycan.
Həm Şimali, həm Cənubi Azərbaycanda Qaradağ deyilən bölgə var. Hərfən tərcümə olunanda “Qaradağ” elə “Monteneqro” (Çrna Qora) deməkdir.
Bu gün dahi Azərbaycan mütəfəkkiri, şair və dramaturq Hüseyn Cavidin sözünün işığı növbəti dəfə böyük gücünü nümayiş etdirir, 3 Monteneqronu – 3 Çrna Qoranı, 3 Qaradağı birləşdirir.
Mən sözümü bu birləşmənin yaratdığı məmnunluq hissi ilə başlayıram.

Zahirən Hüseyn Cavidlə bizi ayıran zaman sərhədi çox da böyük deyil. O, XIX əsrin sonlarında doğulub, XX əsrin birinci yarısında yaşayıb.
1980-1990-cı illərdə, hətta bizim yeni əsrin başlanğıcında Cavidi bilavasitə görmüş, onunla ünsiyyətdə olmuş, ondan dərs almış insanların bir çoxu hələ sağ idi və onunla bağlı xatirələrini bölüşürdülər. Cavidi bizə əyani şəkildə göstərən kinoxronika da yadigar qalıb. Həmin xatirələrin körpüsü Cavidi bizə müasirimiz qədər yaxın edir. Lakin əsərlərini oxuduqca Cavid bizə həm də çox köhnə bir klassik, yüzillər öncə yaşamış qədim filosof kimi görünür. Heç səbəbsiz deyil ki, onu dünya ədəbiyyatının ən məşhur simaları ilə müqayisə etmiş, Azərbaycanın və Şərqin Şekspiri adlandırmışlar. Bunun səbəbi Cavidin poeziyasındakı dərinlik, müdriklik, fəlsəfədir.
Cavid bilgin müəllimləri olmuş, mükəmməl təhsil görmüş bir ziyalı idi. Yeniyetməlik illərində doğulub yaşadığı, ilk təhsilini aldığı Naxçıvandan İrana səfər etmişdi. Orada həm fars dilini və Şərq ədəbiyyatını öyrənmiş, həm də həyat təcrübələri qazanmışdı.
Sonra 1905-ci ildə Türkiyəyə səfər etmiş, 5 il İstanbul Universitetinin Ədəbiyyat fakültəsində ali təhsil almış, Rza Tofiq, Tofiq Fikrət kimi yol, məktəb yaradan görkəmli filosof və ədiblərdən dərs almışdı. Vətəni Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil olduğu, deməli, dəmir pərdə arxasında yaşadığı zamanlarda xarici ölkələrə çıxış imkanları çox məhdud idi. Lakin Hüseyn Cavidin bəxti gətirmişdi. Cavid o qədər böyük ədəbi nüfuz sahibi idi ki, onu 1926-cı ildə hökumətin qərarı ilə gözlərini müalicə etdirmək üçün uzun müddətə Almaniyaya ezam da etmişdilər. Çox həmvətənləri üçün qapalı qalan Avropanı və Avropa həyatını yaxından görüb müşahidə etmək ona nəsib olmuşdu. Beləliklə, aldığı dərin biliklər, geniş mütaliəsi və içərisindən keçdiyi coğrafiya Hüseyn Cavidi varlığında həm Şərqi, həm Qərbi birləşdirən düşüncə sahibinə çevirmişdi, ona bir çox həqiqətlərə üstdən, panoramda, geniş miqyasda baxmaq imkanı yaratmışdı.
Ona görə də ədəbi yolunun lap başlanğıcından onun bəhs etdiyi mövzular və mətləblər milli çərçivədən kənara çıxaraq ümumbəşəri əhəmiyyət daşıyırdı.
Onun zəngin palitrası olan əsərlərinin mövzuları, süjetləri və qəhrəmanları yalnız Azərbaycandan deyil, Qafqazdan, Yaxın və Orta Şərqdən, Asiya və Avropadan gəlirdi.
Onun qəhrəmanları yalnız həmvətəni, soydaşı olan Azərbaycan türkləri deyil, bütövlükdə insan idi, onun daxili azadlığının tərənnümü idi.
Cavid 1882-ci ildə doğulmuşdu və Birinci dünya müharibəsi dövründə o, artıq Azərbaycanın tanınmış yeni nəsil ədəbi simaları arasında üstün yer tuturdu. Dünyanın həyatında baş verən bunca təlatümlü hadisə, təbii ki, onun da düşüncəsindən və yaradıcılığından keçməyə bilməzdi. Hətta daha artıq! Müharibə, onun dəhşətləri şairin dünyagörüşündə də ciddi dəyişikliklər yaratdı. Çalxantılı dövr, tarixi gedişat ədəbi yolunun əvvəlində daha çox lirik-fəlsəfi mövzulara müraciət edən cavan şairi istər-istəməz həyat, insan, dünya, vaxtın sürətini və məzmununu dəyişən hadisələr barədə düşünməyə və yazmağa yönəltdi.
Cavidin 38 yaşı olanda vətəni Azərbaycan müstəqilliyini itirdi. Sovet rejimi Şərqdə ilk respublika qurmuş Azərbaycanı da ələ keçirdi. Cavid xaqının və yurdunun taleyindəki bu acıları da bilavasitə taleyi ilə yaşadı, nəticə etibarilə özü də həmin rejimin və siyasətin qurbanlarından birinə çevrildi.
Cavid məşhur şeirlərindən birində belə yazırdı:

Mən əbədi hürriyyətin

Parlar-sönər şöləsiyəm.

Bu, sadəcə gözəl bir şair sözü deyildi. Cavidin şəxsiyyəti və yaradıcılığının mahiyyətini ifadə edən həqiqət idi. Qəliblərə, çərçivələrə sığmamaq, insanı sıxan, buxovlayan mühitin məhdudiyyətlərini ifşa etmək, cəmiyyətin və insanın naqisliklərini açıb göstərmək, insanı layiq olduğu rahatlıqlar, səadətlər içərisində görmək arzusu Cavid poeziyasının əsasını təşkil edirdi. Lakin bütün bunları qəddar sovet senzurasının mövcud olduğu, çap olunan, dərc edilən hər sözün yüz cür şübhəcil nəzarətdən keçirildiyi dövrdə necə yazaydın, insanlara necə çatdıraydın?
Ona görə də Cavid deyilməsinə icazə verilməyənləri söyləmək üçün icazə verilən üsullardan yararlanmaq fəndinə əl atdı. O, dolayısı ilə müasir həqiqətləri çatdırmaq üçün tarixə sığınmağı qət etdi, ezop dilindən yararlandı. 1000 il əvvəlin olmuşlarından bəhs edən “Səyavuş”, 8 əsr əvvəlin həqiqətlərini çatdıran “Xəyyam”, 6 əsr qabağın qarşıdurmaları və insan münasibətlərini əks etdirən “Topal Teymur” dramlarını yazdı. İnsanlar bu əsərləri oxuyurdular, onlara teatr səhnələrində tamaşa edirdilər və uzaq zamanlarda baş verənləri deyil, özlərini, axarında yaşadıqları həyatı, müasiri olduqları gerçəkləri görürdülər.
Təsadüfi deyil ki, həmin “Topal Teymur” əsəri ilk dəfə 1926-cı ildə səhnədə nümayiş etdiriləndən sonra o çağlar sovet Azərbaycanına rəhbərlik edən iki çox yüksək vəzifəli sovet məmuru əsərdə özlərini görmüş, dərhal pyesi qadağan etmişdilər və həmin dram səhnəyə bir də yalnız 60 ilə yaxın bir müddət ötəndən sonra qayıtdı.
Elə məhz azadfikirliliyinə, hamı deyəni demədiyinə, etirazçılığına, başqa cür düşünənlərdən olduğuna görə rejim onu 1937-ci ildə həbs etdi, qanlı sovet repressiyalarının yüz minlərlə qurbanlarından biri kimi Sibirə göndərdi və o buzlaqlar diyarında da dahi şairin həyatı bitdi.
Amma həmin ölüm düşərgələrindən də insanlara Cavidin ən son əsərinin parçaları gəlib çatdı. Və faciələr müəllifi olmuş, öz həyatı da faciələr silsiləsindən ibarət Cavidin son dramının adı “Allah” idi. Bu əsəri ilə o, yaradıcılığının zirvəsi hesab edilə biləcək triadanı tamamlamaq istəyirdi. Birinci dünya müharibəsi səbəb olmuşdu ki, o, 1918-ci ildə “İblis” əsərini yazsın. Sonrakı illərin müşahidələri ona “Peyğəmbər” pyesini yazdırtmışdı. Artıq sovet həbsxanasında qarşıladığı İkinci dünya müharibəsi isə onda “Allah” dramını yazmaq ilhamını oyatdı.
Beləliklə, “İblis”–“Peyğəmbər”–“Allah” – insanın bütün varlığı və ruhu ilə ömrü boyu cazibəsində, təsirində olduğu üçbucaq haqqında fəlsəfi-poetik epopeya yarandı.
Cavidin bütün yaradıcılığı xeyirlə şərin, işıqla zülmətin, istiqlalla istibdadın mübarizəsinin ifadəsidir.
Bu əbədi qarşıdurma isə ən bariz şəkildə məhz onun bu 3 əsərində əks olunub.
Əslində, Cavidin bütün yaradıcılığı bir bütövdür, bir-birini izləyən, davam etdirən, tamamlayan hissələrdir.
Hüseyn Cavidin qızı Turan xanım dəyərli bir mədəniyyət xadimi, teatrşünas idi və 2004-cü ildə 80 yaşında vəfat etdi. Atası həbs olunanda onun 14 yaşı varmış. Söyləyirdi ki, evimizdə atamın 1927-ci ildə nəşr edilmiş “İblis” əsərinin xeyli nüsxəsi vardı. Atamın əleyhinə mətbuatda ardıcıl hücumların başlandığı, sıxıntılarımızın artdığı günlərdən birində həmin kitab bağlamalarına işarə edərək yarızarafat dedim ki, bir evdə ki bu qədər “İblis” ola, orada, əlbəttə, dərd-sər çox olar. Atam dərhal kitab rəfindəki 1923-cü ildə nəşr edilmiş digər kitabını göstərərək “Axı burada “Peyğəmbər” də var” dedi.
Cavid həmişə bu nizamın varlığına inanıb və ona görə də heç vaxt ruhdan düşməyib. Ən çətin vaxtlarda da gələcəyə inanıb, hər şeyin yaxşı qurtaracağına ümid bəsləyib.
Çünki dünyada və insanda iblislik daim mövcudsa da, ona qarşı duran bir peyğəmbərlik nuru da həmişə var.
Məhz şərin qarşısında xeyirin həmişə var olması imkan vermir ki, dünyanın tərəzisi əyilsin, tənasüb pozulsun.
Bəzən “İblis”i Cavidin “şah əsər”i adlandırırlar.
Mənim bəxtimə Cavidin gənc çağdaşları olmuş qocaman müasirlərimlə şair haqqında, onun özünün də seyr etdiyi tamaşalar, həmin dövrün teatral auditoriyasının təəssüratları barədə dönə-dönə söhbət etmək xoşbəxtliyi düşüb.
Onlar danışırdılar ki, 1920-ci illərdə Azərbaycanda, Bakıda Cavidin əsərlərinin teatrda göstərildiyi günlər bir bayrama çevrilərmiş. Ədəbiyyat, sənət aşiqləri tamaşalardan sonra həmin əsərlərdən, o cümlədən “İblis”dən parçaları əzbər söyləyə-söyləyə küçələrdən keçərmişlər.
Bu əsərlərdəki hikmətlər nəsil-nəsil insanları tərbiyə edib və həmin xeyirxah missiyasını bu gün də davam etdirməkdədir.
Caviddən daha əvvəl də dünya ədəbiyyatında İblis mövzusuna müraciət edənlər olub.
Getenin “Faust”undakı Mefistofel, ya Bayronun Lütsiferi, yaxud Lermontovun Demonu “İblis nədir” sualına cavab tapmaq ehtiyacından doğmuş əsərlərdir.
Cavid də bu suala cavab arayıb və zənnimcə, məhz onun pyesi dünya ədəbiyyatı və fəlsəfəsində iblisliyin mahiyyətini açan, bu mərəzin bütün çalarlarını aşkar edən, elə iblisdən xilas olmağın da yollarını göstərən ən güclü əsərlərdəndir.
Bir neçə il öncə Bakıda “Cavid aforizmləri” adlı kitab buraxılıb. Ola bilsin, gələcəkdə də kimsə oxşar toplular tərtib etmək təşəbbüsündə bulunsun. Amma uzun illər boyu bu qüdrətli söz və zəka sahibinin əsərlərini oxuduqca, araşdırdıqca gəldiyim qənaətlərdən biri də budur ki, onun yaradıcılığında seçmə aforizmlər axtarmaq cəhdi əbəsdir. Çünki onun bütün irsi başdan-sonadək elə hikmətli fikirlərdən, aforizm kimi qiymətləndirilə biləcək deyimlərdən ibarətdir.
“İblis” dramındakı həmin aforizmlərdən olan və dünyanın ən qəliz suallarından birinə verilən ən sərrast cavablardan sayılası Cavid misralarını yada salmazdan əvvəl şairin yaradıcılıq mətbəxi ilə əlaqədar əksəriyyətə bəlli olmayan maraqlı təfərrüatı xəbər verim.
Hər ədibin özünə xas olan bir iş üslubu, yazı tərzi var. Cavidin cib dəftərlərini, əlyazmalarını, çap olunaraq hamınınkılaşmış əsərlərinin bəzilərinin qaralamalarını araşdıranda qəribə halla qarşılaşdım. O, şeirinin hər misrasını əvvəlcə sətir-sətir nəsr kimi yazırmış. Yəni öncə fikri, ideyanı tapırmış. Həmin fikri nəsrlə yazaraq cilalayırmış, daha sonra başlayırmış bunları şeirə döndərməyə. Başqa sözlə, Cavid üçün şeirdə sözün ifadə mütənasibliyindən, deyiliş ahəngdarlığından daha əvvəldə duran fikirdir. Lakin həmin fikirləri də Cavid Azərbaycan türkcəsində müstəsna bir gözəllikdə ifadə etməyi bacarmışdır. Mən təəssüf edirəm ki, dünyanın heç bir, hətta ən mahir, ən istedadlı tərcüməçisi belə heç vaxt həmin bənzərsiz gözəlliyi sona qədər, bütün şirəsi, şirinliyi, əlvan çalarları ilə ifadə edə bilməz. Ancaq həmin misraların düşüncə yükü çox ağır olduğundan hətta tərcümədə belə Cavidin əzəməti hər an duyulur.
Cavid “İblis”də sual verir. Daha doğrusu, bu sualı əsərin içərisində elə İblis özü verir və cavabını da çox gözlətmir. Anladır ki, İblisi siz nəsə qeyri-adi bir məxluq, cin-şeytan qəbilindən olan əcaib qüvvə kimi kənarda aramayın. Bütün nəcibliklər, xeyirxahlıqlar, sevgilər kimi, o da sizin hər birinizin öz daxilinizdədir. Yaxşı və dürüst o adamdır, güclü və saf o insandır ki, içərisindəki İblisi susdura, öldürə, söndürə bilir, qəlbində və düşüncəsindəki peyğəmbər işığını dirçəltməyi bacarır:

İblis nədir? Cümlə xəyanətlərə bais!

Ya hər kəsə xain olan insan nədir? – İblis!

Bu gün bizi bir daha qovuşduran, yaratdığı söz ocağının ətrafına toplayan böyük Azərbaycan şairinin adı Hüseyn, soyadı Rasizadə idi. Lakin o, tarixdə və yaddaşlarda soyadından, adından daha əvvəl ədəbi təxəllüsü ilə tanınır: Cavid!
“Cavid” sözünün mənası isə əbədi deməkdir.
Cavid əbədi olan duyğu və düşüncələrdən əbədi yaşamaq haqqı olan solmaz incilər yaradıb.
Bu incilərin ən parlaqlarından biri “İblis”dir.
Bu gün Cavidin görmədiyi Monteneqroya gələn, Cavidin bilmədiyi Monteneqro dilində danışmağa başlayan, sabah daha başqa ölkələrə ayaq açacaq, daha başqa dillərdə danışacaq əbədi bir əsər.
Bu bitməyən yolçuluğun və hər yerdə doğma qarşılanmağın sadə bir səbəbi var.
Cavid nə yazıbsa, nə sənət mirası qoyubsa, onların hamısı insanlığa üz tutub.
Sərhəd tanımayan bu şedevrlər yalnız Cavidin öz yurddaşları üçün deyil, böyük dünyanın bəzəyi və Pərvərdigarın ən ali əsəri olan insan üçündür!
Ona görə də həmin əsərlər hansı dildə səslənsə, hansı qapını açsa, həmişə köhnə tanış, gəlişi çoxdan gözlənilən doğma kimi qarşılanacaq.
Elə bu gün Monteneqroda olan sayaq!
Və bugünkü günün bir başqa, son dərəcə riqqət oyadan, ibrətli mənası da var.
Cavidin oğlu Ərtoğrol, müasirlərinin təsdiqinə görə, istedadda atasından geri qalmayan bir yaradıcı idi.
Bunu mənə konservatoriyada onunla birgə təhsil almış, sonralar Azərbaycanın və dünyanın şöhrətli bəstəkarlarından birinə çevrilmiş Fikrət Əmirov söyləmişdi ki, Ərtoğrol Cavid bizim hamımızdan istedadlı idi.
Ərtoğrol rəssam, şair, dramaturq, ədəbiyyatşünas, bəstəkar, folklorşünas, tərcüməçi olub.
Özündən sonra 10-dan artıq iri cildə sığan irs qalıb.
Lakin nə acı ki, bunca çoxcəhətli və parlaq istedad sahibi vur-tut 24 il ömür sürüb.
Sovet rejiminin “xalq düşməni” damğası vurduğu, həbs və məhv etdiyi Cavidin ailəsi də təqib olundu, Ərtoğrol, konservatoriya tələbəsi olmasına baxmayaraq, əsgər aparıldı. Lakin siyasi cəhətdən etibarsız hesab edilən ailədən olduğundan onu cəbhəyə göndərmədilər, yer altında işləmək üçün ağır tunel tikintisinə cəlb etdilər. Burada nicatsız vərəm xəstəliyinə tutulan Ərtoğrol sənətdə, ədəbiyyatda deyə biləcəyi böyük sözlərini deməyə macal tapmadan gözlərini əbədilik yumdu.
Ondan qalan romanslar, simfonik parçalar, şeirlər, araşdırmalar, rəsm əsərləri bu gün də heyranlıq doğurur, Ərtoğrolun necə nadir istedad olduğunu göstərir və ürək göynədir ki, gör talelər sındıran məkrli siyasətlərin zərbə dalğası ilə biz nə qədər qiymətli insanları itirmişik.
Oktyabr ayı Cavidlər ailəsi üçün çox əziz idi.
Hüseyn Cavid oktyabrın 24-də doğulmuşdu.
Onun qızı Turan oktyabrın 2-də dünyaya gəlmişdi.
Ərtoğrolsa oktyabrda həm anadan olmuş, həm də həyatdan getmişdi.
Bu gün oktyabrın 22-sidir və dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ən gözəl əsərinin, oğlu Ərtoğrol Cavidin doğum günüdür.
Həm də sıradan olan bir doğum günü deyil. Bu gün onun 100 yaşı tamam olur!
Mən bilmirəm Cavidin ilk dəfə Monteneqro dilində danışacaq kitabının təqdimat mərasimi üçün məhz bu günün, oktyabrın 22-sinin seçilməsi bir təsadüfdür, yaxud bu, izahı mümkünsüz olan bir tale cazibəsidir.
Ərtoğrol Cavidin – ömür və yaradıcılıq yolu insafsızca erkən qırılmış o istedadlı insanın bayramı bu gün sevimli atasının dünyaya təzə gələn kitabının bayramı ilə qovuşur.
Demək, bu gün iblislik bir daha məğlub olur, demək, bu gün xeyir bir daha zəfər çalır.
Ərtoğrol Cavidin bu gün 100 yaşı tamam olur.
Ona bu bir əsrlik bitməz həyatının vur-tut 24 ilini yaşamağa imkan verdilər. Və mən istəyirəm ki, o istedadlı insan bu gün bura canlı olaraq qayıtsın.
Solmaz bir əsəri ilə qayıtsın.
İkinci dünya müharibəsinin başlanğıcında, 21 yaşında ikən bəstələdiyi bu əsəri Ərtoğrol Cavid öz müəllimi – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr etmişdi.
Bu əsər 77 il əvvəl yaransa da, bu gün də təzədir, ruh oxşayandır.
İnsanlar yaratdıqları ilə diridir!
Siz bu gün xeyirin, işığın, istedadın təntənəsindən deyən bir bayramın içərisindəsiniz.
Arzu edirəm ki, həmişə də işıq sizinlə olsun!
Dünyadakı ən əbədi bayram kitabın bayramıdır və biz bu gün yeni, dəyərli bir kitabın doğuluşunu bayram edirik.
Son olaraq, mən bu bayramı bizə bağışlayanlara təşəkkür etmək istəyirəm.
Azərbaycanın böyük bir alimi, mədəniyyət araşdırıcısı vardı – Qulam Məmmədli. O, demək olar ki, XX əsri başdan-sonadək yaşadı. 1897-ci ildə anadan oldu, 1994-cü ildə vəfat etdi. Vaxtilə mənim Hüseyn Cavid və onun nəslinin taleyindən bəhs edən, bir çox həqiqətləri cəmiyyətə ilk dəfə çatdıran “Vaxtdan uca” adlı kitabım nəşr ediləndə Qulam Məmmədəli televiziya çıxışında çox təsirli sözlər dedi. Söylədi ki, Hüsen Cavidin ailəsində 4 Cavid olub. Şair özü, oğlu Ərtoğrol Cavid, həyat yoldaşı Mişkinaz Cavid, qızı Turan Cavid. İndi isə bu kitabı oxuyandan sonra deyə bilərik ki, müəllif elə Cavid ailəsinin beşinci üzvüdür.
Yəni mən bu gün təşəkkürlərimi yalnız öz adımdan deyil, həm də Cavid ailəsi adından ifadə edirəm.
“İblis”i ilk dəfə Monteneqro dilində səsləndirmiş tərcüməçi xanım Draqana Pantoviç və kitabın redaktoru, akademik Zundiya Hociçə ən dərin minnətdarlığımı bildirirəm.
Bu layihənin ideya müəllifi və himayədarı, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı fövqəladə və səlahiyyətli səfiri, təşəbbüskar və fəal insan, Azərabyacan ədəbiyyatı və mədəniyyətinin təbliğində dəyərli xidmətləri olan, ölkələrimiz arasındakı əlaqələrin inkişafına ardıcıl olaraq töhfələr verən cənab Eldar Həsənova səmimi qəlbdən təşəkkür edirəm.
Lakin nəzərə alsaq ki, mən həm də Azərbaycan Parlamentinin üzvüyəm, mədəniyyət komitəsinə rəhbərlik edirəm, ona görə də sizə ən dərin razılıq duyğularımı və təşəkkürlərimi həm də xalqım, ölkəm adından çatdırıram.
Kitabın ömrü insan ömründən uzundur.
Və bu kitabı Monteneqroya və Azərbaycana hədiyyə edənlərə təşəkkürlər bu kitabın ömrü qədər davam edəcək.
Vita brevis, art lonqa!
Sənət bitməz, ömür qısa!

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !