ELŞƏN İSMAYIL - KÖNLÜMÜN KƏBƏSİ

ELŞƏN İSMAYIL KÖNLÜMÜN “KƏBƏSİ”

Dərdim çoxdur, bilməm kimə söyləyim,
Könlümün “Kəbəsi” Qarabağdadır,
Arzularım paramparça olubdur,
Qəlbimin naləsi Qarabağdadır!

 

Elə dərd ki, elə dərd ki, bitməyir,
Elə hər an çoxalır, itməyir,
Könlüm diyar-diyar gəzib getməyir,
Yarımın busəsi Qarabağdadır!

 

Çal, çal ay tarzən yurdun nəğməsin,
Durma, çal, çal Qarabağ şikəstəsin,
Gəl sən çal könlümün əzəl bəstəsin,
Hür eşqin xəstəsi Qarabağdadır!

 

Fikrimdən keçsə də ol mülki-Turan,
Sənsiz heç olarmı cənnəti-məkan,
Əlimdə gəzdirim Şərifi-Quran,
Tanrının “Ol!” səsi Qarabağdadır!

 

Dağlan, dağlan, ay millətin var olan bağrı,
Bu ki Yaradandan gələn bir çağrı,
Qoy rahat verməsin dərin bir ağrı,
Azadlıq kəlməsi Qarabağdadır!

 

İsmayılam, dərdim çoxdur, siz bilin,
Sağalmır, çün yaram dərindən dərin,
Qoy hamı oxusun Türkün şeirin,
Göylərin gur səsi Qarabağdadır!
Könlümün “Kəbəsi” Qarabağdadır!

 

ELŞƏN İSMAYIL
Təsirli bir kamança səsinin ilhamından...

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !