professor NƏRMİNƏ QULİYEVA: - "məktəbdən qaçıb, böyük həvəslə onun konsertinə qulaq asmağa gedirdim"

professor NƏRMİNƏ QULİYEVA: "məktəbdən qaçıb, böyük həvəslə onun konsertinə qulaq asmağa gedirdim"

 “...Çalışıram ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təlim-tədris işini bizim Konservatoriyamızın yüz illik ənənələri və müasir təhsil texnologiyaları əsasında qurum...”- Əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor NƏRMİNƏ QULİYEVA.

Tarix boyu Azərbaycan qadını xalqımızın tarixində öz iradəsi, mərdliyi, sədaqəti ilə əhəmiyyətli rol oynamış, həm görkəmli ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təmsil etməyə müvəffəq olmuşdur. Belə ziyalı qadınlarımızdan biri də Əməkdar müəllim, pedaqoji elmlər namizədi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə xanım Quliyevadır.


-Nərminə xanım, başlayaq uşaqlıq illərinizdən. Hələ məktəbli ikən ağ və qara dillərin mahiyyətini anlayırdınızmı?
- Ağ və qara dilləri gözəl səslər, melodiyaları ifadə etmək üçün bir vasitə kimi qəbul edirdim.
-Bəs sonralar-tələbəlik illərinizdə ağ və qara dillərin mahiyyəti nədən ibarət oldu?
- Sonralar ağ və qara dillər mənim üçün artıq nəinki bir vasitə, eyni zamanda dərin məna, fəlsəfi əhəmiyyət daşıyıcısı oldu.
-Siz gənc yaşlarınızdan çoxsaylı uğurlara imza atmısınız. Böyük səhnədə ilk çıxışınız, qazandığınız uğurlarınız barəsində təəssüratlarınızı bizimlə bölüşərdiniz.
- Bəli, uşaqlıqdan müxtəlif müsabiqələrdə, festival və konsertlərdə müvəffəqiyyətlə çıxış etmişəm. Orkestr ilə ilk çıxışımMüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında S.Hacıbəyovun rəhbərliyi altında keçmişdir, G.F.Hendelin fortepiano konsertiniifa etmişdim. Sonradan A.Rzayevin, G.Qalıninin, F.Mendelsonun, E.Qriqin konsertlərini ifa etmişəm və mətbuatda S.Qasımova, N.Əliyeva, Z.Stelnikkimi musiqişünaslar tərəfindən müsbət, tərifedici rəylər işıqlandırılmışdır. Lakin, məhz görkəmli dirijor Niyazinin rəhbərliyi ilə ifa etdiyim K.Sen-Sansın konserti mənə çox böyük uğur qazandırmışdı. Mənə təsiredici və yadda qalan hadisələrdən, konsertlərdən danışarkən istedadlı pianoçu, professor Nəzakət Rimazi ilə birgə Kapellhausdakı çıxışımızı qeyd etmək olar. Çünki, bu

Azərbaycanda yeganə və ilk bir royal üçün dörd əlli əsərlərdən ibarət olan konsert idi. Fortepiano dueti hər zaman çox populyar janr olub. Lakin Azərbaycanda iki royalda dörd əl üçün yazılmış əsərlərə daha çox üstünlük verilib. Biz isə yalnız bir royal üçün yazılmış və işlənmiş V.A.Motsartın, F.Şubertin, S.Raxmaninovun əsərlərindən ibarət konsert tərtib etmişdik. Konsert uğurla keçmiş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Lakin bizim üçün ən böyük uğur və şərəf konserti dinləyən BMA-nın professoru, Əməkdar artist Rafiq Quliyevin dilindən “bravo” eşitmək idi.Daha sonra yaxşı xatırlayıram ki, Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert keçiriləcəkdi və mənə o konsertdə iştirak etməyi təklif etmişdilər. Mən də bəstəkarın populyar mahnılarından ibarət iki royal üçün “Fantaziya” işləmişdim və onu konsertdə ifa etdim.Konsertdən sonra T.Quliyevdən də çoxlu təriflər eşitdim. Belə görkəmli bəstəkardan tərif və təşəkkür eşitmək mənim üçün böyük hadisə idi. Ümumiyyətlə, dörd əlli işləmələrim ilə bağlı dəfələrlə gözəl rəylər eşitmişəm. Bu rəylərdən birini xüsusilə qeyd etmək istərdim. İki royal üçün işlədiyim “Fantaziya”nı tələbələrim konsert üçün öyrənib, sinifdə məşq edirdilər. Bu zaman tanınmış bəstəkarımız Musa Mirzəyev sinfə daxil olaraq, əsəri dinləyir və tələbələrdən əsərin müəllifini öyrənir. Biləndə ki, mənim işləməmdir, Musa müəllim dekanatlığa gəlib, məni bir xeyli təriflədi, həttabəstəkarlıq ilə məşğul olmağımı təklif etdi.
- Nərminə xanımın sevimli bəstəkarı və ifasını çox dinlədiyi pianoçu kimdir?
- Mənim sevimli bəstəkarım Sergey Raxmaninovdur. Onun ikinci konsertini hər dəfə dinləyəndə göz yaşlarımı saxlaya bilmirəm. Sevimli pianoçum isə əlbəttə ki, Xalq artisti Fərhad Bədəlbəylidir. Ümumilikdə isə tanınmış pianoçu S.Rixteri çox bəyənirdim. Uşaq vaxtı Moskvada olanda S.Rixterin konsertinə gedib, ifasını dinləmişdim və hesab edirdim ki, onun kimi ideal solo ifaçı yoxdur. Lakin bir neçə il əvvəl Praqada müsabiqədə olarkən, Q.Sokolovun solo konsertinə getdim və konsertdən çox böyük təəssüratla qayıtdım. Q.Sokolovu dinlədikdən sonra düşündüm ki, indi dünyada onun kimi solo ifaçı yoxdur. O, professional ifaçıdır.
- Məqalənizin birində oxumuşdum ki, Siz Fərhad Bədəlbəylini fortepiano ifaçılığında əfsanə adlandırmısınız. Bəs o əfsanə ilə nə vaxtsa eyni bir təhsil ocağında fəaliyyət göstərmək və imtahanlarda onunla birgə müzakirələr aparacağınız ağlınıza gələrdimi?
- Heç vaxt ağlıma gəlməzdi. O doğurdan da mənim üçün “əfsanə”, əlçatmaz bir zirvədir. Mən hələ uşaq olarkən, məktəbdən qaçıb, böyük həvəslə onun konsertinə qulaq asmağa gedirdim. Professor Fərhad Bədəlbəyli emosional, temperamentli, çox hərarətli bir ifaçıdır. Onun konsertindən sonra Fərhad müəllimin temperamentindən sanki bizə də keçirdi və gələcək inkişafımızı stimullaşdırırdı. Bizim də ifaçılıq texnikamızın bir balaca ona çatması üçün başlayırdıq gündə 5-6 saat çalmağa. Amma o dahidir. Belə dahiləri tarix 100 ildə, 200 ildə bir dəfə yaradır. Fərhad müəllimin həyat yoldaşı Nailə xanım mənim sevimli və ilk müəlliməm olub. Nailə xanımın dilindən onu gözəl insan kimi, uşaqlıq illərimdən professional ifaçı kimi Fərhad müəllimi çox yaxşı tanıyırdım. Mən indi də onunla çalışıram. Hesab edirəm ki, onun kimi demokratik, onun kimi sadə bir rektor yəqin ki, Azərbaycanda yoxdur. Çünki o müəllimləri də, tələbələri də çox asanlıqla qəbul edir, onları dinləyir, çətinlikləri varsa, əlindən gələn köməkliyi göstərir. Buna görə də onu hərtərəfli “əfsanə” adlandırıram. Musiqi mədəniyyətimizin, xüsusən də fortepiano ifaçılığının inkişafında onun rolu çox böyükdür. Mən sevimli rektorumuza, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə can sağlığı arzu edirəm.
- Musiqimizin təbliği, musiqi maarifçiliyi ilə bağlı müxtəlif bölgələrdə ustad dərslər, böyük layihələr həyata keçirmisiniz. İstərdik bu barədə ətraflı məlumat verəsiniz.
- İlk öncə keçirdiyim bu layihələrə görə Azərbaycan Respulikasının Mədəniyyət Nazirliyinə və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Hər zaman mənə dəstək olublar. Azərbaycanın demək olar ki, bütün bölgələrinə və rayonlarına tələbələrimizi apararaq həm konsertlər təşkil etmişik, həm də həmkarlarımla ustad dərslər keçirmişik. Dəfələrlə bölgələrimizdən olan istedadlı uşaqları kəşf edərək, Bakıya yönəltmişik. Onlar da musiqi təhsillərini Bakıda uğurla davam etdiriblər. Getdiyimiz hər bir şəhər və rayonun musiqi məktəbləri, musiqi kolleclərində mütləq ustad dərslər keçirmişik. Naxçıvana getdiyimiz zaman da bizi çox yaxşı qarşılamışdılar. Həm musiqi məktəbində, həm musiqi kollecində, həm də Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında mən və skripka ifaçımız professor,Xalq artisti Zəhra Quliyeva ilə ustad dərslər keçirdirdik. Dərslərimizə maraq və ehtiyac olduğuna görə bizi gecə saat 12-yə kimi buraxmırdılar. Çünki şagird, tələbə və müəllim heyətində çox böyük həvəs, öyrənmək arzusu var idi.
- Artıq uzun müddətdir ki, BMA-da pedaqoji fəaliyyət göstərirsiniz. Dərs dediyiniz onlarla tələbəniz Beynəlxalq və Respublika müsabiqələr laureatı, prezident təqaüdçüləridirlər. Ümumiyyətlə bu günki tələbələrin hazırlıq səviyyəsi, ümumi dünyagörüşü, seçdiyi sənətə maraqları haqqında nə deyə bilərsiniz?
- İndi demək olar ki, istedadlı gənclərimizvar və onların geniş dünyagörüşünə sahib olduqlarını, seçdikləri bu sənətə böyük məhəbbət və rəğbət bəslədiklərini görürəm. Bunun nəticəsidir ki, xarici ölkələrdə keçirilən müxtəlif musiqi festivalları və müsabiqələrdə gənclərimiz böyük nailiyyətlər əldə edirlər. Ümumiyyətlə, tələbələrin hazırlıq səviyyəsi həm tələbənin, həm müəllimin birgə gərgin fəaliyyəti nəticəsində baş verən prosesdir. Bu səbəbdən də mən tövsiyə edərdim ki, musiqi məktəblərində uşaqların bünövrəsi, təməli düzgün qoyulsun. Sonra isə tələbəlik illərində artıq repertuar yığımı ilə məşğul olub, mürəkkəb virtuoz əsərlər üzərində çalışmağa başlasınlar. Ümumiyyətlə, professional səviyyələrini yüksəltsinlər.
- Siz həmçinin BMA-nın tədris işləri üzrə prorektorusunuz. İdarəçiliklə, yaradıcılıq işləri və pedaqoji fəaliyyət nə dərəcədə bir-birini tamamlayır? Bütün bunların öhtəsindən gəlmək çətin olmurmu?
- Əlbəttə, çox çətindir. Hal-hazırdaprorektorluq işini ən vacib və lazımlı hesab edirəm.Çalışıram ki, Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasında təlim-tədris işini bizim Konservatoriyamızın yüz illik ənənələri və müasir təhsil texnologiyaları əsasında qurum. Bu istiqamətdə işləyərək, biz Avropa təhsil məkanına inteqrasiya edə bilərik və xarici ölkələrdə olan musiqi sənətindəki rəqabət üstünlüklərini əldə edərək, iş bazarında öz layiqli yerimizi tutmağa müvəffəq olarıq. Beləlikə, bizim tələbələrimizin, məzunlarımızın və müəllimlərimizin mobilliyi təmin olunar. Bizim ifaçılarımızı Avropada ən tanınmış Konservatoriyalara qəbul edirlər, ən möhtəşəm beynəlxalq orkestrlərə dəvət alırlar, müsabiqələrdə qalib olurlar. Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrları yetişdirməkdir. Bu məqsəd öz həllini hər bir pedaqoqun sinfində tapmalıdır. Mən də bir pianoçu-pedaqoq kimi öz tələbələrimə ifaçılığın sirrlərini aşılayıram. Sinfimdə təhsil alan gənc pianoçuları nəinki professional bir ifaçı kimi, həm də yüksək mədəniyyət sahibi olan, insani keyfiyyətləri özündə cəmləşdirən bir vətəndaş kimi görmək istərdim.
- Boloniya sisteminin musiqi təhsil ocaqlarına tətbiqi sizcə özünü nə dərəcədə doğruldur?
- Əvvəllər bu sistem qəbul olunmurdu. Biz tam olaraq, 2010-cu ildən keçmişik Boloniya sisteminə. Düşünürəm ki, Avropa məkanına inteqrasiya ediriksə, bu, vacib bir siyasətdir. Bizim diplomlarımız xarici ölkələrdə tanındığı üçün boloniya sistemi də tələbələrimizə Avropanın istənilən ölkəsində təhsil almağa, işləməyə çox böyük imkan yaradır. Həmçinin bu sistem yarım il ərzində sistematik, mütəmadi işləyən orta səviyyəli tələbəyə də normal qiymət almağa şərait yaradır. Ona görə də hesab edirəm ki, müəyyən müsbət cəhətlərinə görə Boloniya sistemi tələbənin xeyrinə olan bir sistemdir.
- Müasir dövrdə klassik musiqinin təbliğində aktual problemləri nədə görürsünüz?
- Təbliğat çox önəmlidir. İndi maraqlı layihələr var, hansı ki, klassik musiqini müasir üslübda, caz üslubunda ifa edirlər. Yəni klassik musiqini müasir dövrün tələbinə uyğun olaraq, gərək elə təqdim edək ki, uşaqların, gənclərin, cavanların, ümumiyyətlə hər kəsin qəbul edəcəyi tərzdə olsun və sevilsin.Ancaq bu iş incə zövqlə olunmalıdır.

 

- Tez-tez Beynəlxalq və Respublika üzrə keçirilən müsabiqələrdə münsiflər heyətinin sədri və üzvi kimi iştirak edirsiniz. Böyük və inkişaf etmiş xarici ölkələrdə Azərbaycan musiqisi və Azərbaycan ifaçılıq məktəbi necə qarşılanır?
- Təbii ki, çox yaxşı qarşılanır. Bu yaxınlarda İspaniyanın Barselona şəhərində oldum. Bir görəydiniz orada bizim tələbələri necə tərifləyirdilər. Münsiflər heyətinin üzvi kimi rus musiqi məktəbinin nümayəndəsi, Barselona Musiqi Akademiyasının professoru S.Paçekin iştirak edirdi. O da gənclərin ifasından çox razı qalmışdı. Mən də həmişə xarici ölkələrə müsabiqələrə gedəndə Azərbaycan bəstəkarlarının əsərlərinin notlarını mütləq özümlə aparıram. Tələbələrimizin repertuarında da mütləq şəkildə bizim bəstəkarlarımızın əsərləri yer alır. Bununla da biz musiqimizi xarici ölkələrdə layiqincə təbliğ edirik.
- Nərminə xanım, maraqlı müsahibə üçün təşəkkür edirəm!

 


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat Xidmətinin əməkdaşı, musiqişünas OFELYA İSGƏNDƏROVA

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !