Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi İslamabad şəhərində ənənəvi xeyriyyəçilik bazarında iştirak etmişdir - (+FOTO=14)

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi İslamabad şəhərində ənənəvi xeyriyyəçilik bazarında iştirak etmişdir (+FOTO=14)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyinin Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyəçilik bazarında iştirak etmişdir.

Xarici dövlətlərin Pakistandakı səfirliklərinin, eyni zamanda yerli şirkətlərin iştirak etdiyi bazarda ölkələrin milli və mədəni dəyərlərinə, mətbəxinə, adət-ənənələrinə, turizm potensialına, iqtisadiyyatına və digər sərvətlərinə dair materiallar sərgiyə çıxarılmışdır.

Tədbirin açılış mərasimini həyata keçirən ali qonaq, Pakistanın birinci xanımı Samina Alvi çıxışında xeyriyyəçilik bazarında ehtiyacı olan insanlara maliyyə yardımı toplamaqla yanaşı, bazarda müşahidə edilən müxtəlifliyin iştirakçı ölkələr arasında harmoniya yaratdığını qeyd etmişdir. “Başqalarının qayğısına qalmaq bizi daha yaxşı insan edir” deyərək, xanım S.Alvi bu “nəcib iş üçün” diplomatik korpusun birgə səylərini yüksək qiymətləndirmişdir. O həmçinin, Qadınlar Assosiasiyasının Pakistanda yoxsulların dəstəyi naminə həyata keçirdiyi xeyriyyəçilik aksiyalarını təqdir etmişdir.

Tədbirdə çıxış edən Pakistanın Xarici İşlər üzrə katibi Soheyl Mahmud diplomatların öz ailələri ilə birgə bu cür xeyriyyə tədbiri üçün əl-ələ verdiyini görməyin ürəkaçan olduğunu bildirmişdir.

Pakistan Xarici İşlər nazirinin həyat yoldaşı xanım Mehrin Qureyşi, Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası prezidenti xanım Maviş Soheyl çıxışlarında təşkilatın 72 illik tarixi boyunca Pakistan diplomatik xidmət orqanlarının imkansız ailələrə yardım etdiyini, bu məqsədlə müxtəlif tədbirlər təşkil etdiyini, bu ilki bazarın “Fərqlilik yarat” (Make a difference) devizi altında təşkil olunduğunu, xeyriyyəçilik məqsədilə yanaşı mədəni müxtəlifliyin təbliğinə xidmət etdiyini diqqətə çatdırmışlar.
Çıxışların ardınca “Ölkələr Paradı”nda da təmsil olunan Azərbaycan Səfirliyi tərəfindən Azərbaycan bayrağı milli geyimimizdə olan diplomatlarımızın övladları tərəfindən səhnəyə gətirilmiş, dalğalandırılmış, həmçinin tədbirin rəsmi açılış mərasimindən sonra təşkil olunan mədəni proqramda Azərbaycanın “Ay qız, sənə mailəm” xalq mahnısı uşaqların rəqsilə tamaşaçılara təqdim olunmuşdur.Tədbirə qatılanlar Azərbaycan Səfirliyinin pavilyonuna böyük maraq göstərmiş və milli musiqimiz alqışlarla qarşılanmışdır.

Azərbaycan Səfirliyinin pavilyonunda Azərbaycan mətbəxinin ləziz nümunələrindən qoğal, şəkərbura, dolmalar, paxlava, qutab, kabab, ayran və sair təamlar, o cümlədən milli çay dəstgahı iştirakçılara təqdim olunmuş, Azərbaycanın milli geyimləri, həmçinin Azərbaycan tarixini və mədəniyyətini təcəssüm etdirən milli suvenirlər, İçəri Şəhəri, Möminə Xatun türbəsini, Qız Qalasını, eləcə də görkəmli şəxsiyyətlərimizi, milli musiqi alətlərini, aşıq sənətini və digər mədəniyyət nümunələrimizi əks etdirən maketlər, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycan-Pakistan əlaqələrindən, Azərbaycanın görkəmli şəxsiyyətlərindən, Azərbaycanın turizm potensialından, sosial-iqtisadi inkişafından, diplomatiyamızın 100 illiyindən və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, jurnallar, fotoşəkillər xeyriyyə bazarında nümayiş etdirilmişdir. Xeyriyyə bazarında səfirliklər arasında zəngin təşkil olunan pavilyonlardan biri olan Azərbaycan pavilyonunu ziyarət etmiş Pakistanın birinci xanımı Samina Alvi və digər rəsmi qonaqlar Azərbaycan təamlarının dadına da baxmış və məmnunluqlarını ifadə etmişlər.

Xeyriyyəçilik bazarında Azərbaycan Səfirliyinin pavilyonundan əldə olunan vəsait yoxsul insanların ehtiyaclarına sərf olunan Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının fonduna təqdim edilmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !