Yeni Yasamalda yeni yol bağlantısı yaradılır - -FOTO=9

Yeni Yasamalda yeni yol bağlantısı yaradılır -FOTO=9

Bakı şəhərində nəqliyyat axınına müsbət təsir edəcək, yollarda olan sıxlığı aradan qaldıracaq və vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni avtomobil yolları layihələrinin işlənib hazırlanması və yerinə yetirilməsi ilə bağlı dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər görülür.
Bu tədbirlər çərçivəsində agentlik tərəfindən 2019-cu ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan yeni bağlantı yol tikilərək istifadəyə verildi. 2020-ci ildə də bu çərçivədə Yasamal rayonu ərazisində tikinti işləri aparılır.
Söhbət Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan gedir. Tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1.2 km təşkil edir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metr təşkil edir.
Tikinti layihəsinə uyğun olaraq 700 m-lik ərazidə yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsasının salınıb. Bura optimal tərkibli qum-çınqıl qarışığından alt və qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb.
Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ki, bu işlər də sürətlə davam etdirilir. Yolun qalan 500 m-lik hissəsində də mövcud örtüyün sökülərək yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.
Bundan başqa yeni yolu kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.8 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına 3500 p/metr yeni səki daşı düzülür.
Yeni yolun inşası ilə Bakı Dairəvi avtomobil yolu ilə Yeni Yasamal yaşayış massivi ilə əlavə olaraq daha bir yeni bağlantısı yaradılacaq. Nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub-çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.
Bütün işlər AAYDA-nin rəhbərliyinin şəxsi nəzarəti altında yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. İşlərin yaxın günlərdə yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Layihənin sonuncu mərhələsində 4 nöqtədə cibli avtobus dayanacağının yaradılması, yol boyu yol nişanları və göstərici lövhələr quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin işıqlandırma sisteminin yaradılması nəzərdə tutulub.
Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !