Aktrisa və müğənnilər arasında ajiotaj: - kimlər deputat olmağa hazırlaşır?(+FOTO=5)

Aktrisa və müğənnilər arasında ajiotaj: kimlər deputat olmağa hazırlaşır?(+FOTO=5)

 Xəbər verdiyimiz kimi, bu gün parlamentdə növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı ölkə prezidentinə müraciət qəbul olunub. Beləliklə, ölkədə tezliklə parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bu ərəfədə xeyli sayda aktrisa və müğənni deputatlığa namizəd olacağını açıqlayıb.

Onlardan biri açıq-saçıq geyimləri, cəsarətli açıqlamaları və obrazları ilə tez-tez gündəmə gələn aparıcı-aktısa Könül Yusifqızıdır.

O, ötən gün sosial şəbəkədə bu barədə qeyd edib: “Dostlar hazırlaşın, deputatlığa namizədliyimi irəli sürürəm. Varmı dəstəkləyənlər?”

Daha sonra mətbuata danışan Könül Yusifqızı tam ciddi şəkildə deputatlığa namizəd olacağını açıqlayıb. Bununla belə, aparıcı-aktrisa deputat seçiləcəyinə gümanının az olduğunu da deyib.

Növbədənkənar parlament seçkiləri ilə bağlı məsələ ortalığa çıxar-çıxmaz xalq artisti Afaq Bəşirqızının deputat olması ilə bağlı sosial şəbəkələrdə kampaniya başladılıb. Belə ki, məşhurlar xalq artistinin fotosunu paylaşaraq, onu millət vəkili kimi görmək istədiklərini qeyd ediblər. Bu cür dəstək xüsusən müğənnilərdən gəlib.

 

Məsələn, müğənni Xumar Qədimova xalq artistinin fotosunu paylaşaraq, yazıb: “Afaq Bəşirqızını millət vəkili görmək istəyirəm. Sizi də ona dəstək olmağa çağırıram. Çünki o, xalqdan gələndir, özümüzdür”.

Müğənni Vasif Məhərrəmli isə qeyd edib: “Bilmirəm, yazılanlar nə qədər həqiqətə uyğundur. Amma bilirəm ki, çoxdan bu xalqın sizin kimi dürüst qərəzsiz, ədalətli, millətini, dövlətini sevən birinə ehtiyacı var. Sizin əməlləriniz göstərir ki, siz xalqın vəkili kimi Milli Məclisdə bizi təmsil etməyə layiqsiniz”.

Müğənni Ülvi Qılınc da Afaq Bəşirqızının fotosunu paylaşaraq, onu millət vəkili görmək istədiyini yazıb: “Afaq Bəşirqızını millət vəkili görmək istəyirəm. Çünki o, xalqın sözünü deyəndir”.

Xalq artistinə dəstək olan məşhurlardan biri də əməkdar artist Elza Seyidcahandır. O, isə qeyd edib: “Əlbəttə ki, Afaq xanıma hamımız səs verərik. Çox istəyərik ki, millət vəkili seçilsin”.

Xalq artisti Afaq Bəşirqızı isə bununla bağlı suala cavab verərkən bildirib ki, hələlik namizdəliyini irəli sürmək barəsində düşünmür.

Qeyd edək ki, əməkdar artist Elza Seyidcahan musavat.com-a açıqlamasında bu il də namizdəliyini irəli sürəcəyini deyib: “Deputat olmağa çoxdan qollarımı çırmalayıb, hazıram. Azərbaycanda baş verən bütün siyasi hadisələrə, o cümlədən aprel döyüşlərinə, 20 Yanvar, Xocalı faciələrinə həsr olunmuş şeir və mahnılarım var. Necə deyərlər, papağım başımda, külüngüm əlimdə, hər zaman deputat olmağa hazıram.

Bundan əvvəl 2015-ci ildə namizədliyimi irəli sürdüm. Bildiyiniz kimi, şüarım belə idi: “Nə tez, nə gec, tam zamanında gəldim”. Çox xoşbəxtəm ki, bu yolu getdim. Həmin vaxt əksəriyyət mənə bildirdi ki, bəli, Elza xanım bu yola layiqdir. Şükürlər olsun ki, Allah mənə ağıl, məntiq verib, şəxsiyyətim formalaşıb.

Millət vəkili borcludur ki, ölkə rəhbərliyinin xalq üçün etdiyini xalqa çatdırsın, xalqını, millətini sevsin. Mən xalqımı sevirəm və halal zəhmətim, sevgim ilə onları ruhlandırıram.

Mənim müəllimim Arif Məlikov da zamanında millət vəkili olub. Hazırda Zeynəb Xanlarova da parlamentdədir. İstərdim ki, mən də bir sənətkar kimi deputat seçilim, millətimə, xalqıma layiqincə xidmət edim”.

Xatırladaq ki, əməkdar artist ilk dəfə olaraq 2015-ci ildə parlament seçkilərində namizdəliyini irəli sürmüşdü. Lakin onun bu istəyi həyata keçməmişdi.

Xalq artisti Faiq Ağayev də bu günlərdə verilişlərin birində deputat olmaq arzusundan söz açıb: “Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Bir az zaman keçməlidir. Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlərimiz mənə dəstək versə, təbii ki, daxilimdə potensial görürəm. Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət”.

Prodüser Tarix Əliyev (Tolik) də deputatlığa namizəd olmaq istədiyini açıqlayıb. Belə ki, prodüser də sosial şəbəkədə bu barədə izləyicilərinə sual ünvanlayıb: “Sizcə seçkilərdə iştirak edimmi?”

Əksər izləyicilər onun bu müraciətinə müsbət rəy bildirib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !