MSK bu gün toplanır - Yayılan videolar araşdırılır -

MSK bu gün toplanır - Yayılan videolar araşdırılır

Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da sosial şəbəkələrdə, o cümlədən, yutubda yayılan görüntülərlə bağlı ciddi araşdırmalar aparır.
AZpress.AZ
xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırmalara əsasən, bəzi məntəqələrin, hətta Dairə Seçki Komissiyalarının nəticələrinin ləğv edilməsi gözlənilir.
Artıq Dairə Seçki Komissiyalarının verdiyi qərarlardan narazı olan namizədlərin şikayətləri Mərkəzi Seçki Komissiyasına daxil olmağa başlayıb. Bununla bağlı MSK-nın keçiriləcəyi iclaslardan biri də bu gün təyin edilib.
Xatırladaq ki, prezident İlham Əliyev dünən Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında gənclərlə görüşü zamanı parlament seçkilərindən də danışıb. Dövlət başçısı pozuntulara yol verən şəxslərin cəzalandırılacağını bildirib.
Bu arada bildirək ki, Seçki Məcəlləsinə əsasən, ilkin şikayəti məntəqə seçki komissiyasına edilir. Namizəd məntəqənin qərarından narazı qaldıqda Dairə Seçki Komissiyasına, DSK-nın qərarından narazı olduqda Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Əgər namizəd Mərkəzi Seçki Komissiyasının qərarından da narazı qalarsa, Apelyasiya Məhkəməsinə müraciət edə bilər. Namizəd DSK-nın qərarını aldıqdan sonra 3 gün müddətində ərizəsini MSK-ya göndərməlidir. Hətta namizədlər Dairə Seçki Komissiyasının hərəkətsizliklərindən də MSK-ya müraciət edə bilər.
Seçki Məcəlləsinə əsasən, seçkilərin nəticələrinin yoxlanılması və yekunvurulması səsvermə günündən ən geci 20 gün keçənədək, yəni fevralın 29-dək Konstitusiya Məhkəməsinə təqdim edilməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) seçkilərin nəticələrini təsdiq etməlidir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !