Azərbaycan Yazıçılar Birliyində Vahid Aslanın "Yağış havası" adlı yeni kitabının təqdimatı keçirildi - ViDEO+FOTO=121 (Ə.MAHİR -AZpress.AZ)

Azərbaycan Yazıçılar Birliyində Vahid Aslanın "Yağış havası" adlı yeni kitabının təqdimatı keçirildi ViDEO+FOTO=121 (Ə.MAHİR -AZpress.AZ)

31 yanvar 2020-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Vahid Aslanın “Yağış havası” kitabının imza günü və təqdimat mərasimi keçirildi. “Sağlamlığın qorunması” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan tədbiri AYB sədrinin I müavini, xalq şairi Fikrət Qoca açaraq tədbir iştirakçılarını salamladı. Fikrət Qoca şair Vahid Aslanı çağdaş Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən biri kimi təqdim edərək eyni zamanda tədbir iştirakçılarına AYB sədri, Xalq yazıçısı Anarın salamlarını çatdırdı. Təqdim olunan “Yağış havası” kitabı haqqında söz açan F. Qoca şeirlərin bədii estetik dəyərindən bəhs edərək, kitabda yer almış, şəhid şair Nizami Aydına həsr olunmuş “Nizami Aydın” poeması üzərində xüsusi dayandı.

Daha sonra “Sağlamlığın qorunması” İctimai Birliyinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva çıxış edərək, Vahid Aslanın yaradıcılığı və təqdim olunan kitab barədə geniş məlimat verdi. Eyni zamanda Yazgül Abdıyeva rəhbəri olduğu təşkilatın hər zaman yaradıcı insanlara xüsusən də istedadlı gənclərə dəstək olduğunu vurğuladı. Fevralın 2-də iki gənc rəssamın əsərlərindən ibarət sərginin də məhz “Sağlamlığın qorunması” İctimai Birliyi tərəfindən həyata keçiriləcəyini vurğulayaraq, Yazgül Abdıyeva tədbir iştirakçılarını maraqla gözlənilən sərgiyə dəvət etdi.

Tədbirin aparıcısı, Lider televiziyasının “Xəzərin sahilində” verilişinin müəllifi, tanınmış jurnalist Fəxriyyə Lilpar təqdim olunan kitab və kitabın müəllifi haqqında məlumat verdikdən sonra sözü növbə ilə çıxışçılara verdi.

Tanınmış ziyalı, professor Mahmud Rüstəmov çıxış edərək Vahid Aslan poeziyasının tərbiyəvi əxlaqi dəyərlərindən danışdı. Təqdim olunan kitabda yer alan şeirlərin əksəriyyətinin vətənpərvərlik ruhunda olduğunu vurğulayan Mahmud müəllim, Vahid Aslan yaradıcılığının gənc nəslin tərbiyəsində böyük rol oynadığından danışdı.

Tanınmış ziyalı, professor Musa Bayramov öz çıxışında Vahid Aslanın yaradıcılığından bəhs edərək onu həm də riyaziyyatçı- pedaqoq kimi də tədbir iştirakçılarına təqdim etdi.

Tanınmış həkim Rafiq Nağıyev Vahid Aslanın təbiətin tərənnümünə həsr etdiyi şeirlər üzərində dayanaraq, belə şeirlərin həm də insanın sağlam ruhda böyüyərək vətən torpağına bağlanmasında oynadığı müsbət roldan bəhs etdi.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, gənc şair İntiqam Yaşar tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, uğurlu ədəbi fəaliyyətinə görə Vahid Aslanı rəhbərlik etdiyi təşkilat adından fəxri diplomla təltif etdi.

311 saylı məktəbin direktoru Esmira Muradova rəhbərlik etdiyi məktəbdə vaxtilə Vahid Aslanla birgə hazırladıqları tədbirdən söz açaraq, həmin tədbirdə iştirak etmiş İlyas Tapdığı xatırladı. Daha sonra həmin məktəbin şagirdi, Türksevdalısı Aysu Vahid Aslanın “Türkün yolu-Turan yolu” şeirini səsləndirdi.

28 saylı məktəbin şagirdi Gülay Əsgərlinin ifasında səslənən “Türkəm” şeiri də Vahid Aslanın həm də Türk dünyasının sevilən şairi olduğundan xəbər verdi.

Azərbaycan Radiosunun əməkdaşı, tanınmış şair-jurnalist Ötərxan Eltac öz çıxışı zamanı Vahid Aslanın şeirlərindən əlavə həm də oxucu rəğbəti qazanmış povest və hekayələrindən də söhbət açdı.

Xalq artisti, diktor Əli Məhəmmədoğlu Vahid Aslanın xanəndə Səxavət Məmmədova həsr etdiyi silsilə məqalələrindən söhbət açaraq onu həm də kəsərli qələmi olan bir jurnalist kimi təqdim etdi.

Şair Dəmir Gədəbəylinin həyat yoldaşı Rüxsarə xanım və jurnalist Aygün Paşayeva Vahid Aslana uğurlar arzulayaraq, tədbirin təşkilatçısı Yazgül Abdıyevaya da təşəkkürlərini bildirdilər.

Şair-həkim Rəfiqə Abbasova, tarixçi-alim Faiq Ələkbərov, şairlər Cəmil Hüseynli, Söhrab Poladoğlu, Allahverdi Buludlu, Fərqanə Mehdiyeva, İlqar Türkoğlu, Şəfəq Sahibli, Narıngül Nadir, Günay Reyhan, Zakir Ağdamlı, Şükür Müseyiboğlu, Məhərrəm Şəmkirli, Reyhan Kənan, Esmira Günəş, Təranə Musayeva və başqaları çıxış edərək Vahid Aslan poeziyasından söz açdılar.

Tədbirdə eyni zamanda Vahid Aslanın sözlərinə bəstələnmiş mahnılar ifa olundu. Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynovanın, Əməkdar mədəniyyət işçisi, tanınmış müğənni Solmaz Kosayevanın, tanınmış aşıq Azər Fərmayıloğlunun Vahid Aslanın sözlərindən ibarət ifaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Sonda Vahid Aslan tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək, öz ifasında kitabda işıq üzü görən şeirlərindən səsləndirdi.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatı tərəfindən çapa hazırlanmış 220 səhifədən ibarət olan bu kitab sayca müəllifin 9-cu kitabıdır. Kitabın redaktoru Xalq şairi Nəriman Həsənzadə, ön sözün müəllifi Kənan Hacıdır. Kitabda müəllifin son dövrlərdə yazdığı şeirləri və poemaları toplanmışdır.

Nuray Əsgərli 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !