Gülağa Tənha - " Barmaqların hikməti "

Gülağa Tənha " Barmaqların hikməti "

"Gülağa Tənha düşüncəsi" - yayımında bildirdiyimiz kimi, bu dəfə sizə şairin internat məktəbində, əl işlərindən ibarət rəsm əsərlərinə baxıb, təsirlənərək, yazdığı şeirlərdən birini təqdim edirik. Novruz bayramı ərəfəsi, bu görüşdə, hamını heyrətləndirən bir hadisə baş verir: həmin gün internat məktəbində şairin yanında yazıçı dostu Əlibala Hacızadə də olur. Bir neçə ildən sonra, yazıçı o hadisəni olduğu kimi danışır. Bu video çarxı yaxın vaxtlarda Azpress.az - saytın diqqətli izləyicilərinə təqdim edəcəyik. İndi isə " Barmaqların hikməti" adlı şeiri ixtiyarınıza veririk.  

 

BARMAQLARIN HİKMƏTİ

Görəsən, bu qızcığaz
dərdmi çəkir, İlahi?
Özü Günəşdi, ancaq
Günəş çəkir, İlahi!
Eşidəmmir kardı o,
danışammır laldı o,
Bu anımda ömrümə
bir dərddi, məlaldı o.
Odu da əlləridi,
közü də əlləridi,
Günəş çəkir, dili də,
sözü də əlləridi…
Çəkir, öz dünyasının
Günəşini çəkir o,
Çəkir, söz dünyasının
atəşini çəkir o.
Hələ bizə çatmayan
söhbəti, sözü gülür,
Onun barmaqlarında
dünyanın üzü gülür…


Bakı, Uşaq evi, 18 mart 2005
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !