180 nəfər sərnişinin ölməsində səbəb olan təyyarədə azərbaycanlı olubmu? - -QƏZANIN SƏBƏBLƏRİ

180 nəfər sərnişinin ölməsində səbəb olan təyyarədə azərbaycanlı olubmu? -QƏZANIN SƏBƏBLƏRİ

Dünən Sabiha Gökçen, bu gün İmam Xomeyni adına beynəlxalq hava limanlarının yaxınlığında “Boeing 737- 800” təyyarələrinin iştirakı ilə qəza halının baş verməsi sözügedən hava gəmisi ilə bağlı narazılıqları yenidən artırıb.
Şirkətin “737” seriyalı təyyarələrinə qarşı əsas kampaniya 2018-ci ilin oktyabr və ötən ilin mart ayında İndoneziya və Efiopiyada baş verən qəzalardan sonra yaranıb. Belə ki, qəzaların birində 189 nəfər, digərində isə 157 nəfər həyatını itirib.
Bundan başqa, ötən ilin yanvar ayında "Pegasus Airlines"ə məxsus "Boeing 737-800" tipli təyyarə Trabzon hava limanına eniş zamanı qəzaya uğrayıb. Xoşbəxtlikdən təyyarə dənizə yuvarlanmayıb və torpaq sahədə ilişib. Hadisə zamanı xəsarət alan olmayıb.
Mart ayında isə Yakutiyanın Mirnıy şəhərindən Moskvaya uçan "Boeing 737-800" təyyarəsi Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərinin hava limanına qəza enişi edib.
"Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən aviasiya hadisələrinin təhlili zamanı bir çox oxşar məqamlar müəyyən edilib: belə ki, bu gün səhər saatlarında baş verən qəza da daxil olmaqla yaşanmış insidentlər zamanı təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır.
Bu arada əlavə edək ki, sözügedən qəzalardan sonra İndoneziya və Efiopiya da bu növ “Boeing”lərin istifadəsini dayandırıb.
Həmçinin Çin aviasiya tənzimləyicisi ölkənin hava yollarında 100-ə yaxın “Boeing 737 MAX 8” təyyarəsindən istifadədən imtina edib. Rəqəm bu növdə istehsal olunmuş təyyarələrinin dörddə birindən çoxdur.
Bundan başqa, bir sıra aviaşirkətlər araşdırmanın nəticələri müəyyən edilənədək “Boeing 737 MAX-8” təyyarələrinin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər. Eləcə də, qonşu Gürcüstan hökuməti, Vyetnam, İndoneziya, Monqolustan, Oman, Rusiya, Qazaxıstan və Sinqapur “Boeing 737-8 MAX” və “Boeing 737-9 MAX” tipli təyyarələrin ölkənin hava məkanında uçuşunu müvəqqəti ləğv edib.
Xatırladaq ki, qeyd etdiyimiz ölkələrin “Boeing 737 MAX-8” təyyarələrindən imtina etdiyi bir zamanda AZAL ilə Boeing korporasiyası arasında sazişin imzalanması narazılıqlara səbəb olmuşdu. Belə ki, imzalanmış sazişə əsasən ötən ilin sonundan şirkət tərəfindən Azərbaycana üç il ərzində 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsi göndəriləcək.
Qurumun sədri Cahangir Əsgərov məsələnin nəzarət altında olduğunu vurğulayaraq narahatlıqları əsassız qiymətləndirib:
"Biz Boeing korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq".
Qeyd edək ki, “Boeing 737 MAX” – “737” seriyasının buraxdığı 4-cü nəslidir və 2017-ci ildən istismara verilib. (qafqazinfo.az)
*** *** ***
Ukrayna Prezidenti Vladimir Zelenski İranda qəzaya uğrayan Ukrayna təyyarəsi barədə açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, o, “Facebook” hesabında ölənlərin ailələrinə başsağlığı verib: “Yaxın Şərqdən dəhşətli mesaj gəldi. Bu gün səhər saatlarında İmam Xomeyni adına beynəlxalq hava limanında Ukrayna aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb. Bütün sərnişin və ekipaj üzvləri qəzada həlak oldu. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm”.
*** *** ***
Ukrayna sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Tehran hava limanı rəsmiləri IRNA xəbər agentliyinə 180 nəfərin öldüyü təyyarə qəzasının səbəbini mühərrikdə baş verən yanğın olduğunu bildiriblər. Tam dəqiq məlumatların isə qara qutu açıldıqdan sonra veriləcəyi deyilib.
Qeyd edək ki, Ukraynadan İrana uçan "Boeing 737" təyyarəsinin qəzaya uğraması nəticəsində 9 ekipaj üzvü ilə birlikdə 180 nəfər dünyasını dəyişib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !