"Düşmənin dilini bilmək böyük üstünlükdür" - Hatəm Cabbarlı - (Müsahibə)

"Düşmənin dilini bilmək böyük üstünlükdür" - Hatəm Cabbarlı (Müsahibə)

"Erməni dilində yazmaq və oxumaq düşmənin bizə qarşı yüz ildir apardığı əsassız iddialarının qarşısını akademik olaraq alınması baxımından əhəmiyyət kəsb edir"
“Sherg.az”ın müsahibi tanınmış alim, siyasi elmlər doktoru, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlıdır. Ötən gün 50 yaşı tamam olan dəyərli elm adamı erməni dili və Ermənistan siyasəti ilə bağlı ciddi elmi araşdırmaların müəllifidir.
Bir çox məqalələri və təhlilləri Azərbaycan, Türkiyə və region mətbuatında dərc edilib. Türkiyənin nüfuzlu araşdırma mərkəzində işləyib.

Hatəm Cabbarlı 1991-1993-cü illərdə könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda da iştirak edib. Qarabağ müharibəsi qazisidir. 50 illik yubiley təəssüratlarını, həm də son günlər yaşanan ictimai-siyasi proseslərə baxışını öyrənmək üçün alimlə söhbətləşmək qərarına gəldik. Təbii ki, öncə “Şərq”in rəhbərliyi və kollektivi adından öz təbriklərimizi və arzularımızı da çatdırdıq.
- Hatəm bəy, 50 illik ömrü doya-doya yaşadığınızı, faydalı işlər gördüyünüzü düşünürsüzmü?
- Doğum günü və yubiley təbriki üçün "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlıya, sizə və kollektivinizə çox təşəkkür edir, uğurlar arzulayıram. İnsanın özü haqqında danışması bir az çətindir, həm də təvazökarlıqdan uzaqdır. Amma yenə də qısa olaraq 50 illik həyatımı dəyərləndirmək istəyirəm. 1969-cu ildə Qərbi Azərbaycanın Zəngibasar mahalının Rəhimabad (Çobankərə) kəndində doğulmuşam. 1976-1986-cı illərdə Qaraqışlaq kənd orta məktəbində orta təhsilimi tamamlamışam. Daha sonra bir neçə il Bakıda ali təhsil müəssisələrinə sənəd vermişəm. Təəssüflər olsun ki, hamısından "konkursa" düşmüşəm. 1988-il hadisələrinə görə, elliklə qaçqın həyatı yaşamağa məcbur olduq. 1988-90-cı illərdə Sovet İttifaqında hərbi xidmətdə olmuşam. Xidmətdən qayıtdıqdan sonra 1991-ci ildən 1993-cü ilə qədər könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etmişəm. Ordudan təxris olunduqdan sonra 24 yaşımda test üsulu ilə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam. Gecələri işləyib, gündüzləri universitetdə təhsil almışam. Yəni tələbəlik həyatım ağır olub. Məzun olduqdan sonra eyni ixtisas üzrə Ankara Universiteti Sosial Elmlər İnstitutunda magistr təhsilimi davam etdirdim. 2001-2005-ci illərdə Ankarada fəaliyyət göstərən Avrasiya Strateji Araşdırmalar Mərkəzində Cənubi Qafqaz (Ermənistan) üzrə ekspert işlədim. 2008-ci ildə Qazi Universitetində doktoranturanı tamamladım və siyasi elmlər doktoru alimlik dərəcəsi aldım. Bakı Dövlət Universitetində, İqtisad Universitetində, Xəzər Universitetində pedaqoji fəaliyyətlə məşğul oldum. 2006-cı ildə Milli Məclis Aparatında işə qəbul edildim və Analitik informasiya şğbəsinin müavini vəzifəsində işlədim. 2018-ci ildə bu vəzifədən ayrıldım. Öz ixtisasım üzrə işləməyim mənə xüsusi zövq verir. 2017-ci ildə Prezident cənab İlham Əliyevin sərəncamı ilə mənə III dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. 50 ilə sığışdırdığım hadisələr o qədər çoxdur ki, onları qısa şəkildə çatdırmaq mümkün deyil. Evliyəm, iki övladım var, Türkiyədə ali təhsil alırlar.
- Müharibə illərini, döyüş əməliyyatlarını necə xatırlayırsız?
- Dağlıq Qarabağ ətrafında gedən siyasi proseslər hərbi müstəviyə keçəndə könüllü olaraq Azərbaycan Qarabağı Müdafiə batalyonuna yazıldım. Şuşa, Laçın, Qubadlı, Zəngilan, Füzuli və başqa bölgələrdə döyüşlərdə iştirak etdim. Yaralandım, kontuziya aldım və ordudan tərxis olundum. Batalyonda 109 əskərdən evlərinə təxminən 35-40 nəfər qayıda bildi. Digərləri şəhid oldular, nəşləri vətən torpağına qarışdı.
Ən çətin döyüşlər Şuşa, Qubadlı və Tərtər rayonlarında olub. Atəşkəs müqaviləsi imzalanmadan bir həftə əvvəl Tərtər istiqamətində ağır bir döyüşdə iştirak etdim. Şəhid versək də mövqeyimizi qoruyub saxlaya bildik.
Müharibəyə zəfər qazanacağımıza inanaraq getmişdim və əminəm ki, üçrəngli bayrağımız Şuşada və Xankəndində yenidən dalğalanacaq.
Müharibə insanın davranış və təfəkkürünü formalaşdırır. Həyatımızın bir parçası olur və ömürlük iz buraxır.
50 illik həyatımda çox şeylər görmüşəm. İstər müharibədə, istər sivil həyatda çətinliklər çox olub. Müharibə sindromunu hələ də yaşayıram. Xüsusən, Dağlıq Qarabağdakı hərbi əməliyyatları əks etdirən video-görüntülərə baxanda əvvəlki hissləri yenidən yaşayıram. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyim üçün şərəfdir və qürur duyuram. Hərbi əməliyyatlar başlayacağı təqdirdə sevə-sevə, könüllü olaraq müharibəyə gedərəm. Hər il Milli Ordumuzun qurulduğu gün hərbi formamı geyinərək şəhərə çıxıram. Hərbi forma daşımağı fəxr hesab edirəm. Hərb sənəti, peşəkar olmasam da mənim ömrümün unudulmaz bir hissəsidir.
- İndiki fəaliyyətiniz nədən ibarətdir? Hazırda nə işlə məşğul olursunuz?
- Tələbəlik illərimdə və daha sonra Ermənistan ilə bağlı tədqiqatlar apardım. Doktorluq işim də Ermənistanın xarici siyasəti ilə bağlı idi. Ermənistan haqqında 5 monoqrafiyanın müəllifiyəm. “Erməni dili” kitabı da mənim tərəfimdən yazılıb. Azərbaycanda ilk dəfə olaraq erməni dilini tədris edən pedaqoqam. 2006-cı ildə Xəzər Universitetində erməni dilini tədris etmişəm. Akademik fəaliyyətimin əsas hissəsi Ermənistan və Cənubi Qafqaz problemlərinə həsr olunub.
Hazırda müstəqil elm adamı kimi fəaliyyət göstərirəm. Beynəlxalq münasibətləri Təhlili Mərkəzində gənc alimlərə erməni dilindən dərs deyirəm. Bununla bərabər akademik fəaliyyətim davam edir. Ənənəvi olaraq Ermənistan üzərinə çalışıram. Bir neçə kitab üzərində işləyirəm. Qismət olarsa, 2020, yaxud 2021-ci ildə kitabları nəşr etməyi düşünürəm.
- Feysbuk statusunuzda “haqqım yeyildi” ifadəsi var idi. Elmi fəaliyyətinizə qiymət verilmədiyinimi düşünürsüz?
- Bütün insanların həyatında, müəyyən mərhələlərdə problemlər yaşanır. Sosial və ictimai həyatda insanların haqqı tapdana bilir. Mənim də həyatımda problemlər olub. İlahi ədalətə inanıram və inanın ki, bu baş verdi. Qarşılaşdığım problem, etibarlı və mənimlə xəbərim olmadan maraqlanan şəxslər tərəfindən həll edildi. Qarşılaşdığımız problemlərə qarşı mübarizə aparmalı və gələcəyə nikbin baxmalıyıq. İnsan qarşılaşdığı bütün çətinliklərə sinə gərməyi bacarmalıdır. Belə məqamlarda səmimi dostların varlığı problemlərin çözülməsinə mühüm təsir göstərir. Gözəl, səmimi və çətin vaxtlarımda mənə dayaq olan dostlarım var. Hər zaman mənə təmənnasız dəstək olurlar. Ruhdan düşməməliyik, çünki həyat davam edir. Çətinliklərə baxmayaraq, ictimai-siyasi həyatda aktiv olmalıyıq. İşimi və peşəmi sevirəm. Bu işlə məşğul olmaq mənə zövq verir. Allah yolumuzu açıq etsin, möhkəm iradə və can sağlığı versin ki, bundan sonra sosial həyatda, akademik fəaliyyətdə daha məhsuldar işləyək.
-Müharibə şəraitində olduğumuzu nəzərə alsaq, erməni dilini öyrənmək, Ermənistandakı siyasi prosesləri diqqətdə saxlamaq Azərbaycan ictimaiyyəti üçün nə qədər mühümdür? Bu sahədə biganəlik varmı?
- Ermənistan məsələsi Azərbaycanın yaralı yeridir. Ötən əsrin əvvəllərindən başlayan problem bugün də davam edir. Erməni dilini öyrənmək, Ermənistandakı siyasi-ictimai prosesləri, düşmən ölkənin sosial həyatını, xarici siyasətini daim izləmək vacibdir. Düzdür, Azərbaycanda bu işi görməyə gec başlayıblar, ancaq bu sahədə müəyyən uğurlar da əldə edilib. Son 7-8 ilə qədər erməni dilinin öyrənilməsi o qədər gündəmdə deyildisə, artıq bu reallıq cəmiyyət və müvafiq qurumlar tərəfindən başa düşülür. Ciddi işlər görülür. Erməni dili Bakı Dövlət Universitetində və digər ali təhsil ocaqlarında tədris olunur. Dekabr ayından etibarən Beynəlxalq Təhlil Mərkəzində də erməni dili kursu fəaliyyət göstərir. Kursun müəllimi mənəm. Əslində, düşmənin dilini bilmək böyük üstünlükdür. Erməni dilində yazmaq və oxumaq düşmənin bizə qarşı yüz ildir apardığı əsassız iddialarının qarşısını akademik olaraq alınması baxımından əhəmiyyət kəsb edir. Bu, eyni zamanda Azərbaycanın təhlükəsizlik məsələsidir. Aidiyyati qurumlarda çalışan əməkdaşların düşmənin dilini bilməsi ermənilərə qarşı siyasi və hərbi müstəvidə aparılan mübarizədə çox önəmlidir. Gənclərimizin bu dili öyrənməyə marağı var. Onların kursa meyil etməsi təqdirəlayiq haldır. Bütün hallarda son 10 ildə Ermənistanla bağlı araşdırmalarında müəyyən nailiyyətlər var.
-Türkiyə universitetlərində tədris aparmış alim kimi Azərbaycan təhsili ilə qardaş ölkənin təhsili arasında hansı fərqləri görürsüz? Bu sahədə çoxmu geridə qalmışıq?
- Azərbaycanla Türkiyə təhsilini müqayisə edəndə ciddi fərqlər ortaya çıxır. Azərbaycanda universitet müəllimlər üçündür. Əslində ali təhsil ocaqları tələbələr üçün olmalıdır. Türkiyədəki tədris prosesi, tələbələrin sərbəstliyi göstərir ki, qardaş ölkədə universitetlər tələbələr üçündür. Bununla belə, deməzdim ki, ölkəmizdəki universitetlərin hamısı Türkiyədəki ali təhsil ocaqlarından geridə qalır. Məsələn, müəyyən ixtisalar var ki, onlar Azərbaycanda daha yaxşıdır. Mühəndislik fakültəsinin bəzi ixtisasları sosial elmlər kimi ixtisaslar bizdə də inkişaf edir. Ümumən götürəndə, Türkiyənin böyük universitetləri, məsələn, Ankara, İstanbul, Mərmərə, Qazi, Hacəttəpə, Boğaziçi və başqaları ilə müqayisədə Azərbaycandakı ali təhsil ocaqları xeyli geridədir. Düşünürəm ki, aparılan təhsil reformları nəticəsində mövcud problemləri aradan qaldırmaq mümkündür. Çünki Azərbaycanda təhsil problemləri qalıcı deyil, məntiqli və ardıcıl islahatlarla qısa zamanda həll etmək mümkündür. Universitetlərdə Avropa standartlarına keçilməsini, yeni təfəkkürün və müasir pedoqoji təcrübənin tətbiq olunması müsbət addımlardır. Tələbə-müəllim münasibətlərində də xeyli dəyişiklik var.
- Son aylar aparılan kadr və struktur islahatlarını, cəmiyyətdəki dəyişim ab-havasını necə dəyərləndirirsiniz?
- Son zamanlar Azərbaycanda aparılan islahatlar təqdirəlayiqdir. Yeni dəyişikliklər zamanın tələbəidir və uğurlu nəticələr verəcəyinə inanıram. Ciddi islahatlar başlayıb və davam edəcək. Sosial, siyasi həyatın bütün sahələrində müəyyən irəliləyişlər nəzərə çarpır. Hökumət artıq dəyişikliyin şərt olduğunu görür və bu istiqamətdə uğurlu nəticələri olacaq şəkildə fəaliyyət göstərir. İslahatlar cəmiyyətdə ümidləri artırır. Milli Məclisə keçirilən növbədənkənar seçkilərə müxtəlif sosial təbəqəni təmsil edən şəxslərin qatılması, parlamentin yeni ab-havada fəaliyyət göstərəcəyi ilə bağlı gözləntilər ictimaiyyətdə müsbət qarşılanır. Parlament xalqı təmsil edir. Ona görə də parlamentə daha layiqli, xalqın içindən çıxan, istək və tələblərini dilə gətirən şəxslər seçilməlidir. Yeni parlamentin daha aktiv fəaliyyət göstərəcəyini zənn edirəm. Amma dəyişən dövran, müasir tələblər fonunda Milli Məclisin buraxılması zərurəti ortaya çıxmışdı. İslahatlar davam edir. Azərbaycan yerində durmur, günün tələblərinə cavab verməyə çalışır. O baxımdan son dövrlər aparılan islahatları yüksək qiymətləndirirəm.Ümid edirəm ki, islahatların müsbət nəticələrini görəcəyik.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !