İDMAN YENİLİKLƏRİni - İNTİQAM təqdim edir (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİni İNTİQAM təqdim edir (AZpress.AZ)

 GÜLƏŞ
---------------------------------------------
Azərbaycan pəhləvanları Fransanı fəth ediblər


Fransanın Nitsa şəhərində Oolimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə “Qran-pri” turniri keçirilib. Yarışın proqramına əsasən, yanvarın 18-də sərbəst, 19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutub. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmizi bu ənənəvi turnirdə rusiyalı baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşi üzrə millimiz təmsil edib. "Klassiklərimiz" Fransa "Qran-pri"sində uğurlu çıxış edərək 4-ü qızıl, 2-si gümüş və 1-i bürünc əyarlı olmaqla 7 medal qazanıb. Pəhləvanlarımız arasında Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici finalda büdrəyən Sənan Süleymanovla (72 kq) Orxan Nuriyev (97 kq) ikinci yeri tutmaqla gümüş, Taleh Məmmədov (63 kq) isə üçüncü olmaqla bürünc medalla kifayətlənib. Xatırladaq ki, “Qran-pri”də beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub

İNTİQAM

=================================================
BOKS
-----------------------------------
Boksçuların Tokioya gedən yolu London və Parijdən keçir

2020-ci ilin ən əsas yarışı bu ilin sentyabrında Yaponiyanın paytaxtı Tokioda keçiriləcək növbəti Yay Olimpiya Oyunlarıdır. 4 illiyin bu zirvə yarışında iştirak etmək bütün idmançıların, eləcə də boksçuların ən ümdə arzularındandır. Bunun üçünsə, boksçularımız Tokioya lisenziya verən turnirlərdə uğurla iştirak etməlidirlər. Qarşıda boksçularımızı iki belə mühüm yarış gözləyir. Bunlardan biri - Böyükbritaniyanın paytaxtı Londonda keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifatlı turnir, digəri isə Fransanın paytaxtə Pariıin ev sahibliyi edəcəyi Dünya Olimpiya Təsnifatlı turnirdi. Xatırladaq ki, 13-23 may günlərində Londonda baş tutacaq turnirdə Azərbaycan da daxil olmaqla, 50 ölkəni təmsil edən 450 dəri əlcək ustası 77 lisenziya uğrunda mübarizə aparacaq ki, onlardan da 27-si qadınların payına düşəcək.Reqlamentə əsasən, 52, 57 və 63 kq şəkidə ilk 8, 69, 75 və 81 kq-da ilk 6 yeri titanlar, 90 və +91 kq-da isə yalnız yarımfinala şıxanlar Tokioya bilet sifariş verə biləcəklər. ,
Londonda lisenziya qazana bilməyənlər şplərini Parij turnirində yoxlamalı olacaqlar. Amma bir iş var ki, Fransa paytaxtında lisenziyaların sayı məhdud olacaq. Cəmi 35 lisenziya. Maraqlıdır ki, yığmamızın kubalı baş məşqçisi Umberto Orta Dominqes Azərbaycan yığmasının Tokioya 6 lisenziya qazanacağını bildirib. Yeri gəlmişkən, Azərbaycan yığması 2016-cı ildə Rioda keçirilən Olimpiadada 11 boksçu ilə təmsil olunmuşdur ki, onlardan da cəmi ikisi mükafatçılar sırasında yer ala bilmişdi. 64 kq-da Lorentso Sotomayor yalnız finalda uduzaraq gümüş, Kamran Şahsuvarlı (75 kq) isə bürünc medal qazanmışdır. Artıq həm qadın, həm də kişi yığmamız lisenziya xarakterli turnirlərin hazırlığına başlayıb. Azərbaycan boks federasiyasından aldığımız məlumata görə kişi boksçulardan ibarət komandamız Tailanda yollanıb. Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız təlim-məşq toplanışının növbəti mərhələsini bu ölkədə keçəcək. Məşqçilər korpusu hazırlıq mərhələsinə 18 bosçu cəlb edib ki, bu 18-likdə əd Məsud Yusifzadə, Rüfət Hüseynov (hər ikisi 52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (hər ikisi 57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (hər ikisi 63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor (hər ikisi 69 kq), Amin Kuşkov, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Alfonso Dominqes (81 kq), Rauf Rəhimov (91 kq) və Məhəmməd Abdullayevi (+91 kq) yer alıb. Yanvarın 25-dək davam edəcək bu toplanışda bir neçə aparıcı boks ölkəsi də iştirak edir. Yığmamız hazırlıq ərəfəsində həmin ölkələrlə yoldaşlıq görüşləri də keçirməyi planlaşdırıb.
Qadın boksçulardan ibarət Azərbaycan millisi də təlim-məşq toplanışına start verib. Komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib. Toplanışa 8 boksçu dəvət olunub. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək.

 

İNTİQAM

=================================================

 

 

 

GİMNASTİKA
-------------------------------------
Bakıda 30 əlkənin batutçuları toplaşacaq


15-16 fevral günlərində paytaxt Bakıda gimnastikanın batut və tamblinq növləri üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, turnirdə 170-dən çox idmançının iştirakı gözlənilir. Bir məqamı da qeyd edək ki, həmin turnir uçan idmançılara lisenziya xalı toplamaq imkanı verəcək.

İNTİQAM

=================================================

 

KARATE

-----------------------------------------

Karateçilər 20 yanvar şəhidlərini yad ediblər

Azərbaycan Milli Karate Federasiyası (AMKF) və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq açıq turnir keçirilib. Turnirdə ölkəmizi təmsil edən 89 klubla yanaşı, İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş və Omanı tımsi edən 939 idmançı kumite və kata üzrə yarışlarda mübarizə aparıb. AMKF-dən aldığımız məlumata görə, turnirin birinci günü bütün yaş qruplarında kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclər kumite yarışında çıxış ediblər.

Yekun nəticəyə əsasən 20 qızıl, 13 gümüş və 25 bürünc medalla "Qara Qaplan" klubu birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan "Arpaçay" klubu ikinci yeri tutub. Üçüncü pilləni isə 7 qızıl, 4 gümüş və 15 bürünc medalla "Pashayev" (Ukrayna) klubu qapayıb. Yarışı milli hakimlərimizlə birgə, 5 ölkədən olan 22 beynəlxalq referi idarə edib.

 

 

Azərbaycan karateçiləri Xorvatiyada birinci olublar

Xorvatiyanın Samobore şəhərində yeniyetmə və gənclər arasında karatenin WKF versiyası üzrə Beynəlxalq Qran-Pri turniri keçirilib. Turnirə böyük heyətlə qatılan Azərbaycan yığması yekun nəticəyə görə turnirin birincisi olub. Belə ki, müxtəlif yaş qrupları üzrə turnirə qatılan 32 idmançımızdan 10-u uğurla çıxış edərək medal qazanıb.Fərid Cavadov (57 kq) 14-15, Osman Osmanlı (76 kq) 16-17, Murad Hacızadə (+84 kq ) isə 18-20 yaşlılar arasında bütün döyüşlərini qələbə ilə keçirərək, çempion adını qazanıb. Xatırladaq ki, bu turnir karateçilərimiz üçün 7-9 fevralda Budapeştdə (Macarıstan) keçiriləcək Avropa birinciliyinə sınaq xarakteri daşıyıb.


İNTİQAM

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !