«Şairlə bir görüş…» - -FOTO=22

«Şairlə bir görüş…» -FOTO=22

XX əsrin ikinci yarısı XXI əsrin əvvəllərində Azərbaycan poeziyasını Nəriman Həsənzadəsiz təsəvvür etmək qeyri-mümkündür. Lirikasında kövrəklik, həzinlik onu milyonlarla oxucunun sevimlisinə çevirmişdir. Bu gün Nəriman Həsənzadə ilə ünsiyyətdə olmaq onun vurğununun istəyidir. Nəriman müəllimin özünün dediyi kimi

Şairlə bir görüş, ya adi söhbət
Allaha xidmətdir, bəndəyə hörmət.

Bu günlər Bakı Anadolu Türk Liseyində görkəmli söz ustası ilə keçirilən görüş də bu arzunun, amalın təzahürü idi.
Görüşdə liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülər Abdullayeva şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Ədəbi-bədii kompozisiya şəklində hazırlanmış tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfirinin eyetim müşaviri Nihat Böyükbaş, liseyin müdiri Nurullah Feyzi Yazıçı ilə yanaşı, şairin qələm dostları Aqşin Ağkəmərli, Atababa İsmayıloğlu, Acan Hacısoy, Tehranda nəşr olunan «Xudafərin» jurnalının redaktoru Hüseyn Şərqi, eləcə də tədris ocağının digər müəllimləri iştirak edirdilər. Onlar Nəriman Həsənzadə lirikasının səmimiliyindən, dramaturgiyasındakı vətənpərvərlikdən, nəsrinin, publisistikasının şairənəliyindən söhbət açdılar. Məclisdə qeyd olundu ki, Nəriman Həsənzadə, eyni zamanda bacarıqlı pedaqoqdur. Vaxtilə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərən şair bu gün Milli Aviasiya Akademiyasında humanitar fənlər kafedrasının müdiridir. O da qeyd olundu ki, mahnıları dünyanı dolaşan söz ustasının kitabları neçə-neçə xarici ölkədə işıq üzü görüb.
Liseyin müəllimləri Serkan Ünün və Ali Aközün ifasında Nəriman müəllimin şeirlərinə yazılmış mahnılar dinlənildi, şagirdlər Nəriman Həsənzadənin şeirlərini söylədilər.
Görüşdə tədbirin iştirakçılarına təşəkkürünü bildirən Nəriman Həsənzadə keşməkeşli ömür yolundan, sənət aləmində çəkdiyi əzablardan söhbət açdı.
Məclisin sonunda liseyin müdiri Nurullah Feyzi Yazıçı görüşə gəldiyi üçün şairə təşəkkür ödülünü təqdim etdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !