Özbəkistan Milli Elmlər Akademiyası Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunu təltif etdi -

Özbəkistan Milli Elmlər Akademiyası Azərbaycan Mədəniyyət Mərkəzinin direktorunu təltif etdi

Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunda Azərbaycan və Özbəkistan arasında mədəni- ədəbi əlaqələr, mövcud vəziyyət, həyata keçirilən layihələr və gələcək perspektivlərin müzakirəsi keçirilib.
Tədbirdə Özbəkistan Milli Elmlər Akademiyasının tanınmış ədəbiyyatşünas alimləri, tərcüməçilər, gənc tədqiqatçılar iştirak ediblər.
İlk öncə çıxış edən Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktoru, tanınmış alim, professor Nizaməddin Mahmudov iki ölkə Azərbaycan və Özbəkistan arasında mövcud elmi-ədəbi əlaqələr haqqında məlumat vermiş, ötən illər ərzində bu istiqamətdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib. O, Türk Şurası üzv ölkələr arasında Azərbaycanla bu istiqamətdə uğurlu layihələr həyata keçirildiyini, Azərbaycan mədəniyyətini, ədəbiyyatını Özbəkistanda uğurla tanıdan, təbliğ edən Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təcrübəsinin öyrənilməsi və Mərkəzlə Özbəkistanın müvafiq qurumlarının əməkdaşlıq etməsinin olduqca faydalı olduğunu qeyd edib.
Nizaməddin Mahmudov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu Azərbaycan – Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Özbəkistan Milli Elmlər Akademiyasının Fəxri Diplomu ilə təltif edib.
Tədbirdə digər çıxış edən natiqlər Azərbaycan elminin, ədəbiyyatının dünyanın, habelə Türk dünyası ədəbiyyatı arasında olduqca zəngin ənənələrə malik olduğunu, bu ədəbiyyatın Özbəklərə öz ana dillərində çatdırılması, tərcümə məktəbinin formalaşdırılması istiqamətində Azərbaycan Mədəniyyət Mərkəzinin uğurlu layihələrini qeyd ediblər.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək iki ölkə arasında elmi-ədəbi əlaqələrin əməkdaşlıqda mühüm rol oynadığını, aparılan işlərə diqqət və dəstək üçün Özbəkistan Milli Elmlər Akademiyasına öz təşəkkürünü bildirib.
Diplomat öz çıxışında ötən ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfinən “Nəsimi ili” elan olunması, bu istiqamətdə dünyada, o cümlədən Özbəkistanda da çoxsaylı layihələrin həyata keçirilməsinə səbəb olduğunu bildirib. O, qeyd edib ki, ötən il Azərbaycan-Özbəkistan münasibətləri, mədəni əlaqələrin inkişafı istiqamətində uğurlu olmuş, Türk Şurası üzv Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə Özbəkistanın prezidentinin iştirakı və qardaş ölkənin təşkilata üzv olması əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət etdiyini söyləyib.
Samir Abbasov ötən illər ərzində Azərbaycan ədəbiyyatının klassiklərinin, şair və yazıçılarının əsərlərinin Özbək dilində nəşr olunduğunu, tarixdə ilk dəfə olaraq dahi Nizami Gəncəvinin 5 əsəri “Xəmsə” Özbək dilinə tərcümə edilərək nəşr edilmiş, Azərbaycan-Özbəkcə, Özbək-Azərbaycanca lüğəti” işıq üzü gördüyünü söyləyib.
Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin 2020-ci il üzrə prioritetlərini də açıqlayıb. O, bu il dahi şairlərimiz Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir əsərlərinin Özbək dilinə tərcümə layihəsinin həyata keçiriləcəyini, Özbəkistanın Xivə şəhərinin Türk mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar sözügedən şəhərdə Özbəkistan, Azərbaycan və türk şurası ölkələrinin şairlərinin iştirakı ilə poeziya günlərinin keçiriləcəyini bildirib.
S.Abbasov Özbəkistanın gənc tədqiqatçıları üçün Azərbaycanın elm müəssisələri, ali məktəblərinin elan etdiyi beynəlxalq təhsil proqramları, qrant proqramları haqqında məlumat verib, Özbək gənclərinin bu proqramlarda yaxından iştiraka dəvət edib.
Daha sonra çoxsaylı gənc tədqiqatçılar Azərbaycan-Özbəkistan ədəbi-elmi əlaqələri, bu istiqamətdə həyata keçirilən birgə layihələr, imkanlar, təhsil və mübadilə proqramları, gələcək əməkdaşlıq, ədəbi tərcümə, Azərbaycan Mədəniyyət Mərkəzinin layihələrində, müsabiqələrində, proqramlarında iştiraka dair debat keçirilib.
Mərkəzin direktoru bu mövzularda Özbəkistan alimlərinin, gənc tədqiqatçıların suallarını cavablandırıb.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzi adından Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutuna Mərkəzin layihəsi ilə yeni çapdan çıxan, azərbaycanlı alim Qulamhüseyn Əliyevin “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” kitabını və Azərbaycan xalqının zəngin mədəniyyətini və istedadını nümayiş etdirən unikal “İrəvan xalçaları” kitabını hədiyyə edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !