Uşaqlar iplə bir-birinə bağlanılır - AÇIQLAMA -VIDEO

Uşaqlar iplə bir-birinə bağlanılır AÇIQLAMA -VIDEO

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Gəncə şəhəri 20 yanvar küçəsi 61 ünvanında yerləşən kimsəsiz uşaqlar evində uşaqların iplə bir-birinə bağlanması ilə bağlı video görüntülər yayılmışdı.
Məsələ ilə bağlı kimsəsiz uşaq evinin direktoru Lətifə Kərimova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında sözügedən görüntünün ötən ilə aid olduğunu bildirdi: “Həmin uşaqlar iplə bir-birinə bağlanmayıb. Sadəcə ayrı-ayrılıqda iplə bağlanıb ki, gecə yatanda uşaqların şalvarları belindən düşməsin. Yayılan video keçən ilin videosudur. Dekabr ayından artıq orada bütün hər şey dəyişdirilib. Yeni yataqlar və çarpayılar gətirilib. Uşaq evinin hal-hazırda təmirdən başqa heç nəyə ehtiyacı yoxdur.
Qeyd edək ki, sözügedən videonu tanınmış məşqçi Kamil Zeynallı “İnstagram” hesabında paylaşmışdı.
*** *** ***
Gəncə şəhərində yerləşən uşaq evlərinin birində uşaqları iplə bir-birinə bağlayır, onlara gələn yardımları mənimsəyirlər".
Yeniavaz.com
xəbər verir ki, bu barədə tanınmış məşqçi Kamil Zeynallı sosial şəbəkədə video paylaşaraq qeyd edib.
O, bildirib ki, Gəncədəki uşaq evlərinin birində uşaqlar natəmiz şəraitində saxlanılır:
“Mən lazımi qurumlardan xahiş edirəm ki, Gəncədə yerləşən uşaq evində yoxlama aparsınlar. Mənə bir neçə ayda onlarla insan yazır ki, Gəncə şəhərində yerləşən uşaq evində uşaqlara heç də yaxşı baxmırlar. Uşaqlar “pinti” şəraitdə yaşayır, işçilər onlara gələn payları mənimsəyərək çox vaxt özlərinə götürürlər. Bilirəm ki, bunu heç vaxt boyunlarına almayacaqlar. Gəncə Şəhər İcra başçısından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsın. Oranın müdirəsini, işçilərini dəyişmək lazımdır. Onlar ora gələn insanlarla çox vaxt söyüşlə, təhqirlə danışırlar. Bir neçə nəfər bir dəfə yardım aparıb uşaq evinə, səhəri gün gedib görüb ki, həmin paylar orada yoxdur. Bundan əlavə uşaqları da bir-birinə iplə bağlayıblar. Bu videoda da açıq aydın görünür. Gəncə Səhiyyəsinin də bundan yaxşı xəbəri var, özlərini qoyublar korluğa”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !