Salnamə yaradan müstəqil jurnalist... - +FOTO=5 (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)

Salnamə yaradan müstəqil jurnalist... +FOTO=5 (Əlihüseyn Şükürov, AZpress.AZ. Masallı)

Rusiyadakı alimlərimiz, digər həmvətənlərimiz və onların diaspor təşkilatları haqqında salnamə yaradan müstəqil jurnalist

 Yaxud daim Vətən eşqilə döyünən ürəklər

Bu yaxınlarda Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olundu. Ömür yolunun, yaradıcılıq fəaliyyətinin çox böyük hissəsini Rusiyadakı soydaşlarımızın axtarışına və onların yaratdığı milli diaspor icmalarının araşdırılmasına həsr etmiş Ramin Məmmədova da bu bayramdan pay düşür. Ona görə də, hörmətli oxuculara imzası tanış olan, həyatının ən mənalı illəriniqabaqcıl həmvətənlərimizin üzə çıxarılması məqsədilə ucsuz-bucaqsız qonşu ölkəni qarış-qarış gəzmiş bu dəyərli qələm sahibi haqqında danışmaq istəyirik. Elə indidən qeyd etməyi lazım bilirik ki, müxtəlif ziyalılardan, eləcə də mənbələrdən sitatlar gətirərkən bəzən təkrarçılığa da yol verə bilərik. Bu da hazırladığımız materialın xüsusiyyətlərindən irəli gələn bir məsələdir və istəkli oxucularımız tərəfindən səmimiyyətlə qəbul olunacağına inanırıq

“Qəbələ” qəzetindən kiçik məqalələrlə başlayan yolun uzunluğu

Qeyd edək ki, R.Məmmədov bədii yaradıcılığa 1971-ci ildə Qəbələ rayon “Qalibiyyət” (indi “Qəbələ”) qəzeti səhifələrində kiçik məqalələrlə başlayıb. Ordu sıralarında xidmət etdiyi zamandan, başqa respublikaların gənclərinin bizim xalqımız haqqında yanlış fikri, bizi “ancaq bazarlarda meyvə satanlar” kimi tanımalarıyaradıcılığını birdəfəlik azərbaycançılığın təbliğinə yönəltməsinə məcbur edib onu.

Nijnevartovskda yaşadığı illərdə”Kommunist” (indi “Xalq qəzeti”), ”Qalibiyyət” (indi “Qəbələ”), “Molodyoj Azerbaydjana”, “Mübariz keşikdə”, “Yurddaş”, “Mestnoye vremya”, “Neftyanik”, (Nijnevartovsk), “Tyumenskaya pravda”, “Tyumenskiy komsomolet” (Tümen), “Uralskiy raboçiy”, ”Putyovka” (Sverdlovsk),”Krasnaya zvezda”, ”Sovetskaya militsiya” (jurnal),”Pravda”, ”Komsomolskaya pravda” (Moskva) və b. qəzetlərdə millətimizin adını ucaltmaq naminə yüzlərlə məqalələr, oçerklər, zarisovkalar, publisistik yazılar dərc etdirmişdir. Bu yol, artıq 48 ildir uzanmaqda davam edir.

Ailə tərbiyəsindən doğan vətənpərvərlik, yaxud tərcümeyi-hal cizgiləri

Ramin Məmmədov 18 aprel 1957-ci ildə doğulduğu Bum qəsəbəsində 1972-ci ildə səkizilliyi bitirdikdən sonra paytaxtımızın indiki Bakıxanov qəsəbəsində ÜİLKGİ-nin 50 illiyi adına 74 saylı Orta Texniki Peşə Məktəbində üç il oxumuş, orta təhsilini başa vurmuş və tornaçı peşəsinə yiyələnmişdir. Ordudan əvvəl və sonra Balaxanıda M.Əzizbəyov adına Kənd Təsərrüfatı Təmiri zavodunda ixtisası üzrə işləmiş, Bakıdaiki dəfə ali məktəbə sənədlərini vermiş, lakin qəbul ola bilməmişdir. Onun atasıHüseyn Məmmədov (1920-2002) Böyük Vətən müharibəsi iştirakçısı, BDU-nun məzunu, qabaqcıl maarif xadimi, Qəbələdə müəllimlikdən Təhsil Şöbəsinin müdiri vəzifəsinə kimi yüksəlmiş, geniş savadı, zəngin təcrübəsi, səmimiyyəti, insanpərvərliyi və vətənpərvərliyi sayəsində xalq arasında “Müəllimlərin müəllimi” adına layiq görülmüşdür. Qüsursuz pedaqoji və ictimai fəaliyyətinə görə Azərbaycan SSR-nin Fəxri Fərmanına, 1941-1945-ci illərdəki döyüş şücaətlərinə görə isə II dərəcəli Vətən Müharibəsi ordeninə, çoxlu medallara layiq görülmüş Hüseyn müəllim həm də nümunəvi ailə başçısı olmuş, ömür-gün yoldaşı, həyatının son günlərinə kimi kolxozda çalışmış Vahidə Məmmədova ilə dəyərli övladlar tərbiyə edib böyütmüşdür. Elə verdikləri tərbiyənin, “həmişə düzgün, vicdanlı və vətənpərvər fəaliyyətinizlə bizi sevindirin” deməklərinin bəhrəsi idi ki, Ramin 1976-1978-ci illərdə Pskov vilayəti Ostrov şəhəri ərazisində Raket hissələrində xidmət etdiyi dövrdə polk komandiri podpolkovnik Viktor Kalaşnikov, bir müddət sonra isə diviziya komandiri polkovnik, sonralar general-mayor olmuşİqor Şatalov onun döyüş və tədris əlaçısı olduğunu, nizamnamənin tələblərini nizam-intizamla yerinə yetirdiyini yüksək qiymətləndirərək valideyinlərinə təşəkkür məktubları göndərmişlər. Xidmətinin ikinci ilində onu bölmə komandiri təyin etmişlər və İ.Şatalov ona “Sovet Ordusu Əlaçısı” döş nişanı, serjant rütbəsi vermişdir.1980-1992-ci illərdə Nijnevartovsk şəhər dəmir yolu nəqliyyatı milisində milis nəfəri, bölmə komandiri, əməliyyat növbətçisi, SƏDM əməliyyat müvəkkili vəzifələrində xidmət etmiş, ”Qüsursuz xidmətlərinə görə” medalına və “Sovet milisi əlaçısı” döş nişanına layiq görülmüşdür. DİO-da nadir hallarda olan bir həvəsləndirməni də qeyd edək. Belə ki, 1986-cı ildə Nijnevartovsk dəmir yolu nəqliyyatı milisinin rəisi Vladimir Tokaryev onun valideyinlərinə təşəkkür məktubu göndərərək qeyrətli övladyetişdirdiklərinə görə etimadını bildirmişdir.R.Məmmədov həmin illərdə Nijnitagil xüsusi milis məktəbində orta-ixtisas hüquq təhsili və Tümen vilayət partiya komitəsi nəzdində Siyasi universitetdə ideoloji kadrlar fakultəsində ali siyasi təhsil almış və uzun illər ştatdankənar müxbiri olduğu “Leninskoye znamya” (indi “Mestnoye vremya”) qəzeti nəzdində ikiillik jurnalist sənətkarlığı kursunda oxumuşdur. O illərdə Nijnevartovskda və Tümendə, Sverdlovskda, Bakıda, Moskvada çıxan qəzet və jurnallarda onun yüzlərlə məqalələri, öçerkləri, zarisovkaları dərc olunmuşdur. Daha çox xalqlar dostluğuna, milli məsələyə və milisin fəaliyyətinə, 1986-1992-ci illərdə isə əsas etibarilə azərbaycançılığın təbliğinə dair yazılarla çıxış etmişdir. Nijnevartovskda yaşayaraq daha yaxşı dərk edirdi ki, Azərbaycanımız o vaxtki Moskva mətbuat vasitələri tərəfindən informasiya mühasirəsinə alınır. Ona görə də orada yaşadığı illərdə “Pravda”, “İzvestiya”, “Literaturnaya qazeta” və digər nəşrlərdə Heydər Əliyevlə bağlı, Respublikamıza, Qarabağ probleminə dair dərc edilmiş qərəzli, təhqiramiz yazılara etiraz olaraq Sov. İKP Siyasi Bürosuna və əksər qəzetlərin redaksiyalarına təkzibməktubları göndərmişdi. Hər dəfə də qorbaçovçulardan “otpiska” xarakterli cavablar almışdı (bu cavablar onun şəxsi arxivində saxlanılır). Vətənpərvər övlad kimi Qarabağ hadisələri başlayan gündən bu faciənin təbliğini daim diqqət mərkəzində saxlamışdır. Tabeçiliyində xidmət etdiyi Orta-Ural Nəqliyyat Milis İdarəsinin rəhbərliyinə raportla müraciət etmiş və rəis, general-mayor Ari Mixayloviç Pervakovun icazəsilə Azərbaycana ezam olunaraq 1989-cu il aprelin 15-dən mayın 15-nə kimi onunla birgə gəlmiş rus millətindən olan dörd nəfər paqon yoldaşlarilə Bakı Dəmir Yolu Nəqliyyatı Milis İdarəsi nəzdində Bakı-İrəvan, İrəvan-Bakı, Bakı-Qafan, Qafan-Bakı marşrutları üzrə sərnişin qatarlarına nəzarət etmiş, əsayişi qorumuş, insanların əminamanlığını təmin etmişdir. Yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı, yeri gəldikcə konkret faktları nəzərinizə çatdıracağıq.

R.Məmmədov Azərbaycanımızın ağır günlərində, Qarabağ müharibəsinin müstəqilliyimizə və ərazi bütövlüyümüzə təhlükə yaratdığı dövrdə leytenant rütbəsində işini dəyişib Vətənə gəlmiş, 1992-ci ilin may ayından Qaradağ RPİ-nin 10-cu PB-də xidmətini davam etdirərək dəfələrlə hərbi əməliyyatlar gedən Qarabağ bölgəsinə ezam olunmuşdur. 2004-cü ildə mayor rütbəsində təqaüdə çıxaraq, uzun illər öncə başladığı azərbaycançılığın təbliği məsələsini daha da genişləndirmişdir.

Nə qədər əziyyətli olsa da, şərəflidir...

Yazıçı-publisist Ramin Məmmədovun bu yaxınlarda “Rusiyada Azərbaycan diaspor mətbuatı. Monoqrafiya” (Bakı-2018, 440 səh.), “Tyoplıye vetrı: Baku – Moskva” (“İsti küləklər: Bakı – Moskva”) (Bakı-2019, 392 səh.) adlı kitabları işıq üzü görmüşdür. Bu barədə bir qədər sonra danışacağıq. Doğrusu, əvvəllər də onun kitablarına və ümumiyyətlə yaradıcılığına dair mətbuatda yazılarımız gedibdi. İndi isə oxucuları bir qədər ətraflı məlumatlandırmaq qərarına gəlmişik. Bizim qənaətimizə görə və uzun illərdən bəri apardığımız müşahidələrimizə əsaslanaraq, tam əminliklə deyə bilərik ki, Ramin Məmmədov gəncliyindən başlayaraq həyatının ən unudulmaz dövrünü Rusiyada azərbaycançılığın təbliğinə və oradakı soydaşlarımızın üzə çıxarılmasına həsr edibdi. Sovetlər birliyinin çöküşündən sonra isə, bu günə kimi, məqsədyönlü şəkildə Rusiyadakı ziyalılarımızın, orada dəfn olunan həmvətənlərimizin məzarlarının, diaspor hərəkatımızın təşəkkül dövrünü, yaranma prosesini, bu ölkədəki milli icmalarımızın uğurlarının, fəallarının, perspektivlərinin, bir sözlə taleyi bu ölkə ilə bağlı olan məşhurlarımızın və hələ geniş kütlələrin tanımadığı qabaqcıllarımızın axtarışı və araşdırılmasilə ardıcıllıqla, sistemli və çox ciddi məşğul olur. Bu məsələlərlə bağlı son iyirmi iki il ərzində Rusiya paytaxtına və bölgələrinə qatarla 40 dəfə yaradıcılıq səfəri etmiş, orta hesabla, vaqonlarda 800 min kilometyol getmişdir. Səfərlərinin hər biri otuz gündən səksən günə kimi davam edib, 100 şəhərdə araşdırmalar aparıb, rus və azərbaycan dillərində 30-dan çox adda kitab yazıb nəşr etdirib, qəzet və jurnallarda yüzlərlə məqaləsi dərc olunub. Son nəticədə bu kitabları və yazıları sistemləşdirib rus dilində “Odlar Yurdunun övladları Rusiya tarixində” (Bakı-2011-2013) adlı sanballı ensiklopedik portret-oçerklər toplusunun üç nəşrini oxucuların mühakiməsinə veribdi. Bu barədə özü belə deyir: “Bu şərəfli vəzifə nə qədər əziyyətli olsa da, illərimi, bacarığımı bu sahəyə sərf etməyimə qürur hissi keçirirəm, hesab edirəm ki, qismən də olsa bu işin öhdəsindən gələ bilmişəm”.

Onun yaradıcılıq fəaliyyəti alimlərin və başqa ziyalıların dili ilə

Onun yaradıcılıq fəaliyyətinə dair hörmətli ziyalılarımızın bir neçəsinin fikirlərini diqqətinizə çatdıraq və beləlikləəldə etdiyi uğurların nə dərəcədə faydalı olması barədə təsəvvür yaradaq.Xüsusilə də yaradıcı adamlar, alimlər onun bu zəhmətinə, yaradıcılıq fəaliyyətinə, tək adamın bir araya gətirə bildiyi belə bir irimiqyqslı işə yüksək qiymət verirlər. Daha dəqiq desək, Rusiya EA-nın Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Rafiq Qurbanov (Osman Sarıvəllinin oğlu) onun fəaliyyətini illərlə müşahidə etdikdən sonra mövqeyini belə ifadə etmişdir: “Ramin Məmmədov əslində bizim Azərbaycan üçün olduqca lazımlı, vacib bir iş görür. Kitabları və qəzetlərdə dərc olunan yazılarilə, eləcə də şəxsi tanışlıq məni inandırdı ki, Ramin müəllim bir tədqiqat institutunun görə biləcəyi işi həyata keçirir. Özü də təkbaşına. Belə bir vicdanlı şəxsə hər bir azərbaycanlı kömək etməlidir” (“Dünyaya pəncərə” qəzetinin xüsuci buraxılışı N4, aprel-2002).“Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli Ramin Məmmədov haqqında belə deyir: “Mundir altında kövrək ürək daşıyan, prinsipial və əqidəli, kapitan rütbəli, gözəl insan və yazıçı kimi xalqına xidmətdən yorulmayan, usanmayan dostum, sənə ən səmimi arzularım tükənməzdir” (yenə orada).

Beynəlxalq Andersen Fəxri Diplomu laureatı, yazıçı-publisist Qəşəm İsabəyli ilə görüşümüz zamanı o, öz təəssüratlarını bizimlə belə bölüşdü: “Ramin Məmmədovumən iyirmi beş ildir tanıyıram. O, beynxalq səviyyəli jurnalist-tədqiqatçıdır. Onun tədqiqat obyekti isə azərbaycançılıq, millətlərarası dostluq əlaqələri, bir sözlə insan taleləridir. Özü də bu insanlar vətəndən kənar düşüb, həyatlarını bəşəri dəyərlərə – elmə, istehsalata, quruculuq-yaradıcılığa həsr etmiş Azərbaycan vətəndaşlarıdır.

Öz ailə büdcəsindən kəsib, ildə neçə dəfə Ramin Məmmədovun Azərbaycandan çıxıb, Rusiyanı şərqdən qərbə, şimaldan cənuba gəzib-dolaşıb, maraqlı insanlarla, onların yaşayış, iş, faydalılığıyla bağlı materiallarla geri qayıdan görmək olar. Ramin Məmmədovu bu işə bağlayan nədir bəs? İlk növbədə vətənpərvərliyi. Bir faktı nəzərə çatdırmaq lazımdır ki, R.Məmmədov vicdanlı bir polis işçisiydi. Rusiyada illərlə işləyib Qarabağ müharibəsilə əlaqədar vətənə qayıtmışdı. Baxmayaraq ki, sahə rəisinə qədər yüksəlmişdi, o, bir kəşfiyyatçıya bərabər yaradıcılıq əzmi göstərmiş, vətəndən uzaq düşən soydaşlarımızın üzdə olan və olmayan, itib-batan, Moskvada və nəhəng ölkənin əyalətlərində dəfn olunmuş həmvətənlərimizin məzarlarının yerini müəyyən etmiş, bu adamların talelərinə işıq salmağı özünə borc bilməklə, öz daimi xidmət yerini tərk etmiş və qırx səkkiz ildir bağlı olduğu qələmə birdəfəlik sarılmışdır. İndiyə qədər onun Rusiyadakı Azərbaycan milli diaspor təşkilatları haqqında otuzdan artıq kitabı işıq üçü görüb, dörd kitabı isə Qəbələnin ziyalılarına, tarixinə, toponimlərinə, “Qəbələ” qəzetinin keçdiyi 85 illik şərəfli yola həsr olunmuşdur”.

Təqdirəlayiq haldır ki, R.Məmmədovun rus dilində çap olunmuş “Dostluğa alternativ yoxdur” (Bakı-2013) kitabına akademik Teymur Bünyadov “Kitablar xalqlar dostluğunun salnaməsi kimi” adlı ön söz yazmışdır. Hörmətli akademik həmin qeydlərində diqqətə çəkir ki, “Ümummilli liderimiz Heydər Əliyev bizə Şimal qonşumuzla dostluq əlaqələrini qorumağı və genişləndirməyi vəsiyyət etmişdir. Ramin Məmmədovun yazdığı bütün kitablar bu əlaqələrin möhkəmlənməsinə xidmət edir”.

R.Məmmədovun şəxsiyyətinə və yaradıcılığına yaxından bələd olan, Azərbaycan mühacirət ədəbiyyyatının və mətbuatının tədqiqatçısı, filologiya elmləri doktoru Abid Tahirli onun işini belə qiymətlələndirir: “Polislər öz paqonlarına, yazarlar öz qələmlərinə Ramin Məmmədov kimi məsuliyyət və hörmətlə yanaşsa, Azərbaycanın bir çox problemləri öz həllini tapacaqdır” (Ramin Məmmədov, “50-ci bahardan boylananda”, Bakı-2007, s.34). Bir kitabında Abid Tahirli vurğulayır ki, “Ramin ziya aşiqidir, ziyalı vurğunudur. Əvvəlcə, Qəbələ ziyalılarını aradı, axtardı, onlar haqqında kitablar yazdı. Sonra Rusiya Federasiyasının saymaqla bitməyən şəhərlərinə üz tutdu: həmyerlilərini soraqladı, onlarla tanış oldu, Vətənə və millətə baş ucalığı gətirənləri vəsf etdi. Onlar barədə nə az, nə çox-20-dən artıq kitab yazıb nəşr etdirdi. Ramin qəlbinin səsi ilə, könüllü şəkildə bu missiyanı-taleyin hökmü ilə qərib diyarlara səpələnmiş azərbaycanlılar barədə yazmağı öz üzərinə götürmüş və əslində bir böyük təşkilatın görə biləcəyi və yaxud görməyə borclu olduğu işin, vəzifənin öhdəsindən təkbaşına gəlmişdir” (Abid Tahirli. “Məktəb: tariximiz, taleyimiz”, Bakı-2013, səh.107).

27 aprel 2012-ci il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində baş tutmuş “Udilər: dünən, bu gün və sabah” mövzusunda keçirilmiş Beynəlxalq elmi-praktiki konfransda etdiyi məruzəsində, Rusiya Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Riçard Danakari ölkələrimiz arasındakı münasibətlərə toxunaraq demişdi: “Rusiya-Azərbaycan dostluq əlaqələrinin möhkəmləndirilməsində, ümumi irsimizin yaradıcı istifadəsində yazıçı-jurnalist Ramin Məmmədovun kitablarının böyük rolu vardır. Onun bu sahədə olan jurnalistlik fəaliyyəti bütöv bir elmi-tədqiqat kollektivinin işinə bərabərdir. R.Məmmədovun kitabları, xüsusilə də “Odlar Yurdunun övladları Rusiya tarixində” (Bakı,”Ziya-Nurlan”,2011,-496 səh.) ensiklopedik-oçerklər kitabı sayəsində Azərbaycan Respublikasının hüdudlarından kənarda yüz minlərlə adam bir daha bildi ki, bizim qədim ölkənin insanları yüksək istedada malikdirlər”.

Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının Ramin Məmmədov haqqında yazdığı “Ömrünü-gününü sözə çulğalamış adam” (“Kaspi” qəzeti, 18.07.2019) sərlövhəli məqalədə deyilir: “...Ramin müəllim məqalələrinin birində yazır ki, özümü çox varlı və zəngin sanıram. Çünki bu ziyalıların hərəsindən mənə bir damla işıq düşübsə, bəsimdir. Əlbəttə, siz çox zənginsiniz. Zəngin mənəviyyatınızla, gözü toxluğunuzla, el-obaya bağlılığınızla, təmiz əxlaqınızla. Əslində siz də onlarla, yüzlərlə ziyalını gənc nəslə tanıtmaqla nura qərq olubsunuz. Elə bir nura ki, sizi bir ömür əsərlərinizdə, əməllərinizdə yaşadacaq. Özünüz gözəl deyibsiniz: "Mənim silahım qəlbimdən gələn, mənəviyyatımdan doğan ürək sözlərimdir”. O, sözlər ruhunuzdan, qəlbinizdən süzülüb gələn nurlu bir işıqdır ki, orada general İsmayıl bəy Qutqaşınlı qaməti əks olunub, qaranlığa qərq olmuş gözlərə nur bəxş edən Ümnisə xeyirxahlığı var.
Ramin müəllim, bütün bunlarla yanaşı, mən sizə həm də tədqiqatçı bir alim kimi minnətdarlığımı bildirirəm. Sizin "Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı (2018) monoqrafiyanız mənim və BDU-nun jurnalistika fakültəsinin çoxsaylı tələbələri üçün dəyərli bir mənbədir. Əsərlə tanış olarkən yenə də hər sətirdə, hər cümlədə tədqiqatçının necə böyük mənəvi və maddi çətinliklərlə rastlaşmasının şahidi oldum. Çünki müəllifin əsərində təmsil olunan 57 adda qəzet və jurnal heç bir kitabxanada, eləcə də Milli Kitabxanamızda, arxivlərdə cəmləşdirilməyib, saxlanılmayıb. Onların hamısını, səfərləri zamanı müəllif özü bircə-bircə toplaya bilib.
Müəllif, əsərində Rusiyada çap olunan hər bir anadilli mətbu orqanını ayrılıqda ciddi təhlil obyektinə çevirmiş və elmi təhlilini vermişdir. Təhlillərlə yanaşı, Rusiyada milli mühacirət mətbuatımızın problemləri, çətinlikləri, qayğıları da açıq şəkildə bildirilir və orada yaşayan bütün soydaşlarımızı bu işə yardımçı olmağa səsləyir. Məhz bu əsərdən mənə bəlli oldu ki, hazırda Rusiyanın ən ucqar yerlərində belə, soydaşlarımız milli qəzet və jurnallar çap edirlər. Nə qədər çətinliklər olsa da, Azərbaycan mədəniyyətini, elmini, tarixini təbliğ etmək, onu yaşatmaq üçün bu ağır işin öhdəsindən gəlirlər. Bax, budur əsl vətənpərvərlik, millətsevərlik. Elə R.Məmmədovu da bu ağır yükü üzərinə götürməyə sövq edən vətənpərvərliyi, milli qürur hissi deyilmi? Aylarla, illərlə Rusiyanın ən ucqar yerlərini gəzmək, axtarışlar aparmaq, qəzetləri, jurnalları əldə edərək tədqiqata cəlb etmək, hər biri haqqında müfəssəl məlumat vermək və həm də qonşu ölkədə yaşayan həmyerlilərimizin, onların diaspor icmalarının fəaliyyətinə dair bilgilər əldə etmək çox müşkül məsələdir”.

Onuniyirmi, otuz il bundan əvvəlki yaradıcılıq fəaliyyətinə nəzər salsaq görərik ki, o zaman da Ramin Məmmədovun gənclərin tərbiyə olunması üçün çalışması və geniş təbliğat aparması mətbuat orqanlarının, onunla bir şhərdə yaşayan adamların diqqətindən yayınmamışdır. Sovet dövründə Nijnevartovskdan Fyodor Yeskov adlı müəllif Bakıya göndərdiyi rusca “Sibir torpağında əsayişin keşiyində” (“Mübariz keşikdə”, 04.06.1986) sərlövhəli məqaləsində yazmışdı: “Ramin Məmmədov xidmət etdiyi şöbənin əməkdaşlarının tərbiyə olunması işində böyük rol oynayır. Onun Nijnevartovsk şəhər qəzeti “Leninskoye znamya”da mütəmadi çap etdirdiyi beynəlmiləl məsələyə həsr olunmuş yazıları da gənclərin tərbiyə olunmasına öz təsirini göstərir”. Buna oxşar başqa bir nümanəni də izləyək. Nijnevartovskdakı 227 nömrəli tikinti-quraşdırma qatarının işçisi Tahir Bağırovun “Qalibiyyət” (indi “Qəbələ”) (13.03.1986) qəzetində çıxmış “Fəxr edirik” sərlövhəli qeydlərində oxuculara bildirilir ki, “Ramin Məmmədov Nijnevartovsk şəhər mətbuat oranı “Leniinskoye znamya” qəzetinin ştatdankənar müxbiridir və tez-tez qəzet səhifələrində çıxış edir”. Onun xidmətlərini diqqət mərkəzinə çəkən müəllif daha sonra vurğulayır: “Biz hamımız burada Ramin Məmmədovla fəxr edirik. Onu tərbiyə edən ata-anaya, müəllimlərə təşəkkür edirik”.

Qocaman jurnalist Boris Qusyev isə “Redaksiyanın ştatdankənar əməkdaşı” (“Leninskoye znamya”, 05.05.1988) başlıqlı oçerkində göstərir ki, Ramin Məmmədovun dünya görüşü də, bilik səviyyəsi də yüksəkdir, çünki o daim mütaliə ilə məşğul olur, özü də Tümen vilayət partiya komitəsi nəzdində Siyasi universitetdə ali təhsil alıb, indi də Hüquq milis məktəbində təhsilini davam etdirir və redaksiyamızda ikiillik jurnalist sənətkarlığı kurslarında da oxuyub. Bu yazıda R.Məmmədovun əməkdaşlıq etdiyi “Tyumenskaya pravda”, “Molodyoj Azerbaydjana”, “Mübariz keşikdə” və b. qəzetlərin adları da çəkilir. Sonda oxuyuruq ki, Ramin Məmmədovun fəallığını redaksiya Fəxri fərmanla, nəzdində xidmət etdiyi Orta Ural Nəqliyyatda Daxili İşlər İdarəsinin rəhbərliyi isə pul mükafatı ilə qiymətləndirmişdir.

Təqdirəlayiq haldır ki, qəhrəmanımız Sovetlər birliyi dövründə Bakıdan məzuniyyətdənNijnevartovska qayıdanda Azərbaycan yazıçılarının rus dilində nəşr olunmuş əsərlərini, məmləkətimizin görkəmli şəxslərinə, generallarına aid kitabları özü ilə aparar və orada kitabxanalara, ziyalılara, iş yoldaşlarına hədiyyə edərdi. Sonralar SSRİ dağıldı, vəziyyət tam dəyişdi, bir zamanlar təsəvvürümüzə belə gəlməyən hadisələr, o cümlədən Qarabağ fəlakəti, 20 Yanvar faciəsi baş verdi. Belə olan halda o, səfərlərə gedərkən Azərbaycan – Qarabağ həqiqətlərini əks etdirən nəşrləri nəhəng Rusiyanın ən ucqar guşələrinə belə çatdırır. Bunu biz bir nümunədən də aşkar görə bilərik.İyirmi il öncə çap olunmuş, Əməkdar mədəniyyət işçisi, Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xalis Məmmədovun müəllifi olduğu “Bakıdan Moskvaya və uzaqlara...” (“Qəbələ” qəzeti, 26.08.2000) adlı yazıda oxuyuruq: “Ramin Məmmədov öz məzuniyyəti hesabına 1998-1999-cu illərdə yaradıcılıq ezamiyyətinə getmişdir. Sankt-Peterburq, Moskva, Surqut, Nijnevartovsk, Nyaqan... şəhərlərində alimlərlə, (həyatdan köçənlərin ailələri ilə) görüşmüş, onların həyat tarixçəsinə dair materiallar toplamışdır. Nüfuzlu qəzet və jurnalların rəhbərlərilə görüşmüş, onlardan müsahibə götürmüşdür. Başqa maraqlı adamlarla, tanınmış və hələ tanımadığımız ziyalılarla görüşmüşdür. Bu görüşlər zamanıQarabağ həqiqətləri barədə zəngin material olan “Krovavıy omut Karabaxa” (Yuri Pompeyev, Bakı-1992), “Sostradaniye” (Tatyana Çaladze, Bakı-1995), “Opisaniye pereseleniya armyan adderbaydjanskix v predelı Rossii” (Sergey Qlinka, Moskva-1831), Qyulistan-i İram (Abasqulu Ağa Bakixanov, Bakı-1991), “Oçerki Zakavkazskoy jizni” (İ.K.Kanadpev, S.-Peterburq-1902) kitablarının yüzlərlə nüsxələrini həmsöhbət olduğu ziyalılara və redaksiyalara, kitabxanalara hədiyyə etmişdir”.

Başqa qələm sahibləri də Ramin Məmmədovun yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirir, haqqında yazdığı ziyalılara doğma münasibət bəslədiyini vurğulayırlar. Yazıçı-jurnalist Qalib Əhmədov “Polis libaslı cəfakeş qələm fəhləsi” (“Yeni Azərbaycan”, 16.04.1997) sərlövhəli qeydlərində yazır: “... Raminin hər bir sətrində qədim Qəbələ mahalının saf bulaqlarının tamı, ləzzəti duyulur. Ən başlıcası, müəllif oxucu ilə çox səmimi danışır. Mənə elə gəlir ki, Ramini sevdirən və oxudan da bu səmimiyyətdir. İddiasızlıq və təmizlikdir, saflıq və sadəlikdir.

Onun “Qəbələ: insanlar, talelər, ziyalılar” silsilə kitablarının birincisində “Mundir altında ürək” adlı bir yazı da var. Orada müəllif özü paqon yoldaşı haqqında gözəl sözlər deyir. Yazır ki, “İnsan haqqında danışmazdan əvvəl gərək onu duyasan, başa düşəsən”. Xoşbəxtlikdən Ramin, haqqında yazdığı bütün qəhrəmanlarını duya-duya, başa düşə-düşə yazıb...”. Ramiz imzasilə “Mübariz keşikdə” qəzetində 12.08.1999) “Qələmi və süngüsü ilə” başlığı altında oçerk dərc edilib. Həmin yazıda belə cümlələr oxucu diqqətini cəlb edir: “Polis işçisi kimi əsayişin keşiyində durmaq, insanlara vicdanla xidmət etmək, qələm sahibi kimi onların taleyini işıqlandırmaq Raminin həyatının mənasıdır... Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün də Ramin Məmmədov əlindən gələni əsirgəməyib. Hələ 1992-ci ildə çap olunmuş Yuri Pompeyevin “Krovavıy omut Karabaxa” kitabından 600 ədədini Almaniyaya, Türkiyəyə, Səudiyyə Ərəbistanına, Moskvaya, Sankt-Peterburqa Sverdlovska, Tümenə göndərib. Beş il sonra isə daha 100 kitabı Moskva redaksiyalarında və kitabxanalarında şəxsən paylayıb. Bu kitabın ardınca Qarabağ həqiqətlərinə həsr olunmuş, müxtəlif müəlliflərin daha 4 adda kitabları işıq üzü görüb və Ramin onların da nüsxələrini həmin ünvanlara göndərib”.

AZƏRTAC belə məlumat yayıb

14 fevral 2009-cu il tarixdə AZƏRTAC yaydığı “İnsanlara sevinc bəxş etmək” sərlövhəli materialda bildirilir ki, Murmansk vilayətində yaşayan Azərbaycan diasporunun nümayəndələri Bakıdan gələn həmvətənlərini və böyük dostlarını, jurnalist və yazıçı Ramin Məmmədovu səmimiyyət və mehribanlıqla qarşılamışlar. Murmansk Vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov AZƏRTAC-a bildirmişdir ki, səfər müddətində qonaq cəmiyyət üzvləri ilə görüşmüş, kitablarını onlara hədiyyə etmiş, taleyinin hökmü ilə tarixi vətənlərindən uzaq düşən soydaşlarımızın həyat və fəaliyyətinə dair gələcək yazıları üçün xeyli material toplamışdır. R.Məmmədovun yaradıcılığının əsasını bu mövzu təşkil edir. Ramin Məmmədov Qəbələ rayonunda anadan olsa da, Rusiyanın Şimal diyarına tez-tez gedir. Hərbi xidmətdən sonra bir neçə il Qərbi Sibirin məşhur neftçilər şəhəri olan Nijnevartovskda işləmişdir. Keçmiş əsgər elə burada da milis forması geyinmiş, illər sonra zabit rütbəsi almışdır. Xidmətdən ayrılmadan milis məktəbini və jurnalist kursunu bitirmişdir. Vətənə qayıtdıqdan sonra Qaradağ rayon 10-cu polis bölməsinin sahə müvəkkili, baş sahə müvəkkili işləmiş, polis mayoru rütbəsi almışdır. Sülh, dostluq, mərhəmət, sevinc, xoşbəxtlik onun yaradıcılığının əsas mövzularıdır. R.Məmmədov uzun illərdir ki, Azərbaycan, Rusiya və MDB-nin digər ölkələrinin ziyalıları arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə məşğul olur və bu işini xalq diplomatiyası adlandırır. O, müxtəlif ölkələrdə elm, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində məşhur olan və ölkəmizdə az tanınan həmvətənlərimizin həyat və yaradıcılığı barədə materiallar toplayır və kitablar nəşr etdirir.

Azərbaycan Yazıçılar Birliyinin

“Ramin Məmmədov – 60” adlı təbrik məktubunda belə sözlər də var: “Siz, Nijnevartovskda işləmisiniz, Tümendə və Yekaterinburqda təhsil almısınız. 1992-ci ildə Bakıya qayıdaraq torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ döyüşlərində iştirak etmisiniz. Atəşkəsdən sonra Rusiya məkanında Azərbaycan həqiqətlərini, tariximizi, milli ədəbiyyatımızı təbliğ etməklə yanaşı, 100-ə yaxın şəhərdə araşdırmalar apararaq diaspor icmalarımızın işinə, fəallarına, mətbuatına, azərbaycançılığın təbliğinə dair 30-dan çox kitab və “Odlar Yurdunun övladları Rusiya tarixində” ensiklopedik oçerklər toplusunun üç nəşrini çap etdirmisiniz” (“Ədəbiyyat qəzeti”, 10.06.2017).

Onun 1979-1992-ci illər RF Nijnevartovsk şəhərində yaradıcılıq dövrünə bir nəzər

İndi bizonun Nijnevartovsk dövründəki jurnalistlik fəaliyyətinə nəzər salaq. “Leninskoye znamya” (“LZ”) adlı şəhər qəzeti ilə əməkdaşlıq etdiyi vaxtlardan, çoxmillətli Tümen vilayətində əmək və müharibə veteranlarına, millətlərarası dostluq əlaqələrinin möhkəmlənməsinə,istehsalat, qabaqcıllarına, əsayiş keşikçilərinə dair daha çox yazılar dərc etdirirdi. Məsələn, onun məqalələrindən bir neçəsinin adını çəkməklə də dediklərimizə aydınlıq gətirmək olar. Bunlar müəllifin“Hər şeyə cavabdehlik” (08.01.1983), “Bacarıqlı usta” (11.02.1983), “Gələcək işlərin başlanğıcı” (16.04.1983), “Narahat vəzifə” (18.10.1983), “İctimai əsayişi pozanlar” (09.12.1983) kimi yazılarıdır. “LZ”-nin 1 yanvar 1984-cü il tarixli sayında getmiş hesabat xarakterli redaksiya məqaləsində qəzetlə mütəmadi əməkdaşlıq edən fəal ictimai müxbirlər sırasında bildirilir ki, dəmir yol milisinin əməkdaşı R.Məmmədov da qəzetə kifayət qədər məqalələr göndərir. 1987-ci ildə həmin dərgidə milis işçisinə həsr olunmuş “Həmişə vəzifə başında” konkursunda o, “Vəzifə borcuna sadiqlik” (28.10.1987) oçerkinə görə qaliblərdən biri olmuşdur. Bu barədə “Konkursun nəticələri” (10.11.1987) başlıqlı qeydlərdə oxuculara məlumat verilmişdir. Yeri gəlmişkən qeyd edək ki, onun millətlərarası münasibətlərə həsr olunmuş “Ümid və həyəcanla” (16.06.1988) sərlövhəli geniş məqaləsi redaksiyanın “letuçka”sında həftənin ən yaxşı məqaləsi kimi qiymətləndirilmiş, bu barədə “Ən yaxşı publikasiyalar” (24.06.1988) başlıqlı kiçik məlumat məqaləsində xəbər verilmişdi.

1987-1990-cı illərdə Moskvada xalqımıza və ümummilli liderimizə qarşı qarayaxmalar aparanlara təkzib yazıları, teleqramları

Təsəvvür edin, 1987-1990-cı illərdə ermənipərəst Qorbaçov siyasi xətti xalqımızın böyük oğlu Heydər Əliyevə qarşı çirkin təbliğat aparmaqla məşğul idi. SSRİ-nin ən nüfuzlu mətbu orqanlarında Heydər Əliyevə qarşı qərəzli hücum kampaniyası başlanmışdı. Həmin vaxt Ramin Məmmədov Nijnevartovskda milis əməkdaşı olaraq, Vətən, torpaq təəssübkeşliyi ilə Heydər Əliyev haqqında və Azərbaycan – Qarabağla bağlı mətbuatda gedən çirkin kampaniyaya etiraz səsini ucaltmış, o dövrdə “kəskin qılınclı” Siyasi büroya, Kommunist Partiyasının mərkəzi orqanı olan “Pravda” qəzetinə, digər mətbuat orqanlarına məktublarında, teleqramlarında yazmışdı: “Heydər Əliyev nəhəng və çoxşaxəli şəxsiyyətdir, ölkə qarşısında onun xidmətləri əvəzsizdir. Ona iki dəfə Sosialist Əməyi Qəhrəmanı, çoxsaylı orden və medallar xüsusi, misilsiz xidmətlərinə görə verilib... Ölkə qarşısında onun böyük xidmətləri danılmazdır. Ölkəmizin mərkəzi mətbuat orqanı olan “Pravda”nın səhifələrində bu barədəsöhbət açsanız, qəzetinizə və ümumilikdə mətbuata hörmət də artar...”. R.Məmmədovun sənədləri ilə tanış olduqda onun şəxsi arxivində “Pravda”, “İzvestiya”, “Komsomolskaya pravda”, “Sosialistiçeskaya industriya”, “Tümenskaya pravda”, “Sovetskaya molodyoj” (bu, o vaxtlar Latviyada çıxan, amma SSRİ-də populyarlaşmış qəzet idi) qəzetlərindən, “Aqitator”, “Sovetskaya militsiya” jurnalından və b. mətbuat orqanlarından onun müraciətlərinə gələn cavablar idi. Gördüyümüz kimi “Pravda”dan və başqa qəzet-jurnallardan aldığı “otpiska” - cavabları o, şəxsi arxivində bu günə kimi saxlayır. Bütün cavab məktublarında ancaq sakitləşdirici, ümidverici, “təklifləriniz nəzərə alınacaq”, “gələn redaksiya materiallarında sizin qeydləriniz istifadə ediləcək”, “bildiyiniz kimi bu məsələlərə partiyanın gələcək plenumlarında baxılacaq” və s. kimi standart cümlələrə rast gəlirik. Cavab məktubları ilə bağlı Ramin müəllim belə izah edir: “Götürək Ümummilli liderimizlə bağlı. Yuxarıda yazdığım fikirlərimi və nə tələb etdiyimi açıqladım. İndi görün “Pravda”dan gəlmiş cavabda nə yazırlar - sanki uşaq aldadırlar. 1987-ci ilin oktyabr plenumuna dair mərkəzi mətbuatda getmiş materiallardan standart cümləni mənə yazıblar: “Hörmətli yoldaş Məmmədov! H.Ə.Əliyev Sov. İKP MK Siyasi bürosu üzvlüyündən xəstəliyi ilə əlaqədar azad edilmişdir”. Sonra Latviyanın paytaxtı Riqa şəhərində nəşr olunan “Sovetskaya molodyoj” qəzetindən gələn bir cavabı göstərir və deyir: “Sovetskaya molodyoj” həmin qarmaqarışıq, faciəli illərdə çox demokratik bir qəzet sayılırdı. Ona görə də 1990-cı ildə məktublarımdan birini ümidlə o dərgiyə ünvanladım.Onlardan xahiş etmişdim ki, Azərbaycanımıza qarşı edilən haqsızlıqlardan söhbət açsınlar, Qarabağ probleminə dair nüfuzlu tarixi mənbələrdən topladığım əsil həqiqətləri oxuculara çatdırsınlar. Görün o qəzetdən mənə hansı cavab gəlib: “Hörmətli yoldaş Məmmədov! Qəzetimizə olan diqqətinizə görə sağ olun. Təəssüf ki, Sizin məktubunuzu dərc edə bilmirik”.

Çoxlarına qəribə görünsə ki, necə oldu ki, uzaq Nijnevartovskda çalışan sadə bir milis işçisi belə təəssübkeşlik elədi. Bəli, bu belə olmuşdur. Necə deyərlər, bütün dəlil və sübutlar da göz qabağında, oxucuların ixtiyarındadır.

Bu barədə Ramin müəllimlə söhbətlərimiz zamanı o belə dedi: “Məsələ ondan ibarətdir ki, mən müstəqil olaraq yuxarıda göstərilən problemlərlə əlaqədar yüksək mətbuat orqanlarına və instansiyalara yazılı müraciətlər edir, teleqramlar göndərirdim. Xidmət etdiyim şöbədə bu barədə hələ bilmirdilər. Onlar məəni ancaq ştatdankənar müxbir kimi tanıyırdılar. Yaşayış yerim və işlədiyim şöbə birbirinə yaxın məsafədə yerləşirdi. Bəzən elə olurdu ki, məktublarıma cavabları yaşadığım ünvana aparır və evdə adam olmadığına gətirib şöbəmizdə katibəyə təqdim edirdilər. Rəhbərliksə şöbəyə gəlmiş məktub kimi onunla tanış olurdu. Belə hallar bir neçə dəfə təkrarlandı. Günlərin birində mənə eşitdirdilər ki, qəzetlərlə əməkdaşlıq edirsən yaxşıdır, amma artıq siyasətə qarışırsan, bu sənə lazım deyil. Mən də cavabında, həmişə qovluğumda gəzdirdiyim Qarabağla və Heydər Əliyevlə bağlı qərəzli məqalələr getmiş qəzetləri göstərdim, masanın üstünə qoyub, dedim tanış olun, görəcəksiniz ki, bu normal düşüncəyə sığışmır... Mənim siyasətə qarışmağım kimi qəbul edilən də, gördüyünüz bu heç bir çərçivəyə sığışmayan, daha çox təhqiramiz məqalələrlə bağlıdır...

Mən 1988-ci ildə milis məktəbini bitirdim. Mənimlə eyni vaxtda təhsil alanları vəzifəyə təyin edirdilər, zabit rütbəsi verirdilər, mənə isə xeyli söz-söhbətdən sonra, ancaq iki il keçmiş, 1990-cı ilin yayında leytenant rütbəsi verildi”

RF Tümen vilayətində millətlərarası münasibətləri gərginləşdirənlərlə mübarizə

Ramin Məmmədovla görüşlərimiz zamanı bir çox məsələlərlə bağlı söhbətləşirik, müxtəlif problemləri xatırlamaqla, bəzi açıqlamaları verməklə istəyirik ki, gələcəkdə insanlarımız keçmişdə baş vermiş, özümüz gördüyümüz və yaşadığımız hadisələri bilsinlər. Əks təqdirdə hadisələr unudulur. Ramin müəllim danışır ki, “Qorbaçov rəhbərliyə gəldiyi vaxtdan, yəni 1985-ci il martından az sonra, ölkədə başqa sahələrdə və hər yerdə olduğu kimi yaşadığımız Tümen vilayətində də millətlərarası münasibətlər çat verməyə, görünməyən əllər ayrı-ayrı millətlərə mənsub insanlarda bir-birinə qarşı sərin münasibət yaratmağa başlamış və buna qismən nail olmuşdular.O deyir ki, mən insanlar, daha dəqiq desək müxtəlif millətlərin nümayəndələri arasında baş verən real münasibətləri, adamlar biri digərini mənsub olduğu millətin nümayəndəsi olduğuna görə aşağılamasını, təhqir etməsini olduğu kimi yerli və mərkəzi qəzetlərə yazırdım. Amma onlar mənim məqalələrimi kəsib-doğrayıb, bütün faktları ixtisara salıb sonra da ancaq ümumi sözləri dərc edirdilər. Redaksiyaya gəlirdim, söhbət zəmnində jurnalist dostlarım deyirdilər ki, biz kommunizmə doğru gedən ölkəyik, bu cür həqiqətləri ictimailəşdirmək olmaz. Buna şəhər partiya komitəsi qətiyyən icazə vermir. Ona görə də “Tümenski komsomolets”in səhifələrində getmiş təhqiramiz məqalələrin üstünə öz məktubumu da qoyub göndərdim o vaxtki Sov.İKP-nın zəhmli Siyasi bürosuna. Orada bir başa reaksiya verən olmadı. Onlar məktubumu göndəriblərmiş Nijnevartovsk şəhər partiya komitəsinə. Çünki məni birinci katib, çox dəyərli insan Viktor Vasilyeviç Sidorçev çağırtdırmışdı və mənimlə iki saata qədər söhbət elədi. O, mənim ürək ağrımı, həyəcan təbili vurmağımı, narahatlıq keçirməyimi düzgün qəbul edir, anlayırdı. Elə söhbətimizin başlanğıcında Biktor Sidorçev soruşdu: “Məktubu nə üçün Siyasi büroya göndərmisiniz?” Dedim, ona görə ki, mənim millətimi təhqir edirlər. O isə belə cavab verdi: “Əgər məni milli mənsubiyyətimə görə təhqir etsəydilər mən də sizin kimi hərəkət edərdim”. Ədalət naminə deyim ki, birinci katib elə görüşümüzün səhərisi günü redaksiyaya gəldi, jurnalistlərlə görüşdü, qeyd etdi ki, hər birimiz milli dostluğu möhkəmlətməyə dair məqalələr yazmalıyıq. Lakin artıq gec idi. Milli zəmində bir-birindən dəhşətli partlayışlar böyük ölkənin ən müxtəlif bölgələrində baş verirdi.SSRİ rəhbərliyi tərəfindən öz xalqına qarşı biganəliyin, ögey münasibətin nəticələri isə hamıya bəllidir. Nəhayət ki, bu imperiya çökdü, biz də müstəqil Azərbaycan Respublikasının vətəndaşları olduq. Çox-çox təəssüflər olsun ki, Qarabağ problemi bizə acı miras kimi, faciə kimi qaldı”.

Bir sözlə, hörmətli oxuculara bildirmək istəyirik ki, Ramin Məmmədovun Tümen vilayət qəzetlərində milli məsələyə (o zaman bir azərbaycanlı olaraq,həmin bölgə qəzetlərində milli məsələyə dair yazılar dərc etdirmək özü orada yaşayan həmvətənlərimizi müdafiə etmək demək idi), digər problemlərə həsr olunmuş fərdi jurnalistlik fəaliyyəti ayrıca tədqiq olunmalıdır. Özü də, hadisələri müzakirə etdiyimiz zaman R.Məmmədov həmişə vurğulayır ki, ayrı-ayrı millətçilərə görə heç zaman bütövlüklə rus xalqını günahlandırmaq olmaz. Biz orada fəaliyyət göstəririk, təhsil alırıq, bu xalqın nümayəndələrinin dəstəyini, qayğısını görürük.

Bir daha qeyd etmək istəyirik ki, biz onun arxivində bu günə kimi saxladığı, qəzetlərdə dərc olunmuş məqalələrlə tanış olduqca anlayırıq ki, Ramin Məmmədov öz yazıları ilə dövlət orqanlarının diqqətini bu ağrılı problemə cəlb etmək üçün ciddi çalışmışdır. Onun milli problemə dair bəzi məqalələrini və ümumiyyətlə o illərdə Tümendə baş verənləri qısaca nəzərdən keçirməklə bunların az hissəsini də olsa, əyani göstərmiş olarıq. Əvvəla qeyd edək ki, 1986-cı ildən, yəni milli sferada gərginlik yaranmağa başladığı vaxtdan o, mütəmadi olaraq bu barədə məqalələr yazıb dərc etdirmişdir. “Leninskoye znamya”da “Dostluğu möhkəmlədək” (29.04.1987), “Beynəlmiləlçilik hisslərini inkişaf etdirək” (24.02.1988), “Milli dostluğu bərkidək” (01.06.1988)... və sözü gedən mövzuya həsr olunmuş onlarla başqa yazılarında qeyd etdiyi, insanlar arasında baş verən real faktları ciddi ixtisara salmaqla dərc edirlər. Göstərilən problemləri həll etmək belə istəyən olmur. Ona görə də millətçiliyin inkişafı ictimaiyyətdə partlayışa gətirib çıxarır. Belə ki, 1987-ci ilin avqust ayında Tümen şəhərində yüzlərlə millətçi gənclər bir dəstədə cəmləşib, onlara rast düşən qaragöz-qaraqaş adamları döyür, təhqir edir və xəsarət yetirirdilər.

“Tyumenski komsomolets” qəzeti 16 sentyabr və 16 oktyabr 1987-ci il tarixli saylarında “Yeni inqilabçılar” rubrikası altında bu hadisəni geniş şərh etdi, əsas etibarilə, “yaxşı oldu ki, qaraların dərsini verdilər”, “qaralar ancaq alverlə məşğul olur, işləmir, qızlarımıza sataşırlar”, “qafqazlılar Tümen vilayətindən qovulmalıdır” kimi təhqiramiz ifadələr işlədilən məktubları təqdim etmişdilər. Qəzetin əməkdaşı, rubrikanı aparan Svetlana Jolobova bir kəlmə belə qeyd etməmişdi ki, Tümen vilayətində nefti aşkar edən də azərbaycanlı Fərman Salmanovdur, Böyük Vətən müharibəsində qələbə Bakı neftinin hesabına əldə edilib. Yüzlərlə digərməşhur həmvətənlərimizdən də bir neçəsinin adını çəkə bilərdi. Amma o tam əksinə hərəkət edərək, yazmışdı ki, “bir dəfə mən aeroportda təyyarə gözləməkdən yorulmuşdum, bu zaman bir zəhlətökən Qafqazlı xarici görünüşü olan kavaler məni təngə gətirmişdi” və s.

Orada yaşayan, fəaliyyət göstərən soydaşlarımız üçün çox ağır olan həmin anlarda, min bir çətinliklərlə rastlaşaraq, Ramin Məmmədov nəhayət ki, “Tümenskaya pravda”, “Leninskoye znamya”, “Tümenski komsomolets” və b. qəzetlərdə daha geniş yazılarla çıxış etməyə nail olur. “Tümenskaya pravda”da dərc olunmuş “Ancaq bu yolla dəf edə bilərik” (01.05.1988) publisistik qeydlərində o oxucuların diqqətinə çatdırır ki, 1987-ci ilin avqustunda Tümen şəhərinin küçələrində günahsız insanları, ancaq xarici görünüşündən Qafqaz xalqlarına oxşadıqlarına görə döyən gəncləri “Yeni inqilabçılar” adlandırırlar. Və orada başqa təhqiramiz ifadələrlə yanaşı özünü Tümen Dövlət Universitetinin tələbəsi adlandırıb “Bütün millətlərin yaxşı və pis nümayəndələri olur, lakin “qaraların” yaxşısını heç zaman görməmişəm” yazan xanıma xatırladır ki, onda siz Tümen neftinin korifeyi Fərman Salmanovu da tanımırsınız. Bilmirsiniz ki, Aleksandr Matrosovun qəhrəmanlığını azərbaycanlı Gəray Əsədov da təkrar etmişdir. 1985-ci ildə “Tümenskaya pravda” qəzetində dərc olunmuş “İstintaq müəyyən etmişdir” sərlövhəli məqalədə oxumamısınız ki, Meqion şəhər milisinin bölmə komandiri Sahib Məmmədov asayişin keşiyində dayandığı, vətəndaşları cinayətkar ünsürlərdən müdafiə etdiyi zaman otuz dərəcə soyuqda üç nəfər cinayətkar tərəfindən ağır yaralanmış və qətlə yetirilmək üçün meşəyə aparılmışdır. Möcüzəyə bənzər xoş hadisə nəticəsində S.Məmmədovun huşu özünə qayıtmış və o həmin cinayətkarların ikisini məhv etmiş, üçüncüsünü ağır yaralamışdır? Onu da bilmirsiniz ki, 1941-1945-ci illərdə Böyük Qələbənin əldə edilməsində əsas rolu Bakı nefti oynamışdır və Azərbaycan 650 min oğul və qızlarını cəbhəyə göndərmiş, onların yarıdan çoxu misilsiz şücaətlər, sarsılmaz iradə göstərərək minlərlə yaşayış məntəqəsini, uşaqları, qadınları, qocaları müdafiə edərək döyüş yerlərində həlak olmuşdur. Bu döyüşçülərin 127 nəfərinə yüksək fəxri ad - Sovet İttifaqı Qəhrəmanı adı vermişdir.

Ramin Məmmədov bu yazıda onu da ürək ağrısilə qeyd edir ki, “Nə üçünsə bir cənublu alverçini, ya rüşvətxoru görəndə bütün millətin adına yozurlar, amma o rüşvətxor, oğru “samoqon” hazırlayan, alkoqolik slavyan xalqlarından birinə mənsubdursa bu adi reallıq kimi qəbul edilir...”

Söhbətimiz zamanı R.Məmmədov bir daha bildirdi ki, onlarla belə nümunələr gətirmək olar. Bunları unutmaq düzgün deyil. Ən dəhşətlisi o idi ki, yerlərdən gələn həyəcanlı, ağrılı siqnallara Kremldə oturanlar göz yumur, elə ona görə də vilayət, şəhər, rayon partiya təşkilatları, təbii ki, bundan sonra da hüquq-mühafizə orqanları belə ciddi problemə heç bir diqqət ayırmırdılar.Kremldə də əksinə, keyfiyyətsiz siyasət həyata keçirməyi davam etdirir, onlara xoş gəlməyənləri ali vəzifələrdən uzaqlaşdırırdılar. Ramin Məmmədov, “Gəlin sülh evi tikək” (“LZ”, 29.09.1989) adlı məqaləsində çox narahatçılıqla yazır ki, “Milli ayrıseçkiliyi yuxarı dairələrdə də yaradırdılar. Götürək bizim yaşadığımız Nijnevartovsk şəhərinin dövlət orqanlarını. Fikir verin, şəhər partiya və icraiyyə komitələrində, prokurorluqda, dövlət təhlükəsizliyi idarəsində bir nəfər də olsun Qafqaz millətlərinin nümayəndəsi varmı? Əlbəttə ki, yoxdur. Bax hər şey də buradan, belə xoşagəlməz münasibətdən başlayır”. Bu qeydlərində o təklif edir ki, gəlin şəhərimizdə milli həmvətənlər birlikləri, milli sərgilər və xalq yaradıcılığı sərgiləri, milli mətbəxlər yaradaq. Bunları etsək, sülh evi yaratmaq işi də asanlaşar.

Ucqar şəhərdən doğma Azərbaycan mətbuatına

Elə 27 avqust 1989-cu ildə işıq üzü görmüş “Kommunist” qəzetində dərc etdirdiyi “Qürur hissi, Vətən məhəbbəti” sərlövhəli qeydlərində də müəllif kədərlə bildirirdi ki, təxminən 30 min azərbaycanlı yaşayan Nijnevartovsda partiya və sovet təşkilatlarında işləyən bir nəfər nümayəndəmiz yoxdur. Halbuki minlərlə azərbaycanlı Tümen vilayətinə xoş niyyətlə, böyük arzularla gedib. İnstituta girmək, vicdanla işləmək, ad-san qazanmaq və s. Yüzlərlə həmyerlilərimiz neft yataqlarında, tikintidə, ağır işdə alın təri töküb su kimi təmiz pul qazanırlar. Ayda 700-800 manat maaş alırlar. Lakin onları görəndə yoxdur, yaxşı təbliğ edən də”.

Əlbəttə ki, R.Məmmədovun bu sahədə göstərdiyi bütün fəaliyyətini qəzet səhifələrinə sığışdırmaq qeyri mümkündür, biz bunu iddia da etmirik. Amma, daha bir qədər açıqlama verməklə haqqında yazdığımız bu insanın xalqımızın şərəfli adına ləkə gətirənlərin əməllərindən necə narahatlıq keçirdiyini lap yaxşı anlamaq olar. Daha dəqiq desək, “Qəbələ” qəzetinin 28 may 1991-ci il tarixli sayında Ramin müəllimin “Biz Azərbaycandanıq” rubrikası altında “Adımıza layiq” başlıqlı məqaləsi dərc edilmişdi. Həmin qeydlərdə belə cümlələr də var: “Vətəndən çox-çox uzaqlarda yaşasaq da, qəlbən öz torpağımıza yaxınıq. Bu isə təbiidir. Axı biz qəhrəman bir xalqın övladlarıyıq: Babəkin, Nizaminin, N.Nərimanovun, H.Aslanovun və İ.Qutqaşınlının nəslindənik. Bax elə buna görə də yaşadığımız şəraitdən asılı olmayaraq xalqımızın adını harada olsaq da uca tutmaq, onu əks-təbliğatdan qorumaq bizim vicdani borcumuzdur...” Əks-təbliğatdan qorumaq bizim vicdani borcumuzdur sözlərini o, təsadüfi yazmamışdır. Ani olaraq o illərə qayıdsaq, görərik ki, xüsusilə SSRİ adlı ölkə 1991-ci ilin dekabrında dağıldıqdan sonra və bundan bir qədər əvvəl, nəhəng imperiyanın keçmiş paytaxtında nəşr olunan qəzet və jurnalların səhifələrində kütləvi şəkildə əleyhimizə yazılar dərc edilməyə başladı. Həssas vətənpərvər olaraq, Ramin Məmmədov onların əksəriyyəti ilə bağlı redaksiyalara, yüksək instansiyalara təkzibedici teleqramlar, məktublar, səndli məqalələr göndərirdi. Qaragüruhçuların belə məqalələrindən biri də “Qarabağ gündəliyi” adı ilə “İzvestiya” qəzetinin 19 oktyabr 1991-ci il tarixli nömrəsində dərc etdirilmişdi. Onun müəllifi xalqımızın qatı düşməni Andrey Nuykin idi. O bu yazısı ilə bütün yalanları həqiqət kimi qələmə verərək, həm də bizi və haqq işimizi təhqir etmiş, şübhə altında göstərmişdi. Ramin Məmmədov “İzvestiya”nın redaksiyasına ünvanladığı teleqramında yazmışdı: “Biz Nijnevartovskda yaşayan 30 min nəfər azərbaycanlılar Nuykinin bu çirkin niyyətlə yazılmış məqaləsinə qəti etiraz edirik. Deyirik ki, Nuykin belə yazıları ilə suveren respublikaların daxili işinə qarışır və araqızışdıranlıqla məşğul olur. Tekst azərbaycan xalqını təhqir edir və iki respublika arasında gərginliyi dərinləşdirmək məqsədi güdür... Məqalə, onu dərc edən qəzet də, onun müəllifi Nuykin də mənəviyyatsızdırlar...” Qeyd edək ki, müəllif teleqramın surətini Azərbaycan prezidentinə və “Bakinski raboçi” qəzetinə də göndərmişdi. Onun 4 sentyabr 1991-ci il tarixli “Yurddaş” qəzetində dərc etdirdiyi “Təhqir olunuruq: niyə?” sərlövhəli məqaləsində də bir çox məsələlərə aydınlıq gətirilir.

Daim doğma el-obaya bağlı bu adamın “Xalq qəzeti”ndə (30.11.1991) təqdim olunmuş bir teleqramı məlum faciəmizlə əlaqədardır:”Biz Tümen vilayətinin Nijnevartovsk şəhərində yaşayan azərbaycanlılar noyabrın 20-də aviasiya qəzasında həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı veririk. Bu, bütün xalqımız üçün böyük itkidir. Vətənin ən yaxşı oğulları, xalqın görkəmli rəhbərləri həlak olmuşdur. Əziz həmvətənlər, bu itki sizinlə birgə bizi də kədərləndirir”.

1992-ci ildə Nijnevartovskda yaradılan “Azərbaycan” cəmiyyəti

“Yurddaş” qəzetinin 4 noyabr 1992-ci il nömrəsində R.Məmmədovun “Tümenli həmvətənlərimiz” sərlövhəli məqaləsi gedibdi. Bu qeydlərdən məlum olur ki, 1992-ci ilin mart ayında uzaq Nijnevartovskda yaşayan həmvətənlərimiz Nijnevartovsk şəhər “Oktyabr” kino-teatrında toplaşmış və “Azərbaycan” adlı milli mədəniyyət mərkəzi yaratmışlar. İclasın aparıcısı və cəmiyyətin yaradılmasının təşəbbüskarlarından biri də Ramin Məmmədov olmuşdur. Daha sonra bildirilir ki, bu iclasın sonunda həmvətənlərimiz tərəfindən 300 min rubl pul toplanmış və Respublika Müdafiə fonduna göndərilmişlər.

“Azərbaycanımızda müharibə gedirsə, mən burda olmalıyam”

deyib və birdəfəlik dönüb vətənə, Ramin Məmmədov. O, 1992-ci ildə Bakıya qayıtdıqdan sonra, hərbi əməliyyatlar gedən Qarabağ bölgəsinə vaxtaşırı ezam olunmasına, gərgin iş rejimində xidmətini davam etdirməsinə baxmayaraq, “Azərbaycan”, ”Xalq qəzeti”, “Respublika”, “Bakinski raboçi”, “Vışka”, “Qəbələ”, ”Qaradağ”, “Yurddaş”, “Mübariz keşikdə”, “Ədalət”, “And”, “Müstəqil qəzet”, ”Dünyaya pəncərə”,”Kredo”, “Qarabağa aparan yol”, “Azad Azərbaycan”, ”Şərq” və b. qəzetlərlə, “Dünya Azərbaycanlıları”, “Azərbaycan nəşrləri”, “Qoşa ulduz”, “Yeni nəşrlər” kimi jurnallarla, eləcə də Azərbaycan Rus İcması ilə, onun mətbu orqanı “OKO” qəzeti, sonralar yaranmış Diasporla iş üzrə Dövlət Komitəsi və AMEA-nın Tarix İnstitutunun Diaspor Şöbəsi ilə, diasporla məşğul olan başqa təşkilatlarla əməkdaşlıq edir. Mətbuat səhifələrində daha çox şəhidlər, Qarabağ həqiqətləri, Moskva ensiklopedik nəşrlərində erməni saxtakarlığı, Rusiyadakı Azərbaycan diaspor icmaları və onların fəalları, mətbuatı, həmin ölkədə fəaliyyət göstərmiş və hazırda orada çalışan ziyalı söydaşlarımız haqqında yazılar, elmi və publisistik məqalələr dərc etdirir. “AzTv”, “Speys”, “Atv”, “İtv”, “Mədəniyyət” telekanalları və radio verilişlərinə də vaxtaşırı dəvət olunur və Rusiyadakı milli diaspor təşkilatlarımızın işinə, oradakı qabaqcıl adamlarımıza aid açıqlamalar verir.

Mətbuat da öz növbəsində onun fəallığına, kitablarına qayğısını əsirgəmir, yaradıcılığını daim işıqlandırır. Belə ki, onun yaradıcılığına və gərgin əməyinə dair ölkəmizin mərkəzi və yerli KİV-də yüzdən artıq yazı dərc edilmişdir. Bu yazılardan bir neçəsinin adını çəkməyimiz yerinə düşər: “Azərbaycan həqiqətlərinin yorulmaz təbliğatçısı” (“Xalq qəzeti”, 20.07.2014), “Vətənin layiqli təbliğatçısı” (“Yeni nəşrlər. Kataloq – jurnal” N 11-12 (23-24), 2005),“Günəşli diyarın elçisi” (“Mübariz keşikdə”, 25.12.1985), “Fəxr edirik” (“Qalibiyyət”, 13.03.1986), “Redaksiyanın ştatdankənar əməkdaşı” (“Leninskoye znamya” (Nijnevartovsk şəh.), 05.05.1988), ”Vətən oğlu” (“Dialoq” jurnalı, N 17-18, 1991), “Nijnevartovsklı Ramin Məmmədov” (Bakinski raboçi”, 05.02.1992), “Torpaq səni səsləyir” (“Qəbələ”, 14.02.1992), “Vətən həsrətilə keçilən yollar”(“Mübariz keşikdə”, 09.11.1994), “Qələmim aləmim” (“Zaman”, 03.01.1997), “Qırx yaşın mübarək, Ramin!” (“Qəbələ”, 04.1997), “Səfər təəssüratları tarixi sənəddir” (“Kredo”, 01.12.2001), “Ramin Məmmədov – 45” (“Dünyaya pəncərə” (xüsusi buraxılış), N 4 (3), 2002), “Azərbaycanı Rusiyada layiqincə təmsil edən yurddaşlarımız” (“Azərbaycan”, 12.01.2003), ”Qəbələ daim onun düşüncələrindədir” (“Qəbələ”, 15.04.2006), “Qədim bölgəni araşdıran kitab” (“Azərbaycan”, 03.09.2006), “Ramin Məmmədov – 50. Ömrün yetkin çağı” (“Qəbələ”, 15.04.2007), “Ramin Məmmədovun yeni uğurları” (“Kredo”, 08.09.2007), “Əlli yaşın tamamına ön söz” (“Mübariz keşikdə”, 04.10.2007), “Ziyalılıq nümunələri” (“Qarabağa aparan yol”, 08.11.2008), “Odlar Yurdunun övladları Rusiya tarixində” (“Bakinski raboçi”, 01.02.2012), “Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti Ramin Məmmədovun nəşrlərində” (“Olaylar”, 02.07.2014), “Dostluğa alternativ yoxdur”. Yazıçı-jurnalist Ramin Məmmədovun yeni kitabı belə adlanır” (“Qarabağa aparan yol”, 07.11.2014), “Azərbaycan hamının doğma ocağıdır” (“Azad Azərbaycan”, 17.08.2016), “Daim axtarışda” (“Qəbələ”, 19.04.2017), “Başqaları üçün yaxşı iş görmək vəzifə deyil, zövqdür”(“Türk Dünyası Ağsaqqalları”, 10-16.05.2017), “Rusiyadakı Azərbaycan diaspor mətbuatına dair ilk tədqiqat əsəri” (“Türk Dünyası Ağsaqqalları”, 02-10.04.2019), “Ömrünü-gününü sözə çulğalamış adam. Onun əsərləri Azərbaycanın tarixini, mədəniyyətini Rusiyada təbliğ etmək üçün qiymətli mənbələrdir” (“Kaspi”, 18.07.2019). Bu siyahı uzundur, hesab edirik ki, onun qalan hissəsini sadalamağa ehtiyac yoxdur. Elə bu gətirdiyimiz nümunələrdən də əsas mətləbi anlamaq asandır.

Azərbaycançılıq naminə qatarla 800 min kilometr yol 100 şəhərdən keçir

Xüsusi vurğulamaq lazımdır ki, Ramin Məmmədov son iyirmi iki il ərzində Rusiya paytaxtına və bölgələrinə qatarla dəfələrlə müstəqil yaradıcılıq səfəri edərək, bu ölkənin yüz şəhərində araşdırmalar aparmış, alim, dövlət qulluqçusu, istehsalat qabaqcılı, DİO və Silahlı Qüvvələr qulluqçuları, sahibkar soydaşlarımızın axtarışı ilə məşğul olmuş, bu ölkədəki Azərbaycan diaspor icmalarının fəaliyyətini, mətbu orqanlarını araşdırmış və bu barədə rusca onlarla adda kitab yazıb nəşr etdirmişdir. Son illərdə həmin toplulardakı məlumatları sistemləşdirərək rus dilində qonşu ölkədəki soydaşlarımızla və onların diaspor təşkilatları ilə bağlı bir salnamə yaratmış, “Odlar Yurdunun övladları Rusiya tarixində” (Bakı, ”Ziya, 2011-2013) adlı kitabının üç nəşrini oxucuların mühakiməsinə vermişdir. Rusca araya-ərsəyə kətirdiyi kitablarda mütəmadi olaraq Azərbaycan-Qarabağ həqiqətlərinə, tarixinə dair sənədli materiallar təqdim etmiş, bu topluları Rusiya Federasiyasının mərkəzi və yerli kitabxanalarına, redaksiyalarına, ayrı-ayrı ziyalılarına çatdırmışdır.

O, Bakı Dövlət Universitetində mühazirə oxuyub

R.Məmmədov, bir sıra müxtəlif nəşrlərdə rus və azərbaycan dillərində dərc olunmuş “Erməni terrorizmini bütün dünya bilməlidir” (2006), “Ksenofobiya: mənbələr, yayıcılar, ilhamvericilər” (2008), “Moskva ensiklopedik nəşrlərində erməni saxtakarlığı”, “Qarabağ problemi Rusiya nəşrlərində” (2009),“Mirzə Kazım bəy: elmi və pedaqoji fəaliyyətinin Kazan dövrü” (2013),“Rusiyada Azərbaycan diaspor ədəbiyyatı” (2016) adlı və digər elmi və elmi-publisistik məqalələrin də müəllifidir. Elə ona görə də, bəzən ali elm ocaqlarına da dəvət olunur. Məsələn, mayın 13-də Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin saytında “Mətbuat tarixçisi Jurnalistika fakultəsində olub” sərlövhəliməqalə təqdim olunub. Yazıda deyilir: “Azərbaycan mühacirət mətbuat tarixinin tanınmış tədqiqatçısı Ramin Məmmədov Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin qonağı olub. O, Mətbuat tarixi kafedrasının dosenti Qərənfil Dünyaminqızının tədris etdiyi “Azərbaycan mətbuat tarixi” dərsində tələbələrə mühazirə oxuyub. Ramin Məmmədovun “Vətən həsrətilə keçdiyim yollar”, “Yaddaşımın izilə”, “Qəbələ: insanlar, talelər, ziyalılar”, “Bakıdan Moskvaya”, “Neftin işığında-Lökbatanda”, “Bakıdan Moskvaya və uzaqlara”, “Səfərnamə-Puteşestvye” adlı kitabları nəşr olunub. Görüş zamanı müəllifin 2018-ci ildə işıq üzü görmüş kitabı olan “Rusiyada Azərbaycan mühacirət mətbuatı. Monoqrafiya” elmi əsəri ətrafında maraqlı diskussiya təşkil edilib.Tədqiqatçı-alim gənc-jurnalistlərə mühacir mətbuatımızın Rusiya dövrünün tanınmış simaları haqqında məlumat verib.

Tələbələrin çoxsaylı suallarını cavablandıran qonaq onlara kitablarının nüsxələrini hədiyyə edib”.

Uzaq diyarlarda onun fəaliyyətinə maraq sevindiricidir

Bir neçə il əvvəl Ramin Məmmədovun ünvanına Rusiya Prezidenti Aparatı Vətəndaşların Müraciəti ilə iş İdarəsindən 18 noyabr 2014-cü il tarixli A26-02-114811091 saylı məktub daxil olmuşdur. Orada baş məsləhətçi A.Serbina yazır ki, “Sizdən Rusiya Federasiyası Pezidenti adına məktubla daxil olmuş, müəllifi olduğunuz “Drujbe net alternativı” adlı kitab çatıb.

Rusiya Dövlət kitabxanasına kitabları daxil olduqca oradan təşəkkür məktubları alır. Bu yaxınlarda gələn məktublardan birini təqdim edirik: Federal Dövlət Büdcə Təşkilatı “Rusiya Dövlət Kitabxanası”. 119019, Moskva, Vozdvijenka küçəsi, 3/5, tel. +7(499)557-04-70*25-26. T-mail: [email protected] Fondların Komplektləşdirilməsi Şöbəsi.

Məmmədov Ramin Hüseyn oğluna, 16.10.2019. N 797.

Hörmətli cənab Məmmədov!

Rusiya Dövlət kitabxanası rəhbərliyi adından Sizə dərin təşəkkürümü bildirirəm!

Məmmədov R. Tyoplıye vetrı: Baku – Moskva (Diaspora). Baku, 2019, adlı kitabınız

110901-19 nömrəsi altında qeydə alınmış və fəaliyyətdə olan fonda əlavə edilmişdir

Ən xoş arzularla, Komplektləşdirmə Fondunun müdiri O.A.Badekina.

Hörmətlə: Petrunina Svetlana İqoryevna”.

Nijnevartovskda çıxan “Mestnoye vremya” qəzetində (30.03.1999) onun “Mən sizi unutmuram – istəyirəm ki, bütün işləriniz yaxşı olsun” adlı məqaləsi dərc olunmuşdu. Ramin Məmmədov bu qeydlərində Nijnevartovsk dəmir yolu vağzalındakı polis şöbəsinin 1979-cu ildə yaranma tarixindən və bir zamanlar burda çiyin-çiyinə xidmət etdiyi paqondaşlarının fəaliyyətindən söhbət açır.

Həmin ildəki yaradıcılıq səfəri zamanı uzun illər öncə Nijnevartovskdaillərlə əməkdaşlıq etdiyi qəzetin yaradıcı kollektivi ilə növbəti görüşü olur. Onun yeni kitabı ilə tanışlıqdan sonra jurnalist Larisa Mixeyeva dərgidə “Müəllif Məmmədov öz qəhrəmanlarına olan münasibətini dəyişməyib” (“Mestnoye vremya”, 26.06.1999) sərlövhəli yazı dərc etdirir. Məqalədə qeyd olunur ki, Ramin Məmmədovu bizim şəhərdə yaxşı tanıyırlar, onun qəzetimizdə uzun illər boyu dərc etdirdiyi yazıları üzrə. L.Mixeyeva daha sonra vurğulayır ki, R.Məmmədov 1999-cu ildə Bakıda “Şirvannəşr” kitab nəşriyyatında işıq üzü görmüş “Ot Baku do Moskvı” kitabını redaksiyaya hədiyyə edibdi. Topluya qardaş Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sözləri epiqraf götürülübdü. “Bu təbiidir, bir zamanlar Moskva qəzetləriHeydər Əliyev haqqında qərəzli yazılar dərc etdirəndə Ramin Məmmədov sıravi bir milis nəfəri olaraq Nijnevartovskdan təkzib məktubları göndərirdi” – yazır xanım müəllif.

Sonralar Nijnevartovsk qəzetləri bir neçə dəfə onun haqqında yazılar təqdim etmişlər. Məsələn, 2000-ci ildə “Novosti Priobya” (16.09.2000) qəzetində Olqa Kosaryevanın “Bakıdan Nijnevartovska kimi”, Rimma Kaybışevanın “Varta” (31.01.2003) qəzetində “Ramin doğma Nijnevartovsk haqqında” adlı yazıları getmişdir.

Ramin Məmmədov səfərləri zamanı əvvəllər xidmət etdiyi kollektivlə də görüşlərə vaxt ayırır, yoldaşlıq, dostluq münasibətlərini daha da gücləndirməyə çalışır. Belə görüşlərdən birində Surqut Dəmir yolunda Daxili İşlər İdarəsinin rəisi polkovnik Anatoli Mixayloviç Lunyov 29 dekabr 2001-ci il tarixli 150 nömrəli əmri ilə onu pul mükafatı ilə qiymətləndirmişdi. Sənəddə qeyd olunurdu ki, Ramin Məmmədov uzun illər idarəmizin nəzdində Nijnevartovsk dəmir yolu nəqliyyatı polis bölməsində nizam-intizamla xidmət etmiş, hazırda Azərbaycanda xidmətini davam etdirir və Rusiya-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsinə dair kitablar yazır.

Əlaqələri daha da istiləşməyə çalışması və əlbəttə ki, xidmətləri diqqətsiz qalmır. İllər ötür, amma görülən işlər unudulmur, əksinə öz bəhrəsini verir. 18 aprel 2007-ci ildə dəmir yolu, su və hava nəqliyyatında Surqut Dİİ-nin rəis müavini podpolkovnik Sergey İvanoviç Sıcinin imzasilə Ramin Məmmədova təqdim edilmiş geniş fabulalı təbrik məktubundan qısa fraqmentlər gətirsək əsas məqsəd aydın olacaq. Sənəddə deyilir: “Surqut Nəqliyyat Dİİ-nin rəhbərliyi və şəxsi heyəti Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir. Ölkəmizdə zaman yüngül keçməmişdir – dəyişilib ictimai quruluş, dövran, rəhbərlər və rejim, amma insanlığın qiyməti sarsılmaz qalmışdır. Bizim idarənin tabeçiliyində olan Nijnevartovsk dəmir yolu nəqliyyatı daxili işlər şöbəsinə Siz 1980-ci ildə Nijnevartovsk şəhər partiya komitəsinin göndərişi ilə gəlmiş və 1992-ci ilə kimi müxtəlif vəzifələrdə nümunəvi, vicdanla xidmət etmisiniz. Burda, Sizin çətin əməliyyat şəraitində düzgün qərar qəbul etmək və təşkilatçılıq qabiliyyətiniz üzə çıxmışdır... İndi Siz ikinci peşəniz olan jurnalistlik fəaliyyətinizlə ölkələrimiz arasında olan isti münasibətlərin inkişafı istiqamətində təqdirə və diqqətə layiq iş görmüsüz və bu xeyixah işi həvəslə davam etdirirsiniz... Bizim ölkələrin vətəndaşlarının rifahı naminəgələcək yaradıcılıq işlərinizdə Sizə yeni-yeni uğurlar diləyirik...”

Arxangelsk şəhərində “Arxangelsk” adlı qəzet də çıxır. Həmin nəşrin müxbiri Nadejda Ponomaryova orada yaradıcılıq səfərində olan Ramin Məmmədovla görüşüb söhbətləşdikdən sonra bu dərgidə “Bakıdan lap, çox uzaqlara” (19.12.2009) adlı məqalə təqdim etmişdir. Qeydlədə bildiili ki, R.Məmmədov 15 ildən artıqdır ki, Rusiya şəhərlərini gəzi, bu vaxta kimi 70 şəhərdə araşdırmalar, axtarışlar aparıb, görkəmli və hələ az tanınmış həmyerliləri haqqında məlumatlar toplayıb kitablar yazır. O “Sooteçestvenniki” adlı, hələlik sonuncu kitabını redaksiyamıza hədiyyə edib. Bu topluda bizim Arxangelskdə fəaliyyət göstərən ziyalılar və milli diaspor təşkilatı barədə yazılar var. Sonra N.Ponomaryova açıqlamasında qeyd edir ki, kitabda görkəmli Severodvinsk sudostroiteli, Dövlət mükafatı laureatı, Rusiya Qəhrəmanı Davud Paşayevə və ötən əsrin 70-ci illərində Cənub Respublikasının bizim Arxangelsk vilayətinə şeflik etməsinə dair də materiallar verilib.

Bildirək ki, Bir il sonra Arxangelskdə nəşr olunan “Dvina” (N 4 (40), 2010) jurnalında da R.Məmmədovun adı çəkilən kitabı haqqında məlumat verilmişdir. Jurnalın redaktoru Mixail Popov “Sooteçestvenniki”yə dair açıqlamasında oxuculara onu da bildirir ki, Ramin Məmmədovun bu topluda getmiş bir neçə yüz portret-oçerklər arasında Arxangelskdə doğulmuş, amma Bakıda yazıb-yaradan, uzun illər “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru olmuş İvan Tretyakov haqqında da geniş məqalə getmişdir.

Bu mövzunu genişləndirmək də olar, lakin hesab edirik ki, ümumi təəssürat üçün bu qədər bəs edər.

Onun bu yaxınlarda nəşr olunmuş əsərləri

MDB məkanında mövcud olan, o cümlədən Rusiyadakı milli diaspor təşkilatlarımızın mətbuatına dair ilk dəfədir ki, fundamental elmi əsər yazılıb. Bu Ramin Məmmədovun “Rusiyada Azərbaycan mühacirət mətbuatı. Monoqrafiya” (Bakı, 2018) (elmi redaktorlar: prof.dr.Vaqif Sultanlı, dr.Samirə Məmmədli) kitabıdır. Adı çəkilən əsərlə tanışlıqdan sonra gəldiyimiz qənaətə əsaslanaraq qeyd etməyi vacib bilirik ki, yer kürəsinin17 milyon kvadrat kilometr sahəsini tutan nəhəng Rusiyanın, demək olar ki, bütün bölgələrində yurddaşlarımız qəzet, yaxud da jurnal təsis etmiş və müəyyən zaman kəsiyində həmin nəşrin yaşamasına nail olmuşlar. Əsərlə tanış olduqca görürük ki, Azərbaycan diasporunun bütün mətbuat vasitələri məqsədyönlü olaraq Ümummilli liderimiz Heydər Əliyev irsini, Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirdiyi irimiqyaslı və məqsədyönlü siyasəti geniş təbliğ edir, Azərbaycan tarixini, milli mədəni dəyərlərini, ədəbiyyatımızı, yaşadığı ölkənin ictimaiyyətinə çatdırır, diaspor təşkilatlarımızın fəaliyyətini, fəallarını dövlət orqanlarına və ictimai təşkilatlara tanıdırlar.

İndi belə bir əsərin yazılmasında başlıca çətinlikləri qeyd etmək istərdik. Məsələ ondan ibarətdir və təəssüflər olsun ki, “Rusiyada Azərbaycan mühacirət mətbuatı. Monoqrafiya”da haqqında yazılmış və müfəssəl məlumatlar verilmiş, ciddi tədqiq edilmiş qəzet və jurnallar heç bir arxivdə, kitabxanada, o cümlədən bizim milli kitabxanamızda cəmləşdirilməmişdir. Bax budur ən böyük problem. Müəllif uzun illər boyu qonşu ölkənun paytaxtına və bölgələrinə etdiyi səfərləri zamanı bu mətbuat vasitələrini bircə-bircə toplamışdır. Samirə Məmmədlinin yazdığı və sözü gedən əsərin əvvəlində getmiş on bir səhifəlik “Mühacirət mətbuatı milli-tarixi gerçəklik kontekstində” adlı məqalədə deyilir: “Müəllif sonuncu fəsildə “Rusiyada Azərbaycan mühacirət qəzet və jurnalları”nı xüsusi təsnifə tabe edərək konseptual formada təqdim edir. Qeyd edək ki, bu təsnifat müfəssəl informativ məzmuna malikdir. Bu hissədə Rusiyanın müxtəlif bölgələrində mövcud olan çoxsaylı qəzet və jurnallar məzmun, ideya, fəaliyyət çərçivəsində tədqiq olunur. Deməliyik ki, müəllif burada hətta olduqca lokal xarakter daşıyan və ixtisaslaşa bilməyən mətbu örnəklərini də diqqətdən kənarda qoymamış, onların fəaliyyət və təsir dairəsindən məmnunluqla söz açmışdır. “Vmeste”, “Ulu torpaq” (1999, Sankt-Peterburq), “Media-forum” (jurnal) (1999, Moskva), “Azəri” (informasiya və reklam qəzeti) (1999, Moskva), “Dostluq-Drujba” (1999, Nijni Novqorod), “Azerbaydjan” (1999, Vladivostok), ”Azerros” (2000, Moskva), “Azeri” (2000, Sankt-Peterburq), “Azerbaydjan XXI vek” (2000, Moskva), ”Azərbaycan diasporu” (2000, Moskva), “Araz” (2000, Kurqan), “Asudə vaxt” və “Millətin qəzeti” (2001, Moskva), “Azerbaydjan-media” (2001, İvanovo), “Strana Oqney” (2001, Novqorod), “Azerbaydjanskiy Konqress”, “Son variant” və “Azerbaydjanskiy Konqress” (məlumat bülleteni) (2002, Moskva) və s. qəzet və jurnallar bu böyük siyahının kiçik hissəsidir. Müəllif adı çəkilən publisistik faktlar fonunda Azərbaycanda Qarabağ müharibəsi və ona münasibət, Vətəndə baş verən ictimai-siyasi, sosial-mədəni hadisələrə Rusiyadakı həmyerlilərin reaksiyası, skinxedlərin həmvətənlərimizə vurduğu zərər, haqq səsimizin dünyaya çatdırılması və digər məsələləri öyrənir”. Professor Vaqif Sultanlı Ramin Məmmədovun zəhmətinə yüksək qiymət ferərək, onun “Rusiyada Azərbaycan mühacirət mətbuatı. Monoqrafiya” adlı əsərinə yazdığı “Ön söz” başlıqlı məqaləsində xüsusi vurğulayır ki, “Müəllifin tədqiqata cəlb etdiyi mətbuat nümunələrinin – qəzet, jurnal və bülletenlərin böyük əksəriyyəti nadir əldə olunan qaynaqlardır. Bunların mühüm qisminin kitabxanalarda mühafizə edilməməsi görülən işin faydalılığını şərtləndirir”. Yuxarıda bir yerdə Əməkdar jurnalist Qərənfil Dünyaminqızının da qeyd etdiyi kimi, "Rusiyada Azərbaycan mühacirət mətbuatı” adlı monoqrafiya onun və BDU-nun jurnalistika fakültəsinin çoxsaylı tələbələri üçün dəyərli bir mənbədir.

Ramin Məmmədovun son zamanlar rus dilində daha bir əsəri, sayca 39-cu kitabı işıq üzü görmüşdür. Ölkələrimiz arasında mövcud olan mehriban münasibətlərə dair Ümummilli liderimiz Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin, Böyük Vətən müharibəsində azərbaycanlıların və Azərbaycan neftinin rolu barəsində Sovet İttifaqı Marşalları Georgi Jukovun, Fyodor Tolbuxinin sözləri ilə açılan bu toplu “İsti küləklər: Bakı – Moskva” (2019) adlanır. Nəşrin lap əvvəlində, “İsti münasibətlər inkişaf edir” fəslində Rusiya oxucuları üçün Bakıda fəaliyyət göstərən Azərbaycan Rus İcmasının gəaliyyəti, paytaxtımızda rus dilində nəşr olunan qəzet və jurnallar haqqında müfəssəl məlumatlar verilir.

Ayrıca bir bölmədə Moskvada dəfn edilmiş soydaşlarımız - görkəmli dövlət xadimlərinin, məşhur alimlərin, sənət adamlarının, generalların məzarlarının şəkilləri və hər biri haqqında tərcümeyi hal məlumatı verilmiş, hansı Fəxri xiyabanda dəfn olunduğu göstərilmişdir. Hörmətəlayiq haldır ki, Ramin Məmmədov özü bu məzarları bib-bir axtarıb tapmış, ziyarət etmiş və məzarların şəkillərini çəkib götürmüşdür. Müəllif bir yerdə Rusiya paytaxtında həmyerlilərimizin nəşr etdirdiyi 25 adda qəzet və jurnallardan söhbət açmış və onların hamısını bir fotoda təqdim etmişdir.

Kitabda getmiş fəsillərdən biri də “Moskvada Azərbaycan ədəbiyyatı dünyası” adlanır. Burda müəllif yazır ki,“Moskvada yazıb-yaradan ədəbiyyat nümayəndələrimiz məmləkətimizi və mədəniyyətimizi yaşadır, inkişaf etdirir və geniş təbliğinə nail olurlar. Onlar həm də diaspor təşkilatlarımızın ilhamvericiləridir. Ədəbiyyat nümayəndələrimiz milli icmalarımız tərəfindən təşkil edilən bütün tədbirlərdə iştirak etməklə yanaşı, yeri gəldikcə öz dəyərli məsləhətlərini də verirlər. Abuzər Bağırovun “Moskovskaya azerbaydjanskaya literaturnaya sreda” (Moskva-2017) kitabına (bu toplu “Moskvadakı ədəbi-mədəni mühit fenomeni” (Bakı, 2018) adı ilə doğma dilimizdə də nəşr olunmuşdur) istinad edərək diqqətə çatdırır ki, “Sovet və postsovet dövründə bir çox Azərbaycan ədəbiyyatı nümayəndələri rus və azərbaycan dillərində yazıb-yaratmış və indi də yaradıcılıqlarını davam etdirirlər. Moskva Azərbaycan ədəbiyyatı mühitinin özəyini təşkil edən yazıçı, şair, tərcüməçi ədəbiyyat nümayəndələrinin adını çəkmək yerinə düşər. Bunlar Əziz Şərif (1895-1988), İbrahim Kəbirli (1918-2001), Əjdər İbrahimov (1919-1993), Xalıq Koroğlu (1919-2003), Hüseyn Nəcəfov (1921-1989), Həmzə Fəthi Xoşginabi (1922-1989), Əkbər Babayev (1924-1979), Faiq Məmməd (Cəmcəmli) (1924-1987), Əbdül Hüseynov (1925), Çingiz Hüseynov (1929), Qəzənfər Əliyev (1930-1984), Rüstəm İbrahimbəyov (1939), Alla Axundova (1939), Azər Mustafazadə (1939), Tofik Məlikli (1942), İlham Bədəlbəyli (1945), Fərhad Ağamalıyev (1946-1912), Əşrəf Hüseynli (1947), Sultan Mərzili (1948), Sabir Abdulla (1950-2012), Tahir Aslanlı (1951-1995), Samid Ağayev (1952), Maya Bədəlbəyli (1952), Abuzər Bağırov (1954), Nəsib Nəbioğlu (1954), Əliş Əvəz (1956), Abbas Ağdabanlı (1956), Valeh Rzayev (1960-2008), Yavər Həsən (1960), Afaq Şıxlı (1969), Eduard Bağırov (1975), Valeh Saleh (1976), Yaşar Süleymanlı (1980), Leyla Şəkili (1990), Nilufər Şıxlı (1991) və başqalarıdır”. Müstəqillik dövründə yaradıcılıq fəaliyyətini davam etdirən yazıçı və şairlər haqqında kitabda ayrı-ayrı məqalələr də oxuya bilərik.

2013-cü ildə Volqoqrad alimləri tərəfindən “Ofitsialnıye naqradı i simvolı Tsarıtsina – Stalinqrada – Volqoqrada, Volqoqradskoy (Stalinqradskoy) oblasti” adlı tədqiqat əsəri buraxılmışdır. Həmin kitabın işıq üzü görməsi üçün “Volqoqrad Azərbaycan Milli Mədəni Muxtariyyəti”nin sədri Saday İlyas oğlu Quliyev sponsorluq etmişdir. Bu topluda Stalinqrad döyüşündə iştirak etmiş onlarla millətlərin nümayəndələri haqqında sənədli yazılar verilmişdir. Fəxrlə xatırladırıq və bu çoxdan məlumdur ki, Böyük Vətən müharibəsində qələbəyə doğru dönüş yaradan həmin dəhşətli savaşlarda xalqımızın da öz rolu və yeri vardır. Nəşrdə təqdim olunmuş qəhrəmanlarımıza dair yazıları “İsti küləklər: Bakı-Moskva”da təqdim edilmişdir. Bunlar hamısı və bir çox digər məlumatlar haqqında danışdığımız kitabın əsasını təşkil edir.

Müəllif bu toplunun digər fəsillərində Moskva, Volqoqrad, Voljski, Axtubinsk (Həştərxan vilayəti), Kirov, Tümen, Nijnevartovsk və b. şəhərlərdə fəaliyyət göstərən milli diaspor icmalarımızın fəalları və onların həyata keçirdiyi yaddaqalan tədbirlərlə bağlı irihəcmli məqalələr də yazıb kitabına əlavə etmişdir. Hörmətli oxucular özləri məmin fəsillərlə tanış ola biləcəklər.

İctimai fəaliyyətə də vaxt tapa bilir

Ramin Məmmədov Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür, Yeni Azərbaycan Partiyasının üzvüdür, Qaradağ Rayon Ağsaqqallar Şurası sədrinin və DİN-nin Qaradağ RPİ-nin Veteranlar Şurası sədrinin müavinidir, Ümummilli lider Heydər Əliyevin 80 illiyinə həsr olunmuş, Qaradağ rayonunda keçirilmiş elmi-praktiki konfransda “Heydər Əliyev ünvanı Rusiya nəşrlərində” mövzusunda çıxış etmişdir (2003). 1966-1991-ci illərdə Kosmik uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri işləmiş, Sosialist Əməyi Qəhrəmanı, general-leytenant Kərim Kərimovun 85 illik (Moskva, 2002), SSRİ Xalq artisti Lütviyar İmanovun 75 illik (Moskva, 2004), şair Nəsib Nəbioğlunun 50 illik (Moskva, 2004) yubiley tədbirlərinin, ÜAK-ın II qürültayının (Moskva, 2004), Dünya Azərbaycanlılarının II qurultayının (Bakı, 2006), Azərbaycan və Türk Diaspor Rəhbərlərinin I Forumunun (Bakı, 2007), professor Muxtar Abduyevin 85 illiyinə həsr olunmuş elmi-praktiki konfransın (Bakı, 2012), Azərbaycan Ağsaqqallar Şurasının Növbədənkənar VI (Bakı, 2013) və növbəti VII (Bakı, 2018) qurultaylarının, Azərbaycan yazıçılarının XII qurultayının (Bakı, 2014), Moskvada və Bakıda keçirilmiş bir çox digər elmi-praktiki-konfransların iştirakçısıdır. Qaradağ Rayon İcra Hakimiyyətinin və rayon ictimai təşkilatlarının, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvü kimi bu təşkilatın keçirdiyi müxtəlif tədbirlərdə müntəzəm olaraq iştirak edir. Yaradıcılıq və ictimai-siyasi fəaliyyətinə qiymət verilərək, təkcə 2017-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovun, eləcə də Qaradağ Rayon İcra Hakimiyyəri başçısı Süleyman Mikayılovun Fəxri Fərmanları ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin ona ünvanladığı “Ramin Məmmədov-60” sərlövhəli təbrik məktubu “Ədəbiyyat qəzeti”ndə (10.06.2017) dərc edilmişdir. R.Məmmədov, eləcə də Azərbaycan Rus İcmasının keçirdiyi qurultaylarda, konfranslarda və digər tədbirlərdə iştirak edir və bu təşkilat yarandığı vaxtdan onunla sıx əməkdaşlıq edir.

Ramin Məmmədov bu yaxınlarda Rusiya şəhərlərinə yeni məhsuldar yaradıcılıq səfərindən maraqlı materiallarla, ürəkaçan məlumatlarla qayıtmışdır. O, hazırda yeni kitablar, elmi mövzular üzərində həvəslə işləyir. Zəngin maddi-mədəni irsimizin, tariximizin, mədəniyyətimizin təbliğinə, Rusiyadakı diaspor təşkilatlarımızın lap ucqarlarda yerləşən bölmələrinin fəaliyyətinin araşdırılmasına dair yeni planlar cızır. Bu şərəfli yolda biz ona möhkəm can sağlığı, daha böyük nailiyyətlər arzulayırıq.

Əlihüseyn ŞÜKÜROV.
AZpress.AZ. Masallı

 

Azərbaycan Jurnalistlər Birliyi və Rusiya Jurnalistlər İttifaqının üzvü.
«Qızıl Qələm» media mükafatı laureatı. Noyabr, Dekabr 2019,
Yanvar - Fevral 2020.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !