XALQ RƏSSAMI ARİF AZİZin ad günüdür -

XALQ RƏSSAMI ARİF AZİZin ad günüdür

 İstedadlı fırça ustası, YUNESKO yanında Beynəlxalq Rəssamlıq Akademiyasının həqiqi üzvü, xoşməramlı səfir, Azərbaycan Gənclər İttifaqı mükafatı laureatı, “Şərəf Nişanı” ordenli, əməkdar incəsənət xadimi, professor Arif Əziz müasir Azərbaycan incəsənətinin tanınmış simalarından biridir. O, zəngin və mənalı yaradıcılıq yolu keçib.

Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) 1943-cü il yanvarın 3-də Bakı şəhərində dünyaya göz açıb. Onun erkən uşaqlıq çağları ağır müharibə dövrünə, həmçinin müharibədən sonrakı çətin, məhrumiyyət dolu illərə təsadüf edib. Lakin o, bütün bunlara baxmayaraq təhsil almış, ürəyində rəssam olmaq arzusu yetişmişdi. Doğma torpağın isti rəngləri, çağlayan Xəzərin göy suları, çılğın xəzrinin soyuq nəfəsi, Abşeronun üstü günbəzli kənd evləri, qumlu Bakı bağlarının əncir-üzümü, bol nemətləri… ta uşaqlıqdan onun gözləri önündə canlanır, onu duyğulandırır, hafizəsinə həkk olurdu. Bəlkə elə bu erkən təəssüratların, romantik duyğuların təsirindəndir ki, rəssam sonralar “Abşeron məktəbi” adlanan bədii istiqamətə, üsluba meyillənmiş, tablolarında Abşeron torpağını, Bakı görüntülərini dönə-dönə kətan üzərinə köçürmüşdür.

Arif Əziz 1960-1965-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyur. Buranı bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskvaya yollanır və Moskva Ali Bədii-Sənaye Məktəbinin “Qrafik dizayn” fakültəsinə daxil olur. Bu, həmin o ali məktəb idi ki, vaxtilə qraf Stroqanovun adı ilə tanınırdı. “Stroqanov məktəbi” ifadəsi dillərdə bu gün də gəzir və əslində bu nüfuzlu ali təhsil ocağının yaxşı tanınan “vizit vərəqəsi”nə çevrilib.

1966-1971-ci illərdə Moskvada ali təhsil alan gənc rəssam sonra Bakıya qayıdır və elə 1971-ci ildən etibarən o zamankı M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (hazırkı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) rəssamlıq sənətindən dərs deməyə başlayır. İstedadlı rəssamın bundan sonrakı fəaliyyəti bədii yaradıcılıqla pedaqoji işi üzvi surətdə özündə birləşdirir. Bu illər ərzində o, həm rəssam kimi məhsuldar çalışır, həm də hazırlıqlı pedaqoq kimi gənc rəssamlara ixtisas fənlərini tədris edir. Bu dövrdə o həm də SSRİ Rəssamlıq Akademiyasının akademik kurslarında SSRİ xalq rəssamları, akademiklər Mikayıl Abdullayev və Yevgeni Kibrikin rəhbərlik etdikləri yaradıcılıq emalatxanasında təhsilini davam etdirir. Bu gün Arif Əziz 45 ildən artıq çalışdığı ali məktəbin ən nüfuzlu, təcrübəli pedaqoqlarından biri, universitet elmi şurasının üzvüdür. Professor Arif Əziz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Rəssamlıq” fakültəsi “Dekorativ-tətbiqi sənət” kafedrasının müdiridir.

Arif Əziz 2004-2008-ci illərdə Türkiyədə – İstanbuldakı Beykent Universitetində də pedaqoji fəaliyyət göstərib. Rəssam sonrakı müəllimlik fəaliyyətini yenidən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirir. Təcrübəli müəllim və rəssam sənətin sirlərini öz tələbələrinə səylə öyrədərək onların əsl sənətkar kimi yetişməsinə çalışır. Bu gün Arif Əzizin tələbələrinin bir çoxu istedadlı rəssam kimi ad çıxarmışlar. Onlar təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də tanınırlar.

Hər bir rəssamın yaradıcılığında mərhələlər, bu mərhələləri səciyyələndirən cəhətlər olur. Əlbəttə, bu xüsusiyyət Arif Əzizin yaradıcılığından da yan keçməyib. Rəssam yaradıcılıq aləminə qrafika vasitəsilə qədəm qoymuş, sonralar dəzgah rəngkarlığında rəngarəng kompozisiyalar yaratmışdır. Portret janrını da rəssamın yaradıcılığının əsasən erkən dövrünə aid etmək olar. Son dövrlərdə isə onun yaradıcılığında portretlər daha çox simvolik obrazlarla əvəzlənir ki, bu da rəssam təxəyyülünün evolyusiyasından, onun sənətdə öz üslubunu dərinləşdirmək meyllərindən xəbər verir.

Arif Əzizin yaradıcılığı zəngin və çoxşaxəlidir. Yaradıcılığının erkən mərhələsini təşkil edən qrafika dövründə o, çoxlu sayda plakatlar çəkmiş, ekslibrislər, loqolar, dizayn eskizləri, həmçinin uşaq kitabları üçün illüstrasiyalar işləmişdir. Rəssam həm bədii, həm də sənaye qrafikası sahələrində məhsuldar çalışmışdır. Arif Əzizin o dövrdə işlədiyi reklam plakatları seriyası diqqətəlayiqdir. Bu plakatlar sadəcə təşviqat vasitəsi olmayıb maraqlı kompozisiya və rəng həllinə görə seçilirlər. XX əsrin 60-70-ci illərində plakat sənətində “fotorealizm” deyilən bir əhval-ruhiyyə hökm sürürdü ki, bu da plakatın bədii imkanlarından yetərincə istifadə etməyə maneçilik törədirdi. Artıq o illərdə öz novatorçu dəst-xətti ilə seçilən Arif Əziz plakat janrına dekorativlik daxil etmiş və onu daha da zənginləşdirmişdir. Sənətşünaslıq doktoru, professor Nurəddin Həbibov rəssamın plakatlarını təhlil edərək yazmışdır ki, o, əvvəllər plakat janrında geniş yayılmış nəqlvari təsvirçilikdən uzaqlaşır, müasir səpkidə işləyir, obrazlı təfəkkürə, rəmzi elementlərə əsaslanır.

Rəssamın qrafika sahəsindəki işlərindən danışarkən onun “Bakının əmək qəhrəmanları” adlanan, 40 ədəd ağ-qara üslubda işlənmiş portretlərdən ibarət albomunu yada salmamaq olmaz. Arif Əziz rənglərin dili ilə danışmağı yaxşı bacardığı kimi, ağ kağız üzərində qara rənglə də mükəmməl işləməyi mənimsəyən, qara tuşla kolorit, ritm, həcm effekti yarada bilən rəssamdır. O, ağ-qara kompozisiyalarında, xüsusilə portretlərdə insanın daxili aləmini, onun emosionallığını, quruluşun ekspressivliyini məharətlə əks etdirir. Arif Əziz mədəniyyət xadimlərinin də silsilə obrazlarını yaradıb. Rəssamın Qara Qarayev, Fikrət Əmirov, Süleyman Rüstəm, maestro Niyazi və başqalarının ofort texnikasında işlənmiş qrafik portretləri obrazların dolğunluğu, canlı təsir bağışlaması ilə diqqəti cəlb edir.

Arif Əzizin yaradıcılığının erkən dövrü həm də teatr-dekor sənəti ilə xarakterizə edilir. 1974-1975-ci illərdə Moskvada, tanınmış teatr rejissoru, SSRİ xalq artisti Andrey Qonçarovun quruluşunda Nikolay Erdmanın “İntiharçı” adlı tragikomediyası tamaşaya hazırlanırdı. Əsər istər üslubuna, istərsə də mövzu, ideya və mahiyyətinə görə tamamilə yeni quruluşda təqdim edilməli idi. Arif Əzizin hələ o illərdəki yenilikçilik ruhunu hiss edən A. Qonçarov onu bu tragikomediyaya bədii tərtibat verməyə dəvət edir. Rəssam bu dəvəti qəbul edir, lakin onların arasında maraqlı bir mükalimə baş tutur. Arif Əziz tanınmış rejissora özünün teatr rəssamlığı sahəsində deyil, reklam-tərtibat və dizayn sahəsində ixtisaslaşdığını xatırladır. Bunun qarşılığında rejissorun cavabı maraqlı olur:

“Mən Sizin dizayn-tərtibat sahəsində işlərinizi görmüş və bəyənmişəm. Səhnə tərtibatına yeni ruh gətirmək üçün ənənəvi stereotiplərdən qaçmağa cəhd edirik. Bunun üçün ənənəvi, standart quruluşa deyil, maraqlı ideya-estetik vasitələrə, vizual effektlərə üz tuturuq. Elə buna görə də tamaşanın tərtibatını məhz Sizə həvalə etmək qərarına gəlmişik”.

Arif Əziz bu tragikomediyaya tərtibat verir və tamaşa uğurlu alınır. Həmin dövrdə Moskvanın teatr həyatında bu tamaşa böyük mədəni hadisəyə çevrilir.

Arif Əzizin yaradıcılığında dəzgah rəngkarlığı önəmli yer tutur. Əgər rəssamın fəaliyyətinin erkən mərhələsi qrafika, habelə teatr-dekor sənəti ilə bağlı idisə, sonrakı illərdə o, daha çox dəzgah rəngkarlığına meyl edir. Onun əlvan və zəngin palitrası, geniş yaradıcılıq təxəyyülü, yaratdığı yetkin bədii üslub özünü rəngkarlıqda daha çox göstərir.

Arif Əzizin palitrası ona görə əlvan və zəngindir ki, o, doğma torpağın sevimli rənglərindən qaynaqlanır. Milli kolorit bu palitranın əlvan, canlı və inandırıcı görünməsinin bəlkə də əsas şərtidir. Lakin rəssam bu rəngləri təbiətdən əxz etməkdə kifayətlənməmiş, onların hər birinə sirli ahəng vermiş, lirik ecazkarlıq qatmışdır. Bunun nəticəsidir ki, rəssamın tablolarında rənglər sanki dilə gələrək danışır, daşıdıqları fəlsəfi və romantik mahiyyəti dolğunluqla ifadə edirlər.

Mövzu baxımından Arif Əzizin rəngkarlıq dünyası geniş və rəngarəngdir. Lakin deyildiyi kimi, onun əksər tablolarında doğma Abşeron torpağının nəfəsi duyulur. Müasir Azərbaycan təsviri sənətində “Abşeron məktəbi” kimi tanınan maraqlı bir istiqamət, məktəb var. Bu məktəb bir çox tanınmış rəssamlarımızın yaradıcılığında özünü göstərir. Arif Əzizin tematikasında Abşeron mövzusu geniş təmsil olunur. Onun rəsmləri ilə tanış olduqca rəssamın Abşerona məftunluğunun səmimiyyət, məhəbbət və yaradıcılıq ehtirasından qaynaqlandığını duymaq mümkündür. Bəlkə də bu hisslərin təsirindəndir ki, rəssam insanları öz tablolarının təbiiliyinə inandıra bilir, buradakı görüntülərin, hisslərin həqiqi olduğunu göstərməyə müvəffəq olur.

Arif Əzizin sənətində dekorativizmə meyl güclüdür. Bu dekorativlik kompozisiyanın quruluşunda, məişət elementlərində, milli səciyyə daşıyan əhvalı-ruhiyyədə, doğma torpağın şux, əlvan rənglərində özünü büruzə verir. Rəssam müxtəlif rəng çalarlarından məharətlə istifadə edərək duyğularını, yaşadığı hissləri insanlara çatdırır. “Pir”, “Qala kəndi”, “Qobustan”, “İçəri şəhər” kimi tablolarda, bir çox natürmort, mənzərə və tematik əsərlərdə zəngin koloritli milli ruh hakimdir. Bu tablolarda doğma torpağın əlvan rəngləri insanların gözünü, könlünü oxşayır.

Sənətdə dekorativizmin öz xüsusiyyətləri, atributları vardır. Ənənəvi Şərq incəsənətində olduğu kimi, rəssam əksər kompozisiyalarında kölgə-işıq effektindən yan keçir. Bunun əvəzində o, kontrastlı rəngləri, yaxud bir rəngin müxtəlif çalarlarını növbə ilə verərək kompozisiyada optik dolğunluq, həm də əlvanlıq effekti yaradır. Dekorativizm mövzu etibarilə daha çox nağıllar, əfsanələr, folklorla bağlı olsa da, Arif Əziz bu mövzulara nisbətən az müraciət edir, doğma torpağı əks etdirməyi üstün tutur. Onun tablolarında dekorativlik məhz rənglərin və ənənəvi süjetin dili ilə öz ifadəsini tapır.

Arif Əzizin rənglər dünyasının əsas cəhətlərindən biri rəssamın ağ rənglərə, ağ cizgilərə müraciət etməsidir. Bu ağ cizgilər onun yaradıcılığının kamillik mərhələsindən xəbər verir. Bənzərsiz, bəlkə də əsrarəngiz xarakter daşıyan bu cəhət onun bənzərsiz sənət aləmini işıqlandırır. Rəssamın bir çox tablolarında ağ cizgilərdən ibarət maraqlı görüntülər yer alır. Bu ağ cizgilər, irili-xırdalı ağ yaxmalar Arif Əziz yaradıcılığının xarakterik cəhətlərindəndir. Rəssamın orijinal dəst-xətti bu bəyazlıqda daha qabarıq şəkildə əks olunur.

Arif Əziz ağ cizgilərlə fərqli texnikalarda işləyir. Əksər hallarda bu ağ cizgilər tablonu bəyaz yumaq kimi başdan-başa bürüyür; bu bəyazlığın arxasından ayrı-ayrı məişət əşyalarının, müxəlləfatın, qazanların, dolçaların, meyvələrin tamaşaçıya tanış olan konturları sanki boylanaraq özünü göstərir. Rəssamın yaradıcılığını xarakterizə edən tədqiqatçılar, o cümlədən tanınmış jurnalist və ictimai xadim Qalina Mikeladze bu xüsusiyyətə diqqət yetirmişdir.

Arif Əziz ağ cizgilərdən məharətlə istifadə etməklə milli rəssamlıqda orijinal bədii forma yaratmışdır. Bəzi sənətşünaslar “Bu ağ cizgilər onun vizit vərəqəsidir” – söyləyirlər. Bu, həqiqətən də belədir. Bəyaz cizgilər Arif Əzizin yaradıcılığı üçün o qədər xarakterikdir ki, rəssamı bəzən Arif Əziz Bəyaz kimi təqdim edirlər.

Arif Əzizin tabloları respublikamızdan kənarda da yaxşı bəllidir. Onun dünyanın bir çox ölkələrində sərgiləri keçirilib. MDB məkanı ölkələrində, Türkiyədə, Hindistanda, Bolqarıstanda, Seneqalda və bir çox başqa ölkələrdə Arif Əzizin tabloları dəfələrlə sərgilənib. Arif Əziz daha çox doğma Azərbaycan torpağını tərənnüm etsə də, müxtəlif xalqların milli özünəməxsusluğunu rənglərin dili ilə canlandırmağı, əks etdirməyi xoşlayır. Onun “Seneqal lövhələri” silsiləsi bu baxımdan olduqca xarakterikdir. Əsasən rəng “oyunu”nun yer aldığı bu oynaq, bəzən suprematizmi xatırladan ekspressiv tablolarda Afrikanın isti rəngləri effektli həmahənglik yaradır və sanki özündə ənənəvi yerli musiqinin ritmik sədalarını əks etdirir.

Arif Əziz bu günə qədər bir çox sənət uğurlarına imza atıb. O, Xorvatiyanın Dubrovnik şəhərində yerləşən, YUNESKO-nun təsisçiliyi ilə yaradılmış “Yeni Era” Beynəlxalq Rəssamlıq Akademiyasının həqiqi üzvüdür. Bu yüksək fəxri ad rəssamın dünyanın bir çox ölkələrində yaxşı tanınmasının və sənətinin dəyərləndirilməsinin aşkar sübutudur. Arif Əziz bu nüfuzlu qurumun Bakı filialının prezidentidir.

Arif Əzizin yaradıcılığı tədqiqatçıların, jurnalistlərin diqqətini cəlb etmiş, dəfələrlə tədqiqat obyektinə çevrilmişdir. Yuxarıda adları çəkilən şəxslərdən başqa millət vəkili, akademik Ziyad Səmədzadə, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev, tanınmış teatrşünas-alim, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, şair Zülfüqar Şahsevənli və başqaları Arif Əziz yaradıcılığının müxtəlif cəhətləri barədə söz açmışlar.

Sənətkarın zəngin palitrası haqqında dövri mətbuat səhifələrində dəfələrlə oçerklər, elmi-publisistik yazılar dərc olunmuşdur. Onun bədii üslubu irihəcmli elmi-tədqiqat əsərlərində təhlil edilmiş, kitab və dərsliklərdə öz əksini tapmışdır.

2003-cü ilin əvvəllərində Arif Əzizin 60 illiyi münasibəti ilə onun həyat və yaradıcılıq fəaliyyətini əks etdirən “Şəxsiyyətin və sənətin nuru” adlı kitab işıq üzü gördü. Kitabda rəssamın fəaliyyətini işıqlandıran çoxsaylı yazılar, mətbuat səhifələrində Azərbaycan, ingilis, rus dillərində çap olunmuş məqalələr yer almışdı. Tanınmış elm və mədəniyyət xadimlərinin, jurnalistlərin, müəllim həmkarlarının, rəssamın öz yetirmələrinin qələminin məhsulu olan bu yazılarda onun zəngin yaradıcılıq aləminin mükəmməl, dolğun, çoxcəhətli mənzərəsi yaradılmışdı. Kitabda həmçinin rəssamın əsərlərindən nümunələr, onun həyatının müxtəlif anlarını əks etdirən maraqlı fotoşəkillər də yerləşdirilmişdi. Kitab ictimaiyyət tərəfindən maraqla qarşılandı, haqqında xoş sözlər, fikirlər səsləndi, mətbuat səhifələrində bu nəşri xarakterizə edən müxtəlif yazılar çap olundu.

Bu gün Arif Əziz yaradıcı sənətkar ömrünün kamillik çağlarını yaşayır. Rəssam onillər öncə olduğu kimi, indi də böyük həvəslə, gənclik coşqunluğu ilə çox sevdiyi yaradıcılıqla, rəsmlər çəkməklə məşğuldur. Əvvəllərdə olduğu kimi, bu gün də Arif Əziz öz çoxsaylı tələbələri, yetirmələri ilə əhatə olunmuşdur. Ömrünü sənətdə keçirmiş insan özünü sənətdən kənarda təsəvvür edə bilməz. Bu sözlər tamamilə Arif müəllim üçün deyilmişdir. Rəssam hər gün öz sevimli cizgilərini kətan üzərinə vurduqca möhtəşəm, hadisələrlə zəngin yaradıcılıq yolunu daha da zənginləşdirir.

Ayan Aziz Məmmədova
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq kafedrasının müəllimi, doktorant

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !