AzTV-nin nəzdindəki Televiziya və Radio Akademiyasının müdavimlərinə sertifikatlar təqdim olunub - +FOTO=102 (Rüstəm İsmayılov AZpress.AZ)

AzTV-nin nəzdindəki Televiziya və Radio Akademiyasının müdavimlərinə sertifikatlar təqdim olunub +FOTO=102 (Rüstəm İsmayılov AZpress.AZ)

 “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən Televiziya və Radio Akademiyasının müdavimlərinə sertifikatlar təqdim olunub.

Bu barədə AZƏRTAC-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Təqdimat mərasimində iştirak edən QSC sədri Rövşən Məmmədov müdavimlərə uğurlar arzulayaraq bildirib ki, son bir ildə aktiv fəaliyyəti yenidən bərpa edilən qurumda Akademiyanın fəaliyyəti də fəal formata keçib.

İstənilən peşədə dövlətə və Vətənə layiq insan olmağın vacibliyini vurğulayan sədr gənclərə peşə fəaliyyətlərində daim vicdanın aliliyini rəhbər tutmağı tövsiyə edib. Rövşən Məmmədov onu da bildirib ki, Teleradio Akademiyasının məzunlarının bir qismi əvvəlki buraxılışda olduğu kimi, indiki buraxılışda da QSC-də işlə təmin olunacaqlar.

Akademiyanın rektoru Faiq Hüsiyev çıxışında bildirib ki, ikinci tədris ili üçün müsabiqə 2019-cu il sentyabrın 16-dan başlayıb. Müsabiqəyə 451 nəfər CV göndərib, onlardan 280-i müsahibə mərhələsinə dəvət olunub. Nəticədə müsabiqənin 51iştirakçısı və AzTV-nin 24 əməkdaşı Akademiya dinləyicisi adını qazanıb. Beləliklə, oktyabrın 7-dən başlayan ikinci tədris prosesinə 75 nəfər cəlb olunub. Lakin davamiyyət və qiymətləndirmə baxımından yalnız 63 nəfər sertifikata layiq görülüb.

Rektor nəzərə çatdırıb ki, birinci tədris ilinin yekununda sertifikat alan 73 məzundan 21-i hazırda QSC rəhbərliyinin qərarı ilə müqavilə əsasında AzTV, Mədəniyyət TV, İdman TV, Azərbaycan Radiosu və Akademiyada işlə təmin olunub.

Sonra çıxış edən diktorlar, Akademiyanın müəllimləri Nərgiz Cəlilova, Sevda Ağazadə və digərləri Teleradio Akademiyasının fəaliyyətinin bərpasına görə AzTV sədrinə təşəkkür edərək, bununla Azərbaycanda ciddi bir televiziya məktəbinin əsasının qoyulduğunu diqqətə çatdırıblar.

Sonda müdavimlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 2019-cu ildə aparılan islahatlar çərçivəsində Teleradio Akademiyasının da fəaliyyəti bərpa olunaraq il ərzində iki dəfə qəbul elan edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !