Sumqayıtın kimya sənayesinin dayağı olan Etilen-polietilen zavodu yenidən qurulur -

Sumqayıtın kimya sənayesinin dayağı olan Etilen-polietilen zavodu yenidən qurulur

 Azərikimya İB-nin Etilen-polietilen zavodunda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində bir neçə yeni müasir texnoloji qurğular inşa olunur, texnoloji proseslər avtomatik idarəetmə sisteminə keçirilir, zavodun elektrik təchizatı sistemi və köməkçi qurğuları təkmilləşdirilir. Layihə nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmləri iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaqdır.

Görülən işlərlə tanış olmaq üçün fevralın 13-də KİV nümayəndələri üçün Sumqayıta press-tur təşkil olunub.

Məlumat verilmişdir ki, modernizasiya layihəsinin əsas məqsədlərindən biri Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polymer” kompleksinin zavodlarını dayanıqlı rejimdə və lazımlı miqdarda etilen, propilen, saf hidrogen və enerji daşıyıcıları ilə təmin etməkdir. SOCAR-ın “Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammal isə birbaşa SOCAR-ın digər müəssisəsindən - Heydər Əliyev adına Neft Emalı Zavodundan təchiz edilir. Beləliklə, Azərikimya İB-nin Sumqayıtdakı Etilen-polietilen zavodu SOCAR-ın dəyər zəncirinin mərkəzində qərarlaşır və xam neftin çıxarılmasından polimerlərin istehsalına qədər uzanan zəncirin əsas həlqələrindən birini təşkil edir. Layihə nəticəsində zavodun istismar dövrü ən azı 20 il uzadılacaq, qurğuların etibarlılığı və səmərəliliyi artırılacaqdır.

Layihənin icra qrafikinə uyğun olaraq, aktiv inşaat işləri 2017-ci ildə başlanıb. Tikinti və montaj işlərinə əsasən Sumqayıt şəhərindən və ətraf regionlardan ortalama 2000 nəfərdən çox mütəxəssis işə cəlb olunub. Layihədə çalışan ümumi işçi qüvvəsinin 94 %-ni yerli mütəxəssislər təşkil edir.

Qeyd olunmuşdur ki, yenidənqurma və modernizasiya layihəsinə baş podratçı qismində Technip FMC şirkətinin İtaliya və Benilyuks ofisləri cəlb olunub. Layihənin idarəedilməsində məsləhətçi kimi SOCAR-KBR şirkəti iştirak edir. Habelə layihənin müxtəlif mərhələlərində texniki məsləhətçi kimi FLUOR şirkətinin Niderland ofisi və Clifford Chance şirkətinin İngiltərə ofisi dəstək verib. Tikinti-quraşdırma işləri SOCAR-ın birgə müəssisəsi “Azfen” və Türkiyənin “Üstay” şirkətlərinə həvalə olunub. Ümumilikdə layihəyə dünyanın təxminən 50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət cəlb edilmişdir.

Petkim və Azərikimya əməkdaşlığı çərçivəsində SOCAR Azərbaycanda öz beynəlxalq təcrübəsindən yararlanacaq

Bildirilmişdir ki, SOCAR-ın beynəlxalq təcrübəsindən Azərbaycanda yararlanmaq məqsədi ilə SOCAR-ın “Azərikimya” İB və Dünya İqtisadi Forumu tərəfindən dünyanın ən çox rəqəmsallaşan 18 şirkət sırasına daxil edilmiş SOCAR-ın Türkiyədəki analoji müəssisəsi

olan “Petkim Petrokimya Holding A.Ş.” arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. SOCAR-ın Türkiyə və Azərbaycandakı zavodlarının əməkdaşları arasında müasir bilik və təcrübə mübadiləsi aparılacaq. “Azərikimya” İB bir qrup gənc mühəndisləri yeni qurğuların idarəetmə mexanizmlərini dərindən mənimsəmək məqsədilə istehsalçı şirkətlərin təqdim etdiyi təlimlərlə yanaşı, 2020-ci ilin birinci rübündə intensiv praktiki təlimlərdə iştirak etmək üçün “Petkim Petrokimya Holding A.Ş.”yə mərhələli şəkildə ezam olunurlar.

Yeni Buxar Turbogenerator qurğusu zavodun enerji tələbatını tam qarşılayacaq

Etilen-polietilen zavodunda həyata keçirilən digər bir iri layihə Buxar Turbogenerator qurğusunun tikintisidir. Layihənin məqsədi zavodu elektrik enerji ilə təmin edən Buxar Generator Kompleksinin enerji effektivliyini və istehsal gücünü artırmaqdır. Layihənin icrası üçün 2016-cı ildə SOCAR Almaniyanın UNİPER şirkəti ilə saziş imzalayaraq, “SOCAR-UNİPER” Birgə müəssisəsini yaratmışdır. Etilen-Polietilen zavodunda hazırkı Buxar Generator Kompleksinin 32 Mvt/s (faktiki 13 Mvt/s) layihə gücünün 65 Mvt/s layihə gücünə çatdırılması nəzərdə tutulur. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yarımstansiya yenidən qurulur.

Layihə başa çatdırıldıqdan sonra “Azərikimya” İB-nin indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 30 Mvt/s-lıq enerji tələbatı artıq öz imkanları ilə tam qarşılanacaq, qurğunun istehsal etdiyi qalan 35 Mvt/s elektrik enerjisini şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi istehlakçılarına ötürməyə imkan yaranacaqdır.

Hər iki layihənin tam olaraq cari ilin 3-cü rübündə yekunlaşması nəzərdə tutulur.

SOCAR Sumqayıtda həm də bir çox sosial yönümlü işləri öz üzərinə götürüb

“Azərikimya” İB SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra SOCAR Sumqayıt əhalisi üçün bir sıra mühüm sosial layihələr həyata keçirmişdir. Şirkətin dəstəyi ilə “Kimyaçı” poliklinikası və Təcili Tibbi Yardım Mərkəzi yaradılıb, müasir tibb avadanlıqları ilə təchiz edilərək sakinlərin xidmətinə verildi. Ötən il 17 saylı “Gül” uşaq bağçası əsaslı təmir və yenidənqurma işləri aparıldı. Şəhəri təmsil edən Sumqayıt Peşəkar Futbol Klubu və bu klub üçün geniş idman kompleksi yaradıldı. Cüdo Təlim İdman Mərkəzinin binası və “Kimyaçı” Mədəniyyət sarayı həmçinin SOCAR-ın dəstəyi ilə əsaslı təmir olundu.

“Azərikimya” İB-nin əməkçiləri sosial dəstək məqsədilə şəhərin məhəllə və mikrorayonlarını abadlaşdıraraq, bir sıra məktəb və bağçaları təmir edib, bəzi məktəblərin

idman zallarının, kitabxanaların, yaşayış binaların dam örtüklərini dəyişdirərək, fasadlarını rəngləmiş, nümunəvi məhəllələr yaratmışlar. SOCAR işçiləri şəhərin sənaye zonasında 100 minlərlə ağac əkmişlər.

2019-cu ildə Sumqayıtın 70 illik yubileyinə SOCAR-ın ən böyük töhfəsi “Nizami” kinoteatrının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi olunmdur. Şəhər sakinlərinin rəğbətlə qarşıladığı bu layihə 7 aya həyata keçirilmişdir. 2019-cu il noyabr ayının 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə istifadəyə verilən kinoteatr artıq şəhər sakinlərinin, əsas etibarilə də gənclərin ən səmərəli istirahət mərkəzinə çevrilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !