DİN-dən dəhşətli işgəncələrə məruz qalan azyaşlılarla bağlı - RƏSMİ AÇIQLAMA - VİDEO

DİN-dən dəhşətli işgəncələrə məruz qalan azyaşlılarla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bakıda qadının ögey övladlarına işgəncə verməsi faktı prokurorıluq tərəfindən araşdırılır.
Bu barədə Baş Prokurorlıuğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook səhifəsində məlumat paylaşıb.
Məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb.
Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb. 

                                                                                            ***

Daxili İşlər Nazirliyi (DİN) Bakıda azyaşlıların valdeyn işgəncəsinə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib.
AZpress.AZ xəbər verir ki, nazirliyin mətbuat xidmətini rəis müavini Orxan Mansurzadə APA-ya açıqlamasında qeyd edib ki, Ağcabədi sakini olan Tərgül İbrahimova DİN-in “102 xidməti”nə zəng edərək mərhum bacısının paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan azyaşlı övladları Qulu və Hüseynin ataları Xəqani Əkbərov və ögey anaları Nuranə Əkbərova tərəfindən işgəncələrə məruz qaldığını bildirib.
Daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılıb. Tərəflərin izahatları alınıb, hər iki azyaşlının aldıqları bədən xəsarətlərinin ağırlıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib. Məhkəmə-tibb ekspertizasının rəylərində azyaşlıların müxtəlif vaxtlarda bədənlərinin bir sıra nahiyələrində aldıqları xəsarətlərin sağlamlığa az ağır və yüngül zərər vurmaya aid olduğu müəyyən edilib.
Xəqani Əkbərov və Nuranə Əkbərovanın birlikdə himayələrində olan iki azyaşlıya mütamədi olaraq əzab verməklə xəsarət yetirmələri faktı üzrə toplanmış material cinayət işinin başlanması məsələsinə baxılması üçün Sabunçu rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, sosial şəbəkələrdə N.Əkbərovanın ögey övladlarına işgəncə verməsinə dair məlumatlar yayılıb.

                                                                                            ***

Bakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.
AZpress.AZ report-a istinadən xəbər verir ki, Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
O bildirib ki, faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir: “Bu məlumatdan xəbərdarıq. Bununla bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Sadəcə olaraq, hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək. Ümumiyyətlə, uşaqlara qarşı fiziki, psixoloji və digər zorakılıq növlərindən istifadə etmək yolverilməzdir. Həmin zorakılıq faktları törədən şəxslərin əlindən uşaqların məhkəməyə müraciət edərək alınması məsələsi hər zaman aktual olub. Buna görə də valideynlər və valideyn hüquqlarından istifadə edən şəxslər bu hüquqlarından sui-istifadə etməməlidirlər. Həmin şəxslər fiziki zorakılıq törədəndə və himayəsində olduğu uşağa məsuliyyətsiz yanaşanda məhkəmə qərarına əsasən, öz hüquqlarını itirirlər. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Hadisəni törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Bildirilib ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb. Məlumata görə, uşaqlar hazırda ana babalarının yanındadırlar. Onların atasından alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !