Azər Həsrət namizədliyini 55-ci dairədən rəsmən irəli sürdü -

Azər Həsrət namizədliyini 55-ci dairədən rəsmən irəli sürdü

 Əməkdar jurnalist Azər Həsrət dekabrın 27-də rəsmən deputatlığa namizədliyini irəli sürüb. Onun mətbuata verdiyi açıqlamaya görə, sənədlərini 55 saylı Xaçmaz şəhər seçki dairəsinin dairə seçki komissiyasına (DSK) təqdim edib. Seçki qanununa görə, DSK 5 gün müddətində sənədlərə baxıb namizədə imza vərəqlərini təqdim edəcək. Azər Həsrət bildirib ki, proses ümumilikdə normal gedir. O, qeyd edib ki, DSK təmsilçiləri namizədlərin irəli sürülməsi prosesində yetərincə peşəkar yanaşma sərgiləyir, hər hansı əngəldən və ya pozuntudan söhbət gedə bilməz.

Deputatlığa iddialı şəxs onu da əlavə edib ki, dairə ərazisindəki seçicilərin çoxsaylı müraciətlərini nəzərə alaraq yaxın günlərdə seçki qərargahını rəsmiləşdirmək fikrindədir.

“İndiyədək qeyri-rəsmi fəaliyyət göstərən seçki qərargahını rəsmiləşdirmək artıq zərurətə çevrilib. Çünki insanlar bizimlə görüşmək, əlaqə saxlamaq istəyir və daimi fəaliyyət göstərən qərargah olmadan bunu gerçəkləşdirmək mümkün deyil”, – deyə Azər Həsrət bildirib.

Cəmiyyətdə seçki ilə bağlı dolaşan müxtəlif əsassız iddialara da toxunan iddiaçı qeyd edib ki, onu kimlərinsə uydurduğu dedi-qodu deyil, dövlətin gördüyü işlər maraqlandırır.

“Biz ortalıqda dolaşan qeyri-ciddi, dedi-qodu qismində olan fikirləri özümüzə yaxın buraxmırıq. Dövlətimizə, onun siyasətinin başında duran Prezidentimiz İlham Əliyevə güvənirik. Biz inanırıq ki, bu seçkidə haqqı və yetərincə dəstəyi olanlar qalib gələcək. Elə şəxslər sırasında özümüzü gördüyümüz üçün də namizədliyimizi irəli sürürük. Seçki bir yarışmadır. Güclü olan qalib gələcək. Biz də qalib gələcəyimiz təqdirdə, əlbəttə ki, ən yüksək səviyyədə millət vəkilliyi edəcəyik. Hər zaman olduğu kimi bundan sonra da dövlətimizin uyğun bildiyi yerdə, uyğun bildiyi şəkildə fəaliyyət göstərəcəyik”, – deyə Azər Həsrət vurğulayıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !