İngiltərəli pasiyent: - Mən burada özümü vətənimdə olduğu kimi hiss etdim

İngiltərəli pasiyent: “Mən burada özümü vətənimdə olduğu kimi hiss etdim”

 İngiltərədən gəlmiş pasiyent Mərkəzi Gömrük Hospitalında bariatrik əməliyyata daxil oldu

 

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı bariatrik cərrahı, professor Mojtaba Haşemzadeh uzun illərdir bariatrik cərrahiyyə sahəsində çalışır və dünyanın müxtəlif klinikalarında 8000-dən artıq müxtəlif növ bariatrik əməliyyatlar icra etmişdir. Professor Mojtaba Haşemzadeh 1986-1994-cü illərdə İran İslam Respublikasının Məşhəd Tibb Universitetində ümumi tibb təhsili aldıqdan sonra 1996-2000-ci illərdə Tehran Tibb Universitetinin Tibb fakültəsində cərrahiyyə üzrə rezidenturada təhsilini davam etdirmişdir. 2014-cü ildə ABŞ-ın Beth Universitet Hospitalında bariatrik cərrahiyyə üzrə bir illik təkmilləşdirmə kursu keçmişdir.
Bariatrik cərrah kimi fəaliyyət göstərdiyi illər ərzində professor Mojtaba Haşemzadeh dünyanın bariatrik cərrahiyyəsinin aktual problemlərinə həsr olunmuş ən mötəbər konqres, simpozium və konfranslarda iştirak edərək öz təcrübəsilə bölüşmüşdür. Onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İran və digər ölkələrdən müraciət edirlər.
Dr. Mojtaba Haşemzadeh bildirir ki, BMT-nin yaydığı məlumata görə, 2019-cu ildə dünyada 670 milyon nəfər insan artıq çəkidən və piylənmədən əziyyət çəkib. Problem təkcə bədən quruluşunun pozulmasından ibarət deyil. Piylənmə - bütün dünyada sosial bəlaya – baş verən ölüm hallarının ən əsas səbəblərindən birinə çevrilib. Piylənmə insanlarda ikinci tip şəkərli diabetə, ürəyin işemik xəstəliyinə, hipertoniyaya, osteoartritə və digər ağır xəstəliklərə yol açır.
Bu günlərdə İngiltərədən gəlmiş pasiyent Melodi Cabbari Mərkəzi Gömrük Hospitalında bariatrik əməliyyat olunmaq üçün professor Mojtaba Haşemzadehə müraciət edib. İngiltərə vətəndaşı olan Melodi Cabbari 4 ildir ki, İngiltərənin Nyukasl şəhərində yaşayır. İngiltərə universitetlərindən birində İnformasiya texnologiyaları sahəsində magistr təhsili alır. Fürsətdən istifadə edib Melodi Cabbaridən müsahibə aldıq.
- Xanım Melodi Cabbari, Azərbaycana xoş gəlmisiniz. Necə oldu ki, siz əməliyyat üçün İngiltərədən məhz Azərbaycanda fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı Dr.Mojtaba Haşemzadehə müraciət etdiniz? Onun haqqında əvvəllər eşitmişdinizmi?
-Mən 10 ildir ki, Dr. Mojtaba Haşemzadehi tanıyıram, həkimin məharətindən, təcrübəsindən xəbərim var. Mən mədə sliv qastrektomiya əməliyyatı etməyə qərar vermişəm. Bu əməliyyatı yalnız Dr. Mojtaba Haşemzadehin icra etməsini istəyirəm. Çünki, Dr. Mojtaba Haşemzadeh 25 ilə yaxındır ki, bu bariatrik əməliyyatları icra edir və bütün pasiyentlərinin nəticələri yaxşı olub.
-Hansı şikayətləriniz olurdu ki, siz bariatrik əməliyyat etməyə qərar verdiniz?
-Mən hazırda artıq çəkidən, həm də çox yeməkdən əziyyət çəkirəm. Əsəbiləşəndə iştahım artır, bütün günü yemək istəyirəm. Yaşım 40-ı keçib, çəkim 95 kq-a çatıb. Qaraciyərimdə piylənmə var, narahatam ki, bu səbəblər mənim sağlamlığımda fəsadlar yaradar. Ona görə bariatrik əməliyyata gəldim. Vaxtında əməliyyata girsəm, yəqin ki, başqa xəstəliklərin qarşısını almış olaram.
-Əməliyyatdan sonra hansı çəkidə olmaq istərdiniz?
-Sağlam olmaq üçün 65-70 kq çəki arasında olmaq istəyirəm.
-Siz çəkinizi azaltmaq üçün idmanla məşğul olurdunuzmu?
-Mən nəinki idmanla məşğul olurdum, hətta pəhriz də saxlayırdım. Təəssüflər olsun ki, bunların mənə xeyri olmadı. Hətta pəhriz dişlərimə, saçlarıma pis təsir etdi. Dişlərim xarab oldu, saçlarım töküldü. Müxtəlif piy əridən dərmanlar qəbul etdim, amma istədiyim nəticəni ala bilmədim...
-Əməliyyat nə vaxtdır?
- Sabah əməliyyat olunacağam.
Müsahibəmizi iki gün sonra xəstə evə yazılarkən davam etdirdik. “Necəsiniz” sualına xanım Melodi Cabbari bildirdi ki, hər şey çox yaxşıdır və o həmin axşam təyyarə ilə evinə - İngiltərəyə qayıdır. Fürsətdən istifadə edərək Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı Dr.Mojtaba Haşemzadehə və bütün tibb personalına təşəkkürünü bildirdi. “Mən burada özümü vətənimdə olduğu kimi hiss etdim”, - deyə, xüsusilə vurğuladı.

Müsahibəni apardı:
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !