Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuzdur - - RƏSMİ

Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuzdur - RƏSMİ

Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır.
AZpress.AZ
"trend"ə istinadla xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib.
Ş.Eyvazov bildirib ki, yanvarın 1-dən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə başlanılıb:
“Artıq 23 rayon və şəhərdə ümumilikdə iki milyondan çox Azərbaycan vətəndaşına icbari tibbi sığorta xidməti göstərilir. Həmin şəxslərin 28 faizi uşaqlardır. Ölkədə 18 yaşına kimi uşaqlara göstərilən xidmət tam ödənişsizdir”.
Agentlik rəsmisi qeyd edib ki, agentliyin tərkibində yaradılan Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə üç mindən çox tibb müəssisəsinin idarə edilməsi həvalə olunub.
Onların arasında uşaq bərpa müalicə mərkəzləri, uşaq poliklinikaları, xəstəxanaları, psixonevroloji uşaq evləri və digər tibb müəssisələri var.
Ş.Eyvazovun sözlərinə əsasən, bu gün xüsusi qayğıya ehtiyacı olan uşaqlar dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Fərdi özəlliyi olan uşaqlarda özünəinam hissi yaradılmalı, onların təhsilinin keyfiyyəti yüksəldilməlidir.
Onlar özünü təcrid olunmuş kimi deyil, cəmiyyətin aktiv bir üzvü kimi hiss etməlidirlər:
“Təsadüfi deyil ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılandan onun fəaliyyətinin ilk istiqamətlərindən biri uşaqların sağlamlığının təmin edilməsi olub”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !