AĞALAR İDRİSOĞLU: - QUL BAZARININ QULLARI (Novella)

AĞALAR İDRİSOĞLU: QUL BAZARININ QULLARI (Novella)

AĞALAR İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi

QUL BAZARININ QULLARI

(Novella)

Mənim təhsil almağımda, bir şəxsiyyət kimi yetişməyimdə böyük xidmətləri olan, valideyinlərim qədər sevdiyim müəllimlərimə ithaf eləyirəm.
Müəllif

 

Yalan olmasın, qul bazarında iynə atsaydın, yerə düşməzdi. Ayrı-ayrı boy-biçimdə kişilər, qadınlar bəziləri divara söykənib, bəziləri səkidə, bəziləri çömbəltmə oturub, bəziləri də iş alətləri olan torbaları qoltuqlarında tutub, ümidlə müştəri gözləyirdilər. Bu bazarda səs-küydən çox sakitlik hökm sürürdü. Sifətlərdə gülüş, sevinc əvəzinə qəm-kədər daha çox idi. Qul bazarındakı “qullar”ın elə bil çiyinləri də dərdin, kədərin yükündən bükülmüş, yumağa dönmüşdü... Hamını bir fikir, bir arzu özünə daha çox cəlb eləmişdi: “Görəsən bu gün müştəri olacaqmı? Görəsən bu gün evə çörək pulu apara biləcəyikmi? Görəsən çiynimizə yığılan borclardan heç olmasa bir qismini verə biləcəyikmi?...”

Elə bu vaxt bir təzə xarici, son markalı “Cip” maşını adamların yanında dayandı. Qul bazarındakı qulların çoxu həmin maşının yanına qaçdı. Hər kəs öz xidmətini təklif elədi. Amma maşından düşən, əynində bahalı xarici idman geyimi, ayağında bahalı krossovka, gözündə qara, bahalı gün eynəyi olan balacaboy, idmançı cüssəli cavan oğlan gözlərilə kimisə axtarırdı. Tapdı. Gözündəki eynəyi düzəldib, barmağı ilə hasara söykənib dayanan dörd kişini çağırdı. Bayaqdan yazıq görkəmdə dayanan o dörd nəfər tez özlərini düzəldib, həmin oğlana yaxınlaşdılar.
- Nə bacarırsız? - deyə oğlan onlara müraciət elədi.
- Hər şey, - deyə onlardan ən yaşlısı tez dilləndi. Palçıq qarışdırmaqdan tutmuş, daş hörməyə, metlax qoymağa, divar suvamağa qədər. Əlimizdən hər iş gəlir.
- Evi özülündən başlayıb, tavanına qədər tikib, üstünü örtüb təhvil veririk. Özü də ucuz, sərfəli qiymətə və tez bir vaxta, - deyə yaşlı kişidən bir az cavan onun sözünə qüvvət verdi.
- Lazım olsa, lap nisyə də tikirik, - deyə orta yaşlı kişi dilləndi.
- Özümüz də rayondan gəlmişik. Oğul-uşaq da yanımızda yoxdu ki, ayağımıza dəyib-dolaşa. Bütün günü işləyəcəyik, - deyə onlardan cavanı, bığlı kişi dördünün də fikrini tamamladı.
- Onda minin maşına.
Bu dörd kişi oğlanın birdən fıkrini dəyişəcəyindən qorxub, tez maşına mindilər.
Bu vaxt maşın yerdən nə təhər götürüldüsə, dördü də birdən qorxu ilə qışqırdı.
- Yavaş!..
- Nədən qorxursuz? Bir candı Allaha borcluyuq, onsuz da gec-tez hamımız öləcəyik... Lap yüz il yaşa, - deyə oğlan ucadan güldü. Bir də, heç nədən qorxmayın. Mən köhnə qonşikəm...
- Qonşik olanda nə olar, ay bala? Cavan oğlansan. Sən hələ yaşamalı, yaşatmalısan. Biz də kənddə oğul-uşaq, nəvələr qoyub gəlmişik, - deyə hamıdan yaşlı kişi dilləndi.
- Özü də bu şəhərdə az qala adamdan çox maşın var. Heç kim də yol hərəkətinə əməl eləmir. Gör gündə nə qədər hadisələr baş verir, - deyə həmin yaşlıdan bir az cavan kişi onun sözünə qüvvət verdi.
- Tarix boyu yaranışından, maşınlar adamlara qənim kəsilib, - deyə orta yaşlı kişi də o birilərinin sözünə qüvvət verdi.
- Odu ey, dünən deyirlər on dənə maşın bir-birinə dəyib. Neçə nəfər yaralanıb. Ölənlər də var. Çoxusu da varlı adamların uşaqlarıdı. Gecələr maşınlarla bu şəhərdə bir oyunlar çıxarırlar ki, Allah göstərməsin... Özləri almayıb ha maşını. Dədələri haram pulla alıb. Haram pulun da axırı belə olur, - deyə kişilərdən ən cavanı da onların sözünə qüvvət verdi.
- Arxayın ola bilərsiz. Maşını mən özüm almışam. Öz pulumla. Özü də istəsəm, bu maşından dördünü, beşini birdən ala bilərəm. Nə puldu ki, qırx-əlli min dollar? Semiçka pulu... Bir də yadınızda saxlayın. Qorxan gözə çöp düşər. Kişi ona görə kişidi ki, gərək heç nədən qorxmasın. Pul qazanmağı, vurub-yıxmağı gərək bu zəmanədə kişi yaxşı bacarsın. Gərək zəmanə adamı olasan e, zəmanə adamı, - deyə oğlan lovğa-lovğa bir də bu dörd kişiyə baxıb ucadan güldü. Sonra bardaçokdan xarici siqaret çıxartdı. Çəkəniz var?
- Yox, çəkmirik. Biz müəllimik. Sənə də məsləhət bilmirəm bu nikotinlə özünü zəhərləyəsən, - deyə yaşlı kişi dilləndi.
Oğlan çox maraqla yaşlı kişiyə baxıb, siqareti yandırdı. Maqnitafonu işə saldı. Əcaib-qəraib xarici musiqi salonu bürüdü.
- Yox əşşi... İndi sən heç vaxt siqaret çəkməyibsən?
- Əvvəllər bir az çəkmişəm...
- Ancaq elə dedin ki, fıkirləşdim, vay dədə, bu kişi nə mömin adamdı. Yəqin heç siqaretin, arağın ləzzətini bilmir.
- O vaxtlar mənə bunların zərərini heç kim deməmişdi. Amma mən həmişə öz şagirdlərimə bunu deyirəm.
- Deyirsən müəllimsiz? - deyə oğlan söhbəti dəyişdi.
- Bəli.
- Bəs nə əcəb gəlib qul bazarında dayanıbsız?
- İndi müəllimlikdə heç nə yoxdur. Aldığımız qəpik-quruş heç on günlük yeməyə də çatmır.
- Bir də yaydı. Tətildi. Rayondan şəhərə gəlmişik ki, beş-üç manat pul qazanaq...
- Əlimizin zəhmətilə, - deyə lap cavan müəllim özündən yaşlısının sözünə yenə də qüvvət verdi.
- Ay bərəkallah, - deyə oğlan yenə də ucadan güldü. İndi öz zəhmətilə pul qazananları qəzetçilər gündüz çıraqla axtarırlar ki, şəklini çəkib sensasiya səhifəsinə yapışdırsınlar...
Bu sözdən sonra oğlan bir az da ucadan güldü.
- Allah zəmanənin və pis adamların evini yıxsın. Yaxşı gün-güzəranımız vardı. Hər kəs öz işini bilirdi. Hamı da yaxşı yaşayırdı. Heç kim də belə ləley-giryan qalmırdı. Acından ölmürdü - bu sözləri yaşlı kişi yana-yana dedi. Hətta gözləri doldu. Köksünü ötürdü.
- Day demə, day demə. İndi hər qotur-motur ortaya çıxıb ki, məndən başqa kişi yoxdu, - deyə orta yaşlı kişi də yana-yana onun sözünə qüvvət verdi. Hardasan ay Sovet hökuməti?.. Ax, ax...
Sonra oğlanın ona baxdığını görüb, tez sözünü başqa səmtə yönəltdi.
- Allah sənin atanın da canını sağ eləsin. Belə görürəm sənin üçün yaxşı gün-güzəran düzəldib.
- Mən hər şeyi, pulu da, adı-sanı da, şan-şöhrəti də özüm qazanmışam. Cavan olmağıma baxmayın. Ağsaqqal sayılıram. Ərəseydən tutmuş ta bu yana kimi hamı məni eşidir... Atam isə çoxdan ölüb. On il olar... Necə deyirlər o mahnıda... “Nə atam var, nə anam...”.
- Allah rəhmət eləsin. Qəbirləri nurla dolsun.
- Rayonda qəbirlərinin üstündə böyük türbə tikdirmişəm...
- Hansı rayondansan, ay bala?
- Hansı rayondan olmağımı neynirsiz? Mənim yerlibazlıqdan zəhləm gedir. Böyük Azərbaycandanam...
- Allah canını sağ eləsin. Elə bizim də yerlibazlıq, tayfabazlıq sözündən zəhləmiz gedir. Axır vaxtlar da bu ölkəni yerlibazlar, tayfabazlar ölkəsinə çeviriblər…
- Bu zəmanədə hər kişi, hər şeyi özü qazanmalıdı. Hansı yolla olursa-olsun... İndiki zəmanədən baş çıxarmağı bacarasan gərək. Əgər bacarmasan, səni basıb yeyəcəklər...
- Orası düzdür...
- Mən həmişə hər şeyi düz deyirəm. On addım qabağı görməyi də bacarıram. Af-uf eləyən kişidən də zəhləm gedir. Pul qazanmaq isə indiki zamanda kişi üçün problem olmamalıdı. Qorxusu yox, hürküsü yox, gəlib yoxlayan da yox. Nə yapışmısız Sovet hökumətindən? Evə bir dənə artıq daş gətirirdin, o dəqiqə gəlib alırdılar başının üstünü ki, bunu hardan alıbsan. Bəlkə elə deyil? Bəlkə yadınızdan çıxıb?
- Bunu da düz deyirsən...
- Bə nə yapışmısız, ay o hökumət belə idi, elə idi... Bir də məsəl var deyirlər “Adama puluna görə qiymət verərlər, elminə görə yox”. Bu zəmanədə pulun varsa, kişisən. Yoxsa heç kimsən. Lap alim ol. Əgər pulun yoxdursa, kimə lazımdı sənin elmin? Kimə lazımdı sənin savadın? Bir də yadınızda saxlayın. Onun-bunun dalınca danışan kişidən zəhləm gedir. Kişi deyingən, demaqoq olmaz. Deyingənlik arvad işidi!
Oğlan bu sözləri necə əsəbi dedisə, elə bil qurbağa gölünə daş atdılar. Daha heç kim danışmadı. Daha doğrusu, danışmağa cürət eləmədi. Müəllimlər fıkirləşdilər ki, yenə də artıq-əskik danışsalar, oğlan onları maşından düşürər. Ara yerdə belə “yağlı tikəni” əldən çıxararlar. Bir də mübahisə eləməyə onların onsuz da heyi yox idi. Çünki dünəndən bəri fərli-başlı çörək də yeməmişdilər. Oğlan isə özündən razı adamlar kimi siqaretdən bir neçə qullab da vurub, gülümsündü və şəstlə yenə də müəllimlərə baxdı.
- Birdən inciyib eləyərsiz ha? Mən açıq danışmağı xoşlayanam. Siz hələ məni sonra yaxşı tanıyacaqsız, - deyə o, bir də müəllimlərə baxıb ucadan güldü.
Söhbət tamam kəsildi. Oğlan musiqinin səsini artırdı. Və maşının da sürətini çoxaltdı. Hərdən də eynəyinin altından bic-bic müəllimlərə baxırdı ki, görsün onlar nə fıkirləşirlər.
... O, maşını bir dəmir darvazanın yanında saxladı. Bu, hündür hasarlı və bər-bəzəkli darvaza idi. Bu vaxt maşından əcaib-qəraib bir səs çıxdı. Elə həmin anda qapılar özü-özünə taybatay açıldı. Oğlan maşını həyətə sürdü. Gözəl memar zövqü və bər-bəzəyilə düzəldilmiş həyətdə üç mərtəbəli ev ucalırdı. Amma bu, evdən çox qəsrə oxşayırdı. Orta əsrlərin memarlıq üslubunda tikilmiş bər-bəzəkli qəsrə.
- Hə. Çatdıq. Düşün.
Oğlan maşını söndürdü. Hamı maşından düşdü. Maraqla həyətə, evə tamaşa eləməyə başladılar.
- Sağlığınıza qismət, ay bala, - deyə yaşlı müəllim gözlərini evdən çəkmədən dilləndi.
- Sağ olun. Görürsüz kişi öz puluna, öz gücünə necə hündür, yaraşıqlı ev tikdirir? - deyə oğlan qürrələndi. Sonra o bağın bir küncündə dayanan saqqallı kişini əl işarəsilə yanına çağırdı. Saqqallı kişi tez ona yaxınlaşıb baş əydi. Bu donqar və həbəş sifətli, balacaboy bir adam idi. Yaltaqcasına dilləndi:
- Eşidirəm sizi...
- Həyətin bər-bəzəyinin və bu evin layihəsinin müəllifi, bax bu kişidi. Yəqin eşidibsiz. Rəssam Möhsün Mübarizli. Fəxri adı da var. İndi rəssamlığı mənim bağımda eləyir. Möhsün kişinin yaxşı bir peşəsi də var. Siçan tutur. Bu işdə lap mahirdi. Bağı siçan, siçovul basmışdı. Hamısını Möhsün kişi tutub. Özü də hər tutduğu siçana görə ona yaxşı pul verirəm. Elədi Möhsün kişi?
- Bəli. Düz deyirsiz, cənab, - deyə Möhsün kişi oğlanın üzünə hırıldadı. Güləndə sifəti daha eybəcər vəziyyətə düşdü. Sonra başını aşağı saldı.
- Rəsm əsərlərini satsaydı, heç mənim verdiyim pulların yarısını qazanmazdı. Elədi, kişi?
- Bəli, elədi...
- Bu gün neçəsini tutubsan?
- Beş dənə. Dörd dənə siçan. Bir dənə də böyük mış.
Oğlan pulları Möhsün kişiyə sarı atdı. Möhsün kişi pulları tuta bilmədi. Pullar yerə düşdü. O, tez pulları yerdən götürdü.
- Allah sizi başımızın üstündən əskik eləməsin. Sağ olun, - deyə Möhsün kişi pulları tez cibinə qoydu və yenə də oğlanın üzünə hırıldadı.
- Axşama qədər də beş siçan tutmaq normandır. Get işinlə məşğul ol.
- Baş üstə.
Möhsün kişi tez oradan uzaqlaşdı. Müəllimlər gördükləri bu mənzərədən elə bil durduqları yerdə mıxlanmışdılar. Təəccüblə bir-birinə baxırdılar. Oğlan bir-iki addım evə sarı getdi. Sonra uca səslə:
- Kim var orada? - deyə əmrlə çağırdı.
Bu vaxt iki göyçək qız evdən çıxıb ona yaxınlaşdı. Hərəsi onun bir üzündən öpüb, əmrə müntəzir dayandılar.
- Tez bu tut ağacının altında bir süfrə hazırlayın. Bu ziyalılarımızla yüz-yüz vuraq. Ziyalılara hörmət bizim borcumuzdu. Bizim ölkədə ziyalılar özlərini millətin güzgüsü adlandırırlar. Güzgüyə bax ey,-deyib ucadan güldü və müəllimlərə baxdı.
Qızlar hər ikisi birlikdə: “Baş üstə bəyimiz”,- deyib, tədarük görməkçün cəld evə cumdular. Oğlan müəllimlərə sarı döndü.
- Deməli, belədi məsələ. Burda sizin bir aylıq işiniz var. Özü də sizə yaxşı pul verəcəm. Gedib bir il rayonda heç dərs deməsəniz də, kefnən yaşayacaqsız. Mənim ölənlərimə, qalanlarıma səhər-axşam rəhmət deyəcəksiz.
- Allah elə bu başdan, ölənlərinizə rəhmət eləsin. Allah sizin canınızı sağ eləsin.
- Sağ ol, ay bala. Qərib adamıq. Elə bir ay burda işləsək, sonra gedərik balalarımızın yanına. Beş-üç manat onlara da pul apararıq.
- İndi gəlin sizi işinizlə tanış eləyim.
Oğlan müəllimləri evə dəvət elədi. Onlar bağ evi üçün xüsusi düzəldilmiş liftə minib, üçüncü mərtəbəyə qalxdılar. Özündən çox razı, müştəbeh olan bu cavan, otaqları gəzdirdikcə müəllimlərə işlərini başa salır, tez-tez də özünü, öz məharətini tərifləyir, öz ad-sanından danışırdı. Doğrudan da zövqlə tikilmiş ev, içəridən də qəsrə, orta əsr hökmdarlarının qalalarına oxşayırdı. Burada çoxlu gizli qapılar, pilləkənlər, otaqlar vardı. Böyük çarhovuz, sauna, yeraltı zirzəmi...
- Yəqin nağıllarda oxumusuz. Qırx otaqlı qəsr, qala. Özü də sehirli qala...
- Hə, doğrudan da qalaya oxşayır. Özü də yaxşı zövqlə tikilib. Biz də bacardığımız kimi burda olan suvaq və başqa işləri yüksək səviyyədə görəcəyik. Arxayın ola bilərsiz, - deyə cavan müəllim hamının adından oğlanı inandırmağa çalışdı.
- Görəcəm sizin məharətinizi... Yaxşı. Qırx otağı gəzməyə bizə xeyli vaxt lazımdı. Gedək əvvəlcə boğazımızı yaşlayaq. Sizinçün qalmağa burada otaq da ayrılacaq. Bu gün yeyib-içib kef eləyəcəyik. İşə sabahdan başlayacaqsız, - deyə oğlan pilləkənə sarı getdi. Müəllimlər də onun ardınca həyətə çıxdılar.
Artıq uca tut ağacının altındakı böyük masada süfrə hazır idi. Hər iki qız da əmrə müntəzir dayanmışdı.
- Bax, bu qızlar, qənirsiz gözəllər, bacıdılar. Doğma bacı. İkisi də mənim məşuqələrimdi. Özü də heç vaxt biri o birini qısqanmır. Hər ikisinin də ehtiyacı necə lazımdısa, ödənilir... Elədi?
- Elədi, bəyimiz, - deyə qızlar ikisi də eyni vaxtda cavab verib, nazla, işvəylə oğlana baxıb gülümsündülər.
- Buyurun, əyləşin. Müəllimlərə, bizim ziyalı təbəqəmizə yüz-yüz süzün, - deyə o, qızlara müraciət elədi.
Biz içən deyilik, - deyə yaşlı müəllim dilləndi. Üzrxahlığını bildirdi.
- Eybi yox. Bu gün yüz-yüz içərsiz. Tut arağıdı. Məxsusi göndəriblər. Əyləşin. Oturun də, nə durubsuz?!
Müəllimlər süfrə arxasında əyləşdilər. Süfrədə quş südündən başqa nə desən vardı. Onlar əvvəlcə bir-birinə baxdılar. Udqundular. Hiss olunurdu ki, acdılar. Bunu oğlan da hiss elədi.
- Yeyin. Utanıb çəkinməyin. Elə bilin ki, öz kəndinizdə, öz evinizdəsiz. Hələ bir ay burdasız. İşə başlamamışdan əvvəl də hər birinizə yüz dollar beh verirəm, - deyə oğlan cibindən bir paçka dollar çıxarıb, arasından dörd yüzlük ayırıb, stolun üstünə atdı. Sonra da badəni əlinə götürdü. O biri əlilə isə gözündəki qara gün eynəyini çıxardı. İndi isə gəlin yaxından tanış olaq. Mən Dim Qulamın oğlu Fərasətəm. Sizin keçmiş şagirdiniz...
O, diqqətlə müəllimlərə baxdı. Müəllimlər əllərində çəngəl, bıçaq, bəzilərinin isə ağzında yemək donmuş vəziyyətdə ona baxırdılar.
- Nədi? Tanımadız? Fərasətəm də... Düz on beş il bundan qabaq kənddən çıxmışam. Bu saqqalı da moda üçün saxlayıram... Bax, sən Rza müəllimsən. Ədəbiyyat müəllimi. Arada bir-iki il məktəb direktoru da işlədin. O vaxt yaxşı siqaret də çəkirdin. Araq da içirdin. Bazlıq da eləyirdin... Nə idi o rus dili müəlliməsinin adı?.. Bizi onun həyətinə işləməyə göndərirdin ey. Sonra da məcbur eləyirdin ki, əgər biz ədəbiyyatı, ana dilini oxumasaq, bizdən heç nə çıxmayacaq. Heç qara fəhlə də olmayacaq.
- Elədi, Rza müəlliməm, - deyə ən yaşlı kişi ağzındakı yeməyi udub tez dilləndi. Yemək nəfəs borusuna getdiyinə görə öksürməyə başladı. Tez stəkanı götürüb su içdi. Sonra yenə nə isə demək istədi. Ancaq alınmadı.
- Sən isə İmran müəllimsən. Riyaziyyat müəllimi.
- Hə. İmran müəlliməm. Gör necə yaxşı yaddaşın var, - deyə orta yaşlı kişi tez dilləndi.
- Amma mən məktəbdə oxuyanda deyirdin ki, mənim kimi korazehin, küt, qanmaz, eşşək uşaq yer üzündə yoxdu. Heç ümumiyyətlə həyatda beləsinə rast gəlməyibsən.
- Mən deyirdim? Nə danışırsan, Fərasət?..
- Nə tez yaddan çıxardın? Cəmi on beş il keçib. Gör sənin özünün yaddaşın nə qədər kütdür ki...
- Mən axı...
- Korazehin, küt dediyin o oğlanın indi evinə, geyiminə, altındakı son modalı cip maşına, yanında əyləşən gözəllərə bax, sonra da özüvə bax. Öz görkəmüvə bax...
- Mən...
- Hələ bir ay burdasız. Səninlə söhbətimizin davamını sonra eləyərik. Mən istəyirəm yaddaşımın necə olduğunu o birilərə də sübut eləyəm.
- Axı, mən...
- Dedim sən kəs də, İmran müəllim. Söhbətimizin davamı qalsın sənin qırmızı qulluğunda. Bax, sənsə İsa müəllimsən. Tarix müəllimi. Sovet quruluşundan, bolşeviklərdən, iyirmi altı Bakı Komissarlarından elə ağız dolusu, şəstlə danışırdın ki, elə bil sən də onlarla birlikdə vuruşmuşdun. Elə bil səni də onlarla birlikdə güllələməyə aparmışdılar. “26-lar” poemasını aktyorsayağı elə deyirdin ki…
- O zamankı dövr elə tələb eləyirdi, - deyə İsa müəllim tez dilləndi. Bizdən tələb eləyirdilər ki, sizi kommunizm ruhunda tərbiyə eləyək. Sovet quruluşunun tarixini sizə mükəmməl öyrədək. Ancaq sən...
- Bəli, ancaq mən, sənin dərslərini oxumurdum. Sən də tez-tez məni küncdə saxlayırdın, bir ayağım üstündə. Əlimə də odun parçası verirdin. Uşaqları da məcbur eləyirdin ki, mənə gülsünlər. İndi küncdə qalıb odun tutana sən özün oxşayırsan, ya mən?.. Bax, ona görə də deyirlər ki, kiminin əvvəli, kiminin axırı...
- Mən istəyirdim ki, sən tariximizi öyrənəsən...
- Eh, tüpürüm sənin tarixinə... Neynirəm sənin tarixini? Sənin tarixin gördün necə darmadağın oldu?.. Sovet quruluşunu da atdılar zibil yeşiyinə…
- Bilmək olmaz. Hər şey yenidən geri qayıda bilər...
- Bax, onu görməyəcəksiz. O tarix bir də geri qayıtmayacaq. Ac toyuq yuxuda darı görər… Gözünə dönüm Amerikanın. O başı xaqllı kişini Sovetlərin rəhbəri eləyib, həmin quruluşu elə ustalıqla dağıtdı ki, heç kim “mık” eləyə bilmədi…
Bax, bu başını sığallayan isə coğrafiya müəllimi Əlisa müəllimdi. Bizim sinif rəhbərimiz olub. Həmişə də gah başını, gah da bığını sığallayırdı. İnstitutu təzə qurtarıb gəlmişdi. Elə qazdı-qazdı, yelli-yelli gəzirdi ki, elə bil alçaq dağları bu yaratmışdı. Yadındadı də, Əlisa bəy. Məni nə qədər dərsdən qovmusan?..
- Yadımdadı. Sən çox nadinc idin. Özün də nəşə, tiryək alveri eləyirdin. Siqaret, nəşə çəkirdin. Yetənə yetirdin, yetməyənə də bir daş atırdın. Elə nəşə satdığına görə də...
- Tutuldum. Yadındadı, atam gəlib sənə xahiş eləyib ki, mənim işimi məhkəmədən qurtara bilər, əgər siz yaxşı xasiyyətnamə versəniz... Yəni o xasiyyətnamənin mənim işimi yüngülləşdirməyə bəlkə köməyi dəyərdi... Ancaq nə sən, nə də o vaxt məktəb direktoru işləyən, bax, bu Rza müəllim, xasiyyətnaməni verməyibsiz.
- Bilirsən, o vaxt...
- Bilirəm, o vaxt belə şeyləri guya eləmək olmazdı. Siz çox təmiz adamlar idiniz. Suyu üfürə-üfürə içirdiz. Amma özüz kimi vələdüznası, nadürüstü yox idi...
- Fərasət, ay bala, bu nə sözdü?..
- Mən nə dediyimi yaxşı bilirəm... Görürsüz dövran necə dəyişir?.. İndi mən sizi öz bağıma qul kimi işləməyə gətirmişəm. Bax ona görə də bu badəni sizin sağlığınıza içirəm.
Fərasət böyük çapma stəkandakı arağı birnəfəsə içib, sağında və solunda əyləşən qrzların dodağından öpdü. Sonra əlindəki stəkanı uzağa atdı. Stəkan yerə düşən kimi cingiltiylə sındı.
- Mən həmişə belə zakuska eləyirəm. Bu bacıların dodağı baldı. Bu da mənə böyük dux verir,- deyə o, müəllimlərə qazlı-qazlı baxdı. Müəllimlər çox pərt vəziyyətdə oturmuşdular. Niyə içmədiz?
- Biz içmirik, - deyə Rza müəllim səbrini basıb, özünəməxsus aramla dilləndi.
- Acığınız niyə gəlir? Mən doğru sözü şappadan adamın üzünə deməyi xoşlayıram. Ona görə də türmədə yatanlar, məni özlərinin ağsaqqalı bilirlər. Lap Ərəseydən ta bu yana kimi... Sizin dildə mənə Lotu Fərasət deyirlər. Daha doğrusu, Lotu Fediya. Mən bir neçə dəfə qul bazarının yanından keçəndə sizi orda görmüşəm. Həmişə də görmüşəm ki, yoluq, yetim cücə kimi boynunuzu çiyninizə qoyub, müştəri gözləyirsiz. Əvvəl istəmirdim baş qoşam, sonra dedim yox, Fediya, sən Dım Qulamın oğlu olmazsan, əgər bunlara bir yaxşı dərs verməsən. Qoy əbədilik yadlarında qalsın. Qoy bilsinlər ki, indi mən kiməm, onlar kimdi... Deməli, hər şey oxumaqla deyil, ay müəllimlər. Görürsüz oxumuşları? Birinə bağımda siçan tutdururam, dördünü də evimdə fəhlə kimi işləməyə gətirmişəm. Düz deyirsiniz. Səkkizinci sinifdə oxuyanda tutdular məni... Daha doğrusu, kimlərsə tutdurdu. Sonra onları xosunvay elədim... İndi isə əlimdə hüquq fakültəsinin diplomu var. Özü də Almaniyada Beynəlxalq Universiteti qurtarmışam. Deməli, hər şeyi pul həll eləyir, bilik yox. Bəlkə elə deyil, ay müəllimlər?
- Həm elədi, həm elə deyil...
- Oyunun olsun, ay İsa müəllim. Əl çəkmədin də bu demaqoqluğundan. Yaşın altmışı keçib. Bu gün-sabahlıqsan... Yenə də xəyal-plovla yaşayırsan... Fikirləşirsən ki, Sovet Hökuməti yenə də geri qayıdacaq? Ay qayıtdı ha. Budu ey, - deyə o, baş barmağını, iki barmağının arasına salıb, biədəb bir şey göstərdi. Qayıdar... Sən o arzularla yaşa. Eşitmişəm. Deyirlər bir həsirsən, bir məmmədnəsir...
- Hörmətinə görə çox sağ ol, - deyə İsa müəllim əsəbi ayağa durdu.
Bu vaxt onun ardınca o biri müəllimlər də ayağa durdular.
- Hara gedirsiz? Bəlkə incidiz? Biz hələ indi başlamışıq sizinlə mehriban söhbətə...
- Bizə dərs vermək istəmirdin? Dərs verdin də, ay bala, - deyə Rza müəllim yenə də özünəməxsus təmkinlə dilləndi. Qaldı inciməyə... Biz səndən yox, öz taleyimizdən, zəmanədən inciyirik. Hökumətdən inciyirik. Əgər o, bilərəkdən biz ziyalıları gətirib, sənin kimisinin ayağının altına atıbsa, deməli, ən böyük cinayətkar odur. Bir rəhbər ki, öz ziyalısının qədrini bilmirsə, onu murdar əskiyə döndərirsə, onun dilənçi kökündə yaşamağına razı olursa, deməli, o məmləkət artıq can üstündədi... O məmləkət gec-tez dağılacaq. Məhv olacaq!
- Bəh, bəh... Əl çəkmədin də öz yalançı fılosofluğundan Rza müəllim. İndi siz özünüz acizsinizsə, buna hökumət neynəsin? Bəlkə çörəyi gətirib boğazımza töksün?
- Sənin atan Dım Qulam mağazada işləyən vaxt, kənd camaatının boğazına ip salıb, istədiyi tərəfə fırladırdı. Onun oğurladığı qəpiklərlə, manatlarla böyüyən və bic doğulan uşaq ancaq sənin kimi olar, - deyə İsa müəllim özünü saxlaya bilməyib Fərasətin üstünə bozardı.
- Bura bax ey, dəyyus! Düdük! Sən özünü harda hesab eləyirsən? Bura səninçün sinif otağı deyil ha?!.. Bu dəqiqə sənin ən böyük tikəni qulağın boyda eləyərlər!.. Dümbələk!..
Bu vaxt o cibindən tapanca çıxarıb, göyə iki güllə atdı. Fərasətin belə bozarmasına və güllə atmasına evdən iki nəfər yekəpər oğlan çıxdı. Əlləri cibində. Deyəsən, bunlar Fərasətin cangüdənləri idilər və ciblərində də silah vardı. Bunu müəllimlər də başa düşdü və ölümlərinin yaxınlaşdığını hiss eləyib, bərk qorxdular. Lap sarılarını uddular. Yekəpər oğlanlardan biri cəld Fərasətə yaxınlaşıb baş əydi və soruşdu:
- Şef, nə olub? Bir şey lazımdı?
- Heç nə lazım deyil. Siz keçin içəri!
Oğlanlar baş əyib, tez də evə girdilər. Vəziyyətin belə qarışdığını görən Rza müəllim tez Fərasətə yaxınlaşıb yalvardı.
- Ay bala, sənə qurban olum. Heç olmasa, bizim yaşımıza, səninlə hampa olmağımıza hörmət elə. Axı biz sənə nə deyirik? Mən sənin atanla bir yerdə böyümüşəm. Dost olmuşam. Hələ qohumluğumuz da var...
- Ona görə də mənə xasiyyətnamə vermədin?.. Düdük! Sənin kimi qohumdansa, altı yox vedrə yaxşıdı... Götürün adama o yüz dolları, basın bayıra! O yüz dolları da səkkiz il mənə pis-yaxşı dərs dediyinizə görə verirəm sizə.
Deyəsən, bir stəkan tut arağı artıq Fərasətə öz təsirini göstərirdi. Bu vaxt o, durduğu yerdə səndirlədi. Qızlar qollarından tutub onu oturtdular.
- Fərasət, heç olmasa, mən pis-yaxşı iki il sənin sinif rəhbərin olmuşam. Axı, sən niyə bizi belə itdən beşbetər eləyirsən? Ozü də kənar adamların yanında, - deyə Əlisa müəllim, əlini Fərasətin çiyninə qoydu.
- Bunu siz də o vaxt düşünəydiz də, maygülü, - deyə Fərasət, Əlisa müəllimin əlini kənara itələdi. Bəs bilmirsiz ki, dəmir qapının da taxta qapıya işi düşür? Götür o arağı vuraq, mənim kimi taxta qapının və belə gözəl məşuqələrimin, cananlarımın sağlığına.
- Yaxşı. Onda gəl belə danışaq. Onlar heç biri içki içmir. Dədə goru... Arada mən yüz-yüz vururam, - deyə Əlisa müəllim iki stəkana araq süzdü. Birini özü götürdü və birini Fərasətin qarşısına qoydu. Sonra, zorla da olsa, Fərasətin üzünə baxıb, gülümsündü və söhbətinə davam elədi. Belə danışaq ki, biz ikimiz səninlə bu badəni içəcəyik. Sonra da sən bizə icazə verəcəksən, biz çıxıb gedəcəyik. Razısan?
- O pulları da götürəcəksiz! Götürməsəniz, mən sizi burdan buraxan deyiləm!
- Yaxşı. Pulları götürürük.
- Hə, ay bala, pulları götürürük, - deyə Rza müəllim, dollar götürməsələr vəziyyətin daha pis olacağını başa düşüb, tez dörd yüz dolları götürüb, hər müəllimə yüz dollar verdi və yüz dolları da cibinə qoydu.
- Sağ ol, sənin sağlığına. Doğrudan da adına layiq fərasətli, səxavətli olmağının sağlığına, - deyə Əlisa müəllim arağı tez içib, stəkanı stolun üstünə qoydu. Tut arağının tündlüyündən onun gözləri yaşardı. Tez su içdi. Sonra nəfəsini dərib əlavə elədi. - Səni and verirəm Qulam əminin goruna, indisə icazə ver, biz gedək.
Fərasət, qızların köməkliyi ilə ayağa durub, üstdən aşağı, aşağıdan yuxarı müəllimlərə ikrahla baxıb əsəbi dedi:
- Gedin! Ancaq eşidəm-biləm bu hadisəni gedib kənddə danışıbsız, o bayaq gördüyünüz oğlanlar ki var, gəlib kənddə sizə çox yaxşı “dərs” verəcəklər. Bu “dərs” isə onun yanında toya getməli olacaq. Eşitdiz?
- Eşitdik, eşitdik. Ayıb sözdü ki. Kişinin arasında söz-söhbət olar, - deyə Əlisa müəllim tez dilləndi.
- Onu da bilin ki, mən prokuror, polis, nə bilim kimlərisə hərləyən oğlan deyiləm! Onlar özləri yeri gələndə məndən qorxurlar... Tula kimi ətrafımda fırlanırlar. Bir paçka dolları başlarına vuranda kölə kimi qabağımda əyilirlər. Başa düşdüz?!
- Başa düşdük. Sağ ol. Sağlıqla qal. Pula görə də çox sağ ol, - deyə Rza müəllim hamının əvəzində dilləndi.
- Bu əlli dolları da götür, maşın tutun sizi şəhərə aparsın. Qalanına da yemək alıb bir neçə gün mənim şotuma yeyərsiz...
O, pulu Rza müəllimin cibinə soxdu.
- Hə, belə-belə işlər... Əziz müəllimlər… Qul bazarının qulları... Gedin!.. Basın bayıra!..
O, yenə cibindən tapançanı çıxarıb, göyə iki güllə də atdı. Sonra da özündən razı halda ucadan gülməyə başladı.
Bu səsdən qorxan və sarılarını udan müəllimlər tez bağdan çıxıb tozlu, qaranlıq yolla şəhərə doğru hərəkət eləməyə başladılar. Dördü də tez-tez, yeyin addımlarla yeriyir, tezliklə buradan uzaqlaşmaq istəyirdilər. Yeyin addimlarla yeridiklərindən, artıq nəfəsləri çatmırdı… Təngənəfəs olsalar da sürətlərini azaltmırdılar…
Bu vaxt Rza müəllim nə fıkirləşdisə, tez dönüb arxaya baxdı. Arxadan heç kəsin gəlmədiyini yəqin eləyib əsəbi dilləndi.
- O, bic doğulan küçüyün verdiyi pul, mənə lazım deyil.
Cibindən yüz dolları və əlli dolları çıxarıb əsəbi halda cırdı. Tikə-tikə doğramağa başladı.
- Mənə də lazım deyil,- deyə İsa müəllim də əsəbi dilləndi.
- Mənə də,- deyə İmran müəllim də pulu cibindən çıxartdı.
- Mən də elə bayaqdan bunu fıkirləşirdim, - deyə bir stəkan tut arağının təsirindən başı dumanlanan Əlisa müəllim də onların sözünə qüvvət verdi.
Onlar pulları çıxarıb, tikə-tikə doğradılar. Yol boyu səpələdilər...
...Artıq müəllimlər bağ evindən xeyli uzaqlaşmışdılar. Ciblərində bir manat da pul yox idi. Tozlu yolla piyada, şəhərə tələsirdilər. Kirayə qaldıqları evə. Səhərdən heç nə yeməsələr də, artıq heç kimin yemək yadına düşmürdü. Elə bil hər biri bir qoyun cəmdəyinin kababını yemişdi... Ancaq başlarına gələn bu hadisə onları elə alçaldıb, təhqir, bihörmət eləmişdi ki, dördü də bir-birindən utanmadan xısın-xısın ağlayırdılar. Onlar düşdükləri bu rəzil zəmanəyə, haqqın, ədalətin belə alçaqcasına tapdanmasına, kişini kişilikdən salan bu dövrana, nadanlığa, ali təhsilli müəllim olsalar da, dilənçi kökündə yaşamalarına, pul qazanmaq, uşaqlarının acından ölməmələr üçün qul bazarında dayanmaqlarına ağlayırdılar...
Uzaqdan isə şəhərin göydələn evlərindəki işıqlar par-par parıldayırdı. Bu işıqlar şəhəri cənnətə oxşadırdı. Elə bir cənnətə ki, guya orda hər şey gözəl, adamlar isə tam firavan yaşayırdı. Elə bil dərddən-qəmdən uzaq, kef-damaq içində ömür sürürdülər. Amma əsl həqiqətin belə olmadığını, bu şəhərdəki adamların da çoxunun elə müəllimlər kimi ac-yalavac yaşadığını biləndə, elə bu sətirləri yazdıqca, özümün də heç nəyimin bu dilənçi kökündə yaşayan adamlardan, bu müəllimlərdən artıq olmadığını fikirləşdikcə hayqırıb qışqırmaq, bağırmaq istəyir adam:
-E... he... hey!... Hey!... Gidi dünya!.. Sənin hərçi betərinə lənət! Gör bizi nə günlərə, nə kökə saldın... Axı bizim günahımız, suçumuz nədir?!. Bu ədalətsizlik, qəddarlıq, qanunsuzluq, ziyalının dilənçi kimi yaşaması nə vaxta qədər davam eləyəcək?!... Bu məmləkətdə, bu yaziq, zavallı insanların taleyini fikirləşən tapılacaqmı? Tapılacaqmı?!..

Noyabr, 1999-cu il.
Sumqayıt şəhəri

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !