Məşəqqətli və maraqlı yaradıcılıq yolunun kiçik bir dövrü - (+FOTO=16)

Məşəqqətli və maraqlı yaradıcılıq yolunun kiçik bir dövrü (+FOTO=16)

 Hüseynağa Atakişiyevin- 70

 

Həsən Həsənov: “Onun şəxsi ailə həyatı çox mürəkkəb idi. Bəzən gecələr teatrda qalırdı və mən də onu tək qoymamaq üçün gecənin yarısına qədər yanında otururdım”.

1989-cu ilin mart ayının 27-də, Beynəlxaq teatr günündə Azərbaycan teatr tarixinə yeni bir ünvan da daxil oldu. Bu teatr- keçmiş Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin nəzdində yaradılan Gənclər Teatrı idi. Teatrın yaradıcısı isə artıq həmin vaxtlar Azərpbaycan teatr aləmində aktyor, rejissor, teatr təşkilatçısı kimi özünü sübut etmiş, böyük uğurla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının və Azərbaycan Milli Akademik Dram Teatrlarının baş rejissoru işləmiş Hüseynağa Ağahüseyn oğlu Atakişiyev idi. Teatrın ilk tamaşası isə tanınmış kino dramaturq, nasir, Xalq yazıçısı Yusif Səmədoğlunun həmin vaxtlar milli ədəbiyyatımızda sensasiya yaratmış “Qətl günü” romanı əsasında, Hüseynağa Atakişiyevin özünün səhnələşdirdiyi və quruluş verdiyi “Qətl günü” adlı tamaşa idi. O vaxt aktyorlar səhnəyə çıxandan sonra onların ardınca su atdılar. Bu, teatrın işlərinin gələcəkdə su kimi aydın və uzunömürlü olmasına xeyir-dua idi. Həmin gün oyanınlan bu tamaşa sözün həqiqi mənasında respublika teatrsevərləri arasında, özünün rejissor yozumuna, səhnə təritibatına, aktyor oyununa, plastik hərəkətlərin quruluşuna, musiqi seçiminə, bir sözlə özünün yüksək professionallığına görə çox böyük sensassiya yaratdı. “Qətl günü” tamaşasının ssenari müəllifi və quruluşçu rejissoru- Hüseynağa Atakişiyev, rəssamı- Tahir Tahirov, bəstəkarı- Aydın Əzimov, rəqslərin və plastik hərəkətlərin quruluşçusu- Əli Əşari idi. İlk tamaşada teatrın aktyorlarından Abbas Qəhramanov, Sərvər Quliyev, Gülmalı Əsgərov, Mirzəhüseyn İsmayılov, Oktay Quliyev, Ələkbər Hüseynov, Füzuli Hüseynov, Zenfira Abdullayeva, Sənubər İsgəndərli, Rza Məmmədov və başqaları hər biri bir neçə rolda çıxış edirdilər.
Artıq həmin vaxt bu tamaşa, bəzi ağzıgöyçəklərin, özündən müştəbehlərin, karyeristlərin, Azərbaycan teatrını öz manapoliyasına, şəxsi diqtəsinə çevirənlərin Hüseynağa Atakişiyevin rejissurası haqqında yaydıqları bütün mənasız, yersiz söhbətlərə son qoydu. Həmin gün Hüseynağa Atakiştiyev yenidən öz dəsti-xətti olan maraqlı rejissor, yaxşı teatr təşkilatçısı kimi gündəmə gəldi. Tamaşadan çonra Hüseynağanın dostları, uşaqlıq yoldaşları, tez-tez onunla təmasda olan insanlar, pərəstişkarı olan tamaşaçıların hamısı teatrın kollektivi ilə birlikdə sevinirdilər. O vaxtlar mən, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik edirdim. Daha doğrusu cəmi iki ay idi ki, Əbdürrəhim bəy Haqverdiev adına Ağdam Dövlət Dram Teatrının rəhbərliyindən bu teatra dəyişilmişdim. Tələbəlik dostumu təbrik etmək üçün biz də yaradıcı heyyətlə həmin tamaşaya baxırdıq. Tamaşa oynanılan Azərbaycan Teatr Xadimlər İttifaqının zalında demək olar ki, boş yer yox idi. Hətta çoxlu tamaşaçılar ayaq üstə axıra kimi bu tamaşaya baxdılar. İlk tamaşanın uğuru artıq sübut edirdi ki, bu teatr uzun ömürlü olacaq. Və gələcəkdə heç bir teatrın iş üslubunu təkraklamayacaq. Özünün dəsti-xətti, heç bir teatrın repertuarına bənzəməyən öz repertuarı olacaq və bu teatr Hüseynağa Atakişiyevin rəhbərliyi ilə yeni-yeni aktyor nəsli yetişdirəcək. Çünki biz, 1989-cu ilə kimi Hüseynağa Atakişiyevin professonal teatr aləmində rejissor kimi on beş illik yaradıcılıq yolunu izlədikcə, quruluş verdiyi tamaşalara baxdıqca bunu aydın görmüşdük və duyurduq. Onun rejissurası Konstantin Sergeyiviç Stanislavski, Vladimr Nemeroviç-Dançenko, Yevgeni Vaxtanqov, Vsevolad Meyerxold və Bertold Brextin rejissor üslubundan, Azərbaycan meydan teatrından yoğrulmuş və sintez olunmuş bir üslub idi. Həm də Hüseynağa Atakişiyev, Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Mehdi Məmmədovun kursunda aktyorluq, Moskvada Şukin adına Ali Teatr Məktəbində rejissorluq təhsili alanda bu üsluba yiyələnmiş, Şəkidə çox maraqlı rejissor Vaqif Abbasovdan da dərs almaqla və onun rəhbərliyilə Şəki teatrında tamaşalara quruluş verdikcə öz yolunu, öz dəsti-xəttini tapmış, yalnız onun özünə məxsus rejissurasını yaratmışdı.

İlk tamaşanın uğuru tezliklə respublika mətbuatında, teatr sənətçiləri arasında böyük rezonans yaratdı. Elə ilk tamaşası ilə Gənclər Teatrı öz ərtrafına çoxlu tamaşaçılar topladı. “Qətl günü” tamaşası oynanıldıqca, tamaşaçı zalında boş yer tapmaq müşkül oldu. Və bu tamaşanın uğurundan ruhlanan kollektiv Hüseynağa Atakişiyevin rəhbərliyi ilə biri-birinin ardınca, Azərbaycan, dünya kalssik və müasir dramaturqların yaradıcılığına müraciət etməyə başladı.

Beləliklə, dörd ildə teatrın repertuarını Steyfan Stratiyevin ( tərcümə edəni Nəsir Sadıqzadə) “Çarəsiz sərnişinlər”, Oskar Uayldın “Əriməyən ürək” ( tərcümə edəni Hüseynağa Atakişiyev), Cəfər Cabbarlının “Aydın” ( Həsən Əblucun quruluşunda), Rəhman Əlizadənin “Dadaşbala əmaliyyatı”, Rober Tomanın “Arvadımın qatili” , Georgi Xuqayevin ( tərcümə edəni Ağakişi Kazımov) “Arvadımın əri”, Rəhman Əlizadənin “Hamam hamam içində”, Əli Əmirlinin “Meydan”, “Onun iki qabırğası”, Vaqif Səmədoğlunun “İntihar”, Milleş Xubaşın ( tərcümə edəni Muxtar İbadov) “Neron oynayır” və başqa maraqlı tamaşalar bəzədi. Dörd ildə bu teatrda iyirmi beş tamaşaya quruluş verildi. Ələbəttə, dörd ildə biri-birindən maraqlı, professional tamaşa hazırlamaq, yeni yaranmış teatr üçün çox böyük iş, uğur idi. Hətta artıq sanballı yaşları olan Dövlət teatrlarının çoxu dörd ildə bu qədər maraqlı, professional tamaşalar hazırlamırdılar. Dövlət teatrlarının çoxuna tamaşaçı marağı bu teatra olan qədər deyildi. Belə ki, Gənclər Teatrının hər premyerası böyük bayrama çevrilir və respublikanın üzdə olan sənətçilərini, teatr, dövlət xadimlərini, məşhur ədəbiyyatçıları və peşəsindən asılı olmayaraq teatrla maraqlanan insanları öz ətrafına toplayır, böyük diskussiyalar, mükalimələr yaradırdı. Respublikada olan dramaturqların çoxu istəyirdilər ki, onların pyeslərinə məhz bu teatrda həyat vəsiqəsi verilsin. Hətta həmin vaxtlar teatr aləminin yaxşı tanımadığı dramaturqlar- Əməkdar incəsənət xadimləri Rəhman Əlizadənin, Əli Əmirlinin, Elçin Hüseynbəylinin, Feyruz Mustafanın və başqalarının pyeslərinin bu teatrda tamaşaları onlara teatr mütəxəssisləri, tamaşaçılar arasında böyük maraq yaratmışdı. Eləcə də dünyanın tanınmış dramaturqlarıından- Oskar Uayldın, Rober Tomanın, Milleş Xubayşın, Samuel Bekketin, Karlo Qotsinin və başqa 20-dən çox dramaturqun da Azərbaycan teatr aləminə ilk gəlişi də məhz bu teatrla başlamışdı. Teatrın belə məhsuldar işləməsini, heç bir teatrı təkrarlamayan öz dəsti-xəttini, çox istedadlı truppası olduğunu görən, Azərbaycan Teatr Xadimlər İttifaqı və Azərbaycan Mədəniyyət Nazirliyi bu teatra Dövlət statusu vermək üçün Rsepublika Nazirlər kabinetinə müraciət etdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 1993-cü il 147 sylı qərarına əsasən teatra Dövlət statusu verildi. Bundan sonra Gənclər Teatrı, Dövlət Gənclər Teatrı adlanmağa başladı. Teatra 70 ştat verildi. İyirmi beş aktyor, səkkiz yaradıcı və əlavə texniki ştatlarlar.

Dövlət Gənclər Teatrının keçdiyi iyirmi illik məşəqqətli, ağır, tez-tez haqsızlıqla üzləşdiyi bu illərlə bağlı, üzun illər Hüseynağa Atakişiyevlə işləmiş, Dövlət Gənclər Teatrında çətin yolu, problemli illəri birlikdə keçən və həmin teatrın sərəncamçı direktoru olmuş, Əməkdar mədəniyyət işçisi Həsən Həsənovla həmin lləri Hüseynağa Atakişiyevin 70 illik yubileyində xatırlamaq istəyirəm. Onu da vurğulayım ki, Hüseynağa Ağahüseyn oğlu Atakişyev 1949-cu ilin sentyabr ayının 8-də Bakıda anadan olub. Artıq onun 70 yaşı tamam olsa da ən acınacaqlısı budur ki, heç bir Kütləvi İnformasiya Vasitəsi bu haqda hələ ki, heç nə yazmayıb. Azərbaycan Teatr xadimlər İttifaqı və Azərbaycan Mədəniyyət Nazirliyi belə bir maraqlı, teatr aləmində öz dəsti-xətti olan, 157 tamaşaya yüksək peşəkarlıqla quruluş verən böyük sənətkarın 70 illiyilə bağlı hələ ki, heç nə eləməyiblər. Bax belə yerdə deyirlər ki, “bu məmləkətdə ölünün də, dirinin də gərək yiysi olsun”…

Qısa arayış: Həsən Nəsib oglu Həsənov 7 iyul 1950 ci ildə anadan olub.
1992 ci ildən 1994 cü ilə qədər İrəvan Azərbaycan Dövlət Teatrında Sərəncamçı direktor, 1994 cü ildən 2006 cı ilı qədər Dövlət Gənclər Teatrında sərəncamçı direktor, 2006 cı ildən 2009 cu ilə qədər Dövlət Gənclər Teatrında direktor, 2009- cu ildən 2010- cu ilin oktyabr ayına qədər Gənc Tamaşaçılar Teatrında direktor müavini, 2010 -cu ilin oktyabr ayından Mingəçevir Dövlət Dram Teatrında direktor, 2014 cü ilin oktyabr ayından 2017- ci ilin sonuna qədər İrəvan Azərbaycan Dövlət Dram Teatrında direktor müavini işləyib. Hal -hazırda Audiokitab MMC- nin direktorudur. O, Əməkdar mədəniyyət işçisidir.

Mingəçevirdə işlədiyi dövrdə “Avropa Mətbu evi”nin təsis etdiyi “ƏN VƏTƏNPƏRVƏR TEATR DİREKTORU” adına layiq görülüb, Qızıl medal və diplomla təltif olunub.

-Necə oldu ki, siz Hüseynağa Atakişiyevlə birlikdə işləyəsi oldunuz?

-1994 cü ilin yay ayları idi. Mən onda İrəvan Azərbaycan Dölət Dram Teatrında Sərəncamçı direktor işləyirdim. Bir gün dostum, hal-hazırda İrəvan Dövlət Darm Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyevlə görüşdük (onda o, Dövlət Gənclər Teatrında aktyor vəzifəsində işləyirdi) uzun söhbətdən sonra mənə dedi ki, Gənclər Teatrında sərəncamçı direktor yeri boşdur. Bəlkə gəlib Hüseynaga Atakişiyevlə danışasan ki, səni o vəzifəyə götürsün. Açıgını deyim ki, bu təklif ürəyimcə oldu və bir gün sonra tərəddüd etmədən gəlib Hüseynaga müəllimlə görüşdüm. Elə ilk görüşdən söhbətimiz alındı. Dedi günü sabahdan işə başla. Düzdür mən onunla yaxından tanış olmasam da haqqında çox eşitmişdim. Cəmi bir saatlıq söhbət etdik və bu bir saatda bu insan mənə o qədər dogma göründü ki, elə bil uşaqlıgımız bir yerdə keçib. Beləliklə, 13 il bərabər işlədik.

-Hüseynağa Atakişiyevlə bu illərdə əlaqələriniz necə oldu?

-Mən ora gələndə teatrın bir çox sənədləşmələri yox halında idi. Nə arxivi, nə də tamaşaların eskizi və ya smetasından əsər əlamət belə yox idi. Görünür bu sahəyə heç fikir verməmişlər. Bəlkə də fikir vermişdilər, lakin saxlanmamışdırlar. Qısa bir zamanda mən bütün sənədləşmələri qaydaya saladım. Çünki bu idarə sənədləri ilə Hüseynaga müəllimin başını qatıb yaradılıgına mane olmurdum, əksinə yaradıcılıqda tamaşanın bütün texniki işlərini mən özüm görürdüm. Hətta bir dəfə mənə dedi ki, “ sən bura çoxdan gəlməli idin”...

Mən onun böyük hərflə yazılan İNSANlığından qısa danışmaq istəyirəm. O, adi insan deyildi. Həyatın bütün üzünü görmüşdü . Çətinlikdən tutmuş adi həyat tərzinə qədər hər şeyi çox yüksək səviyyədə anlayırdı və eyni zamanda anladıqlarını böyük həvəslə işdə təcəssüm etdirirdi. Özü hər hansı bir işi bildiyi halda nəsə bir iş görəndə mütləq mənimlə məsləhətləşirdi. Məhz onda olan bu yaxşı münasibət, məni illərlə onunla işləməyə “məcbur” etdi. Çox yaxşı yol yoldaşlıgı vardı. Dəfələrlə qastrol səfərləri vaxtı, yaxud ikimiz bir yerdə rayonlara tamaşa təşkili ilə baglı gedəndə hiss etmirdin ki, bu şəxs mənim rəhbərin, eyni zamanda tanınmış bir şəxsiyyətdir. Çox maraqlı lətifələr danışır, maraqlı söhbətlər eləyirdi.

Bəzən arxaya dönüb, nəyisə xatırlamaq istəyəndə yalnız o illər gəlib gözümün önündə durur. İçərimdə gülümsəyərək deyirəm ki, “Allahım nə yaxşı o günləri mənə qismət eləmisən”. Həqiqətən yaxşılıq və yaxşı insanlar heç vaxt unudulmur. Bayaq dediyim kimi bir var adam, bir var insan. Hüseynaga Atakişiyev böyük insan idi. Amma onun şəxsi ailə həyatı çox mürəkkəb idi. Bəzən gecələr teatrda qalırdı və mən də onu tək qoymmamaq üçün gecənin yarısına qədər yanında otururdım. Ən dəhşətlisi budur ki, ailə xoşbəxtliyi həmişə ondan qaçaq düşürdi. O da bu dərdi ürəyinə salırdı... Elə bu dərdlər də onu vaxtından tez dünyadan apardı...

Bir dəfə mənə dedi ki, sənə tamaşada rol verəcəm. Heç cavabımı gözləmədi, tamaşanın əmrini verdi və öz adımı aktyorların siyahisində gördüm. Bu, Vaqif Səmədoğlunun “ Mamoy kişinin yuxuları” tamaşası idi. Dedi ki, “qoy yadigar qalsın”. Amma heyif ki, yadigar mənə qaldı o, isə həyatı əbədilik tərk etdi. Heyif, çox heyif...... ( Kövrəlir.)

-Azərbaycan Mədəniyyət Nazirliyinin Hüseynağa Atakişiyevə münasibəti niyə pis idi?

-Hüseynaga müəllim öz yaradıcılıq işi ilə məşgul idi. Bilirsiz ki, Dövlət Gənclər Teatrı 1993- cü ilə qədər o vaxtkı komsomolun nəzdində fəaliyyət göstərirdi. 1993- cü ilin mart ayında teatr dövlət statusu aldı. Bu, bəzilərinin xoşuna gəlmirdi. Kimin xoşuna gəlib gəlməməyindən asılı olmayaraq Hüseynaga müəllim öz yaradıcılıgı ilə məşgul idi. İldə 9 -10 tamaşa hazırlayan belə maraqlı rejissora bilmirəm neyçünsə biganəlik vardı. Bunun səbəbini indiyə qədər mən də bilmirəm ki, bu biganəlik nədən qaynaqlanırdı. O, Azərbaycan dövlətinə, dövlətçiliyinə çox sadiq insan idi. Bir şeyi bilirəm ki, bizim tamaşalara həm iqtidar həm də müxalifət nümayəndələri tez- tez gəlib baxırdılar. Hüseynaga müəllim heç bir partiyanın üzvi deyildi və olmaq arzusunda da deyildi. Bundan istifadə eləyib, bəzi natəmiz adamlar onun haqqında Mədəniyyət Nazirliyinə yalan məlumatlar ötürürdülər. Şükür ki, artıq həmin adamlar Mədəniyyət Nazirliyindən uzaqlaşdırılıb. Buna görə mən, şəxsən öz adımdan cənab Əbülfəs Qarayevə təşkkürümü bildirirəm ki, belə natamiz adamları Mədəniyyət Nazirliyindən uzaqlaşdırdı. Hüseynaöa Atakişiyev haqqında Mədəniyyət Nazirliyinə ötürülən yalan məlumatlardan o da çox əsəbləşirdi və çalışardı ki, nazirliyin keçirdiyi tədbirlərdə az -az görünsün. Onlar isə bunu saymamazlıq kimi qəbul edirdilər.

Əslində belə götürəndə mən deməzdim ki, nazirlik onu tam kölgədə qoymuşdu, xeyir bütövlükdə belə deyildi. Çünki, o, maraqlı tamaşalarhazırlayırdı və respublika mətbuatında da həmin tamaşalar haqqında maraqlı ressenziyalar yazılırdı. Məhz buna görə də nazirlik istəsə də- istəməsə də onu tərifləməyə məcbur idi. Bir dəfə isə onu təcili nazirliyə çagırdılar. Getdi və bir saat sonra qayıdıb gəldi. Dedi ki, ikimizin də sənədlərimizi təcili hazırla və nazirliyə göndər. Məni Milli Akademik Dram Teatra bədii rəhbər -direktor, sən isə sərəncamçı direktor təyin etmək istəyirlər. Gənclər Teatrı isə orda bir Teatr-Studiya kimi fəaliyyət göstərəcək. Mən təcili sənədləri hazırlayıb göndərdim Mədəniyyət Nazirliyinə. Aradan bir həftə keçmiş bir acı hadisə baş verdi və bu təyinatları saxladılar. Sonralar onu Dövlət Gənc Tamaşaçılar Teatrına rəhbərlik etməyə dəvət etdilər, amma ora getməkdən imtina etdi.

-Niyə Yuq Teatrı, Bələdiyyə Teatı yox, məhz Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatr, Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi?

-Hüseynaga müəllim rəhmətə gedəndən sonra mən üç il direktor işlədim. Rəhman Əlizadə isə baş rejissor işləyirdi. Mənə bir gün yuxarıdan (adının çəkilməsini istəmirəm) dedilər ki, bir halda ki, o teatrı Hüsenaga müəllim yaradıb və onun yaradıcılıgını heç kim davam etdirə bilməz ona görə bu teatr hökmən baglanmalıdır. Təbii ki, burda qəsd-qərəzlik də duyulurdu. Çünki Hüseynağa Atakişiyev dünyasını dəyişəndən sonra həmin üç ildə teatr çox yaxşı işləyirdi. Rəhman Əlizadə də, siz də çox maraqlı tamaşalar hazırlayırdınız. Həmişə də tamaşalar oynayırdıq. Həmin adam israrla deyirdi: “Azərbaycan teatr aləmində bir şəxs tərəfindən yaradılan teatr həmin şəxsin ölmündən sonra hökmən baglamalıdır. Bu aiddir Yug Teatrına. Bu aiddir Pantomim Teatrına və sairə”. Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyində olmadıgı üçün baglaya bilmədilər.Yug Teatrının rəhbəri Vaqif İbrahimoğlu dünyasını dəyişdi. Amma görürsünüz ki, teatr işləyir və maraqlı tamaşalar da hazırlayır. Deməli, kimlərsə bu teatrı müdafiə eləyir ki, bağlaya bilmirlər... Yenə deyirəm. Bu məsələni hara çevrirsən, görürsən ki, Dövlət Gənclər Teatrına qarşı böyük qərəzçilik olub. Hər şeyin də zamana ehtiyacı var. Zaman gələnədə hər şey öz yerini tapacaq... Bu işi kimlərin elədiyi də məlum olacaq. Əlbəttə, biz bilirik ki, bu teatrın bağlanmasında kimlərin əli olub. Zamanı gələndə deyəcəyik...

-Niyə Dövlət Gənclər Teatrının bir tamaşası belə üç teatrın repertuarı formalaşanda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarna daxil edilmədi?

-Aydın məsələdir. Biz birləşən dövrdə Dövlət Gənclər Teatrının repertuarı çox yüksək səviyyədə idi. Repertuarımızda çox sanballı tamaşalar vardı. Ona görə Dövlət Gənc Tamaşaçılar Teatrı və Kamera Teatrı razı olmazdı ki, Dövlət Gənclər Teatrı gəlib orda onları hər tərəfli cəhətdən üstələsin. Ona görə də müxtəlif vasitələrlə qabagını aldılar və bizim bir tamaşamızın belə repertuara düşməsinə imkan vermədilər... Ən dəhşətlisi bu oldu ki, Mədəniyyət Nazirliyi də onlarla hesablaşdı... Elə bil ki, 20 il bir-birindən maraqlı 200-ə qədər tamaşa hazırlayan Dövlət Gənclər Teatrı adlı bir teatr olmamışdı. Sadəcə bu teatrın aktyorları gəlib, həmin iki teatrın tamaşalarında kiçik epizod rollar və kütləvi səhnələrdə çıxış etməyə başladılar. Siz, həmin vaxtlar Dövlət Gənclər Teatrının quruluşçu rejissoru kimi, Mədəniyyət naziri cənab Əbülfəs Qarayevə məktublar yazsanız da, sizin məktublara da heç bir müsbət cavab verimədi... Hətta Mədəniyyət Nazirliyində işləyən bəzi səlahiyyətli adamlar həmin məktubların Əbülfəs Qarayevə verilməsinin belə qarşısını çox ustalıqla aldılar. Bax budur haqsızlıq.

-Siz istərdinizmi ki, Hüseynağa Atakişiyevin ruhunu yaşatmaq üçün onun yaratdığı Dövlət Gənclər Teatrı ayrılıb, yenidən müstəqil teatr olsun?

-Bu çox çətin bir məsələdi. Artıq həmin vaxtdan 10 il keçib. Hüseynaga müəllim yoxdur, aktyorların bəziləri dünyasını dəyişib, bəziləri əvvəlki formadan çox uzaqdırlar. Ona görə də bu məsələnin müsbət həll olunmasına qeyri real baxıram. Amma Hüseynaga Atakişiyevin adının əbədiləşdirilməsi üçün nəyəsə nail olmaq daha önəmlidir. Heç olmasa Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı onun 70 illik yubileyini keçirsin. Onun adını əbədiləşdirsin. Yaşadığı evə lövhə vurulsun. Bakıda bir küçəyə onun adı verilsin. Bu da onun ruhuna bir töhvə olar.
Təkcə bir şeyə təəssüf edirəm ki, onun kimi dahi bir insan, daha bu dünyaya gəlməyəcək. O, həm dahi rejissor, həm gözəl insan , həm yaxşı və təmənnasız dost idi. Azərbaycanı isə öz canı qədər sevirdi

 

Hüseynağa Atakişiyev.

Ağalar İDRİSOĞLU

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !