Öz itimizdir... - -Fazil GÜNEY yazır

Öz itimizdir... -Fazil GÜNEY yazır

 Bütün idarə şoka düşdü, Xıdıır müəllimlə çox sevimli bacısıoğlu bərk küsüşüblər. Özü də nə üstə? İdarənin itinə görə. Hər qurumun, ərəbcə desək, hər təşkilatın ən azı bir, ya da bir neçə iti olur. Burada isə neçə illərdi tək bir it vardı və onun yerini tutmaq istəyənləri qapıb, zədələyib yaxına buraxmırdı. Elə düşünməyin ki, bu it iri pəncəli, geniş sinəli, uzunboylu idi. Yox, müşəmbəyə oxşayırdı. Balaca sifətinə uyuşmayan qalın, iri qaşları altından işıldayan pırtlaq dəmbə gözlərində, əsasən iki ifadə olurdu: məkr və yaltaqlıq. Tək-tük hallarda rəisləri güləndə sifətində gülüşəbənzər ifadə oynayırdı. Gülməyi bacarmırdı. Axı itlər gülmürlər.. . Şəxsən mən çoxları kimi vəfalı heyvan olan itləri sevirəm. Və dalaşan adamların nəyə görə bir-birini “it” adlandırmasını bu idarədə işləyənədək anlamırdım. Komendant vəzifəsini daşıyan, hara gəldi burnunu soxan Dəmbəgöz ayamalı bu Dəmbəgözü gördükdən sonra belələrinə nəyə görə “it” ayaması verildiyini anladım. Dəmbəgöz itlik elədiyi, xaltası əlində olan yiyəsi kimin üstünə fısqırtsaydı, cummalıydı. Hətta rəisin idarənin itini bacıoğlusunun da üstünə salmasını düşünənlər də vardı. Amma onlar yanılırdılar. Xıdır müəllim bacısıoğlunu çox istəyirdi. İdarənin giriş-çıxışında, dəhlizlərində bacıoğlunu görən vəzifəli, vəzifəsiz işçilərin hamısı diksinib özünü yığışdırırdı: elə bilirdilər ki, gələn Xıdır rəisdir. Ancaq boyları və yaşları dayı ilə bacıoğlunu fərqləndirirdi. Bir sözlə, Xıdır müəllimlə Uğuru görən hər kəsin ağlından bu atalar sözü keçirdi: igid oğul dayısına oxşar. İgid deyəndə, Uğur xaricdə uğurla oxuyub gəlməkdən başqa bir igidlik eləməmişdi. Amma Xıdır müəllim igid adamdı, həmişə üzdə olmuş, vəzifə tutmuş, pula pul deməmişdi, istər sovet dönəmində olsun, istərsə də müstəqillik dövründə, fərqi yoxdu. Bəs onda nəyə görə deyirdilər ki, Uğur dayısına oxşayır?!
Məsələ bundaydı ki, bacıoğlunun qaş-gözü, sir-sifəti, yerişi-duruşu, bir sözlə, boydan başqa görünən hər şeyi dayısınınkıydı. Xıdır müəllim cocuq yaşlarından sevdiyi bacısıoğluyla qürrələnirdi. Axı kim bu qədər özünə oxşayan qohumunu sevməz? Boy fərqinə gələndə Xıdır müəllim deyərdi: “Neyləməli, bizim uşaqlığımız faşistlərlə (erməni yox, alman faşistləri nəzərdə tutulur – red.) müharibədən sonrakı qıtlıq illərinə düşdü, çox aclıq çəkirdik.”
Uğur cocuq yaşlarından həmişə ona hədiyyələr alan dayısı ilə fəxr edirdi. Balaca vaxtı ondan soruşanda ki, böyüyəndə kim olacaqsan, şəstlə deyərdi: Dayım olacam.
Dayı Moskvada oxumuşdu, bacıoğlu Türkiyədə. Hər yay tətilinə gələndə dayısı onu anası ilə qonaq çağırır, bacıoğlunun cibinə mincə dollar basırdı.
Oxumağını bitirib Vətənə döndükdən sonra üç-dörd dil bilən Uğur əsl müəllim atasıyla ixtisası üzrə iş axtarırdı. Atasının tanış-bilişlərinin yanına getdilər, CV-sini yerli, əcnəbi qurumlara göndərdi. Amma onu yaxına buraxmadılar. Bu dəfə anası özünü qabağa verdi, qardaşının yanına gəldi, doluxsunub gileyləndi:
- Qardaş, heç öz oğlanların bacıoğlu qədər sənə oxşamır... İş tapmasa, gözümüzün ağı-qarası tək oğlum çıxıb gedəcək xaricə.
- Niyə qabaqcadan yanıma gəlmədi? Onun əfəl atası iş tapandı? – deyə kürəkəni ilə arası olmayan qardaş bacısının üstünə çımxırdı, - Qoy, sabah gəlsin yanıma.
Ertəsi gün Xıdır müəllim idarənin öz maliyyə imkanları ilə yeni bir şöbə açdı, adını da qoydu xarici əlaqələr şöbəsi. Söz-söhbət olmasın deyə, ümumi qayda ilə bacıoğlunu sınaq müddətinə işə götürdü. Gerçəkdən idarənin belə bir şöbəyə ehtiyacı vardı.
Bir neçə dil bilən Uğur qısa sürədə işi mənimsədi, idarəyə təzə ab-hava gətirdi. Xıdır müəllim keyfinin saz vaxtında katibəsinə göstəriş verdi ki, xarici şöbənin müdirini yanına çağırsın.
Beş dəqiqə keçməmiş Uğur içəri girdi, uzun qəbul masasının aşağı qırağında durub dedi:
- Cənab rəis, sizin çağırışınızla gəlmişəm.
Xıdır müəllim qımışdı:
- Lap yaxşı! İşlə bağlı balaca söhbətim var. Bə niyə oturmursan?
- Əyləş demədiniz. İznsiz necə otura bilərəm?
- Ay bərəkallah! Düz eləyirsən. Bax, işçilərin yanında mən sənin rəisinəm, amma təkbətək görüşəndə, dayınam, - sonra mətləbə keçdi, - Malades, sorağın yaxşı gəlir, sınaq müddətində özünü dayına layiq göstərirsən. Çalış hamıynan mehriban ol, heç kimin işinə qarışma. Amma gözün hər şeyi görməlidir, qulağın hər şeyi eşitməlidir. Sən burda həm də mənim gözümsən, qulağımsan, yeri gələndə vuran əlimsən. İşə girməyin münasibətilə təbrik edirəm. Di get evdəkiləri muştuluqla.
Bu səmimi söhbətdən bir həftə sonra Uğur katibədən izn alıb, dayısının kabinetinə girdi.
- Hə, bacıoğlu, eşidirəm.
- Dayı, eşitdiyim, müşahidə etdiyim bir neçə məlumatı sizə çatdırmaq istəyirəm.
Yerindən dikələn Xıdır rəisin gözləri parladı:
- Ay bərəkallah, bacıoğlu, de gəlsin.
- Dayı, bəzi qulluqçular vətəndaşları incidir, rüşvət almaq üçün get-gələ salırlar, idarənin, şəxsən sizin adınıza ləkə gətirirlər.
- Kimdir onlar?
Uğur konkret adlar çəkdi, faktlar göstərdi.
Xıdır müəllim Uğurun gözlədiyi sərt reaksiyanı vermədi. Təsbehini üç dəfə çevirib dilləndi:
- Xəbərim var, bacıoğlu, bunu bil ki, bizim adamlar işi düzələndə hörmət eləməyi, şirinlik verməyi özlərinə borc sanırlar. Bu, artıq adət-ənənə şəklini alıbdır. Burası da var ki, quru maaşla dolanmaq çox çətindir. Amma vətəndaşları incitmək, zorla şirinlik verməyə məcbur etmək olmaz. Buna yol verənləri cəza gözləyir.
Bir qurtum su içən Xıdır müəllim səsini alçaldıb söhbəti dəyişdi:
- Bacıoğlu, yaxşı eləyib gəldin, bəzi mətləbləri mənə anlatdın, konkret adlar çəkdin. Hər şeyin öz vaxtı, öz məqamı var. Yaxşı, indi get işinlə məşğul ol. Unutma ki, dayının hər yerdə gözü, qulağı var.
İşin sonuna yaxın Xıdır müəllim bacıoğlunun adlarını çəkdiyi şöbə müdirlərini yanına çağırıb danladı:
- Hər şeyi sizə etibar eləmişəm, amma çox kobud işləyirsiniz, qulağıma rüşvət söz-söhbəti çatır. Ermənilərin, yəhudilərin iş üsullarından öyrənmək gərəkdir. Aktyor məharəti, zərgər incəliyi ilə işləməyi öyrənin. Elə eləyin ki, elədiklərinizi nə dil bilsin, nə dodaq. Nə göz görsün, nə də qulaq eşitsin, - sonra söhbəti qəfil dəyişdi, - Yeni yaratdığımız şöbə haqqında rəylərinizi eşitmək istəyirəm.
Yekəqarın əməkdaş birinci söz aldı:
- Alqışa layiqdir. Bizimçün əcnəbilərlə işləmək çox çətin idi. Xalqımızın “hörmət eləmək” adətini onlar “rüşvət vermək” təki başa düşürlər. Sizin uzaqgörənlik eləyib, ayrıca şöbə yaratmağınız canımızı qurtardı. Yoxsa xataya düşərdik. Kadr seçiminiz də əladır. Maşallah, bu cavan müdir əcnəbilərlə bülbül kimi ötür, bizim görüb bilmədiyimiz üsullarla işləyir, hamısı razı gedir.
Rəisin zəhmli baxışları üz-gözündən zəhrimar yağan əməkdaşın üzərində dayandıqda, o, yerindən qalxdı:
- Deyilənlərlə razıyam. Amma bir az açıq danışacam. Yeni şöbənin yeni müdirinə bircə iradım var ki, o da köhnə bazara təzə nırx qoymasıdır, şirinlik qəbul eləməməsi bir yana bizə işi düşənlərin nazı ilə oynamasıdır. Bu da gəlirimizi azaldır, tələb etdiyiniz rəqəmi toplamağa qoymur, üstəlik, biz hörmətdən düşürük, adımızı dilənçi qoyurlar. Belə getsə, heş kəs heç nə verməyəcək, dönüb olacağıq Asan xidmət.
Qəfil telefon zəngi toplantını yarımçıq qoydu. Xıdır müəllim təmkinini pozmadan söhbətə tələsik yekun vurdu:
- Məsələ aydındır. Nəzərə alın ki, yeni şöbənin iş üsulu idarəmizin adı üçün lazımdır. Qoy, heç olmasa, biriniz təmiz işləsin, nümunə göstərməyə birisi olsun - sonra gərginliyi azaltmaq üçün zarafata keçib bacıoğluna irad tutanlara irad tutdu:
- Sən çalış az ye, qarnın gələnləri qorxuzur. Sənsə, adamlarla danışanda iriş, yəni, zəhrimar yağan sifətinə xoş ifadə qat.
Amma bu balaca məmurlar çörəyi qulaqlarına yemirdilər. Anlayırdılar ki, rəis idarədən çox özünü sığortalayır, bacısıoğlunun düz işləməsi onun adına yazılır.
Xıdır müəllimə elə gəlirdi ki, bacıoğlunun idarəyə gətirdiyi yenilik bununla bitəcək. Amma zırıltı daldaydı.
Uğur idarədə özündən bir-iki yaş böyük maliyyəçi-iqtisadçı Erkinlə dostluq eləməyə başlamışdı. Xasiyyətləri, həyata, cəmiyyətə baxışları tuturdu. O da əyriliyə, yaltaqlığa, yalana, rüşvətxorluğa və s. bu kimi nəsnələrə dözümsüz idi. Onların dayıları dost idilər və bu dostluğa görə də Xıdır müəllim Erkini işə götürmüşdü, bacıoğluların da dostlaşmasından razıydı. Erkin şöbədə oturub tapşırıqları yerinə yetirirdi, vətəndaşlarla birbaşa işləmirdi və bundan çox məmnun idi, çünki Uğurla dərdləşəndə dediyi kimi, əli rüşvət çirkabına bulaşmırdı, işini düz görüb verirdi şöbə müdirinə, gerisindən xəbərim olmurdu. Amma sən saydığını say, gör fələk nə sayır, deyiblər, Hamıyla məsafə saxlayan, normal münasibətdə olan Erkinə idarənin iti Dəmbəgöz ilişdi. Əslində Erkinin onunla heç bir şəxsi-qərəzliyi yox idi. Sadəcə onun maliyyə hesablarındakı xətaların altından qırmızı xətlər çəkib şöbə müdirinə qaytarmıışdı. Bundan xəbər tutan Dəmbəgöz Erkinin üstünə cummuşdu:
- Alə, mənə ilişirsən?
- Yox, siz mənə ilişirsiniz. Birbaşa mənə sənəd verməyibsiniz ha! Mənim işim müdirimin verdiyi sənədləri yoxlayıb, əyər-əskiyini geri qaytarmaqdır, deyən Erkin itdən uzaq durmağa çalışmışdı.
- Bəyəm, məni tanımırdın?
- Mən sənədlərlə işləyirəm, adamlarla yox.
- Alə, bilmirsən mən kiməm? Bilmirsən ki, mənə sataşanı didib parçalayıram?
- Birincisi, sənə sataşmamışam, xətalarını düzəltmək üçün hesabatını geri qaytarmışam. İkincisi, bəyəm sən itsən ki, didib parçalayasan?
Onların deyişməsini maraqla dinləyən əməkdaşlar Erkinin “bəyəm sən itsən?” sözlərinə gülüşdülər, hətta kimsə “hav-hav” eləyib hürən iti yamsıladı.
Səs-küyə Uğur da otağından çıxmışdı.
- Alə, sən mənə it deyirsən?
- Mən yox, özün özünü it yerinə qoyursan. Ona görə də hamı sənə it deyir.
- İt sənin atandır, itin belindən gəlibsən, - deyən Dəmbəgöz irəli yeriyib Erkinə kəllə də atdı, amma boyu çatmadı, onun sifətinə deyil, sinəsinə dəydi.
Yarım saat keçməmiş Erkini Xıdır müəllimin otağına çağırdılar. Sifəti qapqara qaralmış rəis içəri girən Erkinin üstünə çığırdı:
- Sən hansı cürətlə atan yaşında kişiyə it deyirsən?
- Xıdır müəllim, vallah...
- Vallah-mallah tanımıram. Sənin belə ədəbsiz olduğunu bilmirdim. Ərizəni yaz, ya Allah, şəlpə-şülpəni yığ çıx mənim idarəmdən. Yoxsa əmrlə qovaram.
Əlüstü peyda olan kadrlar bölməsinin müdiri Erkini otağına aparıb ərizəsini aldı, uzağı bir saata əmək kitabçasının hazır olacağını dedi.
Bənizi ağappaq olmuş Erkinin rəisin otağından çıxması ilə Uğurun içəri girməsi bir oldu.
- Hə, nədir, dostunun xahişinə gəlibsən? Mən tüpürdüyümü yalamıram.
- Yox, dayı, sadəcə, baş verənləri olduğu kimi sənə danışmaq üçün gəlmişəm.
Xıdır müəllim özünü ələ aldı, Uğurun şahidi olduğu bu olayı bəzəksiz-düzəksiz danışmasına imkan verdi. Hirsi soyumuş Xıdır müəllim sakit səslə dedi:
- Olanlardan xəbərdaram. Kimin suçu nədir yaxşı bilirəm və artıq qərarımı vermişəm.
- Dayı, axı bu Dəmbəgöz...
- Bacıoğlu mən onun itdən betər olmağını bilirəm. Ancaq o mənim itimdir. Bunu da bilirəm ki, neçə illər yalmandığı keçmiş rəisi işdən gedəndə, onun şəxsi əşyalarnı daşımağa kömək eləməməsi bir yana, heç kişinin öz qaldığı bəzi şeyləri şoferin kabinetindən çıxarmasını qoymayıb ki, bəs bunları inventarlaşdırmışam. Sonrasa hamısını evinə aparıbdır. Deyəcəksən ki, it kimi işçilərin üstünə cumur. Onlardan bəzilərinin üstünə “iti” mən fısqırdıram. Ondan zəhləm getsə də, saxlamağa məcburam. Çünki bu idarəni, onun işçilərini idarə etmək üçün it də lazımdır. Bu ştata kadr tapmaq çox çətindir. İdarə rəisinin iti kimi dolanmaq istəyən gərək vicdansız, namussuz, amansız, yaltaq, xəbərçi kimi özəlliklərə malik olsun, şəxsiyyəti bir qara qəpiyə dəyməsin. Belə özəllikləri kompleks şəkildə özündə cəmləşdirmiş kadrı tapmaq asan iş deyil. Qaldı Erkinin məsələsinə, savadlı, bacarıqlı, təmiz oğlandır. Amma o, mənim itimə daş atdı. Bax, bizim kənddə hər kəs həyətində it saxlayırdı və bu itlər yoldan ötənlərə, çəpərə yaxınlaşanlara hürürdü. Amma it yiyəsini sayıb onu vurmurdular, ötüb keçirdilər, Çünki kiminsə itinə daş atmaq, onun yiyəsini saymamaq təki qəbul edilirdi. Erkin gərək rəisinin, dayısının dostunun itinə daş atmayaydı.
Xıdır müəllim saatına baxıb sözünə yekun vurdu:
- Bacıoğlu, bu həyat dərsidir. Danışdım ki, gələcəkdə vəzifə nərdivanı ilə qalxmaqda sənə kömək eləyər. Di get işinlə məşğul ol.
Dayısının otağından çıxan Uğur iş masasında yır-yığış eləyən Erkinə yaxınlaşdı:
- Gözlə, bir yerdə çıxarıq.
Uğur otağına keçdi, ədəb-ərkanla idarə rəisinin adına öz xahişi ilə işdən çıxmaq haqqında ərizə yazdı, kağız-kuğuzunu çantasına yığdı, ərizəsini kadrlar şöbəsinə verib, onu gözləyən Erkinlə birgə idarədən getdilər...
İndiki cavanlar arasında belə dəymə-düşərlərə də rast gəlinir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !