İnsanda xeyirxahlıq və peşəkarlıq birləşəndə daha çox fayda verir: - Şəddat Cəfərov–80

İnsanda xeyirxahlıq və peşəkarlıq birləşəndə daha çox fayda verir: Şəddat Cəfərov–80

 Hörmətli Şəddat müəllim!
Yaşınız səksəni haqlasa da, əmək fəaliyyətinizin 65 ili tamam olsa da, səksəndiyiniz hələ hiss olunmur. Yenə iş başındasınız, tədbirlərin önündəsiniz...
Adətən yubileylər əllidən başlanır. Yəni cavanlığın qocalığı, yarım əsrlik bir ömrün hesabatı. Əlli illiyinizi Vətəndən uzaqlarda – baş direktor işlədiyiniz “Ulyanovskaya Pravda” nəşriyyatında qeyd etmişdiniz. Altmış illikdə Vətəndə idiniz. Haqqınızda əksər qəzet-jurnallar yazdı. Xüsusi buraxılış olaraq “Söz” jurnalını seçdiniz. Buna tam haqqınız vardı. “Baş redaktordan” rubrikasında yazdığım girişdə Sizi “Peşəsinin akademiki” adlandırmışdım. Bu ifadə Şəddatsevərlərin ürəyindən olduğundan indi də tez-tez işlədilir. “Söz”ün ilk sayı məhz Sizin baş direktor olduğunuz “Azərbaycan” nəşriyyatında işıq üzü görüb. Həmin illər nəinki nəşriyyatın, ölkənin ən ağır dövrü idi. Siz Rusiya, eləcə də dünyanın bir çox poliqrafçılarıyla şəxsi münasibətinizin sayəsində müharibənin, bazar iqtisadiyyatının yaratdığı qıtlıq, bahalıq dövründə qəzet-jurnalların, kitabların çapının dayanmaması üçün tükənməz enerji ilə işləyirdiniz. Yeni yaranan “Söz”ə isə xüsusi qayğı göstərirdiniz. “Söz”ün ilk buraxılışında “Peşəsinin akademiki”nə 70, 80, 90-da görüşənədək, 100-ə də Allah-Kərimdir, deyib ayrılmışdım.
Amma 70-də haqqınızda kitab yazdım və kitabı yazanda etiraf elədim ki, yazı-pozu aləminə gələni bu qədər çətinlik qarşısında qalmamışam. İlk çətinliyim o idi ki, haqqınızda çox yazılıb. Yazıçı-dramaturq Fatma Həsənqızının “Acılı-şirinli günlər” kitabında 60 illik ömrünüzün toxunmadığı anı, məqamı qalmayıb. Özü də həssas ürəklə, doğma münasibət və cəsarətlə. Ruhu şad olmuş Ağəddin Mansurzadə də beləcə. “Atalar üçdən deyib” kitabında dostunun ömür yolunun, fəaliyyət dövrünün unudulmaz məqamlarını özünəməxsus tərzdə qələmə alıb. Şair Elşad Səfərli “Qiymət” poemasında poetik obrazınızı yaradıb.
Qələm adamlarına məlumdur ki, bir dəfə görüşüb tanımadığımız adamdan yazmaq daha asandır, nəinki illər boyu tanıdığından. Bir də ki, son dərəcə zəngin və səliqəli arxiv sahibisiniz. Material bolluğu, sənədlər arasında az qala itib-batmışdım. Amma haqqınızda kitab yazmağı özümə şərəf saydım. Çünki Azərbaycanın ilk və yeganə poliqrafçı alimi olaraq adınız zaman-zaman anıldıqca bir müəllif olaraq mənim adımın da Sizin adınızla qoşa çəkiləcəyinə əminəm. Bu şərəfə nail olmaq üçün gözlərimə nur, ürəyimə təpər, əllərimə qüvvət arzuladım.

“İlk poliqrafçı alim” kitabının maraqlı məqamları bu gün də yadımızdadır. II Dünya müharibəsinin Qələbəsinin 65 illiyində Respublika Prezidenti İlham Əliyevin veteranlarla görüşündə Veteranlar Təşkilatının büro və rəyasət heyətinin üzvü olaraq tədbirdə Siz də iştirak edirdiniz. Haqqınızda olan kitabı Ali Baş Komandana şəxsən təqdim etməyiniz hamıda maraq doğurdu. Telekanallar dəfələrlə göstərdi. Həmin gün telefonum aramsız səslənirdi. Mövzu bir idi: “Cənab Prezident sənin kitabına baxır”. 
Təsadüfi deyil ki, “İlk poliqrafçı alim” kitabı “2009-cu ilin araşdırma-sənədli kitabı” nominasiyası üzrə Milli Kulturoloji Mükafata layiq görüldü.
“İlk poliqrafçı alim”in yaddaqalan başqa məqamı isə kitabın təqdimatı oldu. 70 illik yubileyinizi yanvarın 14-də ailə üzvlərilə qeyd etsəniz də, yubiley tədbirini sonbeşik Muradın toy gününə saxladınız. Toy 2010-cu ilin altıncı ayının altısında “Gilavar” şadlıq sarayında baş tutdu. Qonaqlar toy məclisinə daxil olmamış foyedə “İlk poliqrafçı alim” kitabının sərgisi ilə tanış oldular. Toydan çıxanda isə hərə bir kitabla evinə qayıtdı (Aralarında bir yox, bir neçəsini götürən də var idi).
Təbrik üçün Sabir Rüstəmxanlıya söz veriləndə bu təqdimatı ürəkgenişliyi ilə yüksək qiymətləndirdi və ənənə halını almasını tövsiyə etdi. 

Şəddat müəllim!
Sizi şəxsən tanımazdan əvvəl haqqınızda xoş sözlər eşitmişdim. Prezident Administrasiyasında şair-publisist Şəkər Aslanın adına jurnal (“Söz”) təsis olunanda onun Bakıdakı “müşavir”i olaraq işləri mən həyata keçirirdim. Xalq şairi Sabir Rüstəmxanlı Mətbuat və İnformasiya nazirimiz olsa da, I müavini, Xalq şairi Nəriman Həsənzadəni daha çox narahat edirdim. Günlərin birində Nəriman müəllim dedi ki, “Azərbaycan” nəşriyyatının baş direktoru Şəddat Cəfərov canlara dəyən insan və dəyərli mütəxəssisdir. Çox maraqlı bir devizi var: “İşi görmək istəyən adam vasitə axtarır, görmək istəməyən bəhanə”. Nə problemin olsa, onunla məsləhətləş.
Tanışlıqdan sonra bunun şahidi oldum. Lüğətinizdə “bilmirəm, mümkün deyil” sözləri, demək olar ki, bu gün də yoxdur. Vaxtında həyata keçirdiyiniz təmənnasız xidmətlər o qədərdir, özünüz xatırlaya bilmirsiniz. Amma insanların yaddaşında hər zaman yaşayır. Yaxşı yadımdadır, yazıçı-dramaturq, professor Aqşin Babayevin ANS ÇM-də müəllif verilişində Şəkər Aslanı xatırlayacaqdıq. Sizi də dəvət etmişdik. Aqşin müəllim Sizi görməyinə çox sevindi. Qızının avtoreferatıyla bağlı məsələni yada salıb yenidən təşəkkür etdi. Siz isə xatırlaya bilmədiniz. Aqşin müəllim də dedi ki, yaxşı insanlar təmənnasız iş gördükləri üçün etdiklərini tez unudurlar. Yaxşılıq etmək vərdişə çevriləndə unutqanlıq təbiidir.

“26-lar” mətbəəsində adınıza ilk əmək kitabçası yazan Hüseynqulu Axundovu, sonrakı direktor Camal Nəsirovu bu gün də minnətdarlıqla yad edirsiniz. Sinkoqrafiya sexində klişe hazırlamağı, şəkli sink üzərinə həkk etməyi və s. işləri çox tez öyrənib mənimsəyibsiniz. Elə o zamandan da işin ən ağırından yapışmaq xarakterinizin dəyişməz cizgilərindəndir. Zəhərli sexlərdən sayılan sinkoqrafiya sexində Sizə həyat üçün daha təhlükəli olan başqa bir iş tapşırılır. Klişe hazırlamaq üçün lazım olan azot turşusu balonlarını qucağınızda həyətdən II mərtəbəyə daşımalı olmusunuz. Balonun yerə düşməsi fəlakət idi. Lakin bu işi həvəslə yerinə yetirirdiniz. Çünki ailəyə maaşdan əlavə 10 manat pul aparırdınız. Bir qədər sonra dərəcə almağınız üçün komissiya yaradılır. Mətbəənin baş mühəndisi Nazim Əhmədov, sex rəisi Koqan Abram, ustanız Valya xala Sizi sexdə – iş başında sorğu-suala tuturlar. İlk imtahandan uğurla çıxdığınızdan V dərəcəyə nail olursunuz. Ən yüksək dərəcəli usta olmaq istəyilə rəngli şəkillər çap edən klişe hazırlamağı qarşınıza məqsəd qoyursunuz. Bu məqsədlə Sizi Moskvaya ezam edirlər. Moskvanın 1 saylı mətbəəsində 4-5 günlük təcrübədən sonra Bakıya qayıdanda özünüzlə kitablar da gətirirsiniz. İşləyə-işləyə mütaliəyə də vaxt ayırırsınız. Lakin yorğunluqdan bəzən Sizi yuxu da aparır, az qalır dəfələrlə peçin üstünə yıxılasınız. Lakin istəyinizə nail olursunuz. Komissiya qarşısında yenə imtahan verib, VI dərəcəli usta adına layiq görülürsünüz. Sizin rəngli klişelərdən kitabların üz qabığında istifadə olunur. Altmışıncı illərin ortalarında nəşrə başlayan “Qobustan” jurnalının əksər şəkilləri məhz Sizin hazırladığınız klişelər əsasında rəngli çap olunur.


Şəddat müəllim!
Kitabı yazdığım zaman Sizi daha yaxından tanıdım. Epiqraf kimi başlığa çıxardığım “İşin hazırına gələn adam yaxşı rəhbər ola bilməz. Gərək fəhləlikdən başlayasan” sözləri sanki boyunuza biçilib. Canınızdakı işgüzarlıq, hər şeyi öyrənməyə meyillilik, deyərdim ki, anadangəlmədir. Yeddiillik təhsildən sonra işə girməniz maddi ehtiyacdan, böyük ailəyə yardımdan doğub. Poliqrafiyaya gəlişiniz isə tam təsadüf olub. Amma hansı sahəyə getsəydiniz, hansı işin qulpundan yapışsaydınız, orda da birinci olacaqdınız.
Şəddat müəllim!
Sizin insanlara sevginiz bu gün də qarşılıqlıdır. Azərbaycanda poliqrafiya sahəsi geniş vüsət alsa da, komandan yenə də Sizsiniz. Hamı Sizdən öyrənməyə çalışır. Biliyinizi əsirgəməməkdə, müəllim səbriylə öyrətməkdə çox səxavətlisiniz. Böyük ziyalıları həmişə belə görmüşəm. O alim ki, həqiqi mənada dəryadır, biliyini nə qədər paylasa da, bitib-tükənən deyil. Alim olana qədər poliqrafiyaya gətirdiyiniz yeniliklərin hər biri bir kəşfə bərabər idi. Sinkoqrafiya sexinin rəisi işləyərkən istifadəsiz qalmış birprosesli emilsion maşını istifadəyə verərək klişe düzəltmək üçün yeni texnologiya tətbiq etmiş, bunun nəticəsində əmək sərfi xeyli azalmış, klişelərin çapa davamlılığı son dərəcə artmışdı. Sizi geridə qalan bir sexə müdir verəndə əvvəlki sexin vəziyyəti ləngiyirdi. Bu vəziyyət mətbəədə dəfələrlə təkrar olunub. Odur ki, müdiriyyət Sizi hər dəfə geriləyən sexə qaytarmağa məcbur olub.
Həmin dövrdə “26-lar” mətbəəsinin baş mühəndisi Nazim Əhmədovu “Kommunist” (“Azərbaycan”) nəşriyyatına baş mühəndis göndərirlər. Mətbuat Komitəsinin kollegiya üzvlərinin təqdimatı və mətbəənin direktoru Musa Nəbiyevin razılığı ilə baş mühəndis Siz təyin olunursunuz. Baş mühəndis olaraq aparıcı sima idiniz. Azərbaycanın bütün ziyalıları Sizi tanıyırdılar. Orda tətbiq etdiyiniz yenilikləri sadalasam, qalın bir kitab alınar.
Həmin dövrdə Pedaqoji İnstitutun axşam şöbəsində təhsilinizi başa çatdırırdınız. Lakin poliqrafiyanın elmi yenilikləri Sizi daha çox cəlb edirdi. Moskvada Poliqrafiya İnstitutunun qiyabi şöbəsinə qəbul olunmanız Sizi bu elmə daha çox bağlayır. İnstitutun bir qrup müəllimiylə yaxından tanışlığınız dostluq münasibətinə çevrilir. Bakıda seminar məşğələ keçirmək barədə institutun rektoruna yazdığınız məktubdakı təklif bəyənilir. Rektorun razılığı ilə institutun bir qrup alimi Bakıya gəlir, Sizin məşğələlərdə iştirak edir. Alimlər hər işi elmi yolla sübuta yetirib istehsalata tətbiq etmək istəyən 26 yaşlı baş mühəndisin aspiranturaya girməsini məsləhət görürlər. Bir yerə üç namizədi olan aspiranturaya yüksək qiymət aldığınıza görə Siz qəbul oldunuz. Dissertasiya mövzunuz SSRİ-də ilk dəfə korrelyasiya üsulundan istifadə edərək müxtəlif amillərin hərəsinin ayrılıqda rentabelliyə nə dərəcədə təsirini tətbiq edib elmi şəkildə əsaslandırdınız.
Nəhayət, müdafiə günü çatır. Ruhu şad olmuş Hacı Ağəddin Mansurzadə “Atalar üçdən deyib” kitabında həmin günün mənzərəsini bütün aydınlığı ilə qələmə alıb: “…Etiraf edirəm ki, çox elmi müdafiələrdə iştirak eləmişəm, amma beləsini görməmişdim. O, elə bil təkcə mövzusunu müdafiə etmirdi, eyni zamanda elmi rəhbərini, opponentlərini, ona qayğı göstərən institutun bütün müəllim-professor kollektivini, boya-başa çatdığı torpağını, işlədiyi müəssisənin adını müdafiə edirdi… Elmi rəhbəri Elya Nikolskayanın şən səsi salonu bürüdü:
- Azərbaycanın ilk poliqrafçı alimini təbrik edirik!..
Daha sonralar şair Elşad Səfərli həmin günlərin poetik mənzərəsini belə yaradır:

 

Bir gün də Moskvadan sevinclə geri döndü,
Sevinirdi, bu günü, çünki çox arzulardı.
Alim adın alan gün özündən də bəlkə çox,
O gün Azərbaycanın sevinmək haqqı vardı.

Şəddatın uğuruna özündən çox sevindi,
Dost-tanış, qohum-qardaş bu xəbəri alanda.
Ünvanına alqışlar gəldi yaxın-uzaqdan,
Şəninə şeirlər qoşdu şair Şəkər Aslan da.

 

Şeir “Yüz minlərlə kitab çap eləyən dost, Haqqında mən özüm kitab yazaydım!” misraları ilə bitir. Şəkər Aslanın “qız qardaşı” olaraq yarımçıq işlərini həyata keçirmək qismətimə düşdüyü kimi kitab yazmaq arzusunu da həyata keçirməliymişəm.
İnsanlarda paxıllıq hissi olmasaydı, nələrə qadir olardılar?! Moskvadan alim kimi qayıdanda sevinənlərlə yanaşı paxıllıqdan alışıb yananlar da oldu. Kimi bunu birbaşa büruzə verib, kimi də altdan-altdan işini görüb. Siz isə öz işinizdə, yeniliklər sorağında idiniz. Mətbəələrdə tətbiq etdiyiniz texnoloji xəttin vasitəsilə buraxılan yüksək keyfiyyətli kitabların sayı respublikadan kənara da yayılır. Ümumittifaq kitab müsabiqələrində mükafata layiq görülür.
1972-ci ildə Bakıda istifadəyə verilən “Yeni Kitab” mətbəəsi qüsurlu tikildiyindən və texnoloji nasazlıqlara görə işləri geridə qalır. Bir neçə direktor dəyişilsə də, heç bir irəliləyiş olmur. Komitə sədrinin yadına Siz düşürsünüz. Amma Sizi ora xeyirxahlıq məqsədilə direktor göndərmir. Sizi özünə müavin götürmək istəyən sədrə “xeyirxahlar” çatdırır ki, guya Siz onun yerinə çalışırsınız. O da Sizi sındırıb gözdən salmaq üçün nasaz, yararsız mətbəəyə direktor göndərir.
  Yaxşı bilirdiniz ki, fəhlədən yaxşı iş tələb etmək üçün normal iş şəraiti yaratmaq lazımdır. Heç bir direktordan görmədikləri diqqət və qayğını görən işçilər həvəslə işləyirlər. Sizin iş vaxtınız isə bəzən 15 saata çatır. İşlər qaydasına düşəndən sonra SSRİ mətbəələri arasında keçirilən yarışlara qoşulmanız Sizə uğur gətirir. Yarışların yekununa Moskvada baxılanda I yeri tutmanız kollektivi sevindirir. Bu xəbər SSRİ Mətbuat Komitəsinin sədri Boris Stukalinin marağına səbəb olur. Çünki Stukalin mətbəədə olduğundan vəziyyətdən xəbərdar idi. Birincilik əldə olunmasına heç cür inana bilmir. Ancaq biləndə ki, mətbəənin direktoru Sizsiniz – Şəddat Cəfərovdur, şübhəsi qalmır. Odur ki, B.Stukalin Azərbaycana gələrək bayrağı şəxsən özü təqdim edir.
Uğurlarınıza qısqananlar yenə narahat olurlar. Nəhayət, Sizi işinizdən ayrılmağa nail olurlar. Bütün bunlar “Acılı-şirinli günlər” (F.Həsənqızı) və “İlk poliqrafçı alim” (S.Əlibəyli) kitablarında öz əksini ətraflı tapıb. O zaman Nəsimi rayon Partiya Komitəsinin I katibi işləyən Lidiya Rəsulova işdən çıxdığınızı biləndə Sizi yenidən işinizə qaytarmaq istəsə də, qayıtmayacağınızı qəti bildirirsiniz. Lidiya xanım Sizi Nəsimi rayonundan kənara buraxmayacağını söyləyir. Sizi Sosial-təminat Şöbəsinin müdiri təyin edir. Bura təyin olunana kimi 22 il stajınız var idi. Lakin heç vaxt belə ürək ağrısı görməmişdiniz. Hər bir qocaya, kimsəsizə daxildən gələn xeyirxahlığınızla işlərin öhdəsindən məharətlə gəlibsiniz. Hətta rayon sovetinə deputat da seçilmisiniz. Fəqət, ürəyiniz peşənizlə döyündüyündən özünüzü anasından ayrı düşən uşağa bənzədibsiniz.
Qəzetlərin birində Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun nəşriyyat və informasiya şöbəsinin müdiri vəzifəsini tutmaq üçün müsabiqə elanı ürəyinizcə olur. Həm də sevinirsiniz ki, institutda elmi işinizi davam etdirmək üçün şərait yaranacaqdır. Müsabiqəyə sənəd verən çox olsa da, Siz keçirsiniz. Lidiya xanım buna sevinsə də, Sizi işdən buraxmaq fikrindən uzaq idi. Buna görə də Siz odla-su arasında qalmışdınız. Lidiya Rəsulovanın xeyirxahlığı qarşısında utandığınızdan bu işin onun razılığı ilə olmasını istəyirdiniz. Bu iş 3 ay uzansa da, nəhayət Lidiya xanım Sizi köçürmə yolu ilə işdən azad edir.
İnstitutda ruh yüksəkliyi ilə işə başladınız. Ünsiyyət bacarığınız, işgüzar və xeyirxah xüsusiyyətlərinizə görə ilk partiya təşkilatının katibi seçilirsiniz. Partiya işiylə əlaqədar tədbirlərdə “Kommunist” nəşriyyatının baş direktoru Nazim Əhmədovla rastlaşmanız həyatınızda yeni dönüş yaradır. N.Əhmədov Sizi özünə müavin aparacağını qətiyyətlə bildirir. İş Sizin etiraz etmənizlə bitmir. Sizi Mərkəzi Komitəyə çağırırlar. İşlər idarəsinin müdiri Balabəy Mirzəcanov etirazınızın səbəbini soruşanda işinizdən razı olduğunuzu, həm də doktorluq dissertasiyası yazdığınızı bildirirsiniz. İnstitutunuzun direktoru Fərid müəllim yüksək səviyyəli işçini əldən vermək istəməsə də, MK-nın məktubuna əsasən Sizin işdən çıxmaq əmrinizi verir.
Qafqazın ən böyük poliqrafiya bazası olan “Kommunist” (“Azərbaycan”) nəşriyyatında Nazim Əhmədov Sizi müavin kimi təqdim edəndə kollektivin əksəriyyəti Sizi tanıyırdı. Nəşriyyatın işləri sürətlənməyə başlayır. Respublikada ilk dəfə olaraq qəzetlərin ofset üsulu ilə çapı üçün xüsusi korpus tikintisi, yeni böyük həcmli istixana və s. məhz Sizin müavinlik dövrünüzə düşüb.
Şəddat müəllim!
Siz iqtisadçısınız. Özü də əlasından. Qəzetlər çap olunandan sonra çap lövhələri yararsız əşya kimi tullanırdı. Moskvada xüsusi zavodda hazırlanan lövhələr yalnız bir dəfə işlənirdi. Bir neçə aya o qədər çap lövhəsi yığılır, sexdə yer qalmır. Bunun həlli yolunu da Siz tapdınız. Çap lövhələrindən sini hazırlamaq qərarına gəldiniz və sinilərə dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın şəklini həkk edib satmaqla nəşriyyata xeyli gəlir gətirmisiniz. Bu gəlirin hesabına nəşriyyata yardımçı təsərrüfat üçün torpaq sahəsi almısınız. Daşlı-kəsəkli sahəni kollektivin yardımı ilə meyvə-tərəvəzli bir bostana çevirmisiniz. Nübar məhsul nəşriyyat işçilərinə bazar qiymətləriylə müqayisədə dəfələrlə ucuz satılıb.
Nəşriyyatın saysız qayğılarının birini həyata keçirən kimi o biri meydana çıxır. Fəqət, bütün bunları zövq alaraq həyata keçirmisiniz. Nəhəng işlər qarşısında sədlər çəkilsə də, hər zaman aşmağı bacarmısınız.
Nəşriyyatda Nazim Əhmədovu dəyişməklə Siz də başqa direktorla işləmək istəmədiyinizi bildirib ərizənizi yazmısınız. Həllini gözləyən nə qədər işləriniz yarımçıq qalıb.
  “İlk poliqrafçı alim” kitabını yazdığım dövrdə dostumuz, qardaşımız Hacı Mehman Fərzullayevlə tez-tez zəngləşirdik. Hər dəfə harda olduğumla maraqlanırdı. Mən də “Azərbaycan” nəşriyyatında olduğumu deyirdim. Yarıciddi-yarızarafat deyirdi ki, keçən dəfə də ordaydın… Nostalji hisslərlə deyirdim ki, elə işləyib, hər günü bir kitablıqdır. Bu sətirləri yazdığım dövrdə bir məqam da yadıma düşdü. Nəşriyyatda sex rəisi Elman Kərimov danışırdı ki, yaşadığımız binalar nəşriyyatın yaxınlığında olsa da, binaların başına fırlanıb işə gedib-gəlirdik. Bunun gecəsi, yayı-qışı var idi. Bunun da çarəsini tapmısınız. Binaların arasından kəsə bir yol tapıb dəmir pillələrdən körpü düzəltdirmisiniz. Ora “Şəddat körpüsü” deyirmişlər.
  “Kommunist” nəşriyyatından ayrılandan sonra SSRİ-nin müxtəlif nəşriyyatlarından dəvətlər aldınız. SSRİ Nazirlər Kabinetinin I müavini Heydər Əliyev cənablarının razılığı ilə “Ulyanovskaya Pravda”

nəşriyyatını seçdiniz. Ulyanovsk Vilayət Partiya Komitəsinin I katibi Gennadi Kolbinlə ilk görüşdən söhbətiniz tutur. Başqalarından gördüyünüz soyuqluq və diqqətsizlik Sizi ruhdan salsa da, sındıra bilmir. Altı nəfərlik ailəniz bir neçə ay mənzillə təmin oluna bilmir. Nəşriyyatda da hərc-mərclik baş alıb getdiyindən planlar dolmurmuş. Kollektiv isə iki cəbhəyə bölünmüşdü – köhnə direktorun tərəfdarları və əleyhdarları. Bütün bunlarla tanış olandan sonra ilk növbədə kollektivlə dil tapmağı düşündünüz. Böyük kollektivlərdə fəaliyyət göstərdiyinizə görə insan psixologiyasına yaxşı bələdsiniz. Həmin dövrdə Ulyanovskda alkoqolizmə qarşı ciddi mübarizə gedirdi. Bu qanun Sizin də ürəyinizdən olur. İşdə tələbkar olduğunuz kimi, həm də qayğıkeşsiniz. İlk növbədə kollektiv üçün normal iş şəraiti yaratmağa nail olmusunuz. İstirahət otaqlarının istifadəyə verilməsi hamının əhval-ruhiyyəsini dəyişir. Otaqların birində kitab rəfləri, şahmat, dama, domino və stolüstü tennis, digər otaqda isə stol-stullar və samovar qoyulur. Kollektivdə spirtli içkilərə meyil azalır, çay içməyə üstünlük verirlər. Azərbaycanın çay fabrikləri ilə müqavilə bağlamağınız respublikaya da xeyli gəlir gətirir. Qeyri-millətlərin nümayəndələri Azərbaycan çayı içirlər. İşlərinizin xoş sorağı G.Kolbinə çatır. Böyük müəssisədə çayın təbliğinə görə Sizi alqışlayır. Bu metodun digər müəssisələrdə də istifadə olunmasını tövsiyə edir. Həmçinin, nəşriyyatın planları artıqlaması ilə dolur, yüksək sifarişlərin sorağı hər tərəfə yayılır. Növbəti il nəşriyyatınız SSRİ Mətbuat Komitəsinin Keçici Qırmızı Bayrağına layiq görülür. Bayrağın adı Keçici olsa da, sanki Sizə təhkim olunmuşdu – Bakıda da, Ulyanovskda da.
Uğurlarınızın sorağı Moskvaya da çatır. Mərkəzi Komitədən “Pravda” qəzetinə tapşırılır ki, “Ulyanovskaya Pravda” nəşriyyatına 20 milyon dəvətnamə və təbriknamə sifariş verilsin. Bir iqtisadçı alim olaraq çoxsaylı sifarişin nəşriyyata böyük gəlir gətirəcəyini işçilərə bildirməklə işləri sürətləndirirsiniz.
Günlərin birində Kolbin Sizi və bir neçə müəssisə rəhbərini yanına çağırır. Polşaya gedəcəyini və özüylə müxtəlif suvenirlər aparacağını söyləyir. Aranızda bir növ müsabiqə keçirəcəyini deyir, yəni hərə öz təxəyyülü ilə vilayəti təmsil edən suvenir hazırlasın. Deyilən vaxt çatır. Hərə öz işiylə I katibin qəbuluna gəlir. G.Kolbin yalnız Sizin işlərinizi – vilayətin tarixi yerləri və təbiəti əks olunmuş plakatları bəyənir. Hətta elə bilir ki, təzə avadanlıq almısınız. Bu işləri köhnə avadanlıqlarda çap etdiyinizi biləndə heyran qalır.
Kolbinin apardığı plakatlar Polşada tədbir iştirakçılarının da diqqətini cəlb edir. Bir qədər sonra Tacikistanın Leninabad (köhnə paytaxt) şəhərinin ticarət idarəsinin rəisi qəbulunuza gəlir. İşlərinizlə Polşada tanış olduğundan paytaxt şəhərinin yubiley sifarişləri üçün “Ulyanovskaya Pravda” nəşriyyatını seçdiyini bildirir. Sifarişlər vaxtından əvvəl yerinə yetirilir. Sifarişlərin ardıyca özü gələn ticarət idarəsinin rəisi suvenirlər, bukletlər, plakatlar, bir sözlə, hər şeydən son dərəcə razı qaldığından Sizi də yubiley tədbirinə dəvət edir. Başqa sifarişləriniz çox olduğuna görə gedə bilmirsiniz.
Ulyanovskda nəşriyyat direktoru olmaqdan başqa ictimai işlərdə də fəallıq göstərirdiniz. Vilayət İcraiyyə Komitəsi poliqrafiya və kitab ticarəti idarəsi üzrə kollegiya üzvü seçilirsiniz. Rayon sovetinə deputat seçilməklə yanaşı, sənaye və xalq istehlakı malları üzrə komissiyaya rəhbərlik etmək işi də Sizə tapşırılır. Qısa müddətdə böyük nüfuz qazandığınızdan qurultayda vilayət həmkarlar təşkilatının rəyasət heyətinə üzv seçilirsiniz. Alimliyiniz də diqqətdən kənarda qalmır. Kuybışev İqtisad İnstitutunun Ulyanovsk filialına idarəetmə mövzusunda mühazirə oxumağa dəvət olunursunuz.
  İşiniz yalnız nəşriyyatın qayğıları və ictimai işlərilə bitmirdi. Dövlət tədbirləri olanda Vilayət Partiya Komitəsi Sizi Azərbaycandan gələn nümayəndələri qarşılayan dəstənin rəhbəri təyin edir. İndi haqq dünyasında olan Rafiq Zeynalov 1988-ci ildə Azərbaycan KP MK-nın katibi idi. Ulyanovskda keçiriləcək Ümumittifaq müşavirəsinə bir qrup azərbaycanlı ilə gəlmişdi. Vətəndən gələn nümayəndə heyətini aeroportda Siz qarşıladınız. Müşavirə iştirakçılarının Ulyanovskda yaşayan azərbaycanlılarla görüşünü keçirdiniz. Haqqınızda kitab yazdığım ərəfədə Rafiq Zeynalovla da görüşmüşdüm. Ürək sözlərini belə ifadə etmişdi: “Şəddat Cəfərovun peşəkarlığına, intellekt səviyyəsinə Bakıdan bələd idim. Amma yad ölkədəki nüfuzu məni heyran etdi. SSRİ-nin üçüncü böyük poliqrafiya bazası olan “Ulyanovskaya Pravda” nəşriyyatını gəzdikcə adamın ürəyi dağa dönürdü. Müxtəlif millətin nümayəndələri olan işçilər ona öz doğma adamları kimi yanaşanda bir eloğlu olaraq qürur, iftixar hissləri keçirirdim”.
Nəşriyyat sanki Azərbaycanın Ulyanovskda mədəni mərkəzi idi. Sizin simanızda qeyri-millətlərin nümayəndələrində Azərbaycan, azərbaycanlılar haqqında fikir formalaşırdı. Xalq şairi Sabir Rüstəmxanlı da həmin dövrdə Sizinlə görüşüb. “İlk poliqrafçı alim” kitabının ön sözündə o günləri belə qələmə alıb: “...Şəddat Cəfərovu “Ulyanovskaya Pravda” nəşriyyatına rəhbərlik edəndə şəxsən gördüm. Orada keçirilən Ümumittifaq tədbirləri zamanı Şəddata zəng vurub iş yerinə getdim. Çox böyük nüfuz sahibi olduğunun şahidi oldum. Nəşriyyat saat mexanizmi kimi işləyirdi. Diqqətimi çəkən cəhətlərdən biri də bir qrup azərbaycanlı gənci ətrafına yığıb, onları öyrətməsi oldu. Hətta aralarında sex rəisliyinə kimi yüksələnlər də vardı. Onun vətəndaşlıq təəssübü ilə fəxr etdim”.
Şəddat müəllim!
Azərbaycanda başlayan təlatümlü günlər Sizin də rahatlığınızı pozur. Hər gün Bakıyla əlaqə saxladınız, radio-televiziyanı izlədiniz. Azadlıq meydanına yığışanların tələblərindən biri də respublikadan kənarda yaşayıb-işləyən Vətən övladlarının Azərbaycana qayıtması idi. Sizin adınız da tez-tez hallanırdı. Məzuniyyət götürüb Bakıya gəldiniz. Ananız Nəsibə xanımla, bacı-qardaşlarla, dost-tanışlarla görüşdünüz. Həmin gəlişdə “Azərnəşr”in direktoru Əjdər Xanbabayevlə son görüşü indi də ağrılı xatirələrlə anırsınız: “Sənin gedişinlə Rusiya qazandı, biz itirdik. Sənə ehtiyacımız var, qayıt Vətənə. Hər şeyin yaxşı olacağını özün görəcəksən...” Ulyanovska çatan kimi “Əjdər Xanbabayev qətlə yetirildi” xəbərinə sarsılıb, uzun müddət özünüzə gələ bilmədiniz.
Günlərin birində Moskvadan, MK-dan Sizə zəng gəlir. Sizin Bakıya qayıtmağınızı tələb edirlər. Qayıtmaq istəyirsinizmi? – zəng vuran soruşur. O söhbətləri indi də xatırlayanda kövrəlirsiniz. Vətən məhəbbəti üstün gəlir. Amma Rusiya Sizi rahatlıqla əldən vermək istəmir. Nəhayət, qarşınıza belə tələb qoyulur – yerinizə mütəxəssis tapmalı!.. İnsanın üzərində təki Allahın nəzəri olsun, qalan işlər özü yoluna düşəcək. Öyrənirsiniz ki, “Kommunist”in baş mühəndisi olan Yura Vixaylevski Rusiyaya qayıtmaq istəyir. Onun namizədliyini irəli sürürsünüz. Lakin bu işin həlli də uzun çəkir. Kitabı yazdığım ərəfədə Yura Vixaylevski Bakıda oldu, həmin günləri belə xatırladı: “Şəddat Cəfərovdan sonra nəşriyyata rəhbərlik etmək mənə həm asan idi, həm də çətin. Asan idi ki, geridə qalan nəşriyyatı ittifaq səviyyəsində tanıtmışdı. Ən başlıcası, orda illər uzunu hökm sürən ayrı-seçkiliyə son qoymuş, kollektivi mehriban ailə kimi birləşdirə bilmişdi. Çətin idi ki, kollektiv onu çox sevirdi. Mənimlə işləmək onlara çətin idi. Dəhşətə gəlirdim ki, əsasən ruslardan ibarət olan kollektiv başqa millətdən olan direktoru necə böyük məhəbbətlə sevir. Əlbəttə, o, böyük məhəbbəti intellekt səviyyəsi, yüksək peşəkarlığı və idarəetmə bacarığı sayəsində qazanmışdı. Bunları bildiyimdən mən də məhz onun idarəetmə metodundan istifadə etməyə başladım. Kollektiv təkcə Şəddat Cəfərovun simasında bütün azərbaycanlıları sevir. Onunla birgə işləyənlər onu bu gün də böyük məhəbbətlə sevirlər”.
20 Yanvar qırğını Sizin də rahatlığınızı pozur. Bəd xəbərin ağrısı həssas qəlbinizdən keçir. Nəşriyyat Siz direktor olandan onsuz da Azərbaycanın mədəni mərkəzinə çevrilmişdi. Ertəsi gün hamı başınıza yığışıb dərdləşir. Hamı çaş-baş qalmışdı. Vətənə kömək barədə hərə bir təklif verirdi. Bir neçə gün sonra öyrəndiniz ki, 20 Yanvarda həbs olunanlardan 40 nəfəri Ulyanovsk həbsxanasına göndərilib. Bakıdan xəbər verirlər ki, məhbuslarla görüş qadağandır və onları ağır şəraitdə saxlayırlar. Vilayət polis idarəsilə telefon əlaqəniz və dustaqlarla insan kimi rəftar edilməsini xahiş etməniz həllini tapır. Rəis Sizin ziyalı nüfuzunuza hörmət edərək xahişinizi yerinə yetirir. Bakıdan görüşə gələn nümayəndələri özünüz qarşılayır, həbsxanaya da onlarla birgə gedib görüş almağa nail olurdunuz.
Qürbətdə həsrət, vətəndə el sevgisi… Rusiya Sizi vermək istəmir, Azərbaycan Sizi tələb edir. Nəhayət, 1990-cı ilin yayında Vətənə döndünüz. Lakin gözləmədiyiniz problemlərlə üzləşdiniz. Köməkçi kimi bir müddət Mətbuat Komitəsinə gedib-gəlsəniz də, oturmağa belə bir yer tapmırsınız və bu süründürməçilik aylarla çəkir.
Nə acı həqiqət!..
Təəssüf ki, belə idi…
Rusiyada böyük bir nəşriyyatı Vətənə sevgi naminə qurban verən direktora Mətbuat Komitəsində nəinki adicə bir otaq, heç stol-stul da tapılmır.
Lakin Tanrı Sizə səbir adlı nə böyük qüvvə bəxş edibmiş!
Komitədə növbəti iclas keçiriləndə işçilərin bir neçəsini mətbəələrə təhkim edirlər. Məqsəd dərsliklərin vaxtında və keyfiyyətlə çap olunmasıdır. Sizi də 3 saylı mətbəəyə təhkim edirlər. Mətbəə qoxusu üzüntülərinizi bir qədər azaldır. İşi elə təşkil edirsiniz, mətbəənin fəaliyyəti yüksəlir, dərsliklər vaxtında və yüksək keyfiyyətlə çap olunur… Yenə də işsizlik… Müavin rus millətindən olduğuna görə sədrin onu işdən çıxarmağa “gücü çatmır”. Amma, insafən, kabinetinin yanındakı kiçik otağı boşaltdırıb, orada stol-stul da qoydurur. Bura get-gəliniz xeyli çəkir. Nəhayət, komitə sədri Rəşid Mahmudov Sizi 3 saylı mətbəəyə direktor təyin etdiyini bildirir. 3 saylı mətbəə əvvəlki “Yeni Kitab” mətbəəsi idi. İşçilər “əli çörəkli, ayağı sayalı” direktoru görəndə sevinirlər. Uğurlarınızın ən başlıca səbəbi kollektivə diqqət və qayğınız, zəhmətsevərlik, məsuliyyət hissi, səliqə-sahmanı sevməyinizdir. Bir də ki, insanda peşəkarlıqla xeyirxahlıq birləşəndə daha çox fayda verir.
Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlı Komitəyə sədr təyin olunur. Komitə bir qədər sonra Mətbuat və İnformasiya Nazirliyinə çevrilir. Vəzifəyə keçən kimi nazirin yadına ilk düşən şəxs Siz olursunuz. Görüşəndə Sizi “Azərbaycan” nəşriyyatına baş direktor göndərmək istədiyini bildirir. Siz isə işinizdən razı olduğunuzu söyləyirsiniz. Nazir isə sabahdan əmrinizi verəcəyini söyləyir. Artıq ertəsi gün “Azərbaycan” nəşriyyatında idiniz. Korpusları, sexləri gəzdikcə çatışmazlıqlar, əyər-əskikliklər əhvalınızı pozur. Hiss edirsiniz ki, vəziyyətdən bütün kollektiv narazıdır. 35 bənddən ibarət iş planınızda “kollektivə diqqət və qayğı” sözləri birincilərdən olur. Hər iş gününün sonunda özünüzə hesabat verirmiş kimi gündəlik də yazırsınız. İlk iş günlərinizdə yaddaqalan xidmətlərinizdən biri “Müdafiə Nazirliyinin orqanı olan “Xalq Ordusu” qəzeti nəşriyyatın kağızı hesabına və Qarabağ müharibəsi qurtarana qədər pulsuz çap olunacaq” qərarınız olur.
Poliqrafiya materiallarının, əsasən kağızın qıt vaxtında, ən başlıcası, Rusiya ilə əlaqələrin kəsildiyi bir vaxtda şəxsi tanışlığınız vasitəsilə işləri yoluna qoymağa nail oldunuz. Türkiyənin “Zaman” qəzetiylə iş birliyi qurdunuz. Xarici əlaqələr genişləndi. İş adamı İlhan İşbilənlə “Azər-zaman” birgə müəssisəsi yaratdınız. “Zaman” qəzetinin dəvətilə Türkiyəyə ezam olundunuz. Mütəxəssis olaraq ofset çap sexinin rəisi Elman Kərimovu da özünüzlə apardınız. Əsas məqsədiniz nəşriyyata yeni çap maşınları və yeni avadanlıqlar gətirmək olsa da, Çanaqqalada “Qarabağın qara günləri” adlı sərgidə iştirak edirsiniz. 1992-ci ilin oktyabrında Cenevrəyə də yeni avadanlıqlar və çap maşınlarına görə uçursunuz. Zala daxil olanda əlində latın qrafikası ilə “Şəddat Cəfərov” yazılmış kağız tutan oğlan diqqətinizi cəlb edir. Türkiyədən tanıdığınız Əhməd bəy Sizi qarşılayır. Onun yaşadığı Bern şəhərinə yola düşürsünüz. Sürixdən Ağakərim bəy, Almas Əhəd, Əkbər Gəncə və digər soydaşlarımız Sizin görüşünüzə gəlir. Əhməd bəyin evində sanki bir Azərbaycan yaranır. Ürək ağrısı ilə ermənilərin törətdikləri vəhşiliklərdən danışır, onları heyrətləndirən suallara cavablar verirsiniz.
Ertəsi gün İsveçrədə keçirilən “İrfa-92” poliqrafiya avadanlığı sərgisinə qatılırsınız. Sizi ən çox maraqlandıran 4 rəngdə qəzet çap edən poliqrafiya avadanlıqları olur. Bu maşınlardan almaq üçün ilkin razılaşmalar da əldə edirsiniz. Sərgidə bəyəndiyiniz çap maşınının yeni modelini görmək üçün Fransaya getmək qərarına gəlirsiniz. Lakin Rusiyanın İsveçrədəki konsulluğu buna icazə vermir. Odur ki, Fransa səfəri bir qədər gec baş tutur.
Həmin ayda Moskvada keçirilən “Poliqrafmaş-92” sərgisində iştirakınız da yaddaşınızda əbədi yaşayır. “Kolbus” və “Ziqlox” firmalarının işləri diqqətinizi daha çox cəlb edir. Hər iki firmanın rəhbərlərilə tanış olursunuz. Kitab cildi üzrə axın xəttinə daxil olan avadanlıqları diqqətlə öyrənirsiniz. Alman mütəxəssisləri də Sizi öz ölkələrinə dəvət edirlər. Sərgidə “Şaşko” müstəqil firması ilə müqavilə bağlayırsınız. Bir iqtisadçı olaraq hesablayırsınız ki, “Azərbaycan” nəşriyyatı bundan 600 min manat gəlir götürəcək.
Növbəti səfəriniz İran İslam Respublikasına olur. 20 nəfərdən ibarət olan nümayəndə heyətinə Siz başçılıq etdiniz. Bakıdan tanıdığınız Ağayi Şeirdustla görüşdünüz. Dünya şöhrətli cərrah, “Varlıq” jurnalının naşiri Cavad Heyətlə tanış oldunuz. Məşhəd və Qum şəhərlərində müqəddəslərin qəbirlərini ziyarət etdiniz. Tehran xəstəxanalarında Qarabağ uğrunda döyüşlərdə yaralanan əsgərlərlə görüşdünüz. Yaralılara ərzaq sovqatıyla yanaşı, qəzet-jurnallar, kitablar da payladınız. Bunlardan əlavə, şux zarafatlarınızla yaralı əsgərlərdə xoş ovqat da yaratdınız.

İran səfərindən sonra dünyanın müxtəlif yerlərində görüşdüyünüz iş adamlarını Bakıya dəvət edirsiniz. 20 aprel 1993-cü il tarixli “Səhər” qəzeti bu barədə yazır: “Yaponiyada, ABŞ-da, Almaniyada, Avstriyada, İsveçrədə... istehsal olunmuş poliqrafiya avadanlığının satışı üzrə ixtisaslaşmış firmaların rəhbərləri “Azərbaycan” nəşriyyatının rəhbərliyinin dəvətilə Bakıda qonaq olmuşlar. Mütəxəssislər Şəddat Cəfərovun poliqrafiya və elektronika barədə dərin biliyinə heyran qalıblar”.
Şəddat müəllim!
Sizin haqqınızda yenə də öz fikrimdəyəm: “İnsanda peşəkarlıqla xeyirxahlıq birləşəndə daha çox fayda verir”. İşiniz yalnız qəzet-jurnal, kitab çapı deyildi. İnsanların maddi rifah halı, sosial problemləri də başlıca qayğılarınız idi. Günlərin birində mətbuatımızın ağsaqqalı “Bakı” qəzetinin ilk redaktoru Nəsir İmanquliyevin evi yanır. Ruhu şad olmuş Ağəddin Mansurzadə həmin hadisəni “Nəsir İmanquliyevin məktəbi” kitabında belə əks etdirib: “Nəsir müəllimin evinin yanması barədə ilk məlumatı nəşriyyatın direktoru, həm də yaxın dostum Şəddat Cəfərova verdim və ondan xahiş etdim ki, bu işi boynuna götürsün. O da heç bir sorğusuz-sualsız “baş üstə” dedi. Bir yerdə Nəsir müəllimin kabinetinə qalxdıq. O da öz növbəsində Nəsir müəllimə təsəlli verdi, günü sabahdan təmirə başlayacağını dedi. Nəsir müəllim çox istədi etiraz etsin, lakin Şəddat əl çəkmədi. Cəmi bir aya ev təmir olundu, yanğından heç bir əsər-əlamət qalmadı.
Ancaq bədxahlar bunu başqa cür yozmağa başladılar. Üstəlik ora-bura məlumat da ötürdülər. Şəddat Cəfərovun humanistcəsinə atdığı addımı, etdiyi xeyirxahlığı özünü göstərmək kimi qələmə verdilər. Buna müəyyən mənada nail də oldular. Nəşriyyata gündə bir komissiya göndərirdilər. Bir şey tapmasalar da, direktorun qanını qaraldır, onu işdən-gücdən edirdilər.
Doxsanıncı illərin əvvəllərinin necə ağır olduğunu hamı etiraf edir. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçiləndən sonra da gərginlik azalmadı. Təzyiqlərin günbəgün artdığı bir vaxtda Şəddat Cəfərov “Naxçıvan yaşayır və döyüşür” kitabını çap etdirdi. Nəşr bomba kimi partladı. Təzədən başladılar Şəddat Cəfərovu incitməyə ki, sənə kim icazə verib bu kitabı çap edəsən?
Yenidən komissiyalar bir-birinin dalıyca gəlməyə başladılar. Əlbəttə, Şəddat Cəfərov bəhanə idi. Hədəfdə Heydər Əliyev idi. Fəqət, yazıqlar bilmədilər ki, Heydər Əliyevə hansı kişinin gücü çatar, yaxud hansı kişi onunla güləşə bilər?!
Həmin kitabın çapına məsul olanlar Şəddat Cəfərovu Naxçıvana dəvət etdilər. İstədilər təqdimatda o da iştirak etsin, hansı əzab-əziyyətli yollardan keçdiyini şəxsən Heydər Əliyevə danışsın. O isə etiraz etdi:
- Mən yalnız vətəndaşlıq borcumu, bir də Heydər Əliyev şəxsiyyətinə olan sonsuz hörmət və məhəbbətimi bildirmişəm.
Əvəzində Heydər Əliyev Naxçıvandan ona zəng elətdirib, səmimi təşəkkür və minnətdarlığını bildirdi”.
Bu barədə “İki sahil” və s. qəzetlər də yazı dərc etmişdi.
Şəddat müəllim!
Kollektivin Sizi necə sevməsinin özüm şahidiyəm. “Söz” jurnalının hansısa problemilə əlaqədar Sizin qəbulunuza gəlmişdim. Kabinetinizin yerləşdiyi beşinci mərtəbədə adam əlindən tərpənmək mümkün deyildi. Kimi bir-birilə öpüşür, kimi bir-birinin əlini sıxıb təbrik edirdi. Adamların üzündə elə bir sevinc var idi, sanki Qarabağ azad olunmuşdu. Pəncərə qabağında söhbətləşən qadınlara yaxınlaşdım. Qadınlar nəşriyyata yeni direktor göndərildiyini və kollektivin həmin direktoru qəbul etmədiyini danışırdılar. Ertəsi gün bütün qəzetlər bu barədə yazdılar. “Azərbaycan” nəşriyyatında mərəkə” başlıqlı yazıda günün hadisəsi ətraflı şərh olunmuşdu.
Bir qədər sonra nəşriyyata yeni direktor təyin olunduğundan Siz müavin kimi qaldınız. Bir həftədən sonra ərizənizi yazıb çıxdınız.
Uşaqlıqdan əlinizin zəhmətilə dolandığınızdan işsiz qalmaq Sizə çətin idi. Məlumdur ki, zəhmət bütün xəstəliklərin loğmanıdır. İslami dəyərlərə söykəndiyinizdən bilirdiniz ki, yaxşı aqibət düz yolda olanlarındır (Məhəmməd Peyğəmbər (s). Ürəyiniz vəzifədən ötrü yox, işdən ötrü darıxır. Hər dəfə olduğu kimi, Sizə iş təklif edəndə “hara çətindirsə, məni ora göndərin” qərarını verirdiniz. Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyində müavin kimi lap qısa müddət fəaliyyət göstərdiniz. Bakı və Türkiyənin iş adamları ilə fəaliyyətə başlayan “Göytürk” mətbəəsi çoxdan yaransa da, fəaliyyəti zəif idi. Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlının əmri ilə mətbəəyə direktor təyin olundunuz. Respublikanın tanınmış ziyalıları, poliqrafçıları, eləcə də Türkiyənin iş adamlarının iştirakı ilə mətbəənin təntənəli açılışına da nail oldunuz. Lakin burdakı fəaliyyətiniz də uzun çəkmir, ərizənizi yazıb gedəsi oldunuz. Bir cümləyə sığan işdən getməniz ürəyinizdə izini qoyurdu. Siz də bütün normal insanlar kimi haqsızlığı çətin qəbul edirsiniz.
Sabir Rüstəmxanlı Sizi tikintisi hələ davam edən Ofset çap kombinatına direktor təyin edir. Çoxsahəli kombinatın işləri qaydaya düşən zamanlarda başqa əngəllər çıxır. Yenə də işsiz qalırsınız.
Respublika Veteranlar Təşkilatı ilə hər zaman əlaqəli olduğunuzdan təşkilat Sizi “Vətən” nəşriyyatına direktor təyin edir. Nəşriyyatın imkanlarından səmərəli istifadə etməyə çalışdınız. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun həyat və döyüş yollarından bəhs edən Xalq yazıçısı Hüseyn Abbaszadənin “General” romanını latın qrafikası ilə çap etdirdiniz. Veteranlara aid və digər mövzularda kitablar nəşr etdirdiniz. Lakin “Vətən” nəşriyyatının işi Sizin enerjiniz üçün azlıq edir. Bir qədər sonra Diplomatiya Universitetinə (indiki Avrasiya) dəvət aldınız. Jurnalistika fakültəsində mətbuat və nəşriyyat işləri mövzusunda mühazirələr oxudunuz. Hətta kafedra müdiri seçildiniz.
Şəddat müəllim!
1993-cü ildə “Azərbaycan” nəşriyyatından çıxandan sonra Sizi görməmişdim. 1999-cu ilin fevral ayı idi. “Söz”ü ilk dəfə ayrı yerdə - “Təmir-hissə” kiçik müəssisəsində hazırlayırdım. Sizi altı ildən sonra ilk dəfə orda gördüm. Yeni yaranmış “Şans” nəşriyyat-poliqrafiya mərkəzinə direktor dəvət olunmuşdunuz. Sizin poliqrafiyaya qayıdışınızı hamı sevinclə qarşılayırdı. Nailiyyətlərinizə qəzetlər də biganə qalmır. “Azərbaycan” qəzeti (2.09.1999) yazır: “...Keçid dövrünün acı səhifələrini yaşayan respublikamızda sənayenin, o cümlədən poliqrafiyanın iflic vəziyyətdə olduğu hamıya bəllidir. Belə olduqda nəfis şəkildə, iri həcmli, xüsusi tərtibatla kitab çap etməyin çox çətin iş olduğunu poliqrafçılar yaxşı bilir. Lakin “Şans”ın işçiləri bütün çətinliklərə baxmayaraq Yusif Kərimovun “İtkilər və ümidlər” kitabının nümunə nüsxəsini müəllifə təqdim etmişlər. Bu kitab yüksək poliqrafik keyfiyyətlərinə görə Azərbaycanda kitab nəşri tarixinə yeni səhifə kimi daxil ola bilər”.
Şəddat müəllim!
Yubiley yaşınızla bağlı çoxları söz demək istədi. Təvazökarlıq edib razı olmadınız. AMİNA-nın prezidenti, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim, professor Xanlar Qurbanov ürək sözlərini ünvanımıza göndərdiyi üçün istifadə edəsi olduq: “Şəddat Cəfərovu “Kommunist” (“Azərbaycan”) nəşriyyatında rəhbər vəzifədə işlədiyi dövrdən tanımışam. Elə onda da, indi də sözünün yiyəsi olan mərd kişilərdəndir. Bu xüsusiyyətinə görə cəmiyyətdə çox yüksək nüfuza malikdir. Ömrünün 65 ilini poliqrafiyanın inkişafına həsr edən böyük alimə, nəcib insana cansağlığı və yaradıcılıq uğurları arzulayıram”.
Aviasiya Akademiyasının kafedra müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyevin də fikirləri elə bu məzmundadır. Söyləyir ki, nəşriyyatlarda dost-tanışım olsa da, kitablarımı Şəddat müəllimin direktor işlədiyi mətbəəyə gətirirəm. Alimliyini istehsalata tətbiq edən gözəl mütəxəssisdir. Ən başlıcası, xoş rəftarı, nəzakətli davranışı, diqqət və qayğısı sayəsində hər kəs onunla işləmək istəyir.
Şəddat müəllim!
Zarafatcıllığınız barədə istənilən qədər danışmaq olar. Cənab Prezidentin sərəncamıyla jurnalistlər üçün tikilən evə sənədlərimi hazırlayırdım. Ertəsi gün işə gələndə söylədim ki, sənəd qəbulunda adam hədsiz çox idi. Əməkdar jurnalist Hacı Əhməd İsayevi də gördüm. Məni maşınıyla evə aparmağı təklif etdi. Dedim ki, çox sağ olun. İnşallah, təzə evdə qonşu olarıq, maşınınızdan istifadə edərəm.
Bunu Sizə danışanda özünüzə məxsus təmkinlə bildirdiniz: “Nə baxırsan, evi hökumət verir, sürücün, maşının da ki, indidən hazır”.
Təəssüf ki, heç birimiz o binada mənzil ala bilmədik.
Kitab yazanda zarafatlarınız barədə də xeyli danışırdılar. Zirəddin Cəfərovun indi harda işlədiyini bilmirəm. Amma o zaman “Azərbaycan” nəşriyyatında sex rəisi idi. Söyləyirdi ki, Şəddat müəllimlə bağlı bir məqamı xatırlayanda üzümüzə təbəssüm qonur… Adəti üzrə sexləri gəzirdi. Kağız və digər materialların qıt vaxtı idi. Mən isə özüm üçün xeyli təbaşirli kağız qənaət etmişdim. Bunu iş yoldaşlarım da bilirdi. Şəddat müəllim nəyə ehtiyacımız olduğunu soruşanda mən kağız istədim. Bu zaman iş yoldaşlarımdan biri saxladığım ehtiyat kağızı göstərdi. Mən pərt olsam da, o, bu xəbərçiliyin fərqinə varmadı. Gülə-gülə soruşdu:
- Neçə ildi sex rəisisən?
- 12 il - dedim.
- 12 ilə elə bunu yığmısan?! – deyə bu söhbətə zarafatla son qoydu.
Zarafatcıllığınız, yumor hissiniz hekayələrinizə də hopub.
Şəddat müəllim!
Şəkər Aslan dostcanlı bir insan idi. Hər gün görüşdükləri də vardı, aylarla görüşmədikləri də. Siz ikincilərdən idiniz. “Söz” jurnalı nəşrə başlayandan sonra bunun şahidi oldum. Onun adına jurnal təsis olunanda “Azərbaycan” nəşriyyatının baş direktoru kimi Sizə güvənib jurnalın nəşrinə başladı. İşgüzar xarakterinizə uyğun olaraq hamıya kömək edirdiniz. “Söz”ə isə xüsusi diqqət göstərirdiniz.

 

 “Söz”ün 20, 25 illik yubileylərində əsas təşkilatçı sima idiniz. Şəkər Aslanın AYB-nin Natəvan klubundakı 80 illik yubileyində də təşkilatçı oldunuz. Böyüdülmüş şəklindən tutmuş dəvətnamələrə kimi Siz hazırladınız. İTV-də Əməkdar jurnalist Flora Xəlilzadənin “Yadigarlar” müəllif verilişində də təşəbbüskar Siz idiniz.
Şəddat müəllim!
Ortancıl oğlunuz Sabitin “Günəş” şadlıq sarayındakı toy şənliyini 2000-ci ilin 14 yanvarına – 60 illik yubiley gününə salmışdınız. Yeni minilliyə, ömrünüzün yetmişə gedən yoluna toyla başlayırdı. Müğənni Səməd Səmədov bəylə gəlini təbrik edəndən sonra yubilyarı – Şəddat Cəfərovu da təbrik etdi. Təbrik təbrikə qoşuldu. Sabir Rüstəmxanlı “Söz” jurnalının Şəddat Cəfərova həsr olunmuş xüsusi buraxılışından rəğbətlə söz açdı. Baş redaktorun “Peşəsinin akademiki” başlığının Şəddat Cəfərova tam uyğun olduğunu söylədi, jurnalın yaradıcı kollektivinə minnətdarlığını bildirdi. Və yarıciddi-yarızarafat qeyd etdi ki, mənim köhnə dostum Şəddat bəyin yubiley yaşı ilə oğlunun toyunu bir günə salmasında bilmirəm biz qazanıb qabağa düşdük, yoxsa özü?..
Şəddat müəllim!
75 illik yubileyiniz Ulyanovskdan başlandı. Yubiley tədbiri barədə xəbəri Rusiyanın mətbu orqanları, agentlikləri, saytları yaymaqla yanaşı, bizim AzərTAc da yaydı. “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Lənkəran”, “Aşkarlıq” və digər qəzetlər dərc etdilər.
Direktor işlədiyiniz 3 saylı Bakı mətbəəsində də Sizi təbrik etdilər. Müşahidə Şurasının sədri Şakir Acalov yubilyarı kollektiv adından təbrik etdi, Fəxri Fərmanla təltif etdi.
Yubiley tədbiri bir qədər sonra Mətbuat Şurasında qeyd olundu. Həmin tədbir barədə də mətbu orqanlar və saytlar xəbər yaydılar.


Publisist İsaq Əmənullayev “Mənalı poliqrafçı ömrü” kitabını (dörd dildə) Sizə hədiyyə etdi. Kitab dörd dilə tərcümə olundu. Ruscaya Zeytulla Cabbarov, ingiliscəyə Namazəli Mustafayev, ərəbcəyə Zakir Qasımov tərcümə ediblər. Redaktor Mahmud Mahmudovdur. “Mənalı poliqrafçı ömrü” barədə mətbu orqanlarda geniş rəylər dərc olundu. Xalq Mətbuat Mərkəzində təqdimatı keçirildi. Təqdimatda qeyd olundu ki, Şəddat müəllim özü bir kitabdır. Biz bu kitabı illər boyu oxuyur və onun həyatının hər dəfə maraqlı, yaddaqalan səhifələri ilə tanış olduqca sözün həqiqi mənasında heyrətlənirik.

 

Şəddat müəllim!
İllər boyu başqalarının kitablarına imza atan bir naşirsiniz. Azərbaycan Yazıçılar və Jurnalistlər, eləcə də Rusiya Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olaraq son illər öz kitablarınızı da çap etdirirsiniz. Əvvəlcə “Biblioqrafiya”nız işıq üzü gördü. Sonra “Kitab çapı” metodik vəsait olaraq mütəxəssislərin standarta uyğun fəaliyyətlərinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. “Kitab gözəlliyinin elmi mahiyyəti” də bu baxımdan maraq doğurdu.
Poliqrafçı alim olmaqla yanaşı söz adamı, qələm adamısınız. 1970-ci illərin sonundan başlayaraq müxtəlif mövzularda hekayələr yazıb dərc etdirirsiniz. Hekayələrinizi Azərbaycan dilində yazsanız da, rus dilinə də özünüz tərcümə edirsiniz. Yazdıqlarınız Rusiya mətbuatında da müntəzəm çap olunur. “Hadisələr və düşüncələr” (Şahrza Ağayevlə birgə), “Ötən illərin əhvalatları”, “Yumoristiçeskie rasskazı” kitabları “Gənclik” nəşriyyatında çapdan çıxıb. “İstorii proşlıx let” adlı kitabınız Ulyanovsk Mətbuat Evində 3 min tirajla çap olunub, MDB ölkələrinin müxtəlif şəhərlərinə yayılıb.
Hekayələriniz əsasən yumorlu mövzudadır. Bu yumorlu hekayələrdə ideal məsələlər qaldırırsınız. Hamının gördüyü, bütün dövrlər üçün səciyyəvi olan hadisələri ustalıqla, yığcam şəkildə yazmaq bacarığına maliksiniz.
Şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli hekayələrinizi “Özünü tanımağın yolu, yaxud, gülüşün estetik mahiyyəti” başlıqlı məqaləsi ilə təhlil etmişdir: “Ağlarlıq və gülərlik... ağlamaq və gülmək – sənəti araya-ərsəyə gətirən iki qoşa qanaddır. Göz yaşları sənət üçün nə qədər əhəmiyyət kəsb edirsə, gülüşün də dəyəri elə o qədərdir. Başqa sözlə, ürək yanmasa, göz yaşı, könül sevməsə, gülüş olmaz. Yumorist yazıçı Şəddat Cəfərovun həyata münasibəti istər ciddi hekayələrində, istərsə də yumorlu nəsrində birmənalıdır; o, həyatı saf və sağlam görmək istəyir. Ona görə də bütün yaradıcılığı boyu müraciət elədiyi mövzuların qələmə alınmasında daxili-mənəvi mühitdən gələn hisslərini və həyəcanlarını əsirgəmir...”.

Şəddat müəllim!
Deyirlər, insan övladının həyatda dörd vəzifəsi var: övlad böyütmək, ev tikmək, ağac əkmək və kitab yazmaq. Birinci üç vəzifəni çoxları yerinə yetirsə də, sonuncunu gerçəkləşdirmək yalnız nadir adamlara qismət olur. Ömür-gün yoldaşınız Mirfatma xanımla dörd övlad böyütmüsünüz. İdrak və Sevinc ixtisasca həkim, Sabitlə Murad hüquqşünasdır. Hər biri ailəyə yalnız başucalığı gətirir. Doqquz nəvənin sevincini yaşayırsınız. “Qızıl toy”unuzun sevincini də bu il yaşadınız. Ev tikmək – təkcə özünüzə yox, yüzlərlə ailəni isti ocaqla sevindirmisiniz. Ağac əkmək – bu ağacların sayı hesaba, bağ-bağçanızın miqyası ölçüyə gəlməz. O ki qaldı kitab yazmaq – kitablara imza atan Sizin qədər ikinci, üçüncü şəxsimiz varmı?!
Ömründə bir tükənməzlik olan insan kimi neçə-neçə yüzilləri aşandan sonra da araşdırılacağınıza, kəşf olunacağınıza şübhəm yoxdur. Mənim sözümsə dəyirmandakıdır. Yəni, ömrün 90-cı dayanacağında görüşməklə 100-ün zirvəsinədək. Allah amanında…

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !