Özbəkistanın hakimiyyət nümayəndələrinin Lənkəran rayonuna səfəri başlayıb. - -FOTO=4

Özbəkistanın hakimiyyət nümayəndələrinin Lənkəran rayonuna səfəri başlayıb. -FOTO=4

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan və Özbəkistanın regionları arasında əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin yaradılması layihəsi həyata keçirilir.
Bununla əlaqədar əldə olunmuş razılığa əsasən Özbəkistanın Buxara Vilayətinin hakimiyyət nümayəndələrinin, habelə Vilayətin mədəniyyət kollektivindən ibarət nümayəndə heyətinin cari ilin 5-10 dekabr tarixlərində Azərbaycanın Lənkəran şəhərinə səfəri reallaşdırılır.
Layihəyə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistan Nazirlər Kabinetinin yanında Xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitə müvafiq dəstək göstərir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə səfər zamanı Lənkəran və Buxara şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin icrası, gələcəkdə bu barədə müvafiq müqavilənin imzalanması, tərəflər arasında elm, mədəniyyət, turizm, təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi, əməkdaşlığın genişləndirilməsinə dair görüşlərin, müzakirələrin keçirilməsi nəzərdə tutulub.
Səfərdə Buxara Vilayət Hakiminin (rəhbəri) müavini Voxid Niyozov, Vilayət Mədəniyyət İdarəsinin rəhbərinin müavini Qolibcon Barotov, Vilayət Dövlət Filarmoniyasının rəhbəri Rauf Avezov və bir sıra mədəniyyət xadimləri, musiqiçilər iştirak edirlər.
Bundan başqa, nümayəndə heyətinin tərkibində Özbəkistan Nazirlər Kabinetinin yanında Xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekov, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun səfərdə iştirak edirlər.
Nümayəndə heyətində Buxara Vilayəti Dövlət Filarmoniyasının musiqi kollektivi (müğənni, musiqiçi, rəqqasələr) iştirak edir. Bununla əlaqədar Lənkəran şəhər Mədəniyyət Sarayında bir gün “Özbək mədəniyyəti və incəsənəti günü” keçiriləcək. Bu münasibətlə Mədəniyyət sarayında ənənəvi Özbək sənətinə dair əl işləri, suvenirlərin sərgisi nümayiş olunacaq, Sarayın zalında isə xüsusi bədii proqramda Özbək mədəniyyəti, musiqisinə dair çoxsaylı çıxışlar təqdim ediləcəkdir.
Özbəkistandan olan nümayəndə heyəti, Buxara Vilayətinin hakimiyyət nümayəndələri ilə Lənkəran rayon İcra Hakimiyyətində görüş keçiriləcək və qonaqların rayonun, habelə cənub bölgəsinin görməli məkanları, tarixi abidələri, turizm məkanları ilə tanışlıq nəzərdə tutulub.
Qeyd edək ki, Sovet dövründə Azərbaycanda keçirilən “Özbəkistan ədəbiyyatı və incəsənəti günləri” çərçivəsində Özbək ədəbiyyatı və mədəniyyətinin nümayəndələri Lənkəran şəhərində olaraq çoxsaylı görüşlər keçiriblər, səfər zamanı Özbəkistanın xalq şairi Zülfiyəyə Azərbaycanın Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !