Qərənfilin tarixçəsi - -Günel Mehri yazır

Qərənfilin tarixçəsi -Günel Mehri yazır

20 yanvar şəhidlərinin əziz xatirəsinə ithaf olunur!


Hər gülün bir tarixçəsi var. Qərənfilin də tarixi çox uzaqlara gedib çıxır. Deyilənə görə, qədim əyyamlarda yunanlar qərənfili "ilahi çiçək" adlandırırmışlar. İlahi olub-olmamasına bir söz deyə bilmərik. Amma əvvəllər bizlərdə hamı qərənfil əkərdi. Neçə-neçə ailənin qazanc yeriydi qərənfil. Özu də əkəndə qucaq-qucaq, yeşik-yeşik əkərdilər. Niyə? Çünki qərənfil al-əlvan rəngi, təkrarsız ətri, zərafətiylə gözəllik rəmzi sayılırdi. Yaxşı yadımdadır... O vaxtlar sevgi gülüydü qərənfil. Görüşlərin bəzəyiydi. Elə görüş olmazdı ki, qərənfilsiz ötüşə. Əldən-ələ gəzirdi qərənfil. Ən xoş günlərimizə şahidlik edirdi. Xeyir işlərdə də
əlimizdən tuturdu. Ən sevincli məqamlarda süfrələrimizdən əskik olmazdı. Elə bil həyatımızın hər məqamında bizimlə birgə addımlayırdı. Amma... Amma, o gün hər şey dəyişdi! Bizim taleyimiz də, elə qərənfilin taleyi də... Bircə gecədə  rənglər də, hisslər də, güllər də Ilkin mahiyyətini itirdi. 1990-nın soyuq yanvar gecəsində göydən yağış yerinə qərənfil yağdı Bakıda. Yağdı və asfalta hopmuş qan ləkələrinə, soyuq məzarlara örtük oldu. Elə o vaxtdan sevgi gülü matəm gülünə çevrildi. Şəhidlərin qanına boyanıb süfrələrdən məzarlara köçdü qərənfil... Və 30 ildir, bizə həyan olur. Yanımızda, yaxınımızda olur qərənfil. Şəhidlərlə birgə anılır, şəhidlərə yas saxlayır qərənfil... Amma bir şeyi də deyim. Qərənfil yenə də sevgi simvoludur: azadlıq sevgimizin simvolu!
Muəllif:
Günel Mehri

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !