Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanıb - + FOTO=52 (Rüstəm Fərman - AZpress.AZ)

Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanıb + FOTO=52 (Rüstəm Fərman - AZpress.AZ)

 “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə xüsusi tədbir keçirərək yeni Formula 1 mövsümü üçün könüllülərin qeydiyyatına təntənəli şəkildə start verib.

AZpress.AZ xəbər verir ki, Pit binasında yerləşən Paddok Klubda baş tutan tədbirdə BŞH-nin İnsan resursları şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Cinema Plus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə nitq söyləyərək karyera quruculuğuna dair öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Açılış nitqinə təbriklə başlayan İ.Əhmədova çıxışında könüllüləri yeni bilik və bacarıqlar əldə etməyə çağırıb: “Könüllülük mühüm dəyərdir. BŞH Akademiyası hər bir gəncimizə fərdi və peşəkar inkişaf etmək şansı yaradır. Yeni bilik və bacarıqlar əldə etmək gələcək uğurlarınız üçün olduqca əhəmiyyətlidir”.

Daha sonra çıxış edən BP rəsmisi müasir dövrdə hər bir gəncin əsas vəzifəsinin öz üzərində işləyərək yeni bacarıqlar və təcrübələr qazanmaq olduğunu bildirib. Z.Darabzadə isə öz çıxışında özünəinamın uğurlu karyera qurmaqdakı vacib rolunu qeyd edib: “Sadəcə özünüzə inanın. Hər şey yaxşı olacaq. Sonda qazandığınız nəticələr sizi sevindirəcək”.

Tədbirdə gələn il iyunun 5-7-də Bakıda baş tutacaq beşinci Formula 1 yarışı üçün könüllülərin qeydiyyatına rəsmi olaraq start verilib. Bu yarışa 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilərlər.

Proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.

Bir qayda olaraq Əməliyyat Şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Belə ki, bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Bunda əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı, onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir.

 

FotoMüxbir: Rustem İsmayilov.. 0515202200

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !