Caninin etirafı kəlbəcərlilərə göstərildi - (+FOTO=13)

“Caninin etirafı” kəlbəcərlilərə göstərildi (+FOTO=13)

 AZpress.AZ xəbər verir ki, az bir vaxtda oxucular arasında böyük maraqla qarşılanan tanınmış yazıçı, ictimai xadim Qənbər Şəmşiroğlunun “Caninin etirafı” romanını müəlliflə birlikdə səhnə üçün şair-publisit, jurnalist Nəriman Ocaqlı və yazıçı-rejissor Ağalar İdrisoğlu səhnələşdiriblər. Beləliklə, “Caninin etirafı” adlı iki hissəli məhəbbət odası pyesini yazıblar.

Bu pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaosa, vətəndaş qırğınına hazırlıq, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olumnasına, hakimiyyət üstündə gedən vuruşa, savadsız, səriştəsiz, özündən müştəbeh adamların hakimiyyətə can atmasına, gəlməsinə, rüşvətin tuğyan elədiyi vaxtlara və buna görə bəzi rəhbər vəzifəli adamların hətta cinayətlərə belə əl atmasına həsr edilib. Çox kəskin, dramatik süjetli bu pyesdə, qımızı xətlə nakam məhəbbət mötivləri də müəllif tərəfindən maraqlı boyalarla, dolğun formada qələmə alınıb. Qızlarımızın səbirsiz olması, öz məhəbbəti, istəyi yolunda vuruşmaması və kənar fitfalara uyub, özlərini məhv etməsi də müəllif tərəfindən çox ustalıqla yazılıb.

Pyesdə hadisələr Çıraqlı rayonunda yeni, Avropa standartlarına uyğun 4 mərtəbəli xəstəxananın tikilişinin sona yetdiyi hadisə ilə başlayır. Çünki bu rayonda ilk dəfədir ki, belə böyük sosial obyek tikilir. Həm də işsizliyin tuğyan elədiyi bu rayonda 280 nəfər üçün bu yeni xəstəxanada iş yerinin açılması da böyük hadisədir. Rayon rəhbərliyi və bu rayonun kuratoru olan yüksək rütbəli adamların da məqsədi həmin 280 nəfərin hər birindən pul alıb, işə götürməkdir. Bunu da xəstəxananın baş həkimi Nadirin vasitəsilə reallaşdırmaq istəyirlər. Amma bu xəstəxana dövlətin büdcəsi hesabına tikildiyinə görə Səhiyyə Nazirliyindən də Nadir həkimə qəti tapşırılıb ki, bütün işçilər təmənnasız işə qəbul olunmalı və burada əsasən də yalnız öz peşəsinin mütəxəssisi olan həkimlər və tibb bacıları işləməlidir. Çünki bu xəstəxana təkcə Çıraqlı camaatına yox, qonşuluqda olan bütün rayonlara da tibbi xidmət göstərməklə, bir növ Regional Diaqnostika Mərkəzi olacaq. Özü natəmiz adam olsa da amma Nadir həkim də Səhiyyə Nazirlyinin qorxusundan adamları işə götürəndə pul ala bilmədiyinə görə ona yuxarı dairələrdən və rayon rəhbərliyi tərəfindən kəskin hücumlar çox olur. Bu hücumların qarısını həmin binanın memarı və binanı tikən inşaat dəstəsinin rəhbəri Aqil Əlizadə, Bakı şəhərindəki yaxın qohumlarının vasitəsilə dəf etməyə çalışır. Bunu görən Qəmişli, Tarixzadə, İba və başqa çirkin əməlli adamlar cinayətə əl atıb, Nadiri öldürtdürürlər və bu cinayəti də zorla Aqil Əlizadənin boynuna qoyub, onu 14 il azadlıqdan məhrum etdirirlər.

Bu vaxt xalqın istəyi və böyük təkidi ilə dahi rəhbər Heydər Əliyev ikinci dəfə hakimyyətə gəlir və belə çikin əməllərlə rayolara rəhbərlik edənləri vəzifələrindən uzaqlaşdırır. Çıraqlı rayonuna rəhbərlik edənlər və bu raynun güc strukturları haqqında da cinayət işi qaldırılır. Bu vaxt Nadiri qətlə yetirənlərdən biri və arvadını, onun oynaşını öldürərək ömürlük həbs olunan Əngəl Əvəzin vicdanı dilə gəlir. O, başa düşür ki, heç bir cinayəti olayan Aqilin həbs olunmasının əsl günahkarlarından biri o, özüdür. Məhz buna görə də məktub yazıb Respublikanın Baş prokuroruna və Respublika Cinayət Axtarışları İdarəsinə göndərir. Bu işdə əsl günahkarların da kim olduğunu etiraf eləyir. Bundan sonra həmin dəhşətli hadisə bir də yoxlanılır. Məlum olur ki, Aqilin heç bir günahı yoxdur. Nadiri Əngəl Əvəz, İbo və onun yaxın qohumu Qasım Məmmədov qətlə yetiriblər. Beləliklə, Aqil iki il səkkiz aydan sonra azad olunur və əsl cinayətkarlar cəzalanırlar. İbo 13 il, Qasım Məmmədov 14 il azadlıqdan məhrum olunurlar. Aqil həbs olunan vaxtı onu sevən Gülcan kənar qüvvələrin felinə uyaraq, Aqilin həbsxanadan çıxmasını gözləmədən anasının uzaq qohumu Şərbət adlı, dilli-dilavər, yaxşı gitara çalıb, mahnılar oxuyan, amma əyyaş bir oğlanla nişalanıb. Gülcan da elə ilk günlərdən səhv etdiyini başa düşür. Aqil həbsdən azad olunandan sonra isə o, daha çox peşiman olur. Beləliklə, Gülcan, Şərbətin qısqanclığına, təhqirlərinə və onu döyməsinə dözməyib özünə qəsd edib, zəhər içərək özünü öldürür...

Tamaşa faciəli notlarla bitsə də, yüksək dramatik epizodlar, maraqlı, xarakterik obrazlar tamaşanı daha baxımlı edir. Pyes yüksək tərbiyəvi əhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halları, 1988-1993-cü illərin xaosunu göstərməklə böyük tamaşaçı marağına səbəb olub. Bunu biz Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon camaatının qarşısında Mingəçevir Dövlət Dram Teatrının kollektivi çıxış edən vaxt bir daha gördük. Noyabr ayında baş tutan bu tamaşaya kəlbəcərlilər çox maraqla tamaşa etdilər. Demək olar ki, tamaşanın hər bir epizodu sürəkli alqışlarla qarşılanırdı. Çünki Qənbər Şəmşiroğlunun “Caninin etirafı” romanı kəlbəcərlilər tərəfindən ən çox oxunan əsərlərindən biridir. Onlar bu əsəri demək olar ki, əzbər bilirlər. Baxmayaraq ki, bu tamaşa fasiləsiz 2 saat 30 dəqiqə göstərildi, amma beş yüz yerlik tamaşaçı zalında hamı öz yerində oturub, bu maraqlı səhnə əsərinin necə sonluqla bitəcəyini səbirsizliklə gözləyirdilər.

Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, musiqi tərtibatçısı Elnur Rəsulov, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistenti Məlahət Ağayevadır. Tamaşada- Xalq artisti Ella Yaqubova, Əməkdar artistlər Akif Mirabov, Şıxı Yaqubov, aktyorlar Təvəkkül Yaqubov, Nəsibxan Əliyev, Qabil İbrahimli, Aydın Quliyev, Elmira İbrahimova, Ruhəngiz Abdullayeva, Afət Əliyeva, Asim Məmmədov, Firuz Hacıyev, Məlahət Ağayeva, Könül Hacıyeva, Fəridə Məmmədova, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Vüsalə Qulyeva, Paşa Salmanov, İlqar Rəhimov, Hüseyn Mustafayev, Turqut Məsimli, Eyvaz Əlyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəlyev və ümumilikdə 25 aktyorun oynadıqları obrazları tamaşaçılar sonda böyük sürəkli alqışlarla qarşıladılar. Çünki teatr kollektivinin böyük coşqu ilə, maraqla qatıldığı, aktyorların, aktrisaların böyük həvəslə oynadıqları “Caninin etirafı” iki hissəsi məhəbbət odası tamaşası bir daha Mingəçevir Dövlət Dram Teatrı kollektivinin yüksək peşəkar kollektiv olduğunu sübut elədi. Çünki Əməkdar incəsənət xadimi, quruluşçu rejissor Ağalar İdrisoğlu tərəfində verilən maraqlı mizanlar, səhnənin yaxşı tərtibatı, bəstəkar tərəfindən yazılan, səs rejissoru Elnur Rəsulov tərəfin seçilən musiqilər və aktyorların oynadığı rolları obrazlar səviyyəsinə qaldırması, maraqlı xarakterlər tapması yuxarıdakı fikiri qətiyyətlə deməyə bizə əsas verir.
Tamaşadan sonra bu əsəri səhnələşdirənlər- Nəriman Ocaqlı, Ağalar İdrisoğlu və Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı, dəyərli ziyalı, yüksək təşkilatçı insan, ədəbiyyatın, incəsənətin yaxşı bilicisi Aqil Məmmədov çıxış edərək, həmin xaos illərinin faciələrini bir daha yada saldılar.

Aqil Məmmədov vurğuladı ki, “bu tamaşa vaxtında hazırlanan bir tamaşadır. Çünki burada 1988-1993-cü illərin xaosu çox maraqlı boyalarla göstərilir. Bu hadisələrə də baxanda bir daha görürük ki, əgər ulu öndər, dahi rəhbər Heydər Əliyev həmin vaxtı hakimiyyətə gəlməsəydi hökmən vətənədaş müharibəsi baş verəcəkdi. Həm də indi Azərbaycan adlı ölkə olmayacaqdı”.

Nəriman Ocaqlı və Ağalar İdrisoğlu da bu gün ölkə başçımız cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətə özlərinin müsbət fikirlərini bildirib və xalqın firavanlığı yolunda görülən işlər haqqında maraqlı fikirlər dedilər. Eləcə də separatçı qüvvələrin, xarici ölkələrdən maliyələşən dönüklərin yenidən xalqı vətəndaş qırğınına çağırmasını kəskin pislədilər. Natiqlər onu da vurğuladılar ki, “Caninin etirafı” tamaşası bu gün ölkə başçımızın apardığı siyasətin səhnə variantıdır. Buarada ulu öndər Heydər Əliyevin və bugünkü Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin apardığı siyasət tamaşa boyu yüksək səviyyədə təbliğ olunur. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə gəlişilə çoxlu qara qüvvələr vəzifədən azad olundu. Cinayəti olanlar isə məhkəmə qarşısında dayandılar. Günahı olmayıb həbs olunanlar isə azad olundular. Beləliklə, haqq öz yerini tapdı.

Əsərin ssenari müəlliflərindən biri və tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu sonda Kəlbəcərlə bağlı maraqlı, xoş xatirələrini danışdı və onu da vurğuladı ki, “gün o gün olsun ki, biz bu tamaşanı işğal olunmuş torpaqlarımızda- Kəlbəcərdə, Laçında, Şuşada, Xankəndində, Xocavənddə, Ağdərədə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Ağdamda və bütövlüklə Qarabağda oynayaq”. Onun bu sözləri tamaşaçılar tərəfindən çox sürəkli alqışlarla qarşılandı. Çünki bu sözlər hamının ürəyincə idi. Axı hamı doğma yurdlara qayıtmağı səbirsizliklə gözləyirlər. Biz, inanırıq ki, həmin günlər heç də uzaqda deyil.

 

Könül AHƏNGARİ

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !