- Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin doğum günüdür.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin doğum günüdür.

 Bu gün Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin doğum günüdür. Bu münasibətlə Təbriz Xəlilbəyliyə həsr olunmuş sənədli filmin rejissoru Ruslan Mollayevdən filmin ərsiyə gəlməsi haqqında soruşduq. Azpress.az - saytı həmin müsahibəni və filmi təqdim edir.

Universiteti bitirəndən beş il sonra tələbə yoldaşımın təkidi ilə sənədlərimizi (ayrı ixtisaslarla) magistraturaya verdik. O ərəfələr hazırlaşmağa qəti vaxtım yox idi, dövlət layihəsi işləyirdik. İnanmırdım keçərəm, imtahanın cavabları çıxdı: mən daxil oldum, dostum kəsildi. Bir il sonra o, da daxil oldu (filmdə onun da müsahibəsi var) . ADMİU – nın rektoru Fərəh xanım Əliyeva idi. Dedilər ki, "Universitetin Qarabağda şəhid olan tələbələri haqqında sənədli filmlər çəkiləcək. İstəyirik sən də bu layihəyə qoşulub Təbriz Xəlilbəyli haqqında film çəkəsən." Tabriz Xəlilbəylinin atası Xəlil Rza Ulutürk haqqında 2008 - ci ildə film hazırlamışdım, ətraflı məlumatım vardı. Razılıq verdim. Filmin çəkilişləri başlayanda Təbriz Xəlilbəylinin həyat yoldaşı Sevinc xanımın müalicə aldığı məlum oldu, dedi: “ Mənsiz çəkin, yenidən olanları danışmaq olduqca ağırdı...” Sevinc xanımı çox yaxşı başa düşürdüm. Gözlədim... Ssenaridə rəsmi xronikanı çıxardıb xatirələri saxladım. Həyatda insanları statistika, rəqəmlər maraqlandırırsa da filmdə tam əksinədir.
Sağ olsunlar “Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti də çəkilişə razılıq verdi. Çünki mütləq, Təbrizin adını daşıyan gəmidə də çəkiliş etməliydim.
Filmlərdə mesajdan daha çox ovqatı çatdırmağa çalışıram. Heç vaxt kiməsə nəyisə başa salmaq istəmirəm, filmi ilk növbədə özüm üçün çəkirəm, hazırlıq dövründən tutmuş montaj ərəfəsinə qədər olduqca tənqidi yanaşıram ki, sonradan deməyim: bax burda gərək belə edəydin!

Film mənim üçün sanki şeirdə, musiqidə olduğu kimidir: söz və not nə artıq, nə də əskik olmamalıdır. Zövqümə əminəm, gördüyüm işə bir neçə dəfə baxıram, xoşum gəlirsə, demək ki, alınıb...

Filmin montaj prosesində hiss elədim ki, Təbrizin xəbəri gələn hissədə heç bir mahnı uyğun deyil, yeni nəsə olmalıdır, eşidilməyən; yazın gəlişinə baxmayaraq güclü külək var idi, o ovqatda ağlıma bir musiqi gəldi. Universitetin istedadlı musiqiçilərini yığıb mahnını yazdıq və film tamamlandı. Qəribədi, bir neçə vaxt sonra Təbrizin atası Xəlili yuxumda gördüm...


Ssenari müəllifi, quruluşçu rejissor, operator və montaj: Ruslan Mollayev
Təşkilatçı: Rüzgar Kəskin


Dosye
Xəlilbəli Təbriz Xəlil Rza oğlu 12 fevral 1964 - cı ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olur. Təhsilini davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında işıqçı işləyir. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərir. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülür. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü olur. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !