Fotoqraf Rəşad Mehdiyev beynəlxalq foto müsabiqədə 3 medal qazanıb -

Fotoqraf Rəşad Mehdiyev beynəlxalq foto müsabiqədə 3 medal qazanıb

 Azərbaycanlı fotoqraf, AZƏRTAC-ın fotomüxbiri Rəşad Mehdiyev Beynəlxalq İncəsənət Fotoqrafları Assosiasiyasının və “Master of Light” Foto Assosiasiyasının himayədarlığı ilə Serbiyada keçirilən “PhotOlympic” adlı beynəlxalq foto müsabiqədə iştirak edib.
Müsabiqəyə dünyanın 19 ölkəsindən 68 fotoqraf tərəfindən 1500-ə yaxın foto təqdim olunub. Qaydalara görə, hər bir iştirakçı 24 müxtəlif mövzuya aid fotolar təqdim etməli idi. Fotolar yarışmanın keçirildiyi 9 gün müddət ərzində çəkilməli və müsabiqənin saytına yüklənməli idi. Təqdim olunan fotolar 15 ölkədən olan 17 peşəkar fotoqrafdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində iki mərhələdə aparılıb.
Müsabiqənin şərtlərinə uyğun olaraq hər mövzu üzrə ilk yerdə qərarlaşan fotolara medallar, xüsusi lentlər və sertifikatlar təqdim olunub. İçərişəhərdə və müasir Bakının simvolu sayılan Heydər Əliyev Mərkəzinin fonunda çəkilən fotolar Rəşad Mehdiyevə uğur qazandırıb. Belə ki, səsvermənin nəticələrinə görə, arxa işıqlar, diaqonallar, geometriya və minimalizm mövzusunda çəkilən fotolar yüksək bal toplayaraq həmin mövzular üzrə birinci olub və medallar əldə edib. Azərbaycanı bu müsabiqədə layiqincə təmsil edən həmyerlimiz 1 xüsusi lent, 1 qızıl və 2 bürünc medal olmaqla ümumilikdə 4 mükafat qazanıb. Son nəticədə bütün mövzular üzrə 1201 bal toplayaraq 68 iştirakçı arasında üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev eyni zamanda “Gilavar” Foto Klubunun həmsədridir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !